Məhkəmə qərarları › İş №2-1(103)-3571/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3571/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3571/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əməlində inzibati xətanın tərkibinin olmadığının nəzərə alınaraq işin icraatına xitam verilməklə, cavabdeh tərəfindən onun barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli **********7741 №li qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidməti X2 üzrə Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması : İddia onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********7741 №li qərarı ilə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunaraq barəsində 1000.00 manat məbləğində maliyyə sanskiyası tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərardan narazıdır. Belə ki, ilin əvvəlində kiçik sahibkarlıqla məşğul olur və vergi ödəyicisidir. İşlədiyi müddət ərzində dövlət vergilərini vaxtlı – vaxtında ödəmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən vergi nəzarəti aparılarkən kassa aparatı təmirdə olduğu üçün vurulmuş çekin təqdim olunmaması səbəbindən barəsində akt tərtib olunmuşdur. Həmin aktın araşdırılması zamanı bildirmişdir ki, kassa aparatı xarab olduğu üçün təmirə verilmiş və bu barədə akt tərtib olunmuşdur. Lakin cavabdeh tərəfindən kassa aparatı olmadığı dövrdə vurulacaq çeklərin qeyd olunması üçün qeydiyyat kitabçası təqdim edilməmişdir. O, ilk dəfə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün bu barədə məlumatı olmamışdır. Cavabdeh tərəf həmin qeyd kitabçasını ona təqdim etməmişdir. Lakin buna baxmayaraq o, kassa olmadığı dövrdə apardığı əməliyyatların hamısını kompyuterdə olan proqram vasitəsilə qeydləri mütəmadi aparmışdır. Həmin qeydləri cavabdeh tərəfə təqdim edib vergidən yayınmaq niyyətində olmadığını sübut etməyə çalışsa da cavabdeh onunla razılşamayaraq, barəsində maliyyə sanksiyası tətbiq etmişdir. Kassa aparatını təmirə verdiyi zaman cavabdeh tərəfindən ona mütləq qaydada qeydiyyat aparılması üçün kitabça təqdim edilməli idi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddianın təmin etməsinin əsası ondan ibarətdir ki, operativ vergi nəzarətinin nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirildiyi halda, vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülməklə (1 ay 3 gün sonra), yəni məsuliyyətə cəlbetmə müddəti bitdikdən sonra xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Vergi Məcəlləsinin 39.4-cü maddəsinə görə, vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Tərtib edilmiş aktın surəti vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, xx.xx.2022-ci il tarixli **********935700 məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:54:28-də oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə görə, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı Vergi Məcəlləsinin 39-43 və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən Göründüyü kimi, operativ vergi nəzarətinin nəticələri üzrə müvafiq qərar yoxlama aktından 55 gün (30+15+10) müddətində qəbul edilməlidir. Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir, bu halda prosessual müddətlərə əməl edilməsi sübuta yetirilmiş olur. Məhkəmə qərarında qeyd olunan “cavabdeh tərəf iddiaçıya əməliyyatların uçotu kitabını təqdim etməmişdir” fikri ilə əlaqədar olaraq bildirilmişdir ki, Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 388 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət kassa aparatlarının istismarı Qaydaları”nın 7.2.25-ci bəndinə əsasən istifadəçini operatorun imzası və möhürü ilə təsdiq edilməklə texniki xidmət jurnalı və NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək operatorun vəzifəsidir. Mübahisələndirilən qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı xx.xx.2022-ci il tarixli **********947700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:06:45-də oxunduğu müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt barəsində xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Tərəflərin izahatları: Əvvəlki məhkəmə kolleygiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, ləğv edilərək iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmadığından yanlış nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 15.1.15. Bu Məcəllənin 16.1.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək vergi ödəyicisinin hüququdur. 16.1.9. Lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. 50.1.3. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını əhatə edən vergi nəzarəti formasıdır. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarət-kassa aparatlarının (bundan sonra – NKA) meyarları, qeydiyyatı, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir. 1.3-cü bəndə əsasən NKA-nın istismarında, o cümlədən qeydiyyatı və servis texniki xidmətində iştirak edən subyektlərə bunlar aiddir: 1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra – İstifadəçi). 1.4.6-cı bəndinə əsasən istifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. 8.3.3, 8.3.15 və 8.3.16-cı bəndlərinə əsasən nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifələrinə daxildir. İş materiallarında olan: İddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan müəyyən olunur ki, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC və İddiaçı iştirakları ilə xx.xx.2022-ci il tarixdə tərtib olunmuş və imzalanmış TPS575/320 saylı NKA-nın təhvil-təslim haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus NKA (C1C0-2199) "xxxx" MMC tərəfindən təmir üçün təhvil alınmışdır. Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********188211 №li xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı məxsus olan obyektdə Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev 16/18, ünvanında “X6” kafesində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin vergi xidməti müşaviri X3 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da yoxlamanın müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, təyin edilməsi üçün əsas kimi isə Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı, 001371 №-li, xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, Səbail rayonu, Zeynalabdin Tağıyev 16/18 ünvanda yerləşən “X6” kafesində İddiaçı iştirakı olmadan əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilərkən “X6” kafesində C1C0320A00202199 zavod №-li TPS 320 Smart POS markalı, nəzarət kassa aparatı Bakı şəhər X2 üzrə Baş İdarəsinin 30 iyun 2022-ci il tarixli **********2 №-li qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. “X6” kafesində əhali ilə hesablaşmalarının aparılmasında NKA quraşdırılıb. xx.xx.2022-ci il tarixdə saat 18:32-də İddiaçı məxsus “X6” kafesində müştəri tərəfindən 2 ədəd “Kapiçino” üçün 11 (on bir) manat ödənilmiş, lakin ödənişin müqabilində NKA-nın fiksal yaddaşına həmin həmin məbləğ vurulmamışdır. Obyektdə NKA-nın işləmədiyi dövürdə aparılmış əməliyyatların uçotu kitabı olmadığı üçün həmin məbləği bərpa etmək mümkün olmadı. İddiaçı obyektdə olmaması səbəbindən qərar, çıxarışla və tərtib edilmiş aktla tanış olması, aktın bir nüsxəsini götürməsi mümkün olmamışdır. Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7741 nömrəli Qərarından görünür ki, qeyd olunan qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********7742 №-li Tələbnamədən görünür ki, İddiaçı büdcəyə ödənilməli olan 1000 (bir min) manat vəsaitin xx.xx.2022-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** № hesabına ödənilməsi tələb olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş idarəsinin xx.xx.2022-ci il tarixli **********8211 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşən “X6” adlı obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 001371 nömrəli “Nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə” akt tərtib edilmiş və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən xx.xx.2022-ci il tarixli **********7741 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair yekun nəticəyə o əsasla gəlmişdir ki, iddiaçının fəaliyyət göstərdiyi obyekdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirildiyi halda, yoxlamanın materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb olunması (maliyyə sanksiyasının tətbiq olunması) haqqında qərar qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülməklə (1 (bir) ay 3 (üç) gün sonra) yəni məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Kollegiya cavabdeh tərəfindən hər hansı müddət pozuntusuna yol verilmədiyini bildirərək aşağıdakıları qeyd edir: Vergi Məcəlləsinin 39.4-cü maddəsinə görə, vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. İşin hallarından məlumdur ki, yoxlama aktı iddiaçı tərəfindən imzalanmamşdır və cavabeh tərəfindən tərtib edilmiş aktın surəti vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, xx.xx.2022-ci il tarixli **********935700 məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:54:28-də oxunduğu müəyyən edilmişdir. Vergi Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə, yoxlama materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri 10 gün müddətində qərar qəbul edir. Göründüyü kimi, operativ vergi nəzarətinin nəticələri üzrə müvafiq qərar yoxlama aktından 55 gün (30+15+10) müddətində qəbul edilməlidir. İş materiallarından isə həmin müddətin buraxılmadığı açıq-aydın görünür. Digər tərəfdən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya NKA-nın işləmədiyi dövürdə aparılmış əməliyyatların uçotu kitabı almalı olduğu izah edilməmişdir. Kollegiya qeyd edilənlərə münasibətdə bildirir ki, iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi izahın verilməsi və ya bu barədə məlumat verilməsi cavabdehin vəzifəsi deyil və iddiaçının bu barədə məlumatlı olmaması cavabdeh tərəfindən aparılan inzibati icraat çərçivəsində qəbul edilən inzibati aktın ləğv edilməsi üçün əsas deyil. Əlavə olaraq Kollegiya cavabdehin iddiaçı tərəfindən müddətin ötürülməsi ilə bağlı apellyasiya şikayətində qeyd etdiklərinə münasibət bildirir. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “...iddiaçı xx.xx.2022-ci il tarixdə qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək “Sənədlərin elektron formada mübadiləsinə dair müqavilə” bağlamışdır. Həmin müqavilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 120 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydasına uyğun olaraq tərtib edilmişdir. Mübahisələndirilən qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı xx.xx.2022ci il tarixli **********947700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:06:45-də oxunduğu müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt barəsində xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür.” Kollegiya qeyd edir ki, cavabdehin qeyd etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 120 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları” vergi bəyannamələrinin (hesabatların) vergi ödəyicisi tərəfindən elektron şəkildə təqdim edilməsi, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron səkildə bildirişin verilməsi işlərinin tənzimlənməsi ilə "Elektron hökumət" layihəsi çərçivəsində dövlət orqanlarının vətəndaşlara və təşkilatlara təqdim etdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına və onların təqdim olunma prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına nail olmaq məqsədi ilə qəbul edilmişdir. Yəni, həmin qaydalar cavabdehin qəbul etdiyi inzibati aktın göndərilmə və qəbul edilmə qaydaları ilə əlaqəli deyil. Digər tərəfdən “Elektron imza və Elektron sənəd haqqında” Qanun: 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. 3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir. 3.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. 3.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduqda elektron sənəd və ya onun bu Qanunun 25.1-ci maddəsinin tələblərinə cavab verən surəti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyata alınır və ya təsdiq edilir. 3.7. Məlumat bildirişinin və elektron sənədin istifadəsi bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir. Yuxarda qeyd edilən normalardan da göründüyü kimi, elektron sənəd yuxarıda qeyd edilən tələblərə cavab verdiyi halda cavabdeh tərəfindən qərarın təqdim edilməsi və iddiaçı tərəfindən alınması kimi qəbul edilə bilərdi. Lakin cavabdeh tərəfindən göndərilən elektron sənədin həmin tələblərə cavab verdiyini müəyyən etmək mümkün olmamışdır. Buna səbəb isə cavabdeh tərəfindən buna dair mötəbər sübutun təqdim edilməməsidir. Eyni zamanda cavabdeh apellyasiya şikayətində iddianın mümkün sayılmamasını bildirsə də, apellyasiya şikayətinin sonunda qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Odur ki, iddiaçı tərəfindən müddətin ötürülməsi ilə bağlı cavabdehin qeyd etdiyi dəlillər əsassızdır. Cavabdehin apellyasiya şikayətinin digər dəliləri isə qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsasdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətləri əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçının iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar