Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3572/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5280/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən əmlak üzrə verilmiş texniki pasportda dəyişiklik edilməsi, əmlakın ölçülərinə dair rəqəmlər arasında olan uyğunsuzluq aradan qaldırılmaqla ona yeni çıxarış və texniki pasport verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın paylı mülkiyyətçilərindən biridir. Lakin həmin əmlak üzrə verilmiş texniki pasportda əmlakın ölçüləri düzgün göstərilməmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-282/2024 saylı mülki işdə müəyyən edilmişdir ki, adıçəkilən əmlak üzrə verilmiş xx.xx.2023-cü il tarixli texniki pasportda habelə çıxarışlarda əmlakın ümumi sahəsinin 175,90 kv.metr olması göstərilib. Yeni texniki pasport həmin əmlaka dair verilmiş və 1993-cü ildə, yəni 30 il əvvəl tərtib edilmiş texniki pasportun olduğu kimi köçürməsidir. Halbuki keçən 30 il ərzindəəmlakda dəyişikliklər olmuş, yeni tikililər inşa edilmişdir. Sənədlərin qeyri-düzgünlüyünün səbəbi isə, onların yenidən tərtib edilməsi üçün qanunvericiliyin tələblərinə müvafiq qaydada əmlaka baxış keçirilməməsi olmuşdur. Buna görə qeyd olunan sənədlərdəki uyğunsuzluq aradan qaldırılması, əmlak üzrə yeni çıxarış və texniki pasport tərtib edilməsi üçün cavabdehə müraciət etmişdir. Həmin müraciətinə əsasən cavabdehin əməkdaşları tərəfindən əmlaka baxış keçirilərkən texniki pasportdakı qeyd olunan uyğunsuzluqları göstərib. Buna baxmayaraq cavabdeh orqan xx.xx.2023-cü il tarixli imtina məktubu göndərmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5280/2024 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Həmçinin, verilən suallara cavab olaraq bildirmişdir ki, yeni çıxarış verilməsi paylı mülkiyyətdə olan daşınmaz əmlakın ümumi sahəsində azalma baş verməsinə səbəb olsa da faktiki ölçülərə uyğun çıxarış verilməsini tələb edir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi və üçüncü şəxsin vəkili (nümayəndəsi), həmçinin digər üçüncü şəxs X6 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Həmçinin, üçüncü şəxsin vəkili (nümayəndə) və digər üçüncü şəxs bildirmişlər ki, yeni çıxarış verilməsində iddiaçının marağı ondan ibarətdir ki, əvvəl çıxarış verilmiş tikililərdən bir hissəsi yeni çıxarış verilərkən ümumi mülkiyyətdən kənarda qalsın (yəni paylı mülkiyyətdə olan daşınmaz əmlakın ümumi sahəsində azalma baş verməsinə səbəb olur) və iddiaçı həmin tikililərin faktiki istifadəsində olması əsası ilə söküntü aparan qurumdan yalnız özü üçün kompensasiya alsın.Bu isə digər paylı mülkiyyətçilərin marağına ziddir.Odur ki, belə iddianın qaldırılmasına razı deyildirlər. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının subyektiv hüququnun olması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Bundan başqa mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İşin hallarında görünür ki, iddiaçının barəsində tələb irəli sürdüyün ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyət üzrə İddiaçı (1/3 hissə), X1 (1/3 hissə) və X4 (1/3 hissə) paylı mülkiyyətindədir. İddiaçının hazırkı tələbi əmlak üzrə verilmiş texniki pasportda dəyişiklik edilməsi, əmlakın ölçülərinə dair rəqəmlər arasında olan uyğunsuzluq aradan qaldırılmaqla ona yeni çıxarış və texniki pasport verilməsi barədədir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələbi onun paylı mülkiyyətində olan hissəsinə dair deyil, ümumilikdə bütün fərdi yaşayış dair cavabdeh tərəfindən ona yeni çıxarış və texniki pasport verilməsidir. Lakin iddiaçı sözügedən daşınmaz əmlaka münasibətdə təkbaşına subyektiv hüquq daşıyıcısı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmçinin hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Baxılan işdə isə paylı mümkliyyətçilər arasında belə bir iddianın irəli sürülməsi barədə razılıq yoxdur. Digər paylı mümkliyyətçilər iddia tələbinə etiraz edirlər. Apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) verilən suallara cavab olaraq bildirmişdir ki, yeni çıxarış verilməsi paylı mülkiyyətdə olan daşınmaz əmlakın ümumi sahəsində azalma baş verməsinə səbəb olsa da faktiki ölçülərə uyğun çıxarış verilməsini tələb edirlər. Apellyasiya baxışı zamanı həmçinin, üçüncü şəxsin vəkili (nümayəndə) və digər üçüncü şəxs bildirmişlər ki, yeni çıxarış verilməsində iddiaçının marağı ondan ibarətdir ki, əvvəl çıxarış verilmiş tikililərdən bir hissəsi yeni çıxarış verilərkən ümumi mülkiyyətdən kənarda qalsın (yəni paylı mülkiyyətdə olan daşınmaz əmlakın ümumi sahəsində azalma baş verməsinə səbəb olur) və iddiaçı həmin tikililərin faktiki istifadəsində olması əsası ilə söküntü aparan qurumdan yalnız özü üçün kompensasiya alsın.Bu isə digər paylı mülkiyyətçilərin marağına ziddir.Odur ki, belə iddianın qaldırılmasına razı deyildirlər. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, göründüyü kimi, iddiaçının hazırkı tələbi digər paylı mülkiyyətçilər olan üçüncü şəxslərin iradəsinə ziddir və qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan tələb deyildir. Odur ki, iddiaçının belə iddia verməyə subyektiv hüququ yoxdur. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Plenum qərarında ifadə edilmiş hüquqi mövqedən göründüyü kimi, paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı üçün uyğun iddia növü digər paylı mülkiyyətçilərə qarşı payın naturada ayrılması, payın dəyərinin pul kompensasiya şəklində ödənilməsi və ya açıq hərracdan satılması ilə bağlı tələblər irəli sürə bilər ki, tərəflərin izahatlarında müəyyən edilir ki, tərəflər arasında payların bölgüsünə dair ümumi məhkəmədə işə baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5280/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3572/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3572/2024
05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver