Məhkəmə qərarları › İş №2-1(103)-3572/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3572/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3572/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cizginin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4813/2025 nömrəli, 26 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.1990-cı ildə Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin 17 nömrəli qərarına əsasən mənzil şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəzər rayonu, Buzovna küçəsi 435 nömrəli sahədə ayrılmış 875 kv.metr torpaq sahəsinə dair cizgi sxeminin (plan cizgisinin) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı ildə Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin 17 nömrəli qərarı ilə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 435 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün 875 kv.metr torpaq sahəsi mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ayrılmışdır. Qeyd edilən sərəncam arxivdə mövcuddur. Həmin torpaq sahəsindən bu günə qədər istifadə etsə də torpaq sahəsini özəlləşdirməmişdir. Torpaq sahəsinə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün ona torpaq sahəsinin cizgi sxemi tələb olunur, odur ki, cavabdehə müraciət edərək torpağın cizgi sxeminin ona verilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdehin imtinası əsassızdır və onun subyektiv hüquqlarını pozur. Sözügedən torpaq sahəsi ona qanuni şəkildə ayrılmışdır və hal-hazırda istifadəsindədir, buna görə də inzibati orqanın bu hərəkəti tamamilə qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) e-2-1(112)-4813/2025 nömrəli, 26 may 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna küçəsi 435 nömrəli sahədə 875 kv.metr ölçüdə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 17 nömrəli qərarına əsasən Buzovna küçəsi 435 saylı sahədə, 875 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibatı Məhkəməsi e-2-1(112)-4813/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianı təmin etmiş və torpaq sahəsinə cizginin verilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Həmin Qərar əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədıyini, prosessual həmiştirakçılığın yolverənliyıni, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə kı, İddiaçı Cavabdehnə ünvanladığı müraciətinə əsasən Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən məlumata əsasən torpaq sahəsinin H.Z.Tağıyev adına NQÇİ-nin ərazisində yerləşdiyindən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. Bununla bağlı, Cavabdeh tərəfindən Bakı İnzibatı Məhkəməsinə yazılı münasibət (etiraz) təqdim olunmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-cı maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2000-ci il tarixli, 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə törədə biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir kı, göstərilən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftqaz əməliyyatları aparılması üçün istifadə olunan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir (H.Z.Tağıyev adına NQÇİ). İddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Cavabdeh Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4813/2025 №li, xx.xx.2025-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətində şikayətin əsası kimi onu göstərmişdir ki, iddiaçının qanuni sahibliyində və sərəncamında olan torpaq sahəsi sənayə təyinatlı torpaq sahəsidir. Cavabdehin özünün etirazına əlavə etdiyi ortofoto plandan göründüyü kimi, İddiaçı ayrılmış torpaq sahəsi yaşayış qəsəbəsinin düz mərkəzində yerləşir və torpaq sahəsinin bütün ətrafı geniş bir ərazidə yaşayış evləridir. Sənaye müəssisələrinə aid olan heç bir əlamət, o cümlədən neft buruğu və s. mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, «torpaq sahəsi hasar daxilindədir, sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına daxil olmaqla dövlət mülkiyyəti torpağıdır». Torpaq sahəsi Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin 17 №li, xx.xx.1990-cı tarixli qərarı ilə iddiaçının mənzil şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 435 nömrəli sahədə fərdi ev tikmək üçün ayrılmışdır. Həmin torpaq sahəsi İddiaçı həmin vaxt yerində ayrılmış və təqdim edilmişdir. Həmin torpaq sahəsi hal-hazırda da İddiaçı istifadəsindədir. Sözügedən qərar dövlət arxivinə təhvil verilmiş, lakin həmin qərarla birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. İstər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Beləliklə, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayırlması barədə Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 17 saylı qərarı hazırda qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisinin hüdudları daxilində olmaqla hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, bu halda həmin torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir. İddiaçının tələb etdiyi sənəd yerli icra hakimiyyəti orqanının qərarı ilə ayrılmış torpaq sahəsinin yerini əks etdirən plan-cizgi olaraq hüquqmüəyyənedici hesab edilməyən, texniki bir sənəddir. Göstərilənlənlərə əsasən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4813/2025 №li, xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2013cü il tarixli 36/506 nömrəli Arxiv arayışı ilə təqdim edilmiş Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 17 nömrəli Qərarına əsasən Buzovna qəsəbəsi, Gənclik küçəsi, 12 nömrəli evdə yaşayan, BAİB-də şöbə müdiri vəzifəsində işləyən, mənzil növbəsinə olmayan, amma ev şəraitini yaxşılaşdırmaq üçün bütün əsasları olan, ailə tərkibi üç nəfərdən ibarət İddiaçı Buzovna qəsəbəsində 435 nömrəli sahədə fərdi ev tikmək üçün 875 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024cü il tarixli məktubu ilə qeyd olunan qərarın təsdiq edilmiş surəti iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (28 oktyabr 2008-ci il tarixdə 1-ci cümlə çıxarılmışdır). 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96- İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər X4 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. İşin faktiki hallarına görə Əzizbəyov (indiki Xəzər) rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 17 nömrəli Qərarına əsasən İddiaçı Buzovna qəsəbəsində 435 nömrəli sahədə fərdi ev tikmək üçün 875 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi yerində təhvil verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 12625/2025 nömrəli məktubdan görünür ki, həmin torpaq sahəsi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair cizgi həmin dövrdə qərarla birlikdə iddiaçıya təqdim edilməli idi. Qeyd olunan qərar ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin qərar Bakı şəhər İcra Hakimiyyətinin arxivində mövcuddur və təqdim edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlara əsasən qərar icra olunmalıdır. Lakin iddiaçı ona ayrılmış torpaq sahəsinə dair cizginin hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki iddiaçıya torpaq ayrılması barədə müvafiq qərar qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış cizginin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpağa sahiblik və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında cizginin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla həmin hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdedin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4813/2025 nömrəli, 26 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar