Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3573/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, 3-cü şəxsin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(112)-2204/2025 nömrəli qərarından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən Azərbaycan Respublikası Dövlət Neft şirkəti X2 “Qum Adası” Neft və qaz çıxarma İdarəsinə bağçılıq üçün ayrılmış ərazidə, sahəsi 400 kv.metr olan 35 saylı bağ sahəsinə (torpaq sahəsinə) mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-cı ildən neft sahəsində işləyir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə Dövlət Neft şirkəti, Azneft İB "Qum Adası" Neft və Qaz Çıxarma İdarəsinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərüfatı yaratmaq üçün 7 hektar torpaq sahəsi ayrılmışdır. Həmin İdarənin bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyətinin xx.xx.2005-ci il tarixli iclasında onu cəmiyyətə üzv qəbul etməklə 400 kv.metr torpaq sahəsini (35 saylı bağ sahəsini) ona ayırmışlar. Eyni tarixdə ona bağçının üzvlük kitabçası verilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə bağçılıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi arxivdə aşkar olunmadığı üçün ərizənin təmin edilməsindən imtina etmişdir. Sənədlərin arxivdə olmaması imtina üçün əsas ola bilməz. Digər tərəfdən cavabdehin vəzifəsi hüquqların qanuniliyinin yoxlanması deyil, onun qeydiyyatıdır. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı etibarnamə üzrə nümayəndəsi X4 Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi ünvanında yerləşən “35” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2024-cü il tarixli, **********15 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Qum Adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir və bazada neft quyusu barədə məlumat mövcuddur. Üçüncü şəxs iddia ərizəsinə dair yazılı etirazında bildirmişdir ki, təqdim edilən sənədlərdə qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə "xxxx"-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində (Abşeron OC Şirkəti) olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 207 saylı ləğv olunmuş neft-qaz quyusunun 66 metrlik məsafəsində mühafizə zonası daxilində və 116 saylı ləğv olunmuş neft-qaz quyusunun 63 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Xəritədən çıxarış məhkəməyə təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(112)-2204/2025 nömrəli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilmişdir. Qərardan narazı qalan 3-cü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə tərəfindən sözügedən torpaq sahəsinin hansı təyinatda olması və ya təyinatı üzrə istifadə edilib-edilməməsi məsələsi də araşdırılmamışdır. Halbuki, sözügedən torpaq sahəsinin təyinatı sənaye təyinatlıdır və həmin torpaq sahəsinin üzərində tikinti aparmaq qanunvericiliklə qadağan edilmişdir. Mühafizə zonaları ona görə tətbiq edilir ki, insanların həyatını, sağlamlığını və əmlakınımüdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanımühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Göründüyü kimi, mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri də boru kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Vətəndaşın həmin mühafizə zolağında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin etirazının əsasını və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İnzibati işin hallarından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “Qum adası” Neft və Qazçıxarma idarəsinə Suraxanı rayonu, Zığ- Hövsan şossesinin cənubşərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7 hektar torpaq sahəsi icarə əsasında istifadəyə verilmişdir. “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyyətinin iclasının 13 iyun 2005-ci il tarixli, 02 saylı protokoluna əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamla Suraxanı rayonunun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.metr sahəsi olan XVİİİ küçə 35 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə iddiaçıya ayrılmışdır. İddiaçı hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının hüququnu qeydə almaqdan imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətini təmin etməkdən imtina etsə də, birinci instansiya məhkəməsində araşdırma zamanı qəbul edilmiş məhkəmə aktı ilə razılaşmış və apellyasiya şikayəti ilə müraciət etməmişdir. Hazırda yalnız 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə aktı tam olaraq yoxlanılır. Qeyd edilməlidir ki, iddiaçının hüquqmüəyyənedici sənədləri ilə bağlı mübahisəli məqam mövcud deyildir. Belə ki, yuxarıda qeyd edilən inzibati aktlar əsasında “Qum adası” NQÇİ tərəfindən iddiaçıya verilmiş Bağçının üzvlük kitabçası mövcuddur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən SOCAR-da saxlanılan sənədlər arasında mövcud olan “Qum adası” bağçılıq cəmiyyətinə üzv olan işçilərinin siyahısından çıxarışından görünür ki, iddiaçıya 35 saylı bağ sahəsi ayrılmışdır. Göründüyü kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərə malikdir. İnzibati iş üzrə cəlb edilmiş 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, sözügedən torpaq sahəsinin təyinatı sənaye təyinatlıdır və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir, ləğv olunmuş neft-qaz quyusunun 63-66 metrlik mühafizə zonasında yerləşir. Həmin torpaq sahəsinin üzərində tikinti aparmaq qanunvericiliklə qadağan edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə araşdırma zamanı cavabdehin 27 yanvar 2025-ci il tarixli cavab məktubu ilə təqdim etdiyi mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə və faktiki olaraq 400 kv.m təşkil edir. Bağ sahəsinin bir tərəfi (yol) şərti, bir tərəfinin bir hissəsi şərti, digər tərəfləri isə hasarlanaraq sərhədlənmişdir (darvazası yoxdur). Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 400 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "xxxx"nin hüdudları daxilində yerləşir (Abşeron Əməliyyat Şirkəti). Həmçinin göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda yerləşir. Bundan əlavə ərazidən 60-65 m məsafədə yerləşən neft quyusunun baza məlumatı mövcuddur. Arxiv məlumatlarına əsasən “Qum Adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Vahid elektron kadastr məlumat bazasında sahə Dövlət torpaqları kimi qeyd olunmuşdur. Həmçinin, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğu əsasında cavabdeh “Qum Adası” NQÇİ-nin bağçılıq-yoldaşlığının ayrıc aktı məhkəməyə göndərilmişdir. Həmin ayrıc aktından görünür ki, qeyd olunan ayrıc aktı Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli Sərəncamı ilə Qum Adası” NQÇİ-nin bağçılıqyoldaşlığına ayrılmış torpaq sahələrinə aiddir. Lakin, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 nömrəli Sərəncamı əsasında bağçılıq yoldaşlığına ayrılmış torpaq sahələrinin ayrıc aktı cavabdehin arxivində mövcud deyildir. İddiaçıya ayrılmış torpaq sahəsi isə məhz Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 nömrəli Sərəncamı əsasında bağçılıq yoldaşlığına ayrılmış torpaq sahələri daxilində yerləşir. 3-cü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ərazinin ortofoto görüntüsündən də görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin ətrafında çoxsaylı fərdi yaşayış evləri mövcuddur. Həmin sahənin neft qaz əməliyyatları aparılması ilə əlaqədar olan sahə olması öz təsdiqini tapmır. Bununla yanaşı “Qum Adası” NQÇİ-nin bağçılıq-yoldaşlığ da məhz "xxxx"-ın nəzdində yaradılmış bir cəmiyyət olmaqla, neft şirkəti işçilərinin torpaq (bağ) sahələri ilə təmin edilməsi məqsədi güdmüşdür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Fərmandan da göründüyü kimi, əgər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmirdirsə bu zaman vətəndaşın Siyahıda nəzərdə tutulmuş sənədlərə malik olması, onun həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas verir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, 35 saylı bağ “Qum adası” NQÇİ tərəfindən tərəfindən ayrıldığı dövrdə həmin bağ sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsi ilə bağlı cavabdeh və üçüncü şəxs tərəfindən sübutlar məhkəməyə təqdim edilmədiyindən qeyd edilən əsasla iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdehin imtinası və hazırda 3-cü şəxsin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, torpaq sahəsinin ləğv olunmuş neftqaz quyusunun mühafizə zonasında yerləşməsi mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(112)-2204/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-3573/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3573/2025
15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver