Məhkəmə qərarları › İş №2-1(103)-3574/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3574/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3574/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı “diplom blankının dövlət nümunəli sənəd hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8746/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2009-cu il tarixli, BB-1№ 012585 nömrəli diplom blankının dövlət nümunəli sənəd hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı 2004-cü il tarixdə Azərbaycan Beynəlxalq Universitetinin “İdman və bədən tərbiyəsi” fakültəsi üzrə əyani şöbəsinə daxil olmuş, 2006-cı il sentyabr ayından isə həmin universitetin “STOMOTOLOGİYA” ixtisası üzrə yerdəyişmə etmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Universitetini 2009-cu ildə bitirmişdir. Ona təqdim edilmiş diplomun seriyası: BB-1№ 012585-dir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin H-18023/03-24 saylı, xx.xx.2016-ci il tarixli məktubu əsasında iddiaçıya təqdim olunmuş BB-1№ 012585 seriyalı diplomun dövlət nümunəli sənəd olunması qeyd olunmuşdur. Həmin vaxtdan İddiaçı diplomda qeyd olunmuş ixtisası üzrə stomotoloq - həkim kimi müxtəlif klinikalarda fəaliyyət göstərmişdir. Nəhayət (saxta diplomların verilməsi şübhələrinin artması ilə bağlı) iddiaçı yenidən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə rəsmi ərizə ilə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2009-cu il tarixli, BB-1№ 012585 serialı diplomun hüquqi əsasının olub-olmaması barədə ona məlumat verilməsini xahiş etmişdir. İddiaçının ünvanına daxil olmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cu il tarixli, 3-29/2-H2147-4/2023 saylı məktubundan bəlli olmuşdur ki, BB-1№ 012585 seriyalı diplom blankı dövlət nümunəli sənəd hesab olunmamışdır. İddiaçı cavabdehin sözügedən məktubunu əsassız hesab edərək onun hüquqlarının pozulması qənaətinə gəlmişdir. BB1№ 012585 seriyalı diplomunun qanuni olduğunu hesab edir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8746/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8746/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.2009-cu il tarixli BB-İ seriyalı 012585 saylı diplomun surətindən müəyyən olunur ki, İddiaçı 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetin “Stomatologiya” ixtisası üzrə tam kursu bitirmiş, dövlət attestasiya komissiyasının 1 iyul 2009-cu il tarixli qərarı ilə həkim ixtisası verilmişdir. - Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “ərizədə göstərilən BBİ № 012585 seriyalı diplom blankı həqiqətən Təhsil Nazirliyi tərəfindən 2009-cu il tarixində Azərbaycan Beynəlxalq Universitetinə verilən dövlət nümunəli sənəddir”. - Təhsil Nazirliyinin xx.xx.2018-cİ il tarixli məktubunda qeyd edilmişdir “adınıza yazılmış BBİ № 012585 diplomun hüquqi əsası yoxdur”. - Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir: “adınıza yazılmış BBİ № 012585 diplom blankı dövlət nümunəli sənəd deyildir”. - Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iddia ərizəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09 dekabr 2016-cı il tarixli, H18023/03-24 nömrəli məktubunu əlavə etmişdir. Həmin sənəddən görünür ki, məktub Təhsil Nazirliyi adından Xüsusi şöbənin müdiri M.Nəbiyev tərəfindən imzalanmışdır. Bununla əlaqədar bildiririk ki, Nazirliyin aparatında Xüsusi şöbə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2013cü il tarixli, 622 nömrəli əmri ilə ləğv edilmişdir (əlavə olunur). Bu səbəbdən, həmin məktubun səlahiyyətli şəxs tərəfindən imzalanmaqla, Nazirliyin mövqeyini əks etdirməsi qeyri mümkün hesab edilməlidir. - Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, M.Nəbiyev Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2004-cü il tarixli 11/300 nömrəli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xüsusi şöbəsinin müdiri vəzifəsinə təyin olunub və xx.xx.2012-ci il tarixli, 11/06 nömrəli əmri ilə tutduğu vəzifədən azad olunub. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iddiaçının Azərbaycan Beynəlxalq Universitetində ali təhsil aldığını iddia etdiyi (2004-2009-cu illər) dövrdə Azərbaycan Respublikasında təhsillə bağlı məsələlər həmin vaxt qüvvədə olan 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu” ilə tənzimlənirdi. Həmin Qanunun:

1. Təhsil Qanunu Azərbaycan ərazisində olan bütün təhsil müəssisələrinə, müvafiq orqan və təşkilatlara şamil edilirdi. Azərbaycanın təhsil sistemi həmin Qanun əsasında fəaliyyət göstərirdi.

7. Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir. Bu funksiyanı həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X2 Komissiyası yaradılır. Komissiya haqqında əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

8. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinəbaşlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir.

13. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanırlar. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Azərbaycan Respublikasının X1 publik hüquqi şəxsin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında” 16 may 2017-ci il 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilənə qədər (iddiaçının təhsil aldığını iddia etdiyi dövrdə) qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında” Əsasnamə: Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

6. Komissiyanın əsas vəzifələri aşağıdakılardır:.. - 6.1. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi;

7. Komissiya ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: - 7.1. Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq tələbə qəbulu prosesini və onun strukturunu layihələşdirir, tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir; - 7.2. imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayır və təsdiq edir; 7.3. ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını, o cümlədən ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydalarını müəyyən edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında müvafiq qərarlar qəbul edir; - 7.4. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın ali və оrta iхtisas təhsili müəssisələri üçün müəyyənləşdirdiyi tələbə qəbulu planını elan edir və onun əsasında sənəd qəbulunu təşkil edir; - 7.5. tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodiki işləri aparır, proqram və texniki təminatı layihələşdirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradır; - 7.5-1. müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış, xx.xx.2019- cu ilə qədər qüvvədə olan “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilirdi, 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydası: 2.2. Bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir. 3.2. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, iddiaçının təhsil aldığını iddia etdiyi dövrdə (2004-2009-cu illərdə) ali tədris müəssisələrinə vətəndaşlar Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırki X1) müəyyən etdiyi qaydada imtahan verməklə qəbul olunurdular və təhsil müəssisəsini bitirdikdən sonra isə onların adına təhsil sənədinin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi verirdi. Lakin iş materiallarına əsasən iddiaçının Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi qaydada imtahan verərək Azərbaycan Beynəlxalq Universitetinə qəbul olması faktı müəyyən edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilən Azərbaycan Təhsil Nazirliyinin xx.xx.2016-cu il tarixli H-18023/03/24 nömrəli məktubu Təhsil Nazirliyi adından Xüsusi şöbənin müdiri M.Nəbiyev tərəfindən imzalansa da, məhkəmə araşdırması zamanı Nazirliyin aparatında Xüsusi şöbənin Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2013-cü il tarixli, 622 nömrəli əmri ilə ləğv edildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8746/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8746/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar