Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3574/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X3 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə qarşı "prosessual sənədin etibarsız hesab edilməsi və s." tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10243/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) AR-sı Ali Məhkəməsinin hakimi X2 imzaladığı və ona göndərdiyi 23 yanvar 2023-cü il tarixli məhkəmə sənədimim adalətsiz sənəd olub, məhkəmə müdafiə hüququnun mahiyyətinə prosessual xələl gatirməkla, məhkəməyə müraciət etmək hüququnun mahiyyatcə pozulması maqsədinə xidmət etdiyindən...prosessual busənədin etibarsız hesab edilməsini müəyyənləşdirən məhkəmə qərarının qəbul edilməsini; 2) Azərbaycan Respublikası Ali X1 xx.xx.2023-cü il tarixli bu məlum qərarı xx.xx.2023-cü il tarixli "Məhkəmə bildirişi"nin asassız və qanunsuz mahiyyati tələbkarlığndan sifarişli köklənilib, ciddi qanun pozuntular ilə gəbul edilərək, bu gün qanunla qorunan əsaslı müdafiə hüququnun prosessual yoxluğuna xidmat etməklə, mahiyyət, məzmun etibarilə müdafiə hüququnun prosessual müdafizəsizləşdirilməsi məqsədinə xidmət edə-edə, bu gün pozulmuş hüquqların, əmək və s. hüquqların/bərpasına imkan vermədiyindən.,prosessual bu sənədi sifarişli qəbul tmiş səlahiyyətli hakimlərin hərəkətlərinin qanunsuz hesab edilməsini müayyanləşdiran müvafiq məhkəmə aktını çixarıb, effektli məhkəmə müdafiə hüququnun prosessual taləbkarllığı üzərində pozulmuş hüquqlarının prosessual bərpasına əməli bir köməkliyin prosedura uyğun aparılmasını təmin edəcak məhkəmə qərarını qəbul edib, aidiyyatlı ünvana göndərilməsi; 3) Hüquqlarinı pozan və pozulmuş hüquqlarımin bərpasına maneçilik törədən çoxsaylı məhkəmə aktları ilə bağlı Konstitusiya Məhkıməsinə sorğu göndərilməsinə ciddi önəm verib, qanunla qorunan hüquqlarının prosessual müdafiasinə önəm verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10243/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12- ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçının tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişi ilə bağlıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: ... 134.1.4. məhkəmə bildirişini; ... 134.2. Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər. 139.1. Məhkəmə bildirişi məhkəmənin rəsmi sənədi olmaqla müvafiq qaydada təsdiq olunmuş formada tərtib edilir. 139.2. Məhkəmə bildirişində aşağıdakılar göstərilməlidir: 139.2.1. məhkəmənin adı, ünvanı və əlaqə üçün məlumatlar (indeks, telefon, faks və s.); 139.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri; 139.2.3. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı; 139.2.4. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan; 139.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması; 139.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı; 139.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif; 139.2.7-1. işdə iştirak edən şəxslərin prosessual hüquq və vəzifələrinin izahı; 139.2.8. ünvan sahibinin olmadığı təqdirdə məhkəmə bildirişini qəbul edən şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd; 139.2.9. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə gəlməməsinin nəticələrinə və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat vermək vəzifəsinə dair qeyd. 139.3. Məhkəmə bildirişində verilmiş apellyasiya və kassasiya şikayətinin qərarın ləğv edilməsinə yönəldiyi və ya şikayətdə ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmetinin bölünməz olduğu halda, mübahisələndirilən hissə ilə bağlı işdə iştirak edən digər şəxslərin şikayət vermək hüquqlarından vaxtında istifadə etməmələrinin, habelə dəlillərini irəli sürməmələrinin sonradan şikayət vermə hüquqlarını aradan qaldırması ilə nəticələnəcəyi xüsusi olaraq izah edilməlidir. 139.4. İşə yazılı icraat qaydasında baxılması barədə bildirişdə bu Məcəllənin 139.2.1, 139.2.3–139.2.8-ci maddələrində nəzərdə tutulmuş məlumatlar, apellyasiya və kassasiya instansiyası icraatında isə həmçinin işdə iştirak edən şəxslərə şikayətlərə dair onların etiraz və ya izahatlarının təqdim edilməsinə dair təklif göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə inzibati məhkəmə icraatının iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.6. Bu Məcəllənin 96.5-ci maddəsində nəzərdə tutulmuş qayda məhkəmə qərardadlarına (məhkəmənin qərardad formasında olan yekun qərarı istisna olmaqla) qarşı verilmiş şikayətlərə şamil olunmur. 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəmə bildirişi göndərilmişdir ki, iddiaçı həmin bildirişi mübahisələndirir. Lakin məhkəmə bildirişi inzibati akt olmadığından inzibati məhkəmə icraatı qaydasında da mübahisələndirilə bilməz. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10243/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3574/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3574/2024
03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver