Məhkəmə qərarları › İş №2-1(103)-3576/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3576/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3576/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X3 və "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə “Sərəncamın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 87 saylı 19 aprel 2010-cu il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı həyat yoldaşı ilə birlikdə 2005-ci ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi 141 saylı evin yanında olan torpaq sahəsinin 18.000 ABŞ dollara alqı-satqı yolu ilə X1 almışdır. Həmçinin, ünvan 1 ünvanda evi olan X3 həyat yoldaşına etibarnamə verərək özünə məxsus evlə bağlı bütün hüquqları həyata keçirmək səlahiyyəti vermişdir. Həyat yoldaşı M.Məmmədovla birlikdə N.Qaffarovun etibar etdiyi evi sökərək həmin evin yerində bir ədəd iki mərtəbəli 3 otaqlı ev, habelə H.Şahverdiyevdən aldıqları torpaq sahəsində ayrıca bir ədəd iki mərtəbəli 4 otaqlı ev tikmişlər. Lakin Cavabdeh başçısı təəfindən 87 saylı 19 aprel 2010-cu il tarixli sərəncam verilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi 141 saylı evdə X3 tərəfindən özünə aid hissəni sökərək yerində ikimərtəbəli, ümumi sahəsi 133,27 kv.metr yaşayış sahəsi 91,54 kv.metr 7 otaqdan ibarət yaşayış evi tikməsi nəzərə alınaraq həmin ölçüdə sənədləşdirilsin. Göstərilən sərəncam həqiqəti əks etdirmir. Belə ki, X3 tərəfindən həmin ünvanda hər hansı sahə, o cümlədən, sərəncamda göstərilən sahələr inşa edilməmişdir. Odur ki, həmin sərəncam ləğv olunmalıdır...” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3507/2017 nömrəli 10 iyul 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Cavabdeh başçısının Z.Kərimov küçəsi 141 saylı evdə aparılmış tikinti dəyişikliklərinin sənədləşdirilməsi haqqında qəbul etdiyi xx.xx.2010-cu il tarixli 87 saylı sərəncamı ləğv edilmişdir. xx.xx.2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə vəsatətlə müraciət edərək, RX seriyalı, ******* nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi 141a fərdi yaşayış evindən 54,7 kv.m-dən ibarət 4 otaqlı mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin adına qeydiyyata alındığını bildirərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı onun maraqlarına toxunduğunu əsas gətirərək "xxxx" ASC-nin üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3507/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnərək "xxxx" ASC hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmişdir. Daha sonra, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun əsaslandırılmış, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələbini hazırkı inzibati mübahisənin hallarına düzgün tətbiq etməmiş, bu səbəbdən əsassız olaraq sonda düzgün olmayan nəticəyə gələrək iddianı mümkün saymamışdır. Belə ki, o, 2017-ci ilin mart ayında Yasamal RİH-nə müraciət etmiş, həmin inzibati orqanın mövqeyi bəlli olduqdan sonra, 1 aylıq iddia müddətini pozmadan məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən qərardadında məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 2-l(102)-2148/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadına istinad etmişdir. Qərardadda da qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 296 və 298-ci maddələri xx.xx.2011-ci il tarixli 143- İVQD nömrəli Qanunla Məcəllədən çıxarılmışdır. Odur ki, məhkəmənin müəyyən etdiyi qaydada mülki prosessual qanunvericiliyin müdəalarını rəhbər tutub məhkəməyə müraciət etmək mümkün deyil. Məhkəmə diqqətdən çıxarmışdır ki, 2017-ci ildə inzibati Prosessual Məcəllə qüvvədə idi və pozulmuş hüquqlrının bərpası üçün məhkəməyə müraciət etmə qaydası adıçəkilən Məcəllə ilə (38-ci maddə) nəzərdə tutulduğu üçün MPM-in müdəalarınm tətbiq edilməsinə zərurət olmamışdır. Qeyd olunanlar o nəticəyə gəlməyə kifayət qədər əsas verir ki, birinci instasiya məhkəməsi prosessual hüquq normalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin adıçəkilən qərardadında ifadə olunmuş hüquqi mövqeyini hazırkı inzibati iş üzrə mümkünlük məsələsinin həlli zamanı düzgün tətbiq etməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçı tərəfindən iddia müddətin ötürülməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmamış, şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, Bakı şəhəri Cavabdeh 87 saylı 19 aprel 2010-cu il tarixli sərəncamının ləğv edilməsini məhkəmədən tələb etmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləriri yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri aşağıdakılara görə ödənilmir. Birincisi,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsi nəzərədə tuturdu ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Eyni zamanda, 1 sentyabr 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 19-cu maddəsi nəzərdə tutur ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər və həmin Məcəllənin 373.1-ci maddəsinin tələbinə əsasən ümumi iddia müddəti on il təşkil edir. İddiaçı isə cavabdehin mübahisələndirilən 19 aprel 2010-cu il tarixli sərəncamının qəbul olunduğu vaxt qüvvədə olmuş qeyd olunan prosessual və maddi hüquq norimaları ilə müəyyən olunan iddia müddətlərini ötürmüş, həmin imkanından istifadə edərək müvafiq iddianı qaldırmamışdır. Digər tərəfdən 2011-ci ildən qüvvədə olan İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.12-ci maddəsi nəzərədə tutur ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (“İPM”) 38.1-ci maddəsi ilə müəyyən edilir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı həm qüvvədən düşmüş, həm də də qüvvədə olan qanunvericiliklə müəyyən olunan iddia müddətlərini ötürmüş, 7 il keçdikdən sonra yalnız, cavabdeh icra hakimiyyətinin 87 saylı 19 aprel 2010-cu il tarixli sərəncamının ləğv edilməsi tələbi ilə məhkəmədə mübahisələndirmə haqqında iddia qaldırmışdır. Belə olan halda, yəni, prosessual müddət buraxıldığı təqdirdə, hazırkı iddianın İPM-in 35ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən İPM-in qeyd olunan 35.3-cü maddəsinin tələbi qaydasında iddianın mümkün sayılmaması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmənin mübahisənin hallarına düzgün tətbiq etmədiyini, bu səbəbdən sonda əsassız olaraq iddianın mümkün sayılmaması barədə düzgün olmayan nəticəyə gəldiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar