Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-3577/2025 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Günel Məhərrəm qızı Abbasovanın sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Ağalarov İsmayıl Ağacavad oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotu Təşkili Baş İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti İdarəsi cəlb edilməklə) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin inzibati şikayətin təmin edilməməsi haqqında ## ###### 2021-ci il tarixli **************** nömrəli qərarının ləğv edilməsi, iddiaçıya hesablanmış vergi borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti həmin Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ilə əvəz edilmiş və iddia dəyişdirilərək “cavabdehin ## #### 2019-cu il tarixli **************** nömrəli qərarının ləğv edilməsi” kimi qəbul olunmuşdur.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir “xxxx” MMC-də çalışır və 2017-ci ilin may ayı tarixində VÖEN açmağa məcbur olmuşdur. Səbəbi VÖEN-lə Bakı Baş Gömrük İdarəsinin şəxsi istifadə üçün öz adına gətirdiyi mebeli X1 Buraxılış Məntəqəsindən buraxılmaması olmuşdur. VÖEN açılandan sonra bu sahələr üzrə heç bir məlumatı olmadığından Əmək və Əhalinin Sosial Müdafiə Fondundan ona rüb üçün hesabat tələb edirdilər. Bu zənglərin təkrar olmaması üçün o, VÖEN-ni ##.##.2017-ci il tarixində 5 il müddətinə dondurmuşdur. VÖEN-ni dondurmağına baxmayaraq, ona məxsus ********** saylı VÖEN-ə ##.##.2018-ci il tarixdə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC (VÖEN **********) adlı şirkət tərəfindən 117245.12 manat məbləğində elektron qaimə vurulmuşdur. E-qaimədə qeyd olunan malların ona satılması barədə tam məlumatsız və adı çəkilən şirkətlə onun arasında heç bir alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, ödənişin olunmasına dair bir dənə də olsun belə sənəd yoxdur. Hətta əlavə olaraq bildirilir ki, VÖEN-nin yenidən aktiv olması üçün o, vergi orqanına nə şifahi, nə də yazılı olaraq müraciət belə etməmişdir. Bu işə də onun razılığı olmayıb. Qaimənin vurulması barədə məlumatı 2018-ci ilin 2-ci rübündə telefonuna smsin gəlməsi və Vergilər Departamentindəki əməkdaşın zəng etməsi olub. Əlavə olaraq bildirilir ki, onun həmin ərəfədə asan imzası olmayıb ki, E-qaiməni təsdiq etsin. Sonradan bilmişdir ki, 5 iş günü içində sistem avtomatik olaraq e-qaiməni təsdiq edir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar əsassızdır. Bu səbəbdən də ləğv olunmalıdır.
4. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti həmin Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ilə əvəz edilmiş və iddia dəyişdirilərək “cavabdehin ## #### 2019-cu il tarixli **************** nömrəli qərarının ləğv edilməsi” kimi qəbul olunmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, həmin qərardadın ləğv edilməsi və işə yenidən baxılması üçün qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
8. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2021-ci il tarixli **************** saylı qərarının ləğv edilməsi” kimi dəyişdirilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə hazırki iş üzə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti İdarəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
TƏRƏFLƏRİN İZAHATLARI:
13. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Ağalarov apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən edilməli, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ləğv edilməli, iddia mümkün hesab edilməməlidir.
19. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
20. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
22. İPM-in 24-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 24.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə baş İdarəsi vəsatətində iddianın mümkün sayılmaması ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia qaldırarkən iddia müddətini buraxmışdır.
24. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə razılaşır və qeyd edir ki, mövcud qanunvericilik məhkəmədə “mübahisələndirmə haqqında” iddianın qaldırılması üçün 30 günlük iddia müddəti müəyyən etmişdir. Qanunvericilik həmçinin 1 ilədək müddətdə buraxıldıqda iddia müddətinin bərpa olunması hallarını da mümkün sayır, lakin həmin müddətin 1 ildən artıq vaxt buraxılması üzrə iddianın qaldırılmasını aşağıdakı hallarla şərtləndirir: təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar.
25. Hazırkı işin hallarına görə mübahisə predmeti olan qərar ##.##.2021-ci il tarixdə qəbul olunmuşdur, hazırkı iddia isə ## ####### 2022-ci il tarixdə məhkəməyə təqdim edildiyindən, məhkəmə kollegiyası vurğulayır ki, iddia qanunla iddianın qaldırılması üçün müəyyənləşdirilmiş müddət 1 ildən artıq vaxt buraxılmaqla qaldırılmışdır.
26. Buraxılmış iddia müddətinin bərpasına gəldikdə isə, bu müddət 1 ildən artıq vaxt buraxıldıqdan və müvafiq halların (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar) baş verməsi üzrə xüsusatlar təqdim edilmədiyindən müddətin bərpası barədə ərizənin verilməsi də mümkünsüzdür və bu səbəbdən məhkəmə müddətin bərpası barədə ərizə verilməsini iddiaçıya tövsiyə etməmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
28. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotu Təşkili Baş İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti İdarəsi cəlb edilməklə) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Günel Abbasova Hakimlər Fuad Talışinski Məmməd Məmmədov