Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3579/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-9N4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. AR MN N nömrəli hərbi hissə tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2023-cü ilin hesabından 25 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2023-cü ilin hesabından 15 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2023-cü ilin hesabından 5 gün və ehtiyata buraxılmağı ilə əlaqədar 45 gün, ümumilikdə isə 90 gün, yəni 2023-cü il üzrə növbəti məzuniyyət 3 ay müddətinə verilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə nazirinin 0298 nömrəli, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Xidmət müddəti: təqvimlə - 21 il 9 ay, ümumi- 32 il, 8 ay.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissəsindən ehtiyata buraxıldığı dövr ərzində, ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001-ci ildəmn xx.xx.20223-cü ilədək Azərbaycan Ordusunda xidmət etmiş və Müdafiə nazirinin 12 may 2023-cü il tarixli, 0298 nömrəli əmri ilə xəstəliyə görə ordu sıralarından tərxis olunmuşdur. Xidmət keçdiyi N nömrəli və onun da tabe olduğu N nömrəli hərbi hissənin rəhbərliyi tərəfindən ona ehtiyata buraxıldığı dövrdə yalnız 45 günlük növbəti məzuniyyətdən istifadə etməyə şərait yaradılmışdır. Halbuki “Hərbi qulluqçuların statusu” haqqında Qanunun N-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyinə görə ehtiyata buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Yəni həm 20 ildən artıq xidmət etdiyinə, həm də xəstəliyə görə ehtiyata buraxıldığı üçün onu ehtiyata buraxarkən 45 gün deyil, 90 gün müddətində məzuniyyət verilməli idi. Bununla bağlı cavabdehə müraciət edərək, istifadə etmədiyi məzuniyyət günləri əvəzinə kompensasiyanın hesablanması və ödənilməsini xahiş etmiş, lakin N nömrəli hərbi hissənin N sentyabr 2024-cü il tarixli 1556 nömrəli cavab məktubunda müraciətin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur.
5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırmalar və məhkəməyə təqdim edilmiş sənədlərin təhlili göstərir ki, iddiaçı 2023-cü il hesabına növbəti məzuniyyətdən tam istifadə etmişdir. İddiaçının müraciətinə verilmiş cavab məktubunda onun 2023-cü ildə növbəti məzuniyyətdən tam istifadə etdiyi (45 gün) və ehtiyata buraxılarkən ona əlavə olaraq 45 gün növbəti məzuniyyət verildiyi qeyd edilmişdir. Beləliklə də, iddiaçı öz ərizəsində qeyd elədiyi 90 gün növbəti məzuniyyət ona tam şəkildə verilmiş və iddiaçının hüquqları pozulmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-9N4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının Silahlı Qüvvələrdə 20 və daha artıq (32 il, 8 ay) təqvim ili xidmət etməsi, ehtiyata buraxılan zaman «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş 3 aylıq növbəti məzuniyyətdən istifadə etməməsi iş üzrə materiallarla təsdiq olunduğundan, cavabdehin imtinası haqlı olmamışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(N2)- 9N4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
N. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
N. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
120. Növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə N gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.
121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir
126. Hərbi hissə və bölmələrdə yanvar ayının birinə kimi yeni il üçün hərbi qulluqçuların növbəti məzuniyyətləri planı tutulur və hərbi qulluqçuların müvafiq kateqoriyalarına məzuniyyət vermək səlahiyyəti olan rəis tərəfindən təsdiq olunur və şəxsi heyətə elan edilir. Hərbi qulluqçulara növbəti məzuniyyətlər bütün təqvim ili boyu bərabər şəkildə hər ay hərbi hissə hərbi qulluqçularının N — 12 faizinin məzuniyyətdə olması hesabı ilə verilir. Məzuniyyət vermək səlahiyyəti olan rəislər hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına döyüş hazırlığının (tapşırığın yerinə yetirilməsinin) gərgin dövründə məzuniyyətlərin aylıq normasını azalda bilər və eləcə də ilin başqa vaxtında bu normaları artıra bilər. Hərbi təhsil müəssisələrində daimi heyətdən olan hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinin aylıq norması təhsil müəssisələrinin rəisləri tərəfindən müəyyən edilir. Döyüş əməliyyatlarında, habelə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmətin digər vəzifələrini yerinə yetirərkən xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara növbəti məzuniyyətdən ilin istənilən münasib vaxtında istifadə etmək hüququ verilir. Müvafiq qurumlar təsdiq olunmuş plan əsasında hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinə daimi nəzarət etməli və bu barədə müvafiq komandirə (rəisə) məlumat verməlidirlər. İlin əvvəlində korpus (diviziya), Silahlı Qüvvələr növünün müvafiq qurumu keçən ildə növbəti məzuniyyətə getməyənlər və onların səbəbləri barədə məlumatları ümumiləşdirir və yanvarın N-na kimi korpus (diviziya) komandirinə, qoşun növü komandanına yeni ilin birinci rübündə həmin hərbi qulluqçulara növbəti məzuniyyətin verilməsi barədə öz təkliflərini verir. Korpus (diviziya), Silahlı Qüvvələr növü komandanının qərarı hərbi qulluqçuları növbəti məzuniyyətə getməmiş hərbi hissələrin komandirlərinə çatdırılır.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
20. Birinci instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2-1(N2)-9N4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
21. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
22. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn irəli sürdüyü tələbi xəstəliyə görə ehtiyata buraxılması ilə əlaqədar verilməli olan 3 aylıq növbəti məzuniyyətin istifadə edilməmiş 45 gününə görə kompensasiyanın hesablanıb ödənilməsinə yönəlmişdir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir.
24. AR İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
25. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Silahlı Qüvvələrdə 20 və daha artıq (32 il, 8 ay) təqvim ili xidmət etməsi, ehtiyata buraxılan zaman «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş 3 aylıq növbəti məzuniyyətdən istifadə etməməsi iş üzrə materiallarla təsdiq olunduğundan, cavabdehin imtinası haqlı olmamışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
27. Kollegiya bildirir ki, məhkəmə maddi hüquq normalarının tələbləri baxımından işin hallarına hərtərəfli və düzgün yanaşmamışdır.
28. Belə ki, yuxarıda qeyd edilən normalardan görünür ki, vətəndaşın həqiqi hərbi qulluğa daxil olması onun Konstitusiyada təsbit olunmuş əmək hüququnun realizə üsullarından biridir. Hərbi qulluğun özü isə dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir.
29. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların istirahət hüququnda, xüsusilə də ödənişli məzuniyyət müddətlərində öz əksini tapmışdır.
30. Belə ki, yuxarıda istinad olunan Əsasnamənin 120-ci maddəsinin “b”, “v” və “q” bəndlərində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına - hər təqvim ili üçün 30 gün, gizirlərə və miçmanlara - hər təqvim ili üçün 35 gün, zabitlərə - hər təqvim ili üçün 45 gün növbəti məzuniyyət verilməsini müəyyən etmişdir.
31. Göründüyü kimi, maddənin birinci hissəsində məzuniyyətin istifadə edilməsinin zaman çərçivələri müəyyən edilmiş, maddənin ikinci və üçüncü hissəsi isə həmin növbəti məzuniyyət müddətinin müəyyən meyarlar nəzərə alınmaqla artırılması ilə bağlı halları tənzimləmişdir.
32. Belə ki, zabit heyətinə daxil olan hərbi qulluqçular yaşına, xəstəliyə görə ehtiyata və ya istefaya buraxıldıqda, yaxud 20 və daha artıq təqvim ili xidmət edən zabit heyətinə aid hərbi qulluqçu ehtiyata buraxıldıqda həmin il üzrə növbəti məzuniyyət onlara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 45 gün deyil, 3 ay, yəni 90 gün müddətinə verilir.
33. İddia ərizəsindən də görünür ki, əsas məzuniyyət üzə növbəti məzuniyyətinin 45 gün istifadə etdiyini, ehtiyata buraxıldığı zaman 2023-cü il üzrə əlavə 45 gün məzuniyyət verildiyini, lakin əlavə 90 gün də məzuniyyətə, yəni ümumilikdə 135 gün (45+90=135) məzuniyyətə çıxmalı olduğunu əsas gətirməklə əsas məzuniyyəti olan 45 gündən əlavə 90 gün verilməli olduğunu və əlavə olaraq istifadə etmədiyi 45 gün müddəti üçün kompensasiya verilməli olduğunu qeyd edir. 34.Məhkəmə kollegiyası iddiaçının mövqeyinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Yuxarıda istinad olunan normalardan da görünür ki, qanunverici hərbi qulluqçulara verilən məzuniyyət növlərini konkret tənzimləmiş, növbəti məzuniyyət həmin növlərdən birinə aid edilmişdir. Normaya əsasən növbəti məzuniyyət hərbi qulluqçuya hər təqvim ili və ildə bir dəfə verilir. Qanunverici il ərzində iki dəfə növbəti məzuniyyət verilməsini nəzərdə tutmamışdır. Bunun məntiqi davamıdır ki, əgər 20 və daha artıq təqvim ili xidmət edən zabit heyətinə aid hərbi qulluqçu ehtiyata buraxılırsa, həmin il üçün nəzərdə tutulmuş 45 günlük məzuniyyət hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri də həll etmək məqsədilə 3 ay müddətinə verilir. Buna görə də məhkəmə hesab edir ki, qanunla nəzərdə tutulmuş 90 günlük məzuniyyət tam şəkildə iddiaçıya verildiyindən, onun əlavə 45 günlük məzuniyyət hüququ qalmadığından istifadə edilməmiş 45 günə görə pul kompensasiyasının ödənilməsi mümkünsüzdür.
36. Belə ki, hərbi qulluqçulara məzuniyyətin verilməsini müəyyən edən qanunvericiliyə əsasən hərbi qulluqçusu ehtiyata və ya istefaya buraxılmırsa yəni adi qaydada il ərzində nəzərdə tutulmuş növbəti məzuniyyətə çıxırsa həmin müddət 45 gün olaraq müəyyən edildiyi halda, 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara növbəti məzuniyyət 3 ay müddətində verilməsi nəzərdə tutulmuşdur. Yəni, qanunvericilikdə il ərzində hərbi qulluqçular üçün nəzərdə tutulmuş növbəti məzuniyyət 45 gün olduğu halda, hərbi qulluqçu ehtiyata və ya istefaya buraxılırsa həmin müddət 90 gün olaraq müəyyən edilmişdir.
37. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin 80, N4, N9, 171 nömrəli Əmrlərindən çıxarışlara əsasən müəyyən edilmişdir ki, İddiaçı 2023-cü il üzrə 90 gün növbəti məzuniyyət hüququndan tam istifadə etmişdir. (iş v. 41) 38.Əlavə olaraq Kollegiya qeyd edir ki xx.xx.2025-ci il tarixli məhkəmə iclasında da müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən digər hərbi qulluqçulara da eyni faktiki əsaslardan çıxış edərək eyni qərarları qəbul etmiş, yəni eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan mövcud inzibati praktikasına uyğun hərəkət etmiş və iddiaçıdan əvvəl və ya sonra ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara da verilmiş məzuniyyət müddətləri də eyni qaydada hesablanmışdır.
39. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir.
40. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərini nəzərə almamış, işin qeyd edilən faktiki halına dair araşdırma aparmamış və mübahisə üzrə yalnış qiymətləndirmə etmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-9N4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(N2)-9N4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.