Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-358/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2 (xx.xx.1954-cü il tarixdə Masallı rayonunun Miyanku kəndində anadan olmuş, ünvan 1 mən. 11 ünvanında qeydiyyatdadır) və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı (xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 mən.9 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- Səbail ray., Xanlar küç., ev 47, mən. 47) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ona aid hissədə ləğv edilməsi və xidmətə bərpa olunma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5898/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Rəhmanov Elnur Asif oğlu xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daxili işlər orqanlarında xidmətdən xaric edilməyi barəsində xx.xx.2017-ci il tarixində verilməsi ehtimal olunan və indiyə qədər ona təqdim olunmayan əmrin ona aid olan hissəsi qanunsuz olduğu üçün ləğv edilməsi və onun daxili işlər orqanlarında xidmətə bərpa olunmağı barəsində yeni əmrin verilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,iddiaçı qanunsuz olaraq olaraq işdən çıxarılmaqla bağlı dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ərizə ilə müraciət etmiş, cavabdeh inzibati orqanının vəzifəli şəxsləri hər dəfə ona formal cavablar vermişlər. Halbuki, müraciətində işdən çıxarılmağı üçün əsas gətirilən dəlillərin heç birinin onunla bağlı olmadığını əsaslandırmışdır. Barəsində xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinə qədər keçən 1 ay 6 gün ərzində aparılan təhqiqat araşdırmaları zamanı həmişə izahatlarında real vəziyyəti əks etdirən halları göstərmişdir. Gənc bir polis zabiti kimi, cəmi 10 il idi ki, xidmət etmiş, xidmətdə olduğu 10 il müddətində həmişə nümunəvi xidmətiylə fərqlənmişdir. Lakin onu polis əməkdaşı adına ləkə gətirmə adı ilə işdən çıxarmışlar. xx.xx.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçının qanunvericiliklə müəyyən olunmuş müddəti ötürdüyünə görə iddianın baxılmamış saxlanılmasını, baxılacağı təqdirdə iddianın rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5898/2020 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, onun daxili işlər orqanlarında xidmətdən xaric edilməyi barəsində xx.xx.2017-ci il tarixində verilən məhkəmə qərardadı verilənə qədər ona təqdim olunmayan əmrin ona aid olan qanunsuz hissəsinin ləğv edilməsi və onun daxili işlər orqanlarında xidmətə bərpa olunmağının cavabdehin üzərinə qoyulması vəzifəsinin təmin edilməsi ilə bağlı iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)- 5898/2020 nömrəli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etdi. Əlavə olaraq, o, sədrlik edənin sualına cavab olaraq, iddiaçının məhkəmə iclası barədə məlumatı olduğunu, uşaqları məktəbdən götürməyə getdiyini, əmrin surətini xx xxxxxxx 2020-ci ildə aldıqlarını, o vaxta qədər dəfələrlə müraciətləri olduğunu və əmrin surətini ala bilmədiklərini, əmək kitabçasının təqdim edildiyini qeyd etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq,o, iddiaçıya həmin əmrin verilməsinin məlum olduğunu, ona elan olunduğunu, İnzibati-Prosessual qanunvericiliyin tələbi baxımından da həmin müddətlərin hesablanmasında təqdim olunma və eyni zamanda elan olunma vaxtının nəzərə alınmalı olduğunu, sübut kimi qeydiyyat aparılan jurnalın olduğunu qeyd etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “ iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 3 il 4 aydan artıq müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir” Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2017-ci il tarixli Ə302-001-17 nömrəli əmri ilə Bakı şəhər Nizami RPİ DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı İddiaçı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Əmrdə həmçinin qeyd edilmişdir ki, “bununla yanaşı müəyyən olunmuşdur ki, YPX inspektoru Rza Mehdiyev və DYPŞ-nin YNH üzrə baş inspektoru Bəhram Mədətov göstərilən radiocihazlar vasitəsilə danışıqlar apararkən nalayiq ifadələr və qeyri-normativ leksikadan istifadə etmiş, sonuncu və inzibati təcrübə üzrə inspektor İddiaçı xidmət zamanı şəxsi avtomaşınlarından istifadə etmiş, həmçinin göstərilən əməkdaşlar və YPX inspektorları Anar Qurbanov, Coşğun Abbasov yol örtüyündəki nasazlıqları aradan qaldırılması üçün səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək əvəzinə bundan şəxsi məqsədlərlə istifadə etmiş, polis polkovnik-leytenantı B.Mədətov DYPB əməkdaşlarının üzərinə düşən vəzifələrin icrasına qanunsuz olaraq vət. Əli Əliyevi cəlb etmişdir.” İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış yazılı etirazda qeyd edilmişdir ki, “ DİN-in xx.xx.2017- ci il tarixli Ə302-001-17 nömrəli əmri xx.xx.2017-ci il tarixdə Nizami RPİ-nin şəxsi heyətinə elan edilərək həmin tarixdə arayışla RPİ-nin dəftərxanasında işə alınmışdır.” Yuxarıda qeyd edilmiş qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, mübahisələndirmə haqqında iddia tələbində iddia müddətinin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh mübahisələndirilən qərarın Nizami RPİ-nin şəxsi heyətinə elan edilərək həmin tarixdə arayışla RPİ-nin dəftərxanasında işə alındığını qeyd etsə də, iş materiallarında bu barədə müvafiq qeydlər kitabından çıxarışın təsdiq edilmiş surəti, qərarın iddiaçıya elan və ya təqdim edilməsini təsdiq edən hər hansı sənəd-sübut mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən işin yenidən birinci instansiya icraatı zamanı cavabdeh orqan tərəfindən mübahisələndirilən xx.xx.2017- ci il tarixli Ə302-001-17 nömrəli əmrin iddiaçıya təqdim (elan) edilib-edilməməsi müəyyən edilməli, o cümlədən, xx.xx.2017-ci il tarixli arayışın və bu barədə sənəd və sübutların təqdim edilməsi cavabdeh inzibati orqana təklif edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti buraxması müəyyən edildiyi təqdirdə, ona buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təqdim edilməsi təklif edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən 2-1(112)-5898/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli Sərəncamda cavabdeh inzibati orqandan iddiaçının şəxsi işinin təqdim edilməsi tələb edilsə də, şəxsi işin təqdim olunması və ona baxış keçirilməsi iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-5898/2020 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5898/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Rəhmanov Elnur Asif oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanlarında xidmətdən xaric edilməyi barəsində xx.xx.2017-ci il tarixində verilməsi ehtimal olunan və indiyə qədər ona təqdim olunmayan əmrin ona aid olan hissəsi qanunsuz olduğu üçün ləğv edilməsi və onun daxili işlər orqanlarında xidmətə bərpa olunmağı barəsində yeni əmrin verilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-358/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-358/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver