Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-358/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2394/2021 saylı, 07 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyasının 15.11.2019-cu il tarixindən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 02.11.1972-ci il tarixindən 29.02.2004cü il tarixinə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyəti üzrə ümumi iş stajı 25 ildən çoxdur. Yaşa görə əmək pensiyası hüququ 15.11.2019-cu il tarixindən yaranmışdır. Cavabdeh inzibati orqana 03.09.2020-ci il tarixli ərizə ilə müraciət edərək əmək stajına əsasən ona əmək pensiyasının təyin edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan müraciətinə imtina cavabı vermişdir və imtinasını ilk öncə onunla əsaslandırmışdır ki, ümumi iş stajı 23 il 12 gün təşkil edir və qanunla tələb olunan 25 il müddətindən azdır. Lakin cavabdeh əmək stajını hesablayarkən 2 il hərbi xidmətdə olduğu müddəti nəzərə almamışdır. Halbuki həm qüvvədən düşmüş, həm də qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hərbi xidmət dövrü iş stajına daxil edilir. Bundan əlavə imtina məktubu onunla əsaslandırılmışdır ki, 1996-2002-ci illərdə işlədiyi "xxxx" firması tərəfindən məcburi dövlət sosial sığorta haqqlarının ödənilib-ödənilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Cavabdeh inzibati orqana həmin dövrlərin məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi barədə məlumat verilmiş, bu halın araşdırılması üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinə müraciət olunması xahiş olunmuşdur. Lakin cavabdeh inzibati orqan “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərini pozaraq işi hərtərəfli araşdırmağa borclu olduğu halda araşdırmamış, əlavə sübutlar toplamamış, həmin Qanunun 32.2-1-ci maddəsinin tələblərinə əsasən işin araşdırılması üçün əhəmiyyətli olan digər inzibati orqanın sərəncamında olan sənədləri tələb etməmişdir. Ərizəyə əlavə olunan "xxxx" firması və Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən təsdiq edilmiş 03.03.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" firmasının 1993-2004-cü ilə aid sənədləri dövlət mühafizəsinə təqdim edilmişdir. İşin birinci instansiya icraatı zamanı əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 64 yaş 6 ay yaşından əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının 15.11.2019-cu il tarixindən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən əsaslı olaraq qanunvericiliyin tələblərinə müvafiq olaraq imtina verilmişdir. İddiaçı xx.xx.1955-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. İddiaçının pensiya hüququ 15.05.2019-cu ildə yaranmışdır. İddiaçının 02.11.1972-ci ildə tərtib olunmuş əmək kitabçasında 01.12.1993cü ildən etibarən kitabçaya edilmiş düzəlişlər əmək kitabçasındakı məlumatları şübhə altına alır. Belə ki, təqdim olunmuş əmək kitabçasında iddiaçının 12.01.1993-cü ildə 139 nömrəli əmrlə Təsərrüfat hesablı müstəqil subyekt çörək mağazasına direktor təyin edildiyi barədə qeyd vardır. Lakin Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən təqdim edilmiş 19 mart 2020-ci il tarixli arxiv arayışında iddiaçının 1993-cü ilə aid əmək haqqı cədvəllərində onun 139 nömrəli əmrlə işdən azad olunduğu göstərilmişdir. Eyni nömrəli əmrlə iddiaçının işə qəbulu əmək kitabçasındakı düzəlişlə dəyişdirilmişdir. Hansı ki, arxiv arayışında həmin ildə iddiaçının işdən azad olunduğu qeyd olunur. Bundan əlavə 1981-ci ilin əmrində də əmək kitabçasına düzəlişlər edilmişdir. Eyni zamanda əmək kitabçasındakı düzəlişlər bununla bitməmiş, 29.02.2002-ci il tarixi 29.02.2004 tarixi ilə əvəz edilmişdir. Məhz bu səbəbdən 2002-ci ildən sonraki əmək haqqı cədvəllərində iddiaçının əmək haqqı aldığı göstərilməmişdir. İddiaçının əmək kitabçasında bir digər ziddiyyətli məqam isə onun 01.12.1996-cı ildə işdən öz ərizəsi ilə ilə azad olunması, sonrasında isə əmək kitabçasında 11.01.1996-cı ildə isə "xxxx" firmasına isə qəbul olunmasıdır. Qeyd olunan məqamlar əmək kitabçasındakı dəyişikliklərin iddiaçının maraqlarına uyğun şəkildə tərtib olunduğunun aşkar göstəricisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Əsasnamənin 3.9 cu bəndinə əsasən; Əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdigedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. Lakin iddiaçının əmək kitabçasında aparılmış düzəlişlər haqqında hər hansı təsdiqedici sənədlər mövcud olmamışdır. Digər tərəfdən iş materiallarında olan arxiv arayışlarına nəzər saldıqda iddiaçının əmək haqqı cədvəllərində 1986-1993-cü illərdə aldığı əmək haqqı 1991-ci ilə qədər normal olaraq SSRİ Azərbaycanında dövriyyədə olan rəsmi valyuta rublla göstərilmişdir. Məlumdur ki, 18 oktyabr 1991-ci ildən etibarən yenidən müstəqilliyini bərpa etdikdən sonra isə rəsmi valyuta olan manat dövriyyədə olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyulmuşdur. Ancaq iş materiallarında olan əmək haqqı cədvəllərində məlum olduğu kimi keçid dövrü olduğundan 1992-1993-cü illərdə əmək haqqının rubl/manat olaraq göstərilməsi anlaşılan olsa da, 1996-2000-ci illər aralığında iddiaçının rublla əmək haqqı alması mübahisəli məqamdır. Bütün bunlar qeyd olunan illərdə əmək kitabçasında olan qeydləri tam olaraq şübhə altına alır. İddiaçı is materiallarına olan arxiv arayışında 1993-2004-cü illər ərzində 1993,1994,1995 və 1996-cı illərdə əmək haqqı aldığı barədə məlumatlar mövcud deyildir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də (15.05.2019-cu ildə iddiaçı yanunla müəyyən olunmuş yaş həddinə çatmışdır), iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2394/2021 saylı, 07 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı 64 yaş 6 ayı tamam olduğu dövrdən, yəni 15 noyabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti cavabdehin iddiaya qarşı təqdim etdiyi yazılı etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan -Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - İddiaçıya məxsus əmək kitabçasının azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 02.11.1972-ci ildən 16.03.1973-cü ilə qədər Litoqrafiya Ofset sexində 1-ci dərəcəli fəhlə (04 ay 15 gün), 01.11.1973-cü ildən 06.11.1975-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət (02 il 6 ay), 08.04.1976-cı ildən 01.12.1996-cı ilə qədər Bakxlebtorq (Bakı Çörək müəssisəsi) kiçik satıcı, satıcı, müdürü və böyük satıcı (20 il 7 ay 24 gün), 01.11.1996-cı ildən 29.02.2004-cü ilə qədər "xxxx" Firmasında prezident (7 il 3 ay 29 gün) vəzifələrində işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanlanmış **********97 №-li, 17.05.2021-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, 30.08.1996-cı il tarixli, 001 №-li auksion protokoluna, 10.09.1996-cı il tarili 244 №-li müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Çörək Ticarəti İdarəsinin 1 №-li t/h Çörək Mağazasını almışdır. İddiaçı, X5, X15, X1, X8, X6, X18, X7, X2 və X10 tərəfindən imzalanmış 01.10.1996-cı il tarixli "xxxx" firmasının təsis müqaviləsinə əsasən Bakı şəhəri Çörək Ticarəti İdarəsinin 1 №-li təsərrüfat hesablı çörək mağazasının əmlakında ifadə olunan payları birləşdirilərək "xxxx" firması təsis edilmişdir. - "xxxx" Firması ilə Azərbaycan Respublikası Dövlət Arxivi arasında tərtib edilmiş 03.03.2020-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası "xxxx" firması (Bakı Çörək Ticarəti) 1993-2004 şəxsi heyət üzrə işləri Dövlət arxivinin fonduna təhvil verilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi tərəfindən iddiaçıya ünvanlanmış 19 mart 2020-ci il tarixli, P-5 №-li arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası “Bakı Çörək Ticarəti İdarəsi” arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı 1986-1993-cü illərə dair 01 saylı mağaza üzrə aylıq maaşı və 13-cü maaşı qeyd olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, yuxarıda göstərilən arxiv fondunun 1976-1986-cı illərə dair əmək haqqı cədvəllərində 01 saylı mağaza üzrə məlumat yoxdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi tərəfindən iddiaçıya ünvanlanmış 30 iyun 2020-ci il tarixli, P-6/139 №-li arxiv arayışının surətindən görünür ki, "xxxx" firmasının arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı 1996- 2004-cü illərə dair aylıq maaşı qeyd olunur. Eyni zamanda bildirilmişdir ki, 1994-cü il yanvar-noyabr ayları, 1995-ci il və 1996-cı il yanvar-noyabr aylarına dair "xxxx" firmasının əmək haqqı cədvəlləri arxivə dövlət mühafizəsinə verilməmiş və İddiaçı 1994-cü ildə işə qəbul olunması, 2004-cü ildə işdən azad olunması barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 5/1852 №-li, 17.11.2020-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan "xxxx" firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış DA-00245-2021 №-li, 01.03.2021-ci il tarixli, DA-00493-2021 №-li, 07.04.2021-ci il tarixli məktublarına əlavə olunmuş "xxxx" firmasının 01.11.1996-cı il tarixli, 01 №-li, 05 fevral 2004-cü il tarixli, 01 №-li əmrlərinin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, "xxxx" firmasının 01.11.1996-cı il tarixli, 01 №-li əmri ilə İddiaçı "xxxx" Firmasında prezidenti hesab edilmişdir. 05 fevral 2004-cü il tarixli, 01 №-li əmr ilə 1996-cı ilin noyabr ayından 2001-ci ilin yanvar ayına qədər olan dövrdə "xxxx" firmasının təsərrüfat fəaliyyətini əks etdirən vaxtı keçmiş və praktiki əhəmiyyətini itirmiş sənəd və işlər məhv etmək üçün seçilməsi ilə yandırılması əmr edilmişdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış **********6 №-li, 28.09.2020-ci il tarixli məktubu ilə iddiaçının 15.09.2020-ci il tarixli daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, iddiaçının ümumi iş stajı 23 il 12 gün olmaqla Qanunla tələb olunan 25 il müddətindən azdır. Eyni zamanda bildirilmişdir ki, 1996-2002-ci illərdə işlədiyi "xxxx" firması tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunan səbəbdən göstərilən dövrün sığorta stajı əlavə edilməsi mümkün hesab olunmur. Həmçinin fərdi hesabını sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (17074,46 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq hazırda yaşa görə əmək pensiyası təyinatı qanunverciliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müavinət təyin edilməsi üçün 1 saylı Bakı “DOST” Mərkəzinə müraciət etməyi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, qərarının onunla əsaslandırmışdır ki, iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajını müəyyən edən əmək kitabçasındakı qeydlər qanunvericiliyin tələblərinə uyğun olduğundan İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq, yəni 30 il 03 ay 12 gün ümumi iş stajı mövcuddur. Hətta cavabdeh inzibati orqanın qəbul etmədiyi dövrlər nəzərə alınmalı olsa belə iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı tamam olmuşdur. Belə oldugu halda iddiacıya 64 yaş 6 ay tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanının imtinası qanuni və əsaslı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi hazırkı iş üzrə iddiaçıya 64 il 6 ay yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya 2) sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 25 ildən artıq iş stajının mövcud olması iş materialları ilə müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, 02.11.1972-ci ildən 16.03.1973-cü ilə qədər Litoqrafiya Ofset sexində 1-ci dərəcəli fəhlə (04 ay 15 gün), 01.11.1973-cü ildən 06.11.1975-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət (02 il 6 ay), 08.04.1976-cı ildən 01.12.1996-cı ilə qədər Bakxlebtorq (Bakı Çörək müəssisəsi) kiçik satıcı, satıcı, müdürü və böyük satıcı (20 il 7 ay 24 gün), 01.11.1996-cı ildən 29.02.2004-cü ilə qədər "xxxx" Firmasında prezident (7 il 3 ay 29 gün) vəzifələrində işləmişdir. Göründüyü kimi iddiaçının ümumilikdə 30 il 03 ay 12 gün ümumi iş stajı mövcud olmuşdur. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi iddiaçının 64 il 06 ay yaşının tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə təsdiq edilmiş, cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2394/2021 saylı, 07 iyul 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-358/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-358/2022
17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver