Məhkəmə qərarları › İş №2-1(103)-358/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-358/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-358/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “X9 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-814/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı “X9 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək **********142636 nömrəli, 16 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakılarla əsaslandırılmışdır: “...Mübahisələndirilən qərarla iddiaçıya Filiala 678.904,44 manat vergi hesablanmış və 78.331,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə aktda kranlarla bağlı 2016-ci il üzrə 228,934.33 manat amortizasiya, 7445.88 manat əmlak vergisi, 2017-ci il üzrə 220.91 manat amortizasiya, 3434.02 manat əmlak vergisi əsassız olaraq xərclərdən çıxılmışdır. Filialın gəlirin əldə edilməsi ilə bağlı sahibkarlıq fəaliyyətində istifadə üçün kranlar idxal olunmuşdur. Həmin kranlar X1 şirkətinə icarəyə verilmişdir və icarə haqqı filialın gəlirində əks olunaraq, mənfəət və ƏDV-yə cəlb olunmuşdur. Vergi orqanının istinad etdiyi və CMK Mammoth Gulf BV Dubay şöbəsi ilə bağlanmış 15013078 və 15005439 nömrəli müqavilələr kranların icarəsinə aid deyil. İcarəyə götürülmüş digər avadanlıqların siyahısı müqavilələrdə əks olunmuşdur, onlar filialın balansına götürülməmişdir və həmin avadanlıqlar üçün qeyri-rezidentlərə ödənilmiş icarə haqları 14% ÖMV-nə və 18% qeyrirezident ƏDV-nə cəlb edilmişdir və müvafiq ÖMV və ƏDV bəyannamələrində əks olunmuşdur. Kranlara gəldikdə isə amortizasiya və əmlak vergisi əvvəlki illərdə də hesablanmışdır və səyyar, həmçinin kameral yoxlamalar tərəfindən qəbul olunmuşdur. ƏDV üzrə qeyd etmək lazımdır ki, filial CMK Mammoth Gulf BV və Mammoet FZE şirkətlərindən daxil olmuş hesablar aşağıdakı qaydada olmuşdur:

1. CMK X11 - icarə haqqı - 49635.18 manat; 2.CMK X11 - demobilizasiya xidmətləri - 101638.03 manat; 3.Mammoet FZE - demobilizasiya xidmətləri - 7134.93 manat. Avqust 2017-ci il üçün təqdim olunmuş ƏDV Bəyannaməsinin 7 saylı Əlavəsində CMK Mammoth Gulf BV Dubai şirkətinə ödənilmiş 459206.35 manata 82657.14 manat ƏDV hesablanaraq əvəzləşdirilmişdir. Əlavə olaraq, “Mammoet FZE” şirkətinə aparılmış 57981.80 manat ödənişə 10436.72 manat ƏDV əvəzləşdirilmişdir. Cəmi ƏDV Bəyannaməsi ilə əvəzləşdirilən ƏDV 93093.87 manat təşkil etmişdir. Yoxlama ilə heç bir əsaslandırma olmadan, sadəcə təsdiq olunmamış xərclər kimi göstərilən 58556.72 manat əvəzləşdirmənin ləğvi tam əsassızdır Aktda göstərilən şirkətlərin filiala göstərdiyi demobilizasiya xidmətləri Filial tərəfindən xx.xx.2016 il tarixli HM 004751 saylı ƏDV-siz ******* AZN, xx.xx.2016 il tarixli HM 635651 saylı ƏDV-siz 37387.35 AZN, xx.xx.2016 il tarixli HM 635688 saylı ƏDV-siz 31060.26 AZN, xx.xx.2016 il tarixli HM 635711 saylı ƏDV-siz 26145 AZN, xx.xx.2017 il tarixli HO 932407 saylı ƏDV-siz 34044 AZN, xx.xx.2017 il tarixli HO 932408 saylı ƏDV-siz 17022 AZN məbləğində vergi hesab fakturalarla Sifarişçiyə ötürülərək gəlirdə əks olunmuşdur və gəlirdən çıxılmışdır. Aktla Avqust 2017-ci ilə 58,556.72 manat ƏDV hesablanmışdır. Aktın 16-cı sətrinə əsasən CMK X11 BV və Mammoet FZE şirkətlərinə aparılan ödənişlərə hesablanmış ƏDV əvəzləşdirilə bilməz çünki bu şirkətlərdən daxil olan hesablar xərclərdən yoxlama ilə çıxarılır. ÖMV üzrə aktla (səh. 19) 2019-cu ilin 2-cü rübünə xalis mənfəətdən 10% vergi kimi 141,041.09 manat hesablanmışdır və 50% maliyyə sanksiyasının tətbiqi təklif edilmişdir. . Filial tərəfindən 2016-cı ilin 4-cü rübündə baş ofis CMK Mammoth Gulf BV Niderlanda köçürmə edilmişdir və həmin dövrün ÖMV Bəyannaməsində 2,756,548.40 manat xalis mənfəət 10% 275,654.84 manat vergi ödəmə mənbəyində tutulmuşdur və büdcəyə ödənilmişdir. Aktın 19-cü səhifəsində CMK X11 şöbəsinə və Mammoet FZE şirkətinə istinad olunaraq Vergi Məcəlləsinin 126-cı maddəsinə zidd olaraq 10% vergi hesablanmışdır. Halbuki CMK X11 və Mammoet FZE şirkətləri Filialın təsisçisi-baş ofisi deyillər. Eyni zamanda filialın Sifarişçisi olan Caspian Shipyard şirkəti təqdim etdikləri hesabları tamamilə filialın Kapital Bankdakı hesabına manatla ödəmişdir. 2019-cu il ərzində Filial tərəfindən baş ofisə xalis mənfəət kimi ödəniş olmadığını nəzərə alaraq, aktla 141,041.09 manat vergini hesablanması Vergi Məcəlləsinin 126-cı və 150.1.6-cı maddələrinə ziddir. MDSS üzrə aktin (19-cu səhifə) təhlili göstərir ki, vergi orqanı təqdim edilmiş sənədlərə əsasən qeyri-rezident CMK Mammoth Gulv BV və Mammoet Europe BV şirkətlərindən daxil olmuş hesablara 20% rentabellik tətbiq edilir və qalan 80% işçinin ələ aldığı əmək haqqı kimi, vergi hesablayır. İlk növbədə hesablama Vergi Məcəlləsinə ziddir. Vergi orqanının Gross əmək haqqı – 2500/*25%+2500*14%/ - Gross əmək haqqı*3%=net əmək haqqı 0.72 Gross əmək haqqı+net əmək haqqı-275 Gross əmək haqqı+(net əmək haqqı-275)/072 həm riyazi cəhətdən səhvdir, eyni zamandada bu düstur Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Aktın 18 və 20-ci səhifələrində qeyd olunur ki, avqust 2016- dekabr 2016-cı il dövrünə 9 xarici əməkdaş (David Moffitt, X15, X14, Tom Smith, X12, Michael Jordan, M.X.Tieman, X7, X5) üçün əmək haqqı 971,676.26 manat az hesablanmışdır və müvafiq olaraq 240,444.07 manat gəlir vergisi 242,919.07 manat sosial ayırmalar hesablanmışdır, amma aktda 2016-cı ilin dekabr ayında əks olunmuşdur. Lakin həmin xarici əməkdaşlar Azərbaycanda əsasən Yanvar -İyul 2016-cı illərdə olmuşlar və bu dövr yoxlama predmeti olmamışdır. Göründüyi kimi, xarici əməkdaşlar Avqust-Dekabr 2016-cı il dövründə Azərbaycanda cüzi günlər olmuşlar və bunun müqabilində onlara 971,676.26 manat əmək haqqı, gəlir vergisi və sosial ayırmalar hesablanması tam əsassızdır. Aktın 18-ci səhifəsinə əsasən Mammoet Europe BV və Mammoet Malaysiya arasında bağlanmış müqavilədə 20% ticarət əlavəsi nəzərdə tutulmuşdur. Buna əsasən vergi orqanı filialın 9 xarici əməkdaşına əmək haqqı, əmək haqqına gəlir vergisi və sosial ayırmalar hesablamışdır. Aktın 18-ci səhifəsində qeyd olunan Mammoet Europe BV və Mammoet Malaysiya şirkətləri ilə bağlanan müqavilələrə baxdıqda 20% ticarət əlavəsindən deyil, 20% qaimə xərclərinin qeyd olunduğu yazılmışdır. Beleliklə, aktla aparılan hesablamalar səhv mülahizəyə əsaslanır və tam əsassızdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, səyyar vergi yoxlaması ilə iddiaçıya hesablanmış vergilərin qanunvericiliyə uyğun hesablandığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-814/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********142636 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2020-ci il tarixli **********190528 nömrəli aktla rəsmiləşdirilmiş və Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri gözlənilməklə Baş İdarənin xx.xx.2020-ci il tarixli **********142636 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən ümumilikdə 757.235,57 manat ( əsas məbləğ 678.904.44 manat, maliyyə sanksiyası 78.331,13 manat) vəsait hesablanmışdır. Filial yoxlanılan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə (müqavilələrə, vergi-hesab fakturalarına, elektron-qaimə fakturalara, invioyslara, bank sənədlərinə) əsasən müəyyən edilmişdir ki, filial tərəfindən Vergi Məcəlləsinin 108-ci və 130-cu maddələrinin tələbləri pozulmuşdur. Filial tərəfindən 2016-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 6480528.79 manat (o cümlədən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 6357 689.83 manat, valyutanın manata nisbətən müsbət məzənnə fərqi 122838.96 manat), gəlirin əldə edilməsi ilə bağlı xərcləri 2824 904.97 manat (o cümlədən: əmək haqqı 538281.40 o cümlədən xarici əmkdaşlar 464696.42 manat, sosial sığorta haqları üzrə 143 609.63 manat, icarə haqqı 14717.45 manat, bank xərcləri 1393478.42 manat, biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi,xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 498437.86 manat, amortizasiya ayırmaları 228934.33 manat, gəlirdən çıxılan vergilər 7445.88 manat o cümlədən əmlak vergisi 7445.88 manat) vergiyə cəlb olunan mənfəət 3655623.82 manat göstərilmiş və müvafiq olaraq 20% dərəcə ilə 731124.76 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 950137.64 manat (o cümlədən 887159.77 manat “Mammoet Europe B.V" tərəfindən təqdim edilmiş layihə xidmətlərinə görə tərəflər arasında bağlanmış müqavilənin 14-cü səhifəsində göstərilən işçi heyətinin tarifləri nəzərə alınmaqla xarici əmkdaşlara hesablanmış əmək haqqıdan ibarət olan hissəsi və 40543.67 (1105145.38 -1064601,71) manat sənədlərlə təsdiq edilməyən xərclər, habelə 22434.20 manat “Mammoet Malaysiya” şirkəti tərəfindən təqdim edilmiş layihə xidmətlərinə görə invoyslara əlavə edilmiş sənədlərə və ya cədvəl məlumatlarına əsasən xarici əmkdaşlara hesablanmış əmək haqqı gəlirin əldə edilməsi ilə bağlı xərclərin tərkibindən tərkibindən çıxarılmışdır. Yoxlama ilə 909602.29(887168.09+22434.20) manat sair xərclərin tərkibindən çıxarılmış, xarici əməkdaşlara aid olan ödənilmiş əmək haqqı məbləği müvafiq olaraq xarici əməkdaşların əmək haqqına əlavə edilməklə VM-nin 101-ci maddəsinin tələblərinə uyğun olaraq vegilər yenidən hesablanmışdır. Eyni zamanda, yoxlama ilə artıq hesablanmış 7445.88 manat əmlak vergisi gəlirdən çıxarılmışdır. Filial tərəfindən 017-ci il üzrə görülmüş iş və xidmətlərdən əldə olunan gəlir 603995.21 manat (o cümlədən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 742516.28 manat, xarici valyutanın manata nisbətən mənfi məzənnə fərqi 138521.07 manat), gəlirin əldə edilməsi ilə bağlı xərcləri 525889.44 manat (o cümlədən: əmək haqqı 131998.53 o cümlədən xarici əmkdaşlar 51048.23 manat, sosial sığorta haqları üzrə 29039.68 manat, icarə haqqı 10793.87 manat, bank xərcləri 28420.26 manat,biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 325637.10 manat, amortizasiya ayırmaları 0.00 manat, gəlirdən çıxılan vergilər 0.00 manat o cümlədən əmlak vergisi 0.00 manat) vergiyə cəlb olunan mənfəət 78105.77 (800xx.xx-1902.14) manat müəyyən edilmiş və müvafiq olaraq 20% dərəcə ilə 15621.15 manat mənfəət vergisi hesablanmışdır. Filial tərəfindən VM-nin 108-ci maddəsinin tələblərinin pozulması nəticəsində gəlirin əldə edilməsi ilə bağlı olmayan layihə xidməti adı ilə qeyri-rezident şirkətlərə edilmiş ödənişlər (“Mammoet Europe B.V” (Niderland)” - 46435.52 manat, “CMK Mammoth Gulf B.V” (BƏƏ- Dubay)”- 22782.53 manat, “Mammoth FZE” (BƏƏ- Dubay)” - 7134.93 manat) əsassız olaraq xərclərə aid edilmişdir. Filial ilə "CMK Mammoth Gulf B.V." Dubay şöbəsi arasında 15013078 və 15005439 nömrəli ağır qaldırıcı avadanlıqların icarə müqavilələri bağlanmışdır. Müqavilələrin 3.3 maddəsində avadanlıqların mülkiyyəti huququnun hər zaman İcarəyə verəndə qalması, İcarəçinin hər hansı bir hüququ və ya mülkiyyət hüququ vermədiyi qeyd olunduğu halda, filial tərəfindən düzgün olmayaraq VM-nin 13.2.17 ci maddəsinə əsaslanaraq icarəyə götürülmüş ağır qaldırıcı avadanlıq əsas vəsait kimi qiymətləndirilmiş və düzgün olmayaraq icarəyəverənin avadanlığına görə (kranlar və digər avadanlıqlar) 7445.88 manat əmlak vergisi hesablanaraq gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilmişdir.Yoxlama ilə artıq hesablanmış 3434.02 manat əmlak vergisi gəlirdən çıxarılmışdır. Filial tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyə (ƏDV-siz) 4500055.07 manat, qeyri rezidentlə dövriyyəsi 2159472.83 manat və müvafiq olaraq hesablanmış ƏDV 810 009.91 manat və 388705.11 manat, əldə edilmiş VHF, YGB və onu əvəz edən sənədlərə əsasən əvəzləşdirilən ƏDV 441 791.28 manat göstərilmiş və büdcəyə 756923.74 manat məbləğində ƏDV hesablanmışdılr. Filial ilə “Mammoet Europe B. V" və “Mammoet Malaysiya” arasında bağlanmış müqavilələrə, invoyslara və onun əlavələrinə əsasən xarici əməkdaşlara (David Moffitt, X16, X14, Tom Smit, X13, Michael Jordan, M.X. Tiemanx, X7, X2) 2016-ci ilin avqust dekabr ayları üzrə 288 222.75 manat əmək haqqı hesablanmışdır. Yoxlamaya təqdim edilmiş sənədlərə (müqavilə, invoys və onun əlavələrinə) əsasən müəyyən edilmişdir ki, layihə xidmətlərinə görə tərəflər arasında yəni filial ilə “Mammoet Europe B.V" və “Mammoet Malaysiya” arasında bağlanmış müqavilələrə əsasən xidmətin dəyəri 20% ticarət əlavəsi, qalan hissəsi isə mütəxəssislər tərəfindən göstərilən xidmətlərə görə ödəniləcək xidmət haqqından ibarətdir. Belə ki, “Mammoet Europe B.V" tərəfindən göstərilən və ödənilən xidmətin dəyəri 2016-ci il üzrə 1 064 601.71 manat, “Mammoet Malaysiya” tərəfindən göstərilən və ödənilən xidmətin dəyəri isə 6 921.04 manat təşkil edir. Xarici əməkdaşların (David Moffitt, X16, X14, Tom Smit, X13, Michael Jordan, M.X.Tiemanx, X7, X2) iş saatları nəzərə alaraq, və əmək məcəlləsinin 154-cü maddəsinə əsasən müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi (bizim misalda xidmət müqaviləsində) ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ (birbaşa qeyri-rezindentə ödənilən xidmət haqqının tərkibində olan ödəniş nəzərə alınaraq), habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu (yemək pulu, ölkədə qalma və sair) olduğuna görə, bağlanmış müqavilərin ticarət əlavəsi nəzərə almamaqla, qeyri-rezidentlərə ödənilmiş xidmətin dəyəri 887 168.09 və 22434.20 manat (1064601.77/1.20 və 26 921.04/1.20) - ödənilmiş əmək haqqı kimi Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən qiymətləndirilmişdir. Eyni zamanda, hesablanmalı əmək haqqı müəyyənləşdirmək üçün, mütəxəssislərin sayı nəzərə alınmaqla və ümumilikdə hesablanmalı əmək haqqı 2500 manatdan yuxarı olduğu üçün, aşağıdaki hesablama verilmişdir: Gross Əmək haqqı - ((Gross əmək haqqı -2500) * 25%+2500*14%)-Gross Əmək haqqı*3%= Net Əmək haqqı 0.72 Gross əmək haqqı = Net Əmək haqqı -275 Gross əmək haqqı= (Net əmək haqqı -275)/0.72 Beləliklə, bir nəfərin hesablanmış əmək haqqı müəyyənləşdirəndən sonra, və mütəxəssislərin sayı (9 nəfər) nəzərə almaqla, cəmi hesablanmalı əmək haqqı 1259 899.02 manat ((909602.29-9*275)/0.72) olduğu müəyyən edildimişdir. Nəticədə vergi ödəyicisi tərəfindən təqdim edilmiş MÖMV bəyannaməsində göstərilmiş yuxarıda qeyd olunan 9 nəfər xarici əməkdaşlara görə hesablanmış 288 222.75 manat əmək haqqı nəzərə alınmaqla əlavə olaraq 971676.26 (1259 899.02-288 222.75) manat məbləğində əmək haqqı hesablandı və müvafiq olaraq yoxlama ilə 240444.07 manat (9716xx.xx-2500*9) *25%+350*9) məbləğində MÖMV hesablanmışdır. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən (ayrı-ayrı fiziki şəxslərlə bağlanmış xidmət müqavilələri, təhvil-təslim aktları, ödəniş sənədləri və sair) müəyyən edilmişdir ki, filial tərəfindən Sosial Sığorta haqqında Qanunun 14.3.1-ci maddəsinin tələbləri pozulmuş və nəticədə büdcəyə çatası MDSS üzrə 242919.07 manat (o cümlədən 2016- cı il üzrə 3% 29150.29 manat, 22% üzrə isə 213768.78 manat) məbləği azaldılmışdır. Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, filial tərəfindən xarici fiziki şəxsərin Azərbaycan mənbəyindən əldə etdikləri gəlirlər ( o cümlədən “Mammoet Europe B.V" (David Moffitt, X16, Tom Smit, Michael Jordan, M.X.Tiemanx, X7, X2) və “Mammoet Malaysiya” (X14, X13,)) düzgün göstərilməmiş və nəticədə əmək haqqı və ya ona bərabər tutulan ödənişlər 971676.26 (1259 899.02- 288 222.75) manat məbləğində azaldılmış və nəticədə MDSS azaldılmışdır.Eyni zamanda 2017-ci ilin 1-ci rübü üzrə 7039.30 manat məbləğində artıq hesablandığı müəyyən edilmişdir. ÖMV: Yoxlama zamanı müəyyən edilmişdir ki, Filial ilə "CMK Mammoth Gulf B.V." Dubay şöbəsi arasında bağlanmış müqaviləyə əsasən layihə xidmətləri adı ilə ilkin sənədlərlə təsdiq olunmayan habelə gəlirin əldə edilməsi ilə bağlı olmayan xərclərə görə qeyri rezidentə "CMK Mammoth Gulf B.V." Dubay şirkətinə 267330.99 manat ödəniş aparılmış və həmin ödənişdən 10% 26733.10 manat ÖMV hesablanmışdır. Yoxlama ilə həmin məbləğ gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün xərclərin tərkibindən çıxarıdığı və müvafiq olaraq 20% həcmində MV hesablandığı üçün ÖMV 26733.10manat azaldılmışdır. Bundan başqa, Filial ilə “Mammoth FZE” (BƏƏ- Dubay) şirkəti arasında bağlanmış müqaviləyə əsasən layihə xidmətləri adı ilə ilkin sənədlərlə təsdiq olunmayan habelə gəlirin əldə edilməsi ilə bağlı olmayan xərclərə görə “Mammoth FZE” (BƏƏ- Dubay) şirkəti üzrə ödənilmiş 52682.34 manata görə ÖMV 5268.23 manat ÖMV hesablanmışdır. Yoxlama ilə həmin məbləğ gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün xərclərin tərkibindən çıxarıdığı və müvafiq olaraq 20% həcmində MV hesablandığı üçün ÖMV 5268.23 manat azaldılmışdır. Eyni zamanda yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, filialın xalis mənfəət məbləği 4238064.36 manat olduğu halda, elan edilmiş 2756548.40 manat dividenddən müvafiq olaraq 10%- 275654.84 manat vergi tutulduğu müəyyən edilmişdir. VM-nin 13.2.19-cu maddəsinə əsasən xalis mənfəət mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir. Yoxlama zamanı bankda olan pul vəsaitinin qalığı 71105.0min manat nəzərə alınmaqla 1410410.96 manat xalis mənfəət vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürülən (verilən) məbləğlərdən 141041.09 (1410410.96 *10%) manat məbləğində ÖMV hesablandı. Əmlak vergisi: Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Filial ilə "CMK Mammoth Gulf B.V." Dubay şöbəsi arasında 15013078 və 15005439 nömrəli ağır qaldırıcı avadanlıqların icarə müqavilələri bağlanmışdır. Müqavilələrin 3.3 maddəsində avadanlıqların mülkiyyəti huququnun hər zaman İcarəyə verəndə qalması, İcarəçinin hər hansı bir hüququ və ya mülkiyyət hüququ vermədiyi qeyd olunduğu halda, filial tərəfindən düzgün olmayaraq VM-nin 13.2.17- ci maddəsinə əsaslanaraq icarəyə götürülmüş ağır qaldırıcı avadanlıq əsas vəsait kimi qiymətləndirilmiş və düzgün olmayaraq icarəyəverənin avadanlığına görə (kranlar və digər avadanlıqlar) 10879.90 manat o cümlədən 2016-cı il üzrə 7445.88 manat, 2017-ci il üzrə isə 3434.02 manat) əmlak vergisi hesablanmışdır Yoxlama ilə filial tərəfindən düzgün olmayaraq hesablanmış 10879.90 manat 2016-cı il üzrə 7445.88 manat, 2017-ci il üzrə isə 3434.02 manat) əmlak vergisi azaldılmışdır. Məhkəmə, qərarında qanunvericiliyin müddəaları düzgün tətbiq edilməmiş, sadəcə qanunvericiliyin müddəaları sadalanmış, işin faktiki halları araşdırılmamışdır. Ekspert rəyində qeyd edilən əsasları məhkəmə öz qərarında əsaslandırıcı hal kimi göstərmiş, vergi orqanı tərəfindən verginin hesablanması üçün göstərilmiş əsasları düzgün qiymətləndirməmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş qərarın əsassızlığı sübut edilməmişdir... » Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi E.Seyidov apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi, Vəkil, onunla razılaşmamış, iddia ərizəsinə uyğun uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir.

İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2019-cu il tarixli qərarına əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla, iddiaçının fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, nəticəsi xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin aktda təsbit olunanlara görə müəssisə tərəfindən mənfəət vergisini - 2016-cı ildə 30242,87 manat; 2017-ci ildə 15.621,15 manat; ƏDV-nin 2017-ci ildə 58.556,72 manat; 2016-cı ilin dekabr ayı üzrə 240.444,07 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin və 2019-cu ilin İİ rübü üzrə 141.041,09 manat ödəmə mənbəyində tutulan verginin - azaldılması, 32001,33 manat məbləğində artıq hesablanması, 10.879,9 manat məbləğində əmlak vergisinin artıq hesablanması, ümumilikdə, 443.024,67 manat məbləğində vergilərin az hesablanması və məcburi dövlət sosial sığorta haqları üzrə 242.919,07 manat məbləğində az hesablanması, 7039,3 manat məbləğində artıq heablanması müəyyən edilmişdir. Həmin akt əsasında cavabdehin qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********142636 nömrəli qərarı ilə iddiaçıya 678.904,44 (728.824,97-49920,53) manat vergi hesablanmış və 78.331,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşə əlavə olunmuş həmin yoxlama aktında qeyd olunur ki, iddiaçı ilə şirkətin “CMK Mammoth Gulf B.V.” Dubay şöbəsi arasında ağır qaldırıcı avadanlıqların icarəyə verilməsi barədə 15013078 və 15005439 nömrəli iki müqavilə bağlanmışdır ki, həmin müqavilələrin 3.3-cü bəndinə əsasən avadanlıqların mülkiyyət hüququnun hər zaman icarəyə verəndə qalması, icarəçinin hər hansı bir hüququ və ya mülkiyyət hüququ vermədiyi şərtləndirildiyi halda, Filial tərəfindən düzgün olmayaraq icarəyə götürülmüş ağır qaldırıcı avadanlığı əsas vəsait kimi qiymətləndirilmiş və köhnəlmə hesablanaraq gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən öz mülahizəsinə əsasən sözügedən müqavilə şərtlərinə qeyd olunan formada təfsir olunması əsassızdır. Belə ki, cavabdehin istinad etdiyi iş materiallarında olan, “CMK Mammoth Gulf” şirkətinin Azərbaycan filialı (CMK) ilə “X6 Ltd” şirkəti arasında Azərbaycan Respublikasının Bakı şəhərində yarım-dalma qazma qurğusu tikintisi layihəsi üçün tırtıllı kranların icarəyə verilməsinə dair icarə müqaviləsinin 4.2-ci bəndinə əsasən, icarəçi təsdiqləyir ki, avadanlıq üzərində mülkiyyət hüququ avadanlıq icarəyəverəninə və/yaxud avadanlıq icarəyəverənin təchizatçısına (təchizatçılarına) və yaxud avadanlıq icarəyəverənin icarəyəverənə (icarəyəverənlərinə) məxsusdur və hər zaman onlara məxsus olaraq qalmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinədən isə görünür ki: 13.2.17. əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir...; 99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. 108.1. bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır; 114.1. bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. 114.7. Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir. Qergi qanunvericiliyinin qeyd olunan tələbləri və tədqiq olunan müqavilə şərtləri nəzərə alınmaqla, iddiaçı tərəfindən icarəyəverən tərəfindən onun icarəsinə verilmiş avadanlıqlarının demobilizasiya xtidmətlərinə ((daşınma, sökülmə-yığılma) görə çəkilən məsrəflərin xərclərə daxil edilməsi tamamilə əsaslıdır. Mübahisələndirilən səyyar vergi yoxlaması aktında həmçinin qeyd olunur ki, iddiaçının xalis mənfəəti 4238064,36 manat olduğu, elan edilmiş 2756548,40 manat dividendən müvafiq olaraq 10%-275654,84 manat vergi tutulduğu, bankda olan pul vəsaitinin qalığı 71105 manat nəzərə alınmaqla, 1410410,96 manat xalis mənfəət vergiyə cəlb edilmədiyi müəyyən edildiyi, beləliklə, yoxlama ilə qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürülən (verilən) məbləğlərdən 141041,09 (1410410,96*10%) manat məbləğində ÖMV hesablanmışdır. Aktın 1.5-ci bəndində isə vergi ödəyicisinin “USD”, “EUR” və “AZN” valyutası üzrə bank hesabının "xxxx" ASC-nin "Yasamal” filialında olduğu qeyd edilmişdir. Vergi orqanının iddiaçıya nöqsan tutan sözügedən iradları ilə də razılaşmır. Çünki, işə əlavə olunmuş "xxxx" ASC-nin məlumatından isə görünür ki, xx.xx.2019-xx.xx.2019 dövrünü əhatə edən müddət ərzində “Si-Em-Key-Mammot Qalf B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən baş ofisinə xalis mənfəətdən hər hansı vəsaitin köçürüldüyü təsdiq olunmur. Belə olan halda, cavabdeh tərəfindən akta əsasən 141041,09 (1410410,96*10%) manat ödəmə mənbəyində tutulan verginin hesablanması əsassız hesab edilməlidir. Vergi Məcəlləsinin 126-cı maddəsinin tələbində təsbit olunur ki, qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq, bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) halda, hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur. Lakin qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən 2019-cu il ərzində baş ofisə xalis mənfəət kimi ödənişin edilməsi təsdiqini tapmadığı halda, cavabdeh tərəfindən əsassız olaraq ona 141041,09 (1410410,96*10%) manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Bundan əlavə, yoxlama aktında qeyd olunur ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinin pozulması nəticəsində, Filial ilə CMK Mammoth Gulf B.V. Dubay şöbəsi arasında bağlanmış müqaviləyə əsasən layihə xidmətləri adı ilə ilkin sənədlərlə təsdiq olunmayan, habelə gəlirin əldə edilməsi ilə bağlı olmayan qeyri - rezidentə CMK Mammoth Gulf B.V. Dubay şirkətinə aparılmış 267333.33 manat ödənişlərə görə 48120,0 manat qeyri - rezidentin ƏDV məbləğinin düzgün olmayaraq əvəzləşdirilməsi, bundan başqa layihə xidmətləri adı ilə ilkin sənədlərlə təsdiq olunmayan, habelə gəlirin əldə edilməsi ilə bağlı olmayan qeyri - rezidentə “Mammoth FZE” (BƏƏ- Dubay) şirkətinə aparılmış 57981,77 manat ödənişlərə görə 10436,72 manat qeyri - rezidentin ƏDV məbləğinin düzgün olmayaraq əvəzləşdirilmişdir. Yoxlayıcının qeyd olunan mövqeyi ilə də razılaşmaq mümkün deyil. Çünki, subpodratçı şirkətlər tərəfindən təqdim edilən işlər və xidmətlər gəlirin əldə olunması ilə bağlı olduğu üçün müvafiq elektron qaimə-faktura ilə rəsmiləşdirildiyinə görə iddiaçı tərəfindən həmin xidmətlərin haqqı gəlirdən çıxılan xərclərə aid edilmiş, bu əsasla da 48120,0 manat və 10436,72 manat ƏDV məbləği Vergi Məcəlləsinin 169 və 175-ci maddələrinin tələblərinə uyğun əvəzləşdirilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 175.3-cü maddəsi nəzərədə tutur ki, bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Bu Məcəllənin 109.3-cü maddəsi isə nəzərdə tutur ki, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicəprofilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Konkret halda, Məcəllənin 109.3-cü maddəsində göstərilən halların mövcudluğu müəyyən olunmur, əksinə, iddiaçının əvəzləşdirilmələri qanunvericiliyə uyğun həyata keçirildiyi müəyyən olunur. Eyni zamanda, yoxlama aktında, “avqust 2016 - dekabr 2016” dövründə 9 xarici əməkdaş (David Moffitt, X15, X14, Tom Smith, X12, Michael Jordan, M.X.Tieman, X7, X5) üçün əmək haqqının 971,676.26 manat az hesablandığına görə müvafiq olaraq 240,444.07 manat MÖMV, 242.919,07 məcburi dövlət sosial sığorta haqları hesablandığı göstərilir. Halbuki, istinad olunan həmin 9 xarici əməkdaşın faktiki olaraq 2016-cı il ərzində Azərbaycanda əmək faəliyyəti göstərməsi, onların xidmətlərin görülməsinə cəlb edilmələri və onların Vergi Məcəlləsinin 97.2-ci maddəsində nəzərdə tutulan vergitutma obyekti olan əmək haqqı almaları cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, iş materiallarında bununla bağlı sənəd-sübut mövcud deyildir. Vergi Məcəlləsinin: 13.2.5.1-ci maddəsinə əsasən təqvim ilində 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan fiziki şəxs rezident sayılır. Həmin Məcəllənin 97.2-ci maddəsinə əsasən, qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. Digər tərəfdən, vergi orqanı iddiaçıya sözügedən əcnəbi şəxslərə münasibətdə əlavə vergilər hesablayarkən Vergi Məcəlləsinin 67-ci maddəsi də düzgün təbiq edilməmişdir. Çünki, iddiaçı tərəfindən səyyar vergi yoxlamasının aparılması zamanı bütün sənədlər yoxlamaya təqdim edilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işin mübahisələndirilən hallarına aydınlıq gətirilməsi məqsədəilə məhkəmə-mühasibatlıq ekspertizası da təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən 05 mart 2022-ci il tarixli 9/8082 nömrəli ekspert rəyi alınmışdır. İşə əlavə olunmuş həmin ekspert rəyindən görünür ki, ekspert tədqiqatı ilə səyyar vergi yoxlamasının əhatə etdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə müəssisə tərəfindən əlavə dəyər vergisi, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi və məcburi dövlət sosial sığorta haqlarının az hesablanması müəyyən edilməmişdir. Həmin ekspert rəyinin tədqiqi hissəsindən görünür ki, hər vergi növü üzrə iddiaçının mübahisələndirilən dövrdə vergi hesablamalarının qanunauyğunluğu ilə bağlı ətraflı araşdırmalar və təhlillər aparılmış və bu zaman iddiaçının vergidən yayınma hallarına rast gəlinməmişdir. Odur ki, məhkəmə kollegiyası ekspertin gəldiyi nəticədə təsbit olunanları sübut əhəmiyyətli, mötəbər məlumatlar kimi qiymətləndirir. Beləliklə, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya hesablanmış vergilərin qanunvericiliyə zidd olduğunu və iddiaçının hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 70.1-ci maddəsindən isə görünür ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Birinci instansiya məhkəməsinin qərarından da məhz görürünür ki, məhkəmə, iş üzrə hərtərəfli araşdırma aparmış, işdə olan sübutlara düzgün hüquqi qiymət vermiş və maddi və proessual hüquq normalarına uyğun olan, iddianın təmin olunması və cavabdehin mübahisələndirilən qərarının ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılmadığın, qanunvericiliyin düzgün tətbiq edilmədiyini və qərarın əsassızlığını sübut edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-814/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-814/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar