Məhkəmə qərarları › İş №2-1(103)-358/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-358/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-358/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5102/2023 nömrəli, 07 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 525 nömrəli sərəncamının ləğv edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada İddiaçı yaşayış yeri üzrə 3 (üç) nəfər ailə tərkibi ilə hərbi xidmət dövründə Vətən uğrunda döyüşmüş hərbi qulluqçuların siyahısında güzəştli mənzil uçotuna götürülməsi və mənzil-uçot siyahısına daxil edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 525 №-li sərəncamının ləğv edilməsi və mənzil növbəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-5102/2023 nömrəli, 07 aprel 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 525 №-li sərəncamı ləğv edilmiş, İddiaçı mənzil növbəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunvericiliyə zidd olaraq, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır və buna görə də ləğv edilməlidir. İş materiallarından göründüyü kimi məhkəmə hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, hüquq normalarını düzgün tətbiq etmədən qərar qəbul etmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsini əldə etmişlər, yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilmir. Cavabdeh tərəfindən S.S.Abbasova Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətindən onun ailə üzvlərinin adına əmlak olub-olmaması barədə rəsmi arayış gətirilməsi dəfələrlə tələb olunasa da o, bunu təqdim etməkdən imtina etmişdir. Bundan sonra iş üzrə məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə iddiaçının və ailə üzvlərinin adına əmlak olub-olmaması barədə sorğu göndərilmiş və sorğuya cavab olaraq müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı X1 adına Xaçmaz rayonu, Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 5 nömrəli fərdi yaşayış evi mövcuddur və qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsinin xüsusi mülkiyyətdə olması barədə çıxarış verilmişdir. Beləliklə, hərbi qulluq haqqında qanunvericilik nə yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olmasını, nə də həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləyir. Bu hallar Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Belə olduğu halda Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsini əldə etmişlər, yaşayış sahəsinə ehtiyacı olmayan vətəndaşlar uçotdan çıxarılır. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün o, yaşayış sahələrinə ehtiyacı olan şəxslər dairəsinə aid olmalıdır. Bu kateqoriyaya aid olan və uçota alınan şəxs yaşayış sahəsi əldə etdikdə, o, uçotdan çıxarılır.Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də uçotdan çıxarılır. İddiaçı həyat yoldaşının adına xüsusi mülkiyyət, yəni yaşayış sahəsi olduğundan və yaşayış sahəsinə ehtiyacı olmayan şəxs hesab olduğundan Cavabdeh Başçısının 525 nömrəli, 02 noyabr 2022-ci il tarixli sərəncamı ilə Cavabdeh Başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ləğv edilmiş və İddiaçı ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə ehtiyyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotu siyahısından çıxarılmışdır. Məhkəmə bu xüsusatda da pozuntuya yol vermiş, inzibati proses çərçivəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsindən irəli gələn tələblərə əməl etməmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsində işə baxılarkən İddiaçı ailə üzvləri ilə birlikdə hal-hazırda hansı ünvanda yaşamaları və yaşayış sahəsinə ehtiyacı olan şəxs olmaları tam obyektiv araşdırılmamışdır. Həmçinin Bakı İnzibati Məhkəməsinin qərarında “cavabdeh inzibati orqan tərəfindən inzibati icraat düzgün aparılmamış, iddiaçının etimad göstərdiyi əlverişli inzibati akt onun dinləmə hüququ təmin olunmadığından ləğv edilmiş, bununla da iddiaçı mənzil uçot siyahısından çıxarılmışdır” sözlərinə dair bildirirlər ki, dəfələrlə dəfələrlə iddiaçı Rayon İcra Hakimiyyətinə dəvət olunmuş, bu barədə dəfələrlə telefon vasitəsi ilə zəng edilmiş, lakin iddiaçı cavabdeh orqana gəlməkdən və inzibati orqanın vəzifəli şəxsini dinləməkdən imtina etmişdir. Belə olan halda məhkəmə inzibati orqanın inzibati icraatın düzgün aparılmamasına, iddiaçının etimad göstərdiyi əlverişli inzibati akt onun dinləmə hüququ təmin olunmamasına hüquqi qiymət verərkən yanlış qənaətə gəlmişdir. Eləcə də məhkəmə işə birtərəfli yanaşaraq cavabdeh orqanın məhkəməyə təqdim etdiyi təsdiqedici sübutları nəzərə almamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Cavabdeh Başçısının 56 nömrəli xx.xx.2013-cü il tarixli “İddiaçı güzəştli mənzil uçotuna qəbul edilməsi haqqında” Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə birlikdə (özü, h/yoldaşı, oğlu) güzəştli əsaslarla mənzil uçotuna götürülmüş, ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, 525 nömrəli “Cavabdeh Başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamının ləğv edilməsi haqqında” Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə vətəndaş İddiaçı yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. İddiaçı həyat yoldaşı X1 mülkiyyətində daşınmaz əmlak mövcud olduğundan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə və Mənzil Məcəlləsinin 55-ci maddəsinə əsasən İddiaçı və onun ailə üzvlərinin Cavabdeh mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ləğv olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-cü il tarixli məktubda qeyd edilir: Bakı şəhəri Cavabdeh Başçısının 525 nömrəli, 02 noyabr 2022-ci il tarixli sərəncamı ilə Cavabdeh Başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ləğv olunmuş, Siz ailə üzvləriniz ilə birlikdə Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmısınız. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən 17 iyun 1981-ci ildə verilmiş İİ-JQ seriyalı 451223 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 xx.xx.1981-ci ildə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabından xx.xx.1981-ci ildə 2408 nömrə ilə qeyd edilmişdir. Nikaha daxil olduqdan sonra ərə Abasov, qadına Abasova soyadı verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: X1 adına Xaçmaz rayonu, Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 5 nömrəli fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Xaçmaz şəhəri, Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 5 nömrəli fərdi yaşayış evinə və 0.0609 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) X1 adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Cavabdeh Başçısının 56 nömrəli xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən İddiaçı yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə birlikdə (özü, h/yoldaşı, oğlu) güzəştli əsaslarla mənzil uçotuna götürülmüş, ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Sonradan Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, 525 nömrəli Sərəncamına əsasən İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ləğv olunmuşdur. Həmin Sərəncamda qeyd olunmuşdur ki, iddiaçının həyat yoldaşı X1 mülkiyyətində daşınmaz əmlak mövcud olduğundan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə və Mənzil Məcəlləsinin 55-ci maddəsinə əsasən İddiaçı və onun ailə üzvlərinin Cavabdeh mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Xaçmaz şəhəri, Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 5 nömrəli fərdi yaşayış evinə və 0.0609 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) X1 adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2013-cü ildə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürüldüyü və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edildiyi zaman onun həyat yoldaşının adına daşınmaz əmlakın dövlət reyetsrində xüsusi mülkiyyət hüququ üzrə fərdi yaşayış evi və torpaq sahəsi qeydiyyatda olmuşdur. Lakin bu barədə iddiaçı tərəfindən cavabdehə məlumat verilməmişdir və müvafiq sənədlər təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Göründüyü kimi, mübahisələndirilən sərəncamı əliverişli, eyni zamanda qanunsuz inzibati akt olmuşdur. Qanunverici qanunsuz əlverişli inzibati aktın yalnız müəyyən məhdudiyyətlər daxilində ləğv edilməsini təsbit etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinə əsasən bu məhdudiyyətlər aşağıdakılardan ibarətdir: 1. Maraqlı şəxsin məzmununa etimad göstərməsi və həmin etimadın qanunla qorunması; 2. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmaması; 3. Maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəlikləri nəzərdə tutulur və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olur. İddiaçının barəsində qəbul edilmiş Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli, 56 nömrəli sərəncamının ləğv edilməsi zamanı həm də “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsində göstərilən hallar mövcud olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Xaçmaz şəhəri, Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 5 nömrəli fərdi yaşayış evinə və 0.0609 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) X1 adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2013-cü ildə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürüldüyü və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edildiyi zaman onun həyat yoldaşının adına daşınmaz əmlakın dövlət reyetsrində xüsusi mülkiyyət hüququ üzrə fərdi yaşayış evi və torpaq sahəsi qeydiyyatda olmuşdur. Lakin bu barədə iddiaçı tərəfindən cavabdehə məlumat verilməmişdir və müvafiq sənədlər təqdim edilməmişdir. Göründüyü kimi, mübahisəli sərəncamın qəbul edilməsinə əsas olan məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması müəyyən edilmişdir və işin halları ilə müəyyən edilir ki, iddiaçının barəsində qəbul edilmiş Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2013cü il tarixli, 56 nömrəli Sərəncamı iddiaçı barəsində əlverişli inzibati akt olsa da, bu akt qanunsuz olmuş və həmin aktın ləğv edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsində göstərilən hallar mövcud olmamışdır. Bundan başqa, işin istinad olunan hallarına əsasən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən halın mövcudluğu və qəbul edilmiş inzibati akt nəticəsində hər ay kirayə xərclərinin ödənilməsi, bununla da dövlət marağına ziyan vurulması nəzərə alınaraq hazırkı halda iddiaçının etimadı qanunla qorunmur və buna görə də iddia tələbi əsassızdır. Mübahisələndirilən inzibati aktın cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun icraatın aparılması qaydalarının pozulması nəticəsində qəbul edilməsi ilə bağlı iddiaçının mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə kollegiyası hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5102/2023 nömrəli, 07 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar