Məhkəmə qərarları › İş №2-1(103)-3580/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3580/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3580/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızının və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4104/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24-də yerləşən fərdi yaşayış evi, evin altındakı və həyətyanı torpaq sahəsinin mərhum atası X3 mülkiyyət hüququ əsasında məxsus olması haqqında arayışın (müvafiq çıxarışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…23 may 2002-ci ildə vəfat etmiş atası X2 qanuni sahibliyində və istifadəsində olmuş, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24-də yerləşən daşınmaz əmlaka dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən may 1983-cü il tarixli Texniki pasport verilmiş və xx.xx.2004-cü il tarixdə sözügedən sənəd korrektə edilərək bu barədə müvafiq qeydlər əlavə edilmişdir. Atası ona məxsus olan torpaq sahəsinə və üzərində olan tikililərə mülkiyyət hüququnu təsdiq edən "Çıxarış" almadan ölmüşdür. Mərhum atasından miras qalmış torpaq sahəsindən və üzərində olan tikililərdən bu günədək istifadə edir. Vərəsəlik hüququnun əldə edilməsi üçün 3 saylı ASAN xidmətə etdiyi müraciət əsasında vərəsəlik işi açılmış və şəhadətnamə verilmişdir. Fərdi yaşayış evi və köməkçi tikililərə aid olan torpaq sahəsinin ayrılmasına dair ola biləcək hər hansı bir hüquq müəyyənedici sənədlərin (arayışlarını, sənədlərdən çıxarışlarını) əldə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdrəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müracət etmiş, lakin adları qeyd olunan təşkilatlar heç bir məlumat təqdim etməmişlər. Hazırkı tələbi ilə bağla məhkəməyə qədər cavabdeh ona verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərmişdir ki, "təqdim edilən Texniki pasport yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1.11 maddəsinə istinad edərək Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportların təqdim edilməlidir". Hüquqmüəyyənedici sənədlər təqdim olunacagı halda müraciətə yenidən baxılmasını bildirmişdir. Belə bir cavabla razılaşmır. Hesab edir ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının Apparatının keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin hüquq varisi olduğu üçün, həmin sənədləri öz arxivində saxlamalı və edilən müraciətə əsasən onların mövcudluğunu arxivdə yoxlamalı idi. Lakin cavabdeh bunun əvəzinə verdiyi cavab məktubunu hüquqi yardım xarakteri daşıdığını göstərsə də, "Çıxarış"ın alınmasına əsas kimi nəzərdə tutduğu sənədi əldə edə bilmədiyi üçün, məktubu faktiki olaraq imtina kimi qəbul edir…» Cavabdehiddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…Təqdim edilən texniki pasport fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport və vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir…» Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4104/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24-də yerləşən sahəsi 214,3 kv.m olan torpaq sahəsinin iddiaçının mərhum atası X3 mülkiyyət hüququ əsasında məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci madddəsinin tələbəlrin uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti etiraza uyğun olaraq aşağıdakılarla əsaslandırılmışdır: «…Təqdim edilən texniki pasport fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Belə ki, Azərbaycan RespublikasıPrezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal TəsərrüfatıNazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport və vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən müvafiq daşınmaz əmlak üzərində hüququn iddiaçıya mənsub olubolmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən müvafiq daşınmaz əmlak üzərində hüququn iddiaçıya mənsub olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır…» İddiaçı apellyasiya şikayətinə etirazında cavabdeh tərəfindən məhkəmənin gəldiyi qənaətin təkzib edilə bilmədyini qeyd edərək, şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə bağlı etirazının məhkəməyə təqdim edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası vasitəsilə “Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli küçəsi, ev 24-də yerləşən sahəsi 214,3 kv.m olan torpaq sahəsinin iddiaçının mərhum atası X3 mülkiyyət hüququ əsasında məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələbini onunla əsaslandırmışdır ki, 23 may 2002-ci il tarixdə də vəfat etmiş atası X1 əmlaka dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən may 1983-cü il tarixli Texniki pasport verilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən istinad olunan həmin pasportun keçmiş Azərbaycan SSR Kommunal Təsərrüfət Nazirliyi tərəfindən verilən pasportlara aid olub-olmasının dəqiqləşdirilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyətinə, Dövlət Arxivienin Bakı Filialına sorğular verilsə də müvafiq məlumatlar aşkar olunmamışdır. Əslində, işə əlavə olunmuş «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventğarizasiya və qiymətləndirilməsinə dair pasport» adında mübahisəli sənədi verən orqanın Bakı şəhər Soveti İcrayə Komitəsinin texniki inventarizasiya bürosu tərəfindən verildiyi sənədin üz səhifəsində iri çap yazıları ilə də yazılmışdır. Yəni, sözügedən pasportun Azərbaycan SSR Kommunal Təsərrüfət Nazirliyi tərəfindən verilmədiyi aydın görünür və burada başqa sübuetmə vasitəsi axtarmaq zərurəti də yoxdur. O ki qaldı, Bakı şəhər Soveti İcrayə Komitəsinin texniki inventarizasiya bürosu tərəfindən verilmiş «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventğarizasiya və qiymətləndirilməsinə dair pasport»lara bu qəbildən olan pasportlar daşınmaz əmlaka hüquq yaradan əsaslar sırasına aid edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; … Qanunun qeydolunan 8.0.8-ci maddəsində təsbit olunan müvafiq icra hakimiyyətinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda «ev dəftəri» qeydiyyata əsas verən sənədlər aşağıdakılardan ibarətdir.

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı,sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Siyahının sadlanan bəndlərindən göründüyü kimi, 1.11-ci bəndində nəzərdə tutulan keçmiş - «Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar» və “2.4-cü bəndinin nəzərdə tutduğu - «üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)» yalnız hüququn qeydiyyata alınmasına əsas yarada bilən sənədlərə aid edilir. Başqa sözlə, iddiaçının təqdim etdiyi pasportun sözügedən Siyiahının 1.11-ci və 2.4-cü bəndlərində nəzərdə tutulan pasportlar kimi qiymətləndirilməsi istsna edilir.Məhkəmənin isə normayaradıcılıq səlahiyyəti mövcud deyil. Avropa İnsan hüquqları Məhkəməsi “Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar ında qeyd etmişdir ki, “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” [İİ Bölmə] ərizə № 18768/05). Avropa Məhkəməsinin qərarından da göründüyü kimi, “Gözlənti”- mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi normaya və ya hüquqi akta əsaslandığı halda yalnız, “qanuni sayıla bilər. İddiaçının isə konkret halda, qanuni əsaslara söykənən gönzləntisinin mövcudluğu müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunanlar nəzərə alınmamış, - Azərbaycan SSR Nazirlər Sovetinin 140 saylı 28 aprel 1984-cü il tarixli qərarı ilə Kommunal Təsərrüfatı Nazirliyinin Bakı şəhərində yerləşən təşkilatları, o cümlədən Bakı şəhər Texniki İnventarlaşdırma Bürosunun eksperiment şəklində birbaşa Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyinə verildtyini və 1987-ci ildən başlayaraq yerli kommunal təsərrüfatı orqanlarının tərkibində toplanmış arxiv materiallarının bazasında rayonlararası texniki inventarlaşdırma büroları yaradılmağa başladıldığını əsas tutaraq, iddiaçının təqdim etdiyi - Bakı şəhər Soveti İcrayə Komitəsinin texniki inventarizasiya bürosu tərəfindən verilmiş «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventğarizasiya və qiymətləndirilməsinə dair pasport» adıçəkilən Siyahının 1.11-ci mbəndində nəzərdə tutulan pasporta bərabər tutmuş, bununla da qərar qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Qeyd olunanlar onu deməyə əsasə verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun qiymətləndirilə bilməz. Cavabdeh orqanını iddiaçının müraciətinin təmin edilməsindən imtina olunması əsaslı olduğundan, onun qanunla qorunan hüquqlarının pozuntusundan sözhbət gedə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə,o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4104/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4104/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar