Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3585/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “VÖEN-nin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5680/2024 saylı , xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətinin qanunsuz sayılmaqla adına açılmış ********** VÖEN-in ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, vergi orqanında vergi ödəyicisi və fiziki şəxs olaraq vergi uçotuna alınması barədə tərəfindən heç bir müraciəti, bu barədə məlumatı belə olmamışdır. Hesab edir ki, bu səbəbdən onun vergi orqanında fiziki şəxs kimi vergi uçotuna alınmağı qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə alaraq, onun vergi ödəyicisi və fiziki şəxs kimi qeydə alınmış vergi uçotundan çıxarılmağı və bu barədə məlumatın ona rəsmi olaraq göndərilməsini xahiş etsə də cavabdeh inzibati orqan buna məhəl qoymamış, 04 dekabr 2023-cü il məktubla tələbinin təmin olunmasından imtina olunmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5680/2024 saylı , xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5680/2024 saylı , xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı (bundan sonra – iddiaçı) Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi (hazırkı adı Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi) (bundan sonra – cavabdeh) tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. İddiaçı həmin VÖEN-nin ləğv edilməsi bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “vergi uçotunun ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********780000 nömrəli) Bakı şəhəri X4 üzrə Baş İdarəsində baxılmışdır. Bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. Qeyd olunan normativ sənədlərə əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, bank dövriyyələri barədə məlumat, təqdim edilməmiş bəyannamələrin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. Bildiririk ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticələrinə əsasən iddiaçının (VÖEN: **********) adına məktuba əlavə olunmuş siyahıda qeyd edilən 10 nəqliyyat vasitəsi olduğu üçün Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs olaraq vergi qeydiyyatına alındığı müəyyən edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə cavabdehə qarşı məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddianın əsaslılığının müəyyən edilməsi üçün aşağıdakı hallar müəyyən edilməlidir: 1) iddiaçının müraciəti olmadığı halda cavabdehin öz təşəbbüsü ilə iddiaçını vergi uçotuna alması barədə səlahiyyətinin olub-olmaması (iddia tələbinin faktiki əsasını bu hal təşkil edir): 2) iddiaçının vergi uçotuna alınması üçün faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olubolmaması. Məhkəmə kollegiyası birinci halla bağlı qeyd edir ki, 9 dekabr 2022-ci il tarixli № 677-VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Maddə 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Göründüyü kimi, Vergi Məcəlləsini 33.5-ci maddəsinin tələbinə görə, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna almaq səlahiyyəti vardır. İkinci halla bağlı isə qeyd edilməlidir ki, məhkəmə tərəfindən Dövlət Gömrük Komitəsinə və Baş Dövlət Yol Polisi İdarəsinə müvafiq sorğular verilmiş, iddiaçının adına qeydiyyata alınan nəqliyyat vasitələri barədə məlumat əldə edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli məktub və həmin məktuba əlavə edilmiş çıxarışlardan müəyyən edilir ki, iddiaçının adına 11 nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitələrindən 9-un markası “X6” markalı nəqliyyat vasitələridir. Həmin nəqliyyat vasitələrinin komputer çıxarışından görünür ki, qeyd edilən avtomobillərin hər birinə dair 15-dən çox fərqli şəxslərə etibarnamə verilmişdir. İşin birinci instansiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçının vəkili məhkəmənin sualına cavab olaraq həmin şəxslərin iddiaçının qohumu olduğunu bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilinin bu izahatını inandırıcı hesab etmir. Belə ki, ilk növbədə iddiaçı həmin şəxslərin iddiaçının qohumluq əlaqəsi barədə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən verilən etibarnamələrdən görünür ki, etibar edilmiş şəxslər respublikanın müxtəlif bölgələrində (Lerik, Ucar, Yevlax, Ağdam, Şirvan, Şamaxı, Lənkəran, Qəbələ, Abşeron, Masallı, Bərdə, İmişli, Füzuli və s.) qeydiyyatdadırlar. Bu isə həmin şəxslərin iddiaçının qohumu olmaı barədə dəlilini istinsa edir. Eyni zamanda iddiaçı tərəf, nəqliyyat vasitəsini etibarnamə ilə bir qohumuna verdiyi halda, sonradan həmin vasitəni digər müxtəlif şəxslərə verilməsinə dair ağlabatan və məntiqli cavab verə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin avtomobillərdən faktiki olaraq sahibkarlıq məqsədi ilə istifadə edir. İddiaçının da adına 9 ədəd “X6” markada avtonəqliyyat vasitəsinin olması, eyni zamanda həmin avtonəqliyyat vasitələrinin hər biri ilə bağlı çoxlu sayda şəxsə etibarnamə verməsi iddiaçının faktiki olaraq həmin vasitələrdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etməsinə nəticəsinə gəlməyə əsas verir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə də müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin rədd edilməsi mahiyyət etibarı ilə işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Konkret halda, isə qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının qaunvericiliklə müəyyən olunan hüquqlarının pozulduğu öz təsdiqini tapmır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5680/2024 saylı , xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5680/2024 saylı , xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3585/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3585/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver