Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3586/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın ləğv edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və vergi məsuliyyətinə cəlbetmənin xitam edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində operativ vergi nəzarətinin keçirilməsi nəticəsində 4 sentyabr 2021-ci il tarixli 005427 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9269 saylı 17 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərarın qəbuluna əsas kimi elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsi, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsi göstərilmiş və iddiaçı 172.560,44 manat məbləğində maliyyə sanksiyası vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin 17 sentyabr 2021-ci il tarixli qərarı iş üzrə materiallar araşdırılmadan, heç bir əsas olmadığı halda qanuna zidd şəkildə qəbul edilmişdir. İddiaçı anbarına daxil edilmiş malların topdansatışı fəaliyyəti ilə deyil, pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. Məhz elə bu səbəbdən onun malların satışı zamanı alıcılara qaimə-faktura əvəzinə kassa çeki təqdim etmə öhdəliyi mövcuddur. Belə ki, vergi orqanı sözügedən qərarın qəbul edilməsinə əsas kimi hüquqi şəxsin topdansatış fəaliyyəti ilə məşğul olmasını və qaiməfakturaların vergi ödəyicilərinə təqdim edilməməsini göstərmişdir. Halbuki, faktiki olaraq vergi orqanına iddiaçının nümayəndəsi açıq və aydın şəkildə topdansatış fəaliyyəti ilə deyil, pərakəndə satış fəaliyyəti ilə məşğul olduqlarını bildirmişdir. Pərakəndə satış fəaliyyəti ilə məşğul olduğunu sübut etmək məqsədi ilə vergi orqanının əməkdaşlarına aparılmış satışlara dair hesabatın əks olunduğu kassa çeki belə təqdim edilmişdir. Lakin vergi orqanının əməkdaşları tərəfindən bu hal nəzərə alınmadan, sanki topdansatış fəaliyyəti ilə məşğul olunmasına qaynaqlı vergi qanunvericiliyinin pozuntusuna yol verilmiş və nəticə etibarilə heç bir hüquqi əsası mövcud olmayan 4 sentyabr 2021-ci il tarixli 005427 nömrəli akt tərtib edilmişdir. Dolayısı ilə həyata keçirilən malların satışı zamanı yol verilmiş hər hansı qanun pozuntusu olmamışdır. Belə ki, «Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın 1.5-ci maddəsinin tələbinə əsasən vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcıya pərakəndə qaydada mal (iş, xidmət) təqdim edildikdə, ona qəbz və ya çek verilir. Sözügedən müaddəanın məzmunundan da məlum olur ki, malların pərakəndə satışı zamanı alıcılara **********9269 saylı 17 sentyabr 2021-ci il tarixli qərarda nəzərdə tutulan elektron qaiməfaktura deyil, məhz qəbz və ya çek təqdim olunur. Bu faktın özü belə sözügedən qərarın əssassız olduğuna dəlalət etməkdədir. Bundan başqa, qərarda qeyd edilənlərə əsasən 696.369,81 manat dəyərində malın qanunsuz topdansatışı fəaliyyəti nəticəsində 862.802,19 manat məbləğ əldə edilmişdir. Halbuki, həmin məbləğ pərakəndə satış ilə bir yox, təxmini 4.000 – 5.000 aralığında alıcıya satılması nəticəsində əldə edilmişdir. Belə ki, 1 may 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək olan dövrdə həyata keçirilən satışların ümumi satış məbləği 815.158 manat, ümumi satış sayı isə 4.866 nəfərdir. Növbəti çekdə isə, yəni 1 may 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək olan dövr üzrə çeklərdə ümumi satış məbləği 876.281 manat, satış sayı isə 5.203 nəfərdir. Bu da onu göstərir ki vergi orqanının əməkdaşları xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında şirkətə yaxınlaşmış və 862.802,19 manat dəyərində kassa çeki təqdim edildiyindən, onlar yalnız ümumi satış məbləğinə nəzər salmış, malların nə qədər alıcıya satıldığını, yəni ümumi satış sayını nəzərə almadan, bütün malların yalnız bir alıcıya topdansatışının həyata keçirildiyini iddia edərək haqsız şəkildə şirkəti vergi məsuliyyətinə cəlb etmişlər. Halbuki, həmin kassa çeklərindən görünür ki, mallar əslində bir alıcıya deyil, 4.866 – 5.203 say arasında alıcıya satılmışdır. Zəruri olarsa, vergi orqanı əməkdaşları tərəfindən akt tərtib edilməsinə səbəb olmuş 862.802,19 manat dəyərində hesabat-kassa çeki kassa aparatından çıxarılaraq məhkəməyə təqdim edilə bilər. Göstərilənlərə əsaslanaraq, cavabdehin **********9269 nömrəli 17 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və vergi məsuliyyətinə cəlbetmənin xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Baş İdarənin **********9269 nömrəli 17 sentyabr 2021-ci il tarixli qərarı barədə iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin “Vergi ödəyiciləri ilə yazışma barədə hesabat”lardan da göründüyü kimi, iddiaçının təqdim etdiyi 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar 17 sentyabr 2021-ci il tarixdə vergi ödəyicisinə elektron üsulla göndərilmiş və vergi ödəyicisi tərəfindən 21 sentyabr 2021-ci il tarixdə oxunmuşdur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 62.2, 64.1-ci maddələrinə, Vergi Məcəlləsinin 70.2-1.2, 70.2- 1.3-cü maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması xahiş olunur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh orqan Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 1 sentyabr 2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi olan hazırkı İddiaçı MMC-nin fəaliyyəti üzrə operativ vergi nəzarəti keçirilmiş və həmin nəzarət tədbiri zamanı vergi ödəyicisi kimi iddiaçının 196.314,46 manat dəyərində mal qalığının olduğu, lakin elektron qaimə-faktura təqdim edilməli olduğu halda 862.802,19 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyicilərinə təqdim edilməsi əsası ilə müvafiq olaraq Vergi Məcəlləsinin 58.13- cü maddəsi üzrə 172.560,44 manat məbləğində (təqvim ili ərzində ikinci dəfə olduğundan 20%) maliyyə sanksiyasının tətbiqi barədə 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar qəbul etmişdir. İddiaçı MMC hazırda cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin həmin qərarını mübahisələndirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1-ci maddəsinə görə aşağıdakılar vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.13) malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: (50.2.1) vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; (50.2.2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; (50.2.3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; (50.2.4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; (50.2.5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49cu maddələrinin müddəaları tətbiq edilir. 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi qeyd etmişdir ki, o, pərakəndə satışla məşğul olduğu halda, onun müvafiq dövr üzrə ayrı-ayrı şəxslərə satdığı ümumilikdə 862.802,19 manat dəyərində mallara görə elektron qaimə-faktura təqdim etməsi tələb olunmur, lakin cavabdeh onun fəaliyyətini topdan satış qismində qiymətləndirərək, həmin elektron qaimə-fakturanın təqdim olunmamasına görə əsassız olaraq ona 172.560,44 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar qəbul etmişdir. Cavabdehin qərarı qanunsuzdur və ləğv edilməlidir. Cavabdehin dəlili isə ondan ibarətdir ki, iddiaçının müvafiq dövr üzrə fəaliyyətində obyektdə mal satışı həyata keçirilən zaman müvafiq sayda işçisinin olmaması, satış çeklərinin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması faktiki olaraq topdansatışla məşğul olmaq qismində və satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Bununla da, vergi ödəyicisi kimi 862.802,19 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən ayrıayrı vergi ödəyicilərinə təqdim edilməsinə iddiaçıya Vergi Məcəlləsinin 58.13-cü maddəsinə uyğun olaraq, 172.560,44 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsin İddiaçı MMC barəsində operativ vergi nəzarətinin həyata keçirilməsinə dair 1 sentyabr 2021-ci il tarixli qərar qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq dairəsi müəyyən edilmişdir, lakin cavabdehin 1 sentyabr 2021-ci il tarixli qərarında həmin əsaslardan hər hansı birinə istinad olunmamışdır. Operativ vergi nəzarəti haqqında qərarda Vergi Məcəlləsinin 58.8-ci maddəsinə istinad edilsə də, yoxlamanın nəticələri üzrə 17 sentyabr 2021-ci il tarixli qərarda həmin Məcəllənin 58.13-cü maddəsi üzrə maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və qapalı şəkildə müəyyən edilməsi, həm sahibkarlıq fəaliyyətinə yersiz müdaxilənin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması və vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. İnzibati orqan diskresion səlahiyyətlər çərçivəsində yoxlama tədbirinin seçilməsi barədə qərar qəbul edərkən, öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. İnzibati orqan (vergi orqanı) həmçinin diskresion səlahiyyətlərə malik olduğu hallarda, həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunverciliyi ilə müəyyən edilmiş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun düzgün həyata keçirməyə borcludur. Həmçinin qeyd edilməlidir ki, vergi qanunvericiliynə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət olunmasının aşkar eduilməsi üçün operativ vergi nəzarəti tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1 – 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsinin yoxlanılması məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı iş üzrə cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin keçirdiyi operativ yoxlamanın müddəti 1 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək olan dövrü əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, 1 sentyabr 2021-ci il tarixdən əvvəlki dövrdə (bir neçə ayda) olan əməliyyatlar əsasında İddiaçı MMC-yə maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə aparılmış əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi nəzarətinin mahiyyətinə və xarakterinə uyğun deyildir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 1 sentyabr 2021-ci il tarixdən əvvəlki dövrdə topdansatış fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi halda, onun nəzarətkassa aparatı vasitəsilə satdığı malların alıcılarının vergi ödəyicisi olmasını sübut etmək vəzifəsi də inzibati orqanın üzərinə düşür. Nəzərə alınmalıdır ki, pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatların məbləğ həddi vergi qanunvericiliyində müəyyən edilməmişdir. Eləcə də, qanunverici topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə pərakəndə satış fəaliyyətini qadağan etmir Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fəqrləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində həm pərakəndə, həm də topdansatış qaydasında mal satışını qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir (Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qayda). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3586/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3586/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver