Məhkəmə qərarları › İş №2-1(103)-3587/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3587/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3587/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Dövlət Neft Şirkəti, "xxxx" Əməliyyat Şirkəti) qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən eti : Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 2- ci massivdə yerləşən 600 kv.m. torpaq sahəsinə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 2-ci massivdə yerləşən 600 kv.m. torpaq sahəsinin mülkiyyət hüququ Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyətinin 193 saylı, xx.xx.1993-cü il tarixli sərəncamı əsasında İddiaçı məxsusdur. İddiaçı həmin torpaqda özünə ev tikmiş və orada yaşamışdır. İddiaçı hal-hazırda öz torpaq sahəsinə çıxarış almaq niyyətindədir. Buna görə də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 2-ci massivdə yerləşən 600 kv.m. torpaq sahəsinin mülkiyyət hüquqlarına dair çıxarış verilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh orqan xx.xx.2022-ci il tarixində həmin torpaqların Dövlət Neft Şirkətinin istifadəsinə verildiyi üçün imtina məktubu vermişdir. İddiaçı buna görə də Dövlət Neft Şirkətinə müraciət etmişdir. Orada torpaq sahəsinin koordinatları tələb olunduğu üçün iddiaçı cavabdeh orqandan xx.xx.2022-ci il tarixli koordinatları da alıb Dövlət Neft Şirkətinə təqdim etmişdir, lakin oradan da xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir. Qeyd edilmiş ünvanda təkcə iddiaçı deyil çox sayda ailə yaşayır, hətta yaxınlıqda hündürmərtəbəli bina da tikilir. İddiaçının evinin hər tərəfi evdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3814/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3814/2023 saylı qərardadı ilə "xxxx" Əməliyyat Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın qanunsuz və əsassız olduğunu, ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya və kassasiya instansiya məhkəmələrində aparılan icraat: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarında qeyd etdiyi yerləşmə cizgisi Qaradağ rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) Q.Abdullayev tərəfindən təsdiq edilmişdir. Həmin yerləşmə cizgisi Google Map proqramı vasitəsilə əldə edilmiş və yerləşdiyi sahə tam aydın şəkildə görünür. Perimetrik məlumatların olmaması qeyd olunan sənəd əsasında çıxarış verilməsinə mane ola bilməz. Həmin ərazidə ondan başqa xeyli sakin yaşayır. Digər tərəfdən əmlak Ələt Pirsaat neft yatağının ərazisində yerləşmir. Həmin əmlakla Ələt Pirsaat neft yatağı arasında 5 kilometr, bəlkə də, daha çox məsafə var. Digər tərəfdən sual yaranır ki, əgər məhkəmənin də qeyd etdiyi kimi Qaradağ rayon İcra Hakimiyyətinin sözügedən sərəncamı qüvvədən düşmüşdürsə, niyə indiyənə qədər ona bunun qarşılığında heç bir kompensasiya verilməmişdir? Göründüyü kimi, mülkiyyət hüquqları əsassız olaraq pozulmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Həmçinin əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" Əməliyyat Şirkətinin direktoru da apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 193 nömrəli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikdirməsi üçün Ələt qəsəbəsi, ikinci massivdən 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. İddiaçı istifadəsində olan 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh orqan iddiaçının istinad etdiyi yerləşmə cizgisində perimetrik ölçülərin göstrilmədiyinə və torpaq sahəsinin DNŞ-nin istifadəsinə veilmiş ərazidə yerləşdiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, İş materiallarında olan: Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 08 dekabr 2022-ci il tarixli, BA-07995-2022 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 193 nömrəli sərəncamından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Həyətyanı torpaq sahələrinin nizamlanması” barəsindəki xx.xx.1987-ci il tarixli 301 nömrəli Qətnaməsi və Bakı şəhəri icraiyyə komitəsinin “Bakı və Bakı ətrafı ərazilərdə yaşayış evlərinin tikintisinin nizamlanması” barəsindəki, xx.xx.1982-ci il tarixli 45/686 Ne-li qərarını və XDS icraiyyə komitəsinin “Fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin nizamlanması haqqında” xx.xx.1989-cu il tarixli 13/713 nömrəli qərarını əsas tutaraq Ələt qəsəbəsi, 1587-ci keçid, 15 N°-li ev, 14 N°-li mənzil sakini İddiaçı fərdi yaşayış evi tikdirməsi üçün Ələt qəsəbəsi, ikinci massivdən 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. İnzibati icraat materialları ilə göndərilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyətini əks etdirən müayinə (baxış) aktına əsasən Ələt qəsəbəsi, 2-ci massivdə yerləşən torpağ sahəsi ilə bağlı bildirilmişdir ki, torpağ hüquqmüəyyənedici sənəd üzrə 0.06 ha, faktiki olaraq 0.0643 ha yəni 0.0043 ha artıq təşkil edir; torpağ sahəsinin sərhədləri mişar daşları ilə hasarlanmışdır, bir tərəfdən yol, üç tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur; torpaq sahəsi üzərində bir mərtəbəli fərdi yaşayış evi və köməkçi həyət tikililəri var; torpaq sahəsinin üzərindən və yaxınlığından yerüstü kommunikasiya xəttləri keçmir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 186 nömrəli sərəncamına əsasən torpaq sahəsinin müvəqqəti istifadəyə verilməsi haqqında çıxarışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli, 03-28/380 saylı məktubu nəzərə alınaraq, Qaradağ rayonu, Ələt qəsəbəsinin cənub hissəsində, Pirsaat neft yatağının ərazisində, neft-qaz əməliyyatlarının aparılması üçün, 840 ha torpaq sahəsi 30 il müddətinə həmin şirkətin istifadəsinə verilsin. 3.1.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli, 03-28/597 saylı məktubu nəzərə alınaraq, Qaradağ rayonu, Daşgil neft yatağı ərazisində 92 (QƏŞ) saylı istismar quyusunun qazılması üçün 1,5 ha torpaq sahəsi 25 il müddətinə həmin şirkətin istifadəsinə verilsin. 3.2.Neft-qaz əməliyyatı işləri qurtardıqdan sonra, ərazi tikili və qurğulardan azad olunsun və torpaq rekultivasiya edilərək, Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilsin. 3.3.Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hakimiyyətinin başçısına tapşırılsın. -Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli, Sİ-686 nömrəli məktubunda qeyd etmişdir ki, 11 iyul 2007-ci il tarixli 195/01-07 nömrəli məktubunuza cavab olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), bununla da, aşağıda qeyd olunan sənədləri qəbul etdiyini təsdiq edir: 26 may 2007-ci il tarixindən Əsas Ana şirkətin Təzminatı; 25 may 2006-cı il tarixindən keçid haqqında Saziş ARDNŞ həmçinin, X2 Şenqda Qrup Şirkətinin Pirsaat HPBS-də iştirak payının əlli faizinin (50%) Petro-Honqkonq Limited şirkətinə ötürülməsini Pirsaat HPBS-nin qaydalarına və şərtlərinə uyğun həyata keçirilməsini təsdiq edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli, 14-2/2-1330/2023 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı iddiasına dair tələb olunan məlumatların və sənədlərin məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız məktubunuza baxılmış, qoşmada olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi "Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələrin daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq "xxxx" Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrıayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, SOCAR**********30490075X00648 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi “Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələr daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə (“Saziş") əsasən Neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq "Petro-Hong Kong - Pirsaat Oil Limited" şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir, bu səbəbdən də, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir və həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, tərəfinizdən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Eləcə də təqdim edilmiş yerləşmə cigzisində perimetrik ölçülər göstərilməmişdir. “Torpaq islahatı haqqında” Qanunun 6.2-ci maddsinə və Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətinə aid olan torpaqlardır. Qeyd olunanlar nəzərə alınaraq “Daçınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İddiaçıya torpaq ayrılarkən qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 08 avqust 1999-cu ildə dərc edilərək qüvvəsini almış Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır Qeyd olunan normalar onu göstərir ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayırma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayırma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməklə hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Başqa sözlə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. İşin hallarından məlumdur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi - torpaqayırma barədə Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 193 nömrəli sərəncamınnı təqdim etsə də ayrılmış torpaq sahəsinin naturada ayrılmasını göstərən və yerini müəyyən etməyə imkan verən həmin dövrdə tərtib edilmiş yerləşmə cizgisini təqdim etməmişdir. İddiaçı apelyasiya şikayətində yerləşmə cizgisinin Qaradağ rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) Q. Abdullayev tərəfindən təsdiq edildiyini, həmin yerləşmə cizgisinin Google Map proqramı vasitəsilə əldə edildiyini və yerləşdiyi sahənin tam aydın şəkildə göründüyünü qeyd etsə də, Kollegiya iddiaçı ilə razılaşmayaraq bildirir ki, iddiaçının bəhs etdiyi sənəddə torpaq sahəsinin kofiqurasiyası, perimetrik ölçüləri qeyd edilməmiş, yalnız GOOGLE Map proqramından əldə edilmiş məlumata əsasən iddiaçı tərəfindən naturada göstərilmiş faktiki torpaq sahəsinin coğrafi koordinatı, ərazinin peykdən fotoşəkili əks olunmuşdur. Həmçinin Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 193 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin, iddiaçıya torpaq ayrılması zamanı və yerləşmə cizgisi tərtib edilən zaman qüvvədə olan qanunvericilik tələblərinə uyğun olaraq rayon təəsrrüfat müdiri, rayon memarlıq xidməti, rayon icra hakimiyyətinin nümayəndəliyi tərəfindən tərtib edilərək sonda cizginin icra hakimiyyəti tərəfindən təsdiq edilməli olduğu halda həmin peykdən görüntü Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) Q.Abdullayev tərəfindən imzalanmış və Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyətinin “sənədlər üçün” möhürü ilə təsdiqlənmişdir. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinin naturada ayrılmasını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən, torpaqayırma barədə sənədin tərkib hissəsi olan yerləşmə cizgisi sənədini təqdim etməmişdir. Həmçinin cavabdeh iddiaçı tərəfindən faktiki göstərilən koordinatları müəyyən edilmiş torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğunu bildirmişdir. Üçüncü şəxs DNŞ tərəfindən Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələr daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə (“Saziş") əsasən Pirsaat neft yatağı daxil olduğu blok sahəsinin xəritə və coğrafi koordinatları məhkəməyə təqdim edilmiş, həmin xəritədə İddiaçı iddia etdiyi sahənin blokun sərhədləri daxilində yerləşdiyi müəyyən olunmuşdur. "xxxx" Əməliyyat Şirkətinin xx.xx.2024-cü il tarilxi sorğuya cavabında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələr daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X1 Qrup kompani və ARDNŞ-nin Ortaq Neft şirkəti arasında sazişin 2-ci əlavəsinə uyğun olaraq aşağıdakı koordinat nöqtələrinin diapazonu şirkətin istismar etdiyi neft yataqlarının əhatə dairəsinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin Siyahısı”na görə bu Siyahı «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa və «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanına əsasən hazırlanmışdır və əhali və ətraf mühit üçün təhlükə yaradan radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, partlayış-yanğın və zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektləri müəyyən edir. Siyahının 9-cu bəndinə görə neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə aiddir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgsi təqdim edilməməklə bərabər, naturada göstərilən faktiki torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş, sənaye təyinatlı torpaq sahəsi olmaqla Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələr daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə (“Saziş") əsasən "xxxx" Əməliyyat Şirkətinin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi məlum olmuşdur. İPM-nin : 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etdiyindən, iddiaçının apelyasiya şikayəti isə formal mülahizələrə söykəndiyindən, Kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar