Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3589/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehna qarşı “rəyin ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-10795/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehna qarşı “rəyin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı mənzilin yerləşdiyi ünvan 1 ünvanında yerləşən bina qəzalı vəziyyətində olmadığı halda hansı əsasla xx.xx.2020-ci il tarixdə Tikintidə X1 Agentliyi Cavabdeh qanunsuz rəy vermişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi haqqında Əsasnaməyə əsasən Agentlik tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Təsdiq edilmiş əsasnamə ilə Agentliyin vəzifələrinə ərazilərin, binaların və qurğuların təbii və texnogen fəlakətlərdən müdafiəsi üzrə layihələndirmə və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə əməl olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək, tikinti və tikinti ətrafı ərazilərdə müəyyən olunmuş təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək, tikinti norma və qaydalarını pozmaqla həyata keçirilən tikintilərdə, hüquqi və fiziki şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək kimi bir çox vəzifələr daxil edilmişdir. Çoxsaylı vəzifələrindən hazırkı işin halına uyğun olan Əsasnamənin 8.34-cü bəndinə əsasən istismar olunan yaşayış evlərində, binalarda, qurğularda uçma və dağılma təhlükəsi yaradan icazəsiz yenidənqurma və söküntü işlərinin aparılmasının qarşısının alınması üçün tədbirlər işləyib hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək Agentliyin vəzifələrindən biri kimi qeyd edilmişdir. Lakin göründüyü kimi Agentlik Fərmanla təsdiq edilmiş Əsasnamə üzrə bu sahədə üzərinə düşən vəzifələrini lazımınca icra etməmiş və nəticədə vətəndaşların qanunla qorunan hüquq və mənafelərinə mühüm zərərlər vurulmuşdur. Qeyd edilən səbəblərdən bu istiqamətdə Agentliyin Cavabdeh hərəkətləri qanunsuz və əsassız hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-10795/2023 saylı qərardadı ilə (hakim H.Ağalarov) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10795/2023 nömrəli inzibati iş üzrə qərardadının ləğv edilməsi və iddia ərizəsində göstərilən dəlillərin araşdırılması üçün inzibati işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərardadla iddia tələbinin mümkünlük məsələsini yalnız bir cümlə ilə əsaslandırmağa çalışaraq bildirmişdir ki, “mübahisələndirilən rəy özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmır”. Belə bir cümlə ilə və “İnzibati icraat haqqında” Qanunun aidiyyəti olmayan əksər maddələrini qərardada köçürməklə məhkəmə əsassız və qanunsuz tərtib edilmiş qərardadını əsaslandırmağa çalışmışdır. Lakin məhkəmə “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsini bilərəkdən düzgün təfsir etməmişdir. Daha açıq qeyd edək ki, tərtib edilmiş rəy həmin Qanunun 57-ci maddəsində qeyd edilən inzibati aktın bütün formalarına və tələblərinə cavab vermir. Belə ki, yazılı olaraq tərtib edilən rəy kollegial inzibati orqanın vəzifəli şəxsləri tərəfindən tərtib olunaraq həmin inzibati orqanın müvafiq vəzifəli şəxsləri tərəfindən kollegial olaraq imzalanmış və ünvanlandığı şəxs üçün müəyyən və konkret hüquqi nəticə yaratmışdır. Beləliklə, məhkəmənin istinad etdiyi və yeganə dəlil kimi qeyd etdiyi əsas tamamilə yanlış təfsir edilərək iddianın mümkünlük məsələsi barədə düzgün olmayan qərardadın qəbul edilməsi ilə nəticələnmişdir. Mübahisələndirilən “rəy” inzibati orqan olan aidiyyəti qurum tərəfindən tərtib edilmiş və ünvanlandığı şəxs üçün müəyyən və konkret hüquqi nəticə yaradır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi haqqında Əsasnaməyə əsasən Agentlik tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Təsdiq edilmiş əsasnamə ilə Agentliyin vəzifələrinə ərazilərin, binaların və qurğuların təbii və texnogen fəlakətlərdən müdafiəsi üzrə layihələndirmə və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə əməl olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək, tikinti və tikinti ətrafı ərazilərdə müəyyən olunmuş təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək, tikinti norma və qaydalarını pozmaqla həyata keçirilən tikintilərdə, hüquqi və fiziki şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək kimi bir çox vəzifələr daxil edilmişdir. Əsasnamənin 8.34-cü bəndinə əsasən istismar olunan yaşayış evlərində, binalarda, qurğularda uçma və dağılma təhlükəsi yaradan icazəsiz yenidənqurma və söküntü işlərinin aparılmasının qarşısının alınması üçün tədbirlər işləyib hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək Agentliyin vəzifələrindən biri kimi qeyd edilmişdir. Lakin göründüyü kimi məhkəmə inzibati orqanın Fərmanla təsdiq edilmiş Əsasnamə üzrə bu sahədə üzərinə düşən vəzifələrini lazımınca icra etməməsini və nəticədə vətəndaşların qanunla qorunan hüquq və mənafelərinə mühüm zərər vurulmasını hüquqi nəticə yaradan hakimiyyət tədbiri hesab etməmişdir. Məhkəmənin qərardadı qanunsuz (maddi və prosessual hüquq normalarına zidd) və əsassızdır (iş materialları ilə təkzib edilir). Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və cavabdehin nümayəndəsinin isə məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Eyni Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Azərbaycan Respublikası İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Mübahisələndirilən rəy yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Başqa sözlə, rəy özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-10795/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3589/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3589/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver