Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-359/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3045/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 09-12 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsinin, dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 12 avqust 1998ci il tarixli texniki pasport verilmişdir. 24 yanvar 2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısının 31 yanvar 2006-cı il tarixli sərəncamı ilə ünvan 2 ünvanda yerləşən iddiaçıya məxsus 933 saylı aptek binasının rekanstruksiya olunmasına icazə verilmişdir. Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə sözügedən ünvana dair tikinti obyektinin istismarına icazə verilmişdir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəsi tərtib olunmuşdur. Sözügedən ünvana dair texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı 24 dekabr 2019-cu il tarixdə cavabdehə ərizə ünvanlanmışdır. Cavabdeh cavabında göstərmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı tikintiyə icazə, tam tərtib edilmiş istismara icazə təqdim olunmamış və eskiz layihə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3045/2020 saylı qərardadı ilə iddia tələbinin daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3045/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının ünvan 1 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsinin, dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı müvafiq ünvanda yerləşən qeyri-yaşayış binasına dair texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış binası ilə bağlı tikintiyə icazə sərəncamı təqdim edilməmiş, təqdim edilmiş istismara icazə qanunvericiliyə uyğun şəkildə tam tərtib edilməmiş və eskiz layihə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş sərəncam tikintiyə icazə verilməsi barədə deyil, yenidənqurma (rekonstruksiya) işlərinin aparılması barədədir. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən sənədlə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Belə ki, texniki pasportda qeyd edilən tikili sökülərək yerində tikintialtı sahəsi 82,0 kv.m olan əlavə qeyriyaşayış binası inşa edilmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2- 1(103)-833/2021 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1325/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2-1(103)-833/2021 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə təkrar apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsinin, dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3045/2020 saylı qərardadı ilə iddia tələbinin daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. Qərardaddan apelyasiya şikayəti verilməmişdir. Bununla yanaşı, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 3045/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının “ünvan 1 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsinin, dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsi” ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi 2020-ci il 24 noyabr tarixli, 2-1(112)- 3045/2020 nömrəli qərardadla “daşınmaz əmlaka ünvan verilməsi” tələbinə aid hissədə iddianı mümkün saymadığı halda, eyni tarixli qərarla həmin tələb üzrə iddianı həll etmiş, cavabdehin üzərinə iddiaçının “daşınmaz əmlaka ünvan verilməsi” ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi qoymuşdur. Göründüyü kimi məhkəmə iddia tələbindən kənara çıxmış, İPM-in 52-ci maddəsinin tələbini pozmuşdur. İddiaçının müraciətinə yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmalı olduğuna dair məhkəmələrin qənaətinə gəldikdə, birinci instansiya məhkəməsi bu qənaətin prosessual hüquqi əsası kimi İPM-in 73.2-ci maddəsinə istinad etmişdir. Həmin normaya görə, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi istinad olunan maddəyə əsasən iddiaçının müraciətinə yenidən baxılması barədə cavabdehin üzərinə öhdəlik qoymuş, lakin həmin normada nəzərdə tutulan iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsini mümkün etməyən halları göstərməmiş, məhkəmənin hüquqi mövqeyini nədə ifadə etməsini göstərməmiş, bununla bağlı hüquqi əsaslandırma aparmamışdır. İPM-in 73.3-cü maddəsində bununla bağlı olaraq təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Göründüyü kimi, birinci instansiya məhkəməsinin istinad etdiyi məsələ İPM-in 73.3.3-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda tətbiq edilə bilər. Həmin normanı tətbiq edə bilmək üçün isə vacib şərt ondan ibarətdir ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmaması halı müəyyən edilmiş olmalıdır. Hazırkı işdə isə məhkəmənin belə bir halı müəyyən etdiyi görünmür. Bundan əlavə, məhkəmə kollegiyası əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq bir daha qeyd edir ki, İPM-in 73.3.3-cü maddəsi məcburetmə haqqında iddialarda tətbiq edilən normadır. Hazırkı işdə isə iddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı isə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 4.7-1.2-ci bəndinə əsasən digər tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə verilməklə) 101.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirirlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 13.1-ci maddəsinə dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.9-cu bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. İş materialları ilə müəyyən olunur ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Mülkiyyət hüququ haqqında xx.xx.2006-cı il tarixli Şəhadətnamənin surətinə əsasən İddiaçı ünvan 5 ünvanında yerləşən 933 saylı aptekin (ayrıca tikili) mülkiyyətçisidir. İddiaçıya qeyri-yaşayış sahəsinə dair 12 avqust 1998-ci il tarixli texniki pasport verilmişdir. Həmçinin qeyd olunan qeyri-yaşayış sahəsinə dair 24 yanvar 2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısının 31 yanvar 2006-cı il tarixli sərəncamı ilə ünvan 2 ünvanda yerləşən iddiaçıya məxsus 933 saylı aptek binasının rekanstruksiya olunmasına, eləcə də Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə sözügedən ünvana dair tikinti obyektinin istismarına icazə verilmişdir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəsi tərtib olunmuşdur. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, sözügedən ünvana dair texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsini xahiş etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi sözügedən qeyri yaşayış binası ilə bağlı tikintiyə icazə, tam tərtib edilmiş istismara icazə təqdim olunmadığı və eskiz layihə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmadığı və elektron kadastr məlumatına əsasən sənədlə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqin mövcud olduğu göstərilmişdir. Bundan başqa iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, ünvan 6 ünvanda yerləşən qeyri yaşayış binasına dair 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sənədlə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinin aidiyyəti şöbəsinin mütəxəssisi tərəfindən keçirilmiş texniki baxış zamanı şəhadətnamə və texniki pasporta göstərilən tikintialtı sahəsi 63,7 m2 olan qeyri yaşayış binası sökülmüş, yerində tikintialtı sahəsi 72,4 m2 olan yeni 1-mərtəbəli tikili inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasında, eləcə də apelyasiya şikayətində “sözügedən qeyri yaşayış binası ilə bağlı tikintiyə icazə, tam tərtib edilmiş istismara icazə təqdim olunmamış və eskiz layihə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır və elektron kadastr məlumatına əsasən sənədlə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur” barədə dəlilinə münasibətdə qeyd edir ki, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.1998-ci il tarixli Texniki Pasportdan görünür ki, qeyri-yaşayış sahəsi 1 saylı satış sahəsi (18,9 m2), 2 saylı kabinet (7,3 m2), 3 saylı dərmanların hazırlanması (9,6 m2), 4 saylı mətbəx (3,2 m2), 5 saylı ayaqyolu (2,0 m2), 6 saylı dəhliz (1,5 m2), 7 saylı anbar (6,1 m2) tikililərindən ibarət olmaqla cəmi sahəsi 48,6 kv.m təşkil etmişdir. Eyni zamanda texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsinin tikinti sahəsi 63,7 kv.m təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının “Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 31 ünvanında yerləşən 933 saylı aptekin rekonstruksiya olunması haqqında” 35 nömrəli xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 30 saylı ünvanda yerləşən, İddiaçı məxsus 933 saylı aptek binasının rekonstruksiya olunmasına icazə verilmişdir. Həmçinin iş materiallarında olan notarial qaydada təsdiq edilmiş Xəzər Rayon İcra Hakimiyyətinin Ə-10-149 nömrəli xx.xx.2018-ci il tarixli “Tikinti obyektinin istismarına İcazə”sinə əsasən Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 30 ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. İş materiallarında olan ünvan 6 ünvanında vətəndaş İddiaçı məxsus qeyri-yaşayış obyektinin 2017-ci il tarixli, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Eskiz Layihəsindən görünür ki, qeyri yaşayış sahəsi 7 müxtəlif tikilidən ibarət olmaqla ümumi sahəsi 67,3 kv.m təşkil edir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6853 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyektinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə ölçüləri ayrı-ayrı tikililərin yerləşmə vəziyyəti və.s texniki göstəriciləri həmin qeyri-yaşayış sahəsinə dair 2017-ci il tarixdə tərtib edilmiş və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihəsinə uyğundur. Ekspert rəyinin tədqiqatın nəticəsinə əsasən iddiaçıya məxsus ünvan 8 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinin xx.xx.1998-ci il tarixli texniki pasportda göstərilən texniki parametrlər (tikililərin yerləşmə vəziyyəti, ölçüləri, konfiqurasiyası, qeyri yaşayış sahəsinin ümumi sahəsi) ilə həmin qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında fərq olduğu müəyyən edilir. Qeyd olunmuşdur ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə ölçüləri ayrı-ayrı tikililərin yerləşmə vəziyyəti və.s texniki göstəriciləri həmin qeyri-yaşayış sahəsinə dair Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihəsinə uyğundur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin hallarından da göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış binasının rekonstruksiya olunmasına icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş, faktiki vəziyyətdə ölçüləri icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş eskiz layihəsinə uyğun olmuş və obyektinin istismarına icazə verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qanunvericiliyin tələblərini formal mülahizələrdən çıxış edərək iddiaçının müraciətini təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.24-ci bəndlərinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallar düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6853 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3045/2020 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutularaq AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN********** müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Səadət Bəktaşi Hakimlər: Azər Hüseynov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-359/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-359/2022
12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver