Məhkəmə qərarları › İş №2-1(103)-359/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-359/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-359/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin direktoru X2, vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)-2251/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 30 iyun 2021-ci il tarixli **********147920 nömrəli məsuliyyətə cəlb qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********200074 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar xx.xx.2021-ci il tarixində tərtib edilmiş **********200236 nömrəli “Səyyar vergi yoxlaması aktı” tərtib edilərkən, səyyar vergi yoxlaması keçirilən zaman və həmçinin xx.xx.2021-ci il tarixli **********200236 nömrəli “Səyyar vergi yoxlaması aktı” əsasında çıxarılmış xx.xx.2021-ci il tarixli **********147920 nömrəli məsuliyyətə cəlb Qərarı ilə qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. İlk növbədə **********200236 nömrəli “Səyyar vergi yoxlaması aktı”nda qeyd edilmiş əlavə hesablanmış vergi məbləğləri həmçinin mütənasib olaraq hesablanmış maliyyə sanksiyalarının heç bir əsası yoxdur. Belə ki, hesablama zamanı Cəmiyyətin gəlirlərinin hansı hesablama bazası əsasında müəyyən edildiyi barədə heç bir məlumat verilməmiş, mənfəət vergisi olaraq 9718 manat vergi hesablanması üçün əsas olan artıq dövriyyə məbləği əsaslandırıla bilməmiş və aktda yalnız 2019-cu il də xərclərin düzgün göstərilməməsi qeyd edilmişdir. Yoxlama zamanı 2017-2019-cu illər üzrə 1192,28 manat, o cümlədən 2017-ci il üzrə 365,84 manat, 2018-ci il üzrə 511,41 manat, 2019-cu il üzrə 315,03 manat əmlak vergisini mülkiyyət və ya balansda olan hansı əmlaka və hansı əsasla əmlak vergisi hesablanması əsaslandırılmamış və göstərilməmişdir. Yeganə əsas xx.xx.2017-ci ildən etibarən sadələşdirilmiş vergi ödəyiciləri artıq əmlak vergisi ödəyiciləri hesab edilməsi olmuşdur. Eləcə də ödəmə mənbəyindən vergi olaraq 63027,5 manat vergi məbləğinin azaldılması ilə də razı deyillər və cavabdeh orqan həmin məbləği hansı əsasla hesablanmasını qeyd etməmişdir. Yoxlama aktı ilə 2019-cu il üzrə 9718 manat mənfəət vergisinə görə 50 %, yəni 4859,0 manat, 2017-2019-cu illər üzrə bəyannamə təqdim etməməklə 1192,28 manat əmlak vergisinin yayındırılmasına görə 50% məbləğində, yəni 596,14 manat məbləğində, 2019-cu ilin 4-cü rübü üzrə bəyannamə təqdim etməməklə 63027,50 manat ödəmə mənbəyindən verginin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 %, yəni 31513,75 manat məbləğində maliyyə sanksyası, ümumilikdə 90934,47 manat maliyyə sanksiyasını tətbiq etmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən faktiki yoxlanılan müəssisə, dövr və məhsullar üzrə heç bir ekspertiza keçirilməsi barədə qərar qəbul etməmiş, olduğu halda isə yoxlanılan şəxsi bu qərarla tanış etməmiş və onun Vergi Məcəlləsi ilə müəyyən olunan hüquqlarını ciddi şəkildə pozmuşdur. Yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən yoxlamanın başlaması tarixindən əvvəl mövcud olmuş, digər bir ekspert rəyi əsas götürülərək əlavə hesablamalar aparılmışdır. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar yoxlama aparılan zaman yoxlamanın başlanıldığı tarixdən öncə mövcud olmuş ekspert rəyi əsas götürüldüyü halda belə yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən yoxlanılan şəxsə bu barədə məlumat verməməklə Cəmiyyətin Vergi Məcəlləsi ilə nəzərdə tutulan hüquqları ciddi şəkildə pozulmuşdur. Cavabdeh mübahisələndirilən qərarında qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən mübahisələndirilən qərarların hazırki iş üzrə mübahisələndirilən hissələrdə əsassız olduğu müəyyən edilir ki, bu da öz növbəsində həmin aktın və qərarın həmin hissələrdə ləğv edilməli olması qənaətinə gəlmək üçün məhkəməyə kifayət qədər əsas verir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, səyyar vergi yoxlaması aktı iddiaçı tərəfindən qəbul edilmiş və hər hansı etiraz qeyd edilməmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Lakin işin hallarından da görünür ki, xx.xx.2021-ci il tarixli **********200236 saylı “Səyyar vergi yoxlaması Aktı” ilə iddiaçı razılaşmış və müvafiq olaraq da xx.xx.2021-ci il tarixli **********147920 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar da iş materiallarından göründüyü kimi iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq qəbul edilmişdir. Yəni iddiaçı məhkəmədə mübahisələndirmə müddətini ötürdüyü inzibati aktın qanuni və əsaslı olması ilə razılaşmışdır. Hesablama ilə bağlı qeyd edilməlidir ki, yoxlama ilə 9718.0 manat mənfəət vergisinin, 1192.28 manat əmlak vergisinin, 63027.5 manat ödəmə mənbəyində tutulan verginin az hesablanması cəmi 73937.78 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 36968.9 manat məbləğində və 58.7.1-ci maddəsinə əsasən 90934.47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Həmin Məcəllənin 23.1.3-cü maddəsi ilə Məcəllə ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçiriməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların həmin orqanın əsaslandırılmış qərarı əsasında baxışını keçirmək hüququ vardır. Vergi Məcəlləsinin göstərilən bu maddələrinə əsalanaraq yoxlama zamanı iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2020-ci il tarixli **********136865 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” Qərarla müəssisənin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Gülbaxt daş yatağı ünvanda yerləşən əhəng daşı karxanasında ərazinin, binaların, istehsal sahəsinin, xammal-materialın, avadanlıqların, hazır məhsulun, mal qalığının, əşyaların, digər aktivlərin və sənədlərin baxışı keçirilmişdir. Baxış zamanı müəssisənin faktiki olaraq tir blok mişar daşının istehsalı ilə məşğul olduğu, digər növ sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi müəyyən edilməmişdir. Baxışın nəticələrinə görə müvafiq qaydada protokol tərtib edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlama nəticəsində müəssisə tərəfindən 2019-cü ilin 4-cü rübü üzrə ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləği, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 63027.50 manat azaldılması müəyyən edildi. Mənfəət vergisi üzrə: Yoxlama nəticəsində müəssisə tərəfindən 2019-cü il üzrə mənfəətdən verginin bəyannamədə göstərilən məbləği, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 9718 manat azaldılması müəyyən edilmişdir. Müəssisə tərəfindən 2019-cu il ərzində xərclərin düzgün göstərilməməsi kənarlaşmaya səbəb olmuşdur. Əmlak vergisi üzrə: Yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisənin Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Gülbaxt daş karxanası ünvanında yerləşən istehsal obyektində olan əsas vəsaitlər müəssisə tərəfindən uçota alınmamışdır. Həmin əsas vəsaitlərlərin alınması ilə ilkin sənədlər, aktlar və sair yoxlamaya təqdim edilmiş, lakin müəssisə tərəfindən əmlak vergisi hesablanmamışdır. Yoxlama zamanı müəssisənin 2017-2019-cu illər üzrə əmlak vergisinin ödəyicisi olduğunu müəyyən edildiyindən, həmin verginin hesablanması zərurəti yaranmışdır. Belə ki, xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildir. 16 dekabr 2016-cı il tarixli 454-QD nömrəli Qanunla Vergi Məcəlləsinə edilmiş düzəlişə əsasən həmin maddədən “əmlak vergisi” sözləri çıxarılmışdır. Göründüyü kimi xx.xx.2017-ci ildən etibarən sadələşdirilmiş vergi ödəyiciləri də artıq əmlak vergisinin ödəyiciləri hesab edilirlər. Yuxarıda qeyd edilənlərə əsasən müəssisənin 2017-ci il tarixindən etibarən əmlak vergisinin ödəyicisi olduğu müəyyən edilmişdir. Bu səbəbdən 2017-ci, 2018-ci və 2019-ci illər üzrə əmlak vergisinin hesablanması üçün müəssisənin əsas vəsaitlərinin ilkin və qalıq dəyərinin, əmlak vergisinin hesablanması üçün istifadə edilmişdir. Belə ki, 2017-ci ilin əvvəlinə olan əsas vəsaitlərin qalıq dəyəri 2389,60 manat+ ilin sonuna olan əsas vəsaitlərin qalıq dəyəri 70779 manat=365,84 manat, 2018-ci ilin əvvəlinə olan əsas vəsaitlərin qalıq dəyəri 70779 manat + ilin sonuna olan əsas vəsaitlərin qalıq dəyəri 31503 manat=511,41 manat və 2019-cu ilin əvvəlinə olan əsas vəsaitlərin qalıq dəyəri 31503 manat + ilin sonuna olan əsas vəsaitlərin qalıq dəyəri 31503 manat/2*1 % (dərəcə ilə) 315.03 manat müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə müəssisənin 2017- 2019-cu illər üzrə əmlak vergisinin bəyannamələrinin vergi orqanına təqdim etməməklə 1192.28 manat əmlak vergisindən yayındılması müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)-2251/2022 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 30 iyun 2021-ci il tarixli **********147920 saylı vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı "xxxx" MMC-nə 2017-2019-cu illər üzrə 1192.28 manat məbləğində əmlak vergisinin hesablanması və həmin məbləğdə 596,14 manat maliyyə sanksiyasının tətbiq edilməli, ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə 27174,93 manat maliyyə sanksiyasının tətbiq edilməli və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 160 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməli hissələri istisna olmaqla qalan hissədə ləğv edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğinin 100 (yüz) manat hissəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi, 50 (əlli) manat hissəsinin isə iddiaçı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın təmin edilən hissədə də rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının direktoru apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə-iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 iyun 2021-ci il tarixli, **********200236 saylı səyyar vergi yoxlaması aktından görünür ki, "xxxx" MMC üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticəsi olaraq 2019-cu il üzrə 9718 manat məbləğində mənfəət vergisinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 4859 manat mbləğində maliyyə sanksiyası tətbiq edilməsi, yoxlanılan dövr üzrə 2017- 2019-cu illər üzrə bəyannamə təqdim etməməklə 1192.28 manat məbləğində əmlak vergisinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 596,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, yoxlanılan dövr üzrə 2019-cu ilin 4-cü rübü üzrə bəyənnamə təqdim etməməklə 63027,50 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 31513,75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, yoxlanılan dövrdə vergi bəyənnamələrinin və arayışların əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 160 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, yoxlanılan dövrdə vergi “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasına görə kommunal xidmətlərinin (o cümlədən işıq haqqının) və əmək haqlarının, müavinətlərin, maddi yardımların, işçi ilə aparılan son haqq-hesab üzrə nağd qaydada ödənilən pul vəsaitlərinə və təqvim ayı ərzində ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 90934.47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********147920 saylı, 30 iyun 2021-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələi haqqında 30 iyun 2021-ci il tarixli, **********200236 saylı səyyar vergi yoxlaması aktına baxaraq 2019-cu il üzrə 9718 manat məbləğində mənfəət vergisinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 4859 manat mbləğində maliyyə sanksiyası tətbiq edilməsi, 2017-2019-cu illər üzrə bəyannamə təqdim etməməklə 1192.28 manat məbləğində əmlak vergisinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 596,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, yoxlanılan dövr üzrə 2019-cu ilin 4-cü rübü üzrə bəyənnamə təqdim etməməklə 63027,50 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 31513,75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, yoxlanılan dövrdə vergi bəyənnamələrinin və arayışların əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 160 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. İddiaçı barəsində qəbul edilmiş qərar üzrə hesablanmış əlavə vergi borcunun düzgün hesablanıb hesablanmamasının müəyyən edilməsi məqsədilə məhkəmənin 10 fevral 2022-ci il tarixli qərarla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında sözügedən qərarda göstərilən mənfəət, əmlak vergisi, ödəmə mənbəyindən tutulan vergilər üzrə azaldılmış vergi məbləğləri üzrə hesablanmış məbləğin düzgün müəyyən edilib-edilmədiyi, həmin vergilər üzrə, o cümlədən ödənişlərin nağd qaydada həyata keçirilməsnə görə maliyyə sansiyasının düzgün tətbiq edilib-edilməməsi, "xxxx" MMC-nin hesabatlarının gəlir və xərclərinə uyğun tərtib edilibedilmədiyi, iş materiallarında olan sənədlərlə "xxxx" MMC-nin 2017-2019-cu illər üzrə fəaliyyətinin yoxlanılmasına dair səyyar vergi yoxlaması aktı və onun əsasında qəbul edilmiş qərar ilə hesablanmış məbləğlərin təsdiq edilib edilmədiyi barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1521 saylı, 26 aprel 2022-ci il tarixli ekspert rəyindən görünür ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 1192.28 manat məbləğində əmlak vergisinin az hesablanması və ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə 27147,93 manat məbləğində maliyyə sanksiyasının düzgün hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, iş materiallarında olan yoxlama aktından göründüyü kimi, vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər üzrə vergi ödəyicisi tərəfindən yalnız mənfəət vergisi üzrə hesabat verilmişdir ki, təqdim edilmiş sənədlərlə verilmiş hesabat arasında kənarlaşma müəyyən olunmamışdır. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarıdır. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.4. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək vergi orqanının vəzifəsidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək vergi ödəyicisi vergi qanunvericliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Azərbaycan Rcspublikası Ali Məhkəməsi Plenumunun «Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2003cü il tarixli, 5 nömrəli Qərarı ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Mübahisələndirilən qərar üzrə iddiaçıya yoxlanılan dövr üzrə 63027,50 manat məbləğində ödəmə mənbəyindən tutulan vergi və həmin verginin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 31513,75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Lakin iş materialları ilə cavabdehin səyyar vergi yoxlaması aktının mənfəət və ödəmə mənbəyində tutulan vergi üzrə hissəsində əlavə hesablanmış vergilərin əsası və Vergi Məcəlləsinin hansı maddəsinin tələblərinə əsasən və hansı dövr üzrə hesablanması öz əksini tapmamışdır. İş materiallarında olan sənədlərlə, həmçinin aparılmış ekspertiza nəticəsində Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla yoxlama ilə hesablanmış əlavə vergi məbləğlərinin (mənfəət və ÖMV üzrə) düzgünlüyü müəyyən olunmamışdır. Həmçinin ekspert rəyinin tədqiqi hissəsində göstərilmişdir ki, iş materiallarında olan yoxlama aktında vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər üzrə vergi ödəyicisi tərəfindən yalnız mənfəət vergisi üzrə hesabat verilmişdir və tədqiqata təqdim edilmiş sənədlərlə verilmiş hesabat arasında kənarlaşma müəyyən olunmamışdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 63027.50 manat ödəmə mənbəyindən tutulan vergi və həmin verginin yayındırılmasına görə yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 31513,75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində mübahisələndirilən qərar əsassız olmuşdur. Həmçinin mübahisələndirilən qərar üzrə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində nəzərdə tutulmuş hüquq pozuntularına görə 90934.47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Maliyyə sanksiyasının 38465,54 manat hissəsi stasionar telefon xidmətlərinin və kommunal xərclərin nağd qaydada qəbul edilməsi üzrə, 27147,93 manat hissəsi əmək haqlarının (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərin), pensiyaların, təqaüdlərin, maddi yardımların, müavinətlərin, (o cümlədən, birdəfəlik müavinətlərin), kompensasiyaların və təzminatların nağd qadada ödənilməsi üzrə, 25321,00 manat hissəsi isə təqvim ayı ərzində ümumi məbləği 30000 manatdan (15000 min manatdan) artıq olan hesablaşmalar üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsi üzrə hesablanmışdır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. 3.2-ci maddəsinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. 3.4-cü maddəsinə əsasən bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar; 3.4.5. stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Lakin keçirilmiş ekspertiza üzrə tədqiqatla təqdim edilmiş iş materiallarında olan sənədlər, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla yoxlama ilə stasionar telefon xidmətlərinin və kommunal xərclərin nağd qaydada qəbul edilməsinə və təqvim ayı ərzində ümumi məbləği 30000 manatdan (15000 min manatdan) artıq olan hesablaşmalar üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə hesablanmış maliyyə sanksiyasının düzgünlüyü müəyyən olunmamışdır. Tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə əmək haqqlarının (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərin), pensiyaların, təqaüdlərin, maddi yardımların, müavinətlərin, (o cümlədən, birdəfəlik müavinətlərin), kompensasiyaların və təminatların nağd qaydada ödənilməsi üzrə 27147,93 manat məbləğində maliyyə sanksiyasının düzgün hesablanması müəyyən olunmuşdur. Cavabdeh tərəfindən həmin məbləğin həqiqəti əks etdirməklə, bank hesablarına sərəncam qoyulduğundan nağd qaydada ödənilməsi təkzib edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində nəzərdə tutulmuş hüquq pozuntularına görə 27147,93 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməli olduğu halda 90934.47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı barəsində qəbul etdiyi 30 iyun 2021-ci il tarixli **********147920 saylı qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu tam olaraq sübuta yetirə bilməmişdir. Odur ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)-2251/2022 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar