Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-359/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-514/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona ikinci dərəcəli əlilliyinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…2008-ci ildən ağır formada şəkər xəstəsidir. İkinci qrup əlillik dərəcəsi ilə pensiya alırdı. Sonuncu dəfə 2021-ci ilin iyun-iyul aylarında Sabunçu rayonunda yerləşən xəstəxanaya şəkərin və hipertoniyanın ağır formasında yerləşdirilmiş, bundan sonra xəstəlik tarixindən çıxarışı qeydiyyatda olduğu poliklinikaya təqdim etmiş, bir aydan sonra isə cavabdehə müraciət etmişdir. Cavabdeh xeyli müddət keçdikdən sonra (10 gün bundan əvvəl) elektron cavab vermişdir ki, ona əlillik verilmir. Səbəbi kimi əlavə müailicəyə ehtiyacı var. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Ona görə ki, 10 ildən çox sağalmaz xəstəliyə tutulub, müxtəlif xəstəxanalarda stasionar müalicə almış, ayaq üstə dura və sərbəst yeriyə bilmir. Həyat yoldaşı ev işlərini görməklə bərabər ona qulluq edir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçıya xx.xx.2016-cı il tarixli göndəriş əsasında beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli göndərişə baxılmış və iddiaçının əlavə müalicəyə ehtiyacı olması əsası ilə ikinci dərəcəli əlilliyin təyin olunmasından imtina edilmişdir. Aidiyyəti tibb müəssisələrində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-514/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ikinci dərəcəli əlilliyin xx.xx.2021-ci il tarixdən təyin (bərpa) edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiyanın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Məhkəmənin əvvəlki xx.xx.2023-cü il taixli iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının nə gəzə, nə də ki, ayaq üçstə dura bilmədiyini yataq rejimində olduğunu bildirərək, cavabdehin apellyasiya şikayətini əsassız hesab etmişdir). İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.1-ci yarınmbəndinin 2-ci hissəsinə əsasən İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığıdır. Həmin Meyarların 3.1.2-ci yarımbəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz müəyyən edilir. Həmin Meyarların 11-ci bəndindən görünür ki, orqanizmin endokrin sisteminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbindən əmələ gəlmiş davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi simtomatikanın təzahür dərəcəsinin və xarakterinin, klinik və instrumental müayinə üsullarının nəticələrinin, eləcə də müasir reabilitasiya üsullarının tətbiqi ilə pozulmuş funksiyaların kompensasiya edilməsi imkanlarının qiymətləndirilməsinə əsaslanır. Həmin Meyarların 11.1.4.2-ci və 11.2.1-ci (E10), 11.2.2 (E10-E14; N08.3) bəndindən görünür ki, çoxsaylı ağırlaşmalarla şəkərli diabet, insudlindən asılı diabet, böyrəklərin zədələnməsi ilə şəkərli diabet-diabetik nefropatiya, diabetik nefropatiya İİ dərəcə (65- 80%) əlillik kimi qiymətləndirilir. Eyni zamanda, qeyd olunmalıdır ki, 2021-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.6-cı və 2.2.7-ci bəndlərində əsasən N18-N18.9 E07- E07.9, E10 ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri və endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər zamanı dərəcə əlillik təyin edilir. İş materiallarına əlavə edilmiş Bakı 28 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli (imzalandığı tarix) göndərişindən görünür ki, iddiaçıda qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə müvafiq olaraq əlillik təyinatına əsas verən aşağıdakı xəstəliklər aşkar edilmişdir: Əsas diaqnoz: -E10.7 İnsülindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip.insutin tələbli Orta ağır forma, Ağırlaşmalar: - H52.0 Hipermetropiya, OU-Zəif dərəcəli hipermetropiya, -N18.3. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, xroniki böyrək çatışmazlığı İİİ mərhələ, -G63.2 Diabetik polinevropatiya (E10-E14 ümumi dördüncü 4 işarəsi ilə) . Şəkərli diabet İİ tip, İnsulin tələbli orta ağır forma, Yanaşı xəstəlikər: -125 Ürəyin xroniki işemik xəstəliyi, ÜİX.Gərginlik Stenokardiyası İİİ F.S -K81.1 Xroniki xolesistit, tez-tez kəskinləşmələrlə. Ağırlaşmalar: - N.08.3 Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Diabetik nefropatiya.), -H36,0 Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə). Torlu qişanın toksiki zədələnməsi, -D50 Dəmir defisitli anemiya, Xroniki Anemiya, Yanaşı xəstəlikər: -İ10 Essersial (birincili) hipertoniya, Arterial Hipertoniya İİ mərhələ. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş təkrar məhkəmə tibbi ekspertizasının nəticələrinə dair AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 38No-li rəydə ekspertlər tərəfindən aparılmış iddiaçının əyani müayinəsi zamanı iddiaçıda 088 saylı forma göndərişdə qeyd edilən “E10.7.İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, İnsulin tələbli orta ağır forması; Ağırlaşma: H52.0- Hipertoniya, OU-zəif dərəcəli hipertoniya” diaqnozu öz təsdiqini tapmış və qeyd olunmuşdur ki, onun bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkün deyildir. Həmin rəydə ekspertlər tərəfindən əlillik dərəcəsi (meyarı) ilə bağlı suala məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid olmadığı əsas gətirilərək cavab verilməmiş, hazırkı mərəhələdə məhkəmə kollegiyası tərəfindən məsələyə münasibət bildirilməsi üçün cavabdeh Agentliyə müvafiq aralıq qərardad qəbul edilərək icra edilməsi üçün göndərilsə də, sonuncu iddiaçının xəstəlik “diaqnozunun əlillik əlaməti təyin etməməsi barədə” 11 yanvar 2024-cü il tarixli qərar qəbul edərək, iddiaçının ilkin müraciətinə imtina qərarında göstərilən mövqeyini təkrarlamışdır. Məhkəmə kollegiası cavabdehin qeyd olunan qərarı ilə razılaşmır. Çünki, 088 forma tibb göndərişdən, habelə, məhkəmə-tibb ekspertizanın rəyindən göründüyü kimi, iddiaçının müalicələrinə baxmayaraq onun əsas diaqnozda təsbit olunan xəstəliyi bu gün də çoxlu sayda ayğırlaşmaları və yanaşı xəstəliyi davam etməkdədir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. Beləliklə də, işin tədqiq olunan sübutlarla müəyyən olunan hallara və qanunvericiliyin qeyd olunan tələblərinə əsasən cavabdeh Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya əlillik təyinindən imtinasının əsassız olduğu və iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsi qərarında da məhz, yuxarıda göstərilənlər nəzərə alınmaqla, iddianın təmin olunması barədə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətlərə yol verilmədiyini, eyni zamanda baxmayaraq ki, qanunvericiliklə əlilliyə əsas verən hallar müəyyən olunmuşdur, onun diskression səlahiyyətinə məhkəmə tərəfindən müdaxilə edildiyini və maddi hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul olunduğunu mübahisələnirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-514/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-514/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-359/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-359/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver