Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3590/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “VÖEN-in ləğvi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə (və ya Vergilər Nazirliyi), Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinə və Cavabdeh2nə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərin üzərinə iddiaçını bu zamana kimi xəbərdar etmədən, yəni 2020-ci ilin aprel ayından Esosial.az-dan gələn cavab mesaj vasitəsi ilə xəbər tutduğu 2018-ci ildən adına əsassız və qərəzli halda açılmış VÖEN-i ləğv edilmə öhdəliyinin, iddiaçıya VÖEN barəsində xəbərdar etmədən adına açılmış VÖEN-ə görə sahibkarlıq fəaliyyəti olmadan adına açılmış bəyannamələri, hesabatları ləğv edilmə öhdəliyinin və cavabdehlərin əməlləri sayəsində, əsassız VÖEN sayəsində iddiaçıya dövlətin təyin etdiyi kompensasiyalarından, işsizlik müavinətlərindən və VÖEN-ə görə işdən məhrum olduğu üçün cavabdeh orqanların üzərinə iddiaçını və arvadını işlə təmin olunmaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2020-ci ilin fevral ayından işsizdir, heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, VÖEN açdırmamışdır. Bu ilin fevral ayından işsiz olduğu üçün işsizliyə görə verilən 190 manat müavinətin alınması üçün müraciət etmiş, 2020-ci ilin aprel ayında ona mesaj gəlmişdir ki, onun aktiv VÖEN-i var. Bununla bağlı dəfələrlə cavabdehlərə müraciət etsə də, müraciətləri təmin edilməmişdir. Hesab edir ki, Vergilər Nazirliyinin qərəzli mövqeyinə görə iddiaçı və arvadı haqqında məlumatları şikayət ərizəsindən əldə edərək adına olmadığı halda, əsassız və qanunsuz VÖEN açılmışdır. Eyni ayda qərəzli halda ailəsinə açılmış iki VÖEN qanunsuz və əsassızdır, işgüzar nüfuzuna zərbədir. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, vergi orqanı tərəfindən 30 yanvar 2018-ci il tarixli **********8184 nömrəli qərar əsasında keçirilmiş operativ vergi nəzarət tədbiri nəticəsində bir neçə şəxsin, o cümlədən iddiaçının vergi orqanında qeydiyyatdan keçmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkar edilmişdir. Həmçinin, operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı araşdırmaya izahat verərək Lökbatan qəsəbəsi ev 1594-cü keçid ünvanında vergi orqanında qeydiyyatdan keçmədən Parfümeriya mağazasında fəaliyyət göstərdiyini bildirmiş, həmçinin tez bir zamanda qeydiyyatdan keçəcəyini qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-2900/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2- 1(103)-304/2022 nömrəli qərardadı ilə, apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-2900/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 13 sentyabr 2022ci il tarixli, 2-1(102)-1512/2022 saylı qərarı ilə, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-304/2022 nömrəli qərardadı qismən, iddia tələbinin “iddiaçının adına açılmış VÖEN-in ləğv edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-304/2022 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2- 1(103)-895/2023 nömrəli qərardadı ilə, iddiaçının apellyasiya şikayəti yoxlanılan hissədə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-2900/2021 saylı qərardadı qismən, iddia tələbinin “iddiaçının adına açılmış VÖEN-in ləğv edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(112)-7107/2023 saylı qərardadı ilə, iddiаçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi və Cavabdeh2nə qarşı “VÖEN-in ləğvi” tələbinə dair iddiası cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Cavabdeh2nə münasibətdə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2-1(112)-7107/2023 saylı qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmiş, İddiaçı adına 22 may 2018-ci il tarixdə açılmış vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN **********) ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının vergi uçotuna alınması inzibati orqanın əsaslı şübhələri ilə bağlı deyil, aşkar edilmiş fakt əsasında həyata keçirilmişdir. vergi orqanı tərəfindən 30 yanvar 2018-ci il tarixli **********8184 nömrəli qərar əsasında keçirilmiş operativ vergi nəzarət tədbiri nəticəsində bir neçə şəxsin, o cümlədən iddiaçının vergi orqanında qeydiyyatdan keçmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkar edilmişdir. VM 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının xx.xx.2018-ci il tarixdən vergi uçotuna alınması təmin edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. 33.5. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. (xx.xx.2023-cü ilədək qüvvədə olan redaksiya) 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 34.2. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” 1.3. Aşağıda qeyd edilən şəxslər vergi orqanlarında uçota alınırlar: 1.3.1. Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslər; 1.3.2. ailə kəndli təsərrüfatlarının başçıları; 1.3.3. torpaq mülkiyyətçiləri. 2.2. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir; 2.3. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir; 2.4. Fiziki şəxsi uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. BuQaydaların məqsədləri üçün təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Ərizədə göstərilənlərin düzgünlüyünə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi cavabdehdir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin forması Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilən jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Sadalanan normalardan görünür ki, fiziki şəxsin vergi uçotuna alınmasının qaydası vergi orqanına uçota alınma barədə ərizə ilə müraciət edilməsidir. Fiziki şəxs məhz sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma barədə vergi orqanına ərizə təqdim etməlidir. Hazırkı iş üzrə iddiaçı xx.xx.2018-ci il tarixdə vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır və vergi uçotuna alınma iddiaçının ərizəsi əsasında deyil, vergi orqanının öz təşəbbüsü ilə baş vermişdir. Halbuki, mübahisələndirilən dövr qanunverciliyi ilə qeyd edildiyi kimi vergi ödəyicisinin ərizəsi olmadan vergi orqanı şəxsi vergi uçotuna bilməz, başqa sözlə, məcburi vergi uçotuna alınma qanunla nəzərdə tutulmamışdır. Yalnız 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş 9 dekabr 2022-ci il tarixli 677- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə Vergi Məcəlləsinin 33.5-ci maddə yeni redaksiyada verilmişdir: 33.5. Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Göründüyü kimi yalnız xx.xx.2023-cü il tarixdən etibarən Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən vergi orqanının öz təşəbbüsü ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olub, lakin uçota durmayan fiziki şəxslərin məcburi vergi uçotuna alınması qaydası nəzərdə tutulmuşdur. İddiaçının vergi uçotuna alınması xx.xx.2023-cü ildən əvvələ təsadüf etdiyindən qanunla nəzərdə tutulmayan qaydada uçota alınmış vergi ödəyicisinə gəlir vergisinin hesablanması da əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şühbələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da (2-1(102)-2536/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli və 2-1(102)- 1186/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli Qərarlar) göründüyü kimi müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Məmməd Məmmədov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3590/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3590/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver