Məhkəmə qərarları › İş №2-1(103)-3591/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3591/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3591/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər DİN Baş Əməliyyat Axtarş İdarəsi, Ədliyyə Nazirliyi Baş İcra və Probasiya İdarəsinə qarşı “zərərin ödənilməsi və cavabdehlərin əməlində cinayət tərkibinin olmasının müəyyənləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-9652/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş İcra və Probasiya İdarəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Axtarış İdarəsindən, Cavabdeh2 vərəsələrindən iddiaçının xeyrinə 9398 (doqquz min üç yüz doxsan səkkiz) manat əsas maddi zərərin, 30.000 (otuz min) manat mənəvi ziyanın, ümumilikdə 39.398 (otuz doqquz min üç yüz doxsan səkkiz) manat pulun tutulması barədə qətnamə və cavabdehlərin əməlində cinayət tərkibi olduğundan iş üzrə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus VAZ 21214 NİVA markalı, ** RY *** dövlət qeydiyyatı nişanlı avtomobili iki dəfə 11 sentyabr 2020-ci il tarixli X1 Müqaviləsi və 11 sentyabr 2020-ci il tarixli yol vərəqəsinə əsasən tam saz vəziyyətdə Cavabdeh2 və onunla gələn şəxsə Bakı şəhəri, Xəzər rayonu ərazisində istifadə edilməsi üçün rəsmi icarəyə vermişdir. Lakin sonradan məlum olduğu kimi (bacısının, qardaşının, oğlunun sözlərinə əsasən) qanunsuz, cinayətkar və s. əməllərlə məşğul olan, bu əməllərinə görə dəfələrlə məhkum olunan Cavabdeh2 və onun sponsoru müqavilənin və danışıqların bütün şərtlərini pozaraq, heç bir razılaşma olmadan, icazə almadan Bakı şəhərində istifadə etmək üçün götürdüyü həmin avtomobil nəzərdə tutulmuş razılaşdırılmış ərazidən kənarda Bakı-Qazax-Gürcüstan yolunda idarə edərkən qəzaya uğramış, uğradılmış və həmin avtomobili yararsız hala salınaraq şirkətə, külli miqdarda maddi, mənəvi zərər vurmuş, ondan və istintaqdan gizlənmişdir. Yol nəqliyyat hadisəsi rəsmi qeydə alınaraq Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X2 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Mübariz Nəsirovun icraatına verilmiş, Cavabdeh2 barəsində axtarış elan olunsa da, onu istintaqa cəlb etmək mümkün olmamışdır. Qeyd olunan avtomobili təmir etmək mümkün olmadığından bu günə qədər də şirkətə külli miqdarda zərər dəyməkdə davam edir. Hadisədən uzun müddət - dörd aya yaxın müddət keçməsinə baxmayaraq, hadisəni araşdıran Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X2 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Mübariz Nəsirov baş vermiş hadisə ilə əlaqədar zərərin ödənilməsinə, hadisə törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinə dair heç bir lazımi tədbir görməmiş, əmlakı qəsdən məhv edərək özgəsinə külli miqdarda ziyan və zərər vuran, cinayət əməlləri törədən, dəfələrlə məhkum olunan cinayəkarı hadisənin digər iştirakçılarını taparaq məsuliyyətə cəlb etməmişdir. O yalnız şablon formada cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar tərtib edərək və maddi zərərin ödənilməsi barədə işə məhkəmədə baxılmalı olduğunu qeyd etməklə işini bitmiş hesab etmişdir. İddiaçı öz tərəfindən hadisəni törətmiş Fəxrəddinlə əlaqə yaratmağa, zərərin ödənilməsinə çalışsa da, bu mümkün olmamışdır. Onun oğlu, qardaşı, bacısı ilə əlaqə yaratsa da, onların bu məsələdə iddiaçıya köməklik etmələri, ailə üzvlərinin bu məsələni həll etmələri üçün Fəxrəddini başa salmalarını xahiş etsə də, onlar Fəxrəddinin sağlam əqidəli və s. insan olmadığını onları da bezdirdiyini və s. söyləyərək, bəhanə edərək, bu məsələni həll etmək gücündə olsalar da, heç nə etməmişdirlər. Azərbaycan Respublikası DİM-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X2 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin arayışına, məktubuna əsasən Cavabdeh2 və onunla qəzaya uğramış digərləri tərəfindən qəzaya uğradılmış “VAZ 21214 NİVA” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün ekspertiza təyin edilmişdir. Ekspertiza vasitəsilə müəyyən edilmişdir ki, avtomaşına külli miqdarda - 7148 (yeddi min yüz qırx səkkiz) manat maddi zərər dəymişdir. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-9652/2023 saylı qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-9652/2023 saylı inzibati iş üzrə qərardadın ləğv edilməsini, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş İcra və Probasiya İdarəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Axtarış İdarəsindən, Cavabdeh2 vərəsələrindən iddiaçının xeyrinə 9398 (doqquz min üç yüz doxsan səkkiz) manat əsas maddi zərərin, 30.000 (otuz min) manat mənəvi ziyanın, ümumilikdə 39.398 (otuz doqquz min üç yüz doxsan səkkiz) manat pulun tutulması barədə qətnamə və cavabdehlərin əməlində cinayət tərkibi olduğundan iş üzrə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçı və cavabdeh tərəfin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən görünür ki, iddiaçı tələbində Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X2 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Mübariz Nəsirovun hərəkətlərindən şikayət edir. Qeyd edilən məsələ cinayət-prosessual qanunvericiliyə uyğun olaraq ibtidai istintaq orqanının (müstəntiqin) hərəkətlərindən şikayətlə bağlı olmaqla, inzibati hüquq münasibətlərindən yaranmır və inzibati məhkəmə icraatının tənzimləmə predmetinə daxil deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3.6-cı maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair“ 5 avqust 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-9652/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar