Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3592/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı "mitinq keçirilməsinə qoyulmuş qadağanın qanunsuz hesab edilməsi və s." tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9363/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 may 2024-cü il tarixli dinc toplantının keçirilməsinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsi, bu qadağanın təşkilatçıların Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsində təsbit olunmuş sərbəst toplaşma azadlığının pozuntusu kimi tanınması, Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlıq məktubuna cavab olaraq qəbul edilmiş qərarı deyil, inzibati icraat haqqında qanunun tələblərinə zidd olaraq məktub göndərməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin pozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların daxil olduğu mitinqin təşkilatçılar qrupu xx.xx.2024-ci il tarixdə "Siyasi məhbuslara azadlıq", "Seçki islahatları tələb edirik", "Uşaq pulları verilsin, maaşlar, pensiyalar, müavinətlər artırılsın", "Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalansın", "Quru sərhədlər açılsın" tələbləri və şüarları ilə mitinqin keçirilməsini planlaşdırdığı barədə 24 aprel 2024-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda mitinqin yeri, tarixi və saatı, təşkilatçılar barədə məlumatlar dəqiq göstərilmişdir. Toplantıda səslənəcək şüarlar və tələblər haqqında xəbərdarlıqda geniş məlumat verilmişdir. Xəbərdarlıqda toplantının Bakı şəhərində yerləşən 3 ərazidən - Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda, 28 May və Nərimanov metrolarının qarşısındakı meydanların birində keçirilməsi təklif olunurdu. Təklif edilən yerlərdən başqa, təşkilatçılar Bakı şəhərində mitinq keçirtmək üçün uyğun olan digər yerləri də müzakirə etməyə hazır olduqlarını bidiriblər. Təşəbbüs qrupu ərazinin seçilməsini icra hakimiyyətinin səlahiyyətinə aid etmişdir. Bakı şəhər İcra Hakimiyyəti 01 may 2024-cü il tarixli cavab məktubunda dinc toplantının keçirilməsinə icazə verməmişdir. Cavabda bu imtina stadionda təmir işlərinin aparılması, digər iki ərazidə əhalinin və nəqliyyatın intensiv hərəkəti ilə əsaslandırılmışdır. Təşkilatçıların Bakı şəhərində mitinq keçirtmək üçün uyğun olan digər yerləri də müzakirə etməyə hazır olduqlarını isə cavabsız buraxıblar. Bu cavabdan göründüyü kimi cavabdeh toplantının keçirilməsi barədə qanunda nəzərdə tutulmuş "xəbərdarlıq" institutunu "icazə" institutu ilə əvəz etmişdir. Halbuki təşkilatçılar tərəfindən icra hakimiyyətinə müraciətin məqsədi icazə almaq yox, keçiriləcək mitinq barəsində onu xəbərdar etmək idi. Çünki belə bir icazənin alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin bu məktubu onun qərarı kimi qəbul edilməlidir. Bakı şəhər İcra Hakimiyyətinin cavabında (qərarında) mitinqin keçrilməsinin məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsi kimi qiymətləndirilməlidir. Təcrübə göstərir ki, indiyə kimi Azərbaycanda müvafiq icra hakimiyyəti orqanları tərəfindən toplantıların keçirilməsinin məqsədəuyğun hesab edilməməsi nəticədə həmin toplantının icazəsiz hesab edilməsi və polis tərəfindən dağıdılması ilə nəticələnmişdir. İcra Hakimiyyəti tərəfindən təşkil edilməsi məqsədəuyğun hesab edilməyən toplantını təşkil etdikləri halda bu toplantı polis qüvvəsi ilə dağıdılacaq, təşkilatçılar və iştirakçılar məsuliyyətə cəlb olunacaqdır. Bu fakt İcra Hakimiyyətinin məqsədəuyğun hesab etməməsi ilə toplantının təşkilinə icazə verməməsi ilə eyni hüququ nəticələrə gətirib çıxardığını təsdiq edir. Bakı şəhər İcra Hakimiyyətinin həmin qərarı səbəbindən nəzərdə tutulan toplantı keçirilməmişdir. Bu əsaslara görə Bakı şəhər İcra Hakimiyyətinin bu qadağası qanunazidd və əsassız hesab edilməlidir. Cavabdeh orqan mitinqin keçirilməsinə bu formada müdaxilə etməklə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquqlarının, xüsusən də sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Belə ki, təşkil olunacaq toplantı dinc aksiya idi. Müvafiq orqanların qabaqcadan xəbərdar olunmaları bir daha bunu sübut edir. Təşkilatçıların dinc aksiyalarda iştrak etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-9363/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı mümkünsüz saymışdır. Məhkəmə bu qərardadında ifadə etdiyi hüquqi mövqeyə görə Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubunda toplantının keçirilməsinin “məqsədəuyğun” sayılmaması onun qadağan edilməsi və ya ona müdaxilə kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubu inzibati akt deyildir və bununla əlaqədar onu mübahisələndirmək olmaz. İddiaçılar məhkəmənin bu qənaəti ilə razılaşmırlar. Bakı şəhər İcra Hakimiyyəti iddiaçılara məktub göndərərək bir sıra toplantının keçirilməsini qadağan etmişdir. Cavabdehin bu faktiki hərəkəti iddiaçılar üçün hüquqi nəticə yaratmış və onlar toplantını keçirə bilməmişlər. Çünki təşkilatçılara məlum idi ki, cavabdehin razılıq vermədiyi toplantılar qanunsuz sayılır, polis tərəfindən dağıdılır, iştirakçılar isə zorakılığa və hüquqi təqiblərə məruz qalırlar. İddiaçılar cavabdehin bu faktiki hərəkəti ilə toplantının qadağanı olunmasını qanunsuz sayaraq məhkəməyə müraciət edərək sərbəst toplaşma azadlığına müdaxilənin aradan qaldırılması, bununla da gələcəkdə mitinqin keçirilməsinə imkan verilməsini xahiş etmişdilər. Məhkəmə iddianı mümkünsüz saymışdır. Məhkəmə bu qərardadının hüquqi əsaslarını dəqiq göstərməmiş, ümumi ifadələr ilə kifayətlənmişdir. Bu ifadələrdə iddia növləri sadalanır. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçılar iddianın növünün seçimində səhvə yol vermişlər. İddiaçılar məhkəmənin bu qənaəti ilə razılaşmırlar. Çünki Bakı şəhər İcra Hakimiyyəti mitinqin qadağan olması barədə qərar qəbul etmiş və bunu məktub şəklində iddiaçılara təqdim etmişdi. İddiaçılar bu qadağanı qanunsuz sayaraq məhkəməyə müraciət edərək sərbəst toplaşma azadlığına müdaxilənin aradan qaldırılması, bununla da gələcəkdə mitinqin keçirilməsinə imkan verilməsini xahiş etmişlər. Bu iddianın və tələblərin milli qanunvericiliyə və ölkənin qoşulduğu beynəlxalq konvensiyalara tam uyğun olmasına əhəmiyyət verməyən birinci instansiya məhkəməsi bu iddianı mümkünsüz saymışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından görünür ki, iddiaçılar 24 aprel 2024-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, xx.xx.2024-cü ildə saat 15:00-da Bakı şəhərində yerləşən 3 ərazidən - Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda, “28 May” və “Nəriman Nərimanov” metrolarının qarşısındakı meydanların birində mitinq keçirilməsinə şərait yaradılmasını xahiş etmişdirlər. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin müraciətə cavab olaraq 01 may 2024-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, stadionda təmir işləri aparılır, “28 May” və “Nəriman Nərimanov” stansiyalarının qarşısındakı ərazilər isə əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, eyni zamanda nəqliyyatın intensiv hərəkət etdiyi hissələrində yerləşdiyindən həmin məkanlarda toplantının keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaqdır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 05 may 2024-cü il tarixində planlaşdırılan mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu: 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. 5-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. 5-ci maddəsinin ikinci hissəsəinə əsasən yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır: 1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması; 2) toplantının ümumi məqsədi; 3) toplantının keçirilmə yeri və vaxtı; 4) iştirakçıların təxmini sayı; 5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer); 6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı); 7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix; 8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı. Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər. 6-cı maddəsinin birinci hissəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. 7-ci maddəsinin birinci hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onların hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Cavabdeh mitinqin keçirilməsi ilə bağlı cavab məktubunda mitinqin keçirilməsinin məqsədəuyğun hesab olunmadığını bildirmişdir. Hazırki mübahisəyə münasibətdə cavabdehin mitinqin keçirilməsini məqsədəuyğun hesab etməməsi onun mitinqin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlmiş iradə ifadəsi kimi təfsir oluna bilməz. Belə ki, cavabdehin qadağa və ya məhdudiyyət tədbirinin tətbiqini nəzərdə tutan və ya hər hansı bir şəkildə həmin təəssüratı yarada bilən iradəsi nəinki açıq-aşkar, hətta dolayısı ilə istinad olunan məktubdan görünmür. Bu baxımdan cavabdehin iradə ifadəsi mitinqin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönələn hakimiyyət iradəsi kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin məktubu müstəqil hüquqi nəticə yaratmadığından inzibati akt sayıla bilməz. İddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın cavab məktubu “toplantı keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti və müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməz. Cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçılar hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından, iddia predmeti olan cavabdehin məktubu inzibati orqanın qadağanedici hərəkəti olmadığından, iddiaçıların etiraz aksiyasının keçirilməsinin məqsədəuyğun olmaması barədə cavabdehin mövqeyi olduğundan, bununla da iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmadığından iddia mümkün sayılmamalıdır. Bundan əlavə, hazırkı iş üzrə iddiaçılar sərbəst toplaşma azadlığının pozuntusunu İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin pozuntu kimi tanınmasını inzibati məhkəmə icraatında tələb edirlər. Halbuki, inzibati məhkəmə icraatı qeyd edildiyi kimi inzibati orqanın maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin qanuniliyini yoxlayır. Qeyd olunan Konvensiyanın müddəalarının pozulub-pozulmamasının müəyyən edilməsi isə hazırkı məhkəmənin qiymətləndirmə predmetini təşkil etmir və adıçəkilən hüquqi akta əsasən yoxlama hazırkı inzibati məhkəmə nəzarətinin səlahiyyətinə aid deyildir. Göründüyü kimi, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9363/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3592/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3592/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver