Məhkəmə qərarları › İş №2-1(103)-3593/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3593/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3593/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “qanunsuz tutulmuş məbləğin geri qaytarılması tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6053/2023 saylı, 25 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliyin 2022-ci il 01 yanvar tarixindən etibarən qüvvəyə minməsinə baxmayaraq, həmin Məcəllənin 164.7.1-ci maddəsinə zidd olaraq ondan xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən “ƏDV” qismində qanunsuz tutulmuş 13390,11 AZN məbləğin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 aprel 2022-ci il tarixdə direktoru və qanuni təmsilçisi olduğu "xxxx" MMC-in fəaliyyəti ilə əlaqədar olaraq Rusiya Federasiyasında rulon şəkilində qəzet kağızları idxal etmişdir. Bununla bağlı olaraq ondan xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən təyinatı Dövlət Gömrük Komitəsi olmaqla cəmi 13390,11 AZN məbləğində X5 tutulmuşdur. Məlum olduğu kimi, 2022-ci ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişkiliyə görə həmin Məcəllənin 164.1.7-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən “kütləvi informasiya vasitələri məhsullarının və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı” X5ndən azad edilib. Qeyd olunan dəyişikliyi əsas tutaraq 10 may 2022-ci il tarixli ərizə ilə “ƏDV” qismində qanunsuz olaraq tutulmuş sözügedən məbləğin geri qaytarılması haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Həmin müraciətə Bakı Baş Gömrük İdarəsində baxılmış və nəticəsi haqqında ona 06 iyun 2022-ci il tarixli məktubla cavab verilmişdir. Müraciətə baxan səlahiyyətli orqanın qeyd olunan məktubunda bildirilmişdir ki, “kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla) habelə dərslik kompleklərinin və həmin malların istehsalı ilə bağlı rulon və ya vərəqə şəkilində kağızların X5ndən azad edilməsi məsələsi" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 184 nömrəli Qərarı ilə tənzimlənir. Məsələ ilə bağlı dəyişikliyin qeyd olunduğu kimi 2022-ci ilin yanvar ayının 1-dən qüvvəyə mindiyini və qeyd olunan 184 nömrəli Qərarın 13 may 2022-ci il tarixdə qəbul ediliyini nəzərə alaraq, gömrük orqanının məktubuna əsasən sözügedən məbləğin qanunsuz olaraq ondan tutulmasına görə həmin məbləğin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən kompensasiya edilməsi məqsədilə həmin dövlət orqanına müraciət etmişdir. Müraciətin əsası kimi Bakı Baş Gömrük İdarəsinin bəhanə etdiyi NK-in 13 may 184 nömrəli Qərarının vaxtında qəbul edilməməsi və nəticədə həmin hərəkətsizliyə görə onun zərər çəkdiyi göstərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə həmin müraciəti baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Dövlət Gömrük Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin müraciəti baxılması üçün 18 noyabr 2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərmişdir. Elə bu səbəbdən hazırkı iddia tələbinə münasibətdə cavabdeh orqan olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda təkrar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli qərarını əsas tutmuş və nəzərdə tutulan vergidən azadolma məsələsini həmin tarixdən sonra idxal edilən mallara şamil oldunduğunu göstərərək ərizənin icrasından birmənalı olaraq imtina etmişdir. Aşağıda şərh olunanlara əsasən cavabdehin qeyd olunan imtinasını əsassız və qanunsuz hesab edir. Əvvəla bir daha qeyd etmək istəyirlər ki, 2022-ci ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişkiliyə görə həmin Məcəllənin 164.1.7-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı kütləvi informasiya vasitələri məhsullarının və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı” X5ndən azad edilib. Həmin dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VİQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 1533 №-li Fərmanı dərc edilmişdir. Həmin Fərmanın 2.1.3-cü bəndinə əsasən qeyd olunan siyahının təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək üçün Azərbaycan Respublikasının NK-nə 3 (üç) ay vaxt verilmişdir. Həmin Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 2022-ci il tarixli 47 №-İi Sərəncamı qəbul edilmiş və Sərəncamın 3-cü bəndinə əsasən qeyd olunan siyahı ilə bağlı Dövlət Gömrük Komitəsinə təklifini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməsi bildirilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ona ünvanlanmış müraciətləri baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidmətinə göndərməsinə əsasən belə qənaətə gəlmək mümkündür ki, Nazirlər Kabineti bu məsələdə özünü məsuliyyət sahibi hesab etmir. Məhz ona görə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin redaksiyasında nəzərdə tutulan məhsulların birmənalı olaraq “rulon və ya vərəqə şəkilində kağızın idxalı və satışı” məzmununda verilməsi həmin məsələnin tənzimlənməsi ilə bağlı konkret siyahının təsdiq edilməsinə hazırkı hüquqi münasibətin yarandığı xx.xx.2022-ci il tarixə münasibətdə zərurət yaratmayıb. Belə ki, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş gömrük bəyannaməsinə əsasən idxal olunan məhsulun “rulonlarda və ya vərəqələr şəkilində qəzet kağızı” olması faktı vergini tutan orqana məlum idi. Hansı ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 №-li Qərarında dərc edilmiş Siyahının 1-ci xanasında da məhsul kimi “rulonlarda və ya vərəqələrdə qəzet kağızı” təsvir olunmuşdur. Ona görə də, belə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti qeyd olunan müraciətlərin baxılması və icrasını məhz göstərilən səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyinə, habelə Dövlət Vergi Xidmətinə həvalə etmişdir. Hazırkı iddia tələbinə münasibətdə cavab verməli olan orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi isə qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixli məktubla qanunsuz olaraq tutulmasını hesab etdiyi 13390,11 AZN ƏDV məbləğinin geri qaytarılmasını təmin etməkdən imtina etmişdir. Odur ki, bu iddia tələbinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyin 2022-ci yanvar ayının 1-dən qüvvəyə minməsinə baxmayaraq, həmin Məcəllənin 164.1.7-ci maddəsinə münasibətdə xx.xx.2022-ci il tarixli idxal aktına görə ondan 13390,11 AZN ƏDV məbləğinin tutulmasını qanunsuz hesab edir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin 104.2-ci maddəmə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasərı gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən bəyannaməçi mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 242.3-cü maddəsində göstərilir ki, gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli Qanununda Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “164.1.7. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı;“. Yuxarıda qeyd edilən maddədə göstərilən Siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İdxalı və satışı X5ndən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə 2022-ci il 13 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Yuxarıda qeyd edilən malların gömrük rəsmiləşdirilməsi xx.xx.2022-ci il tarixdə aparılaraq, mallar həmin tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş, X5 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsi tətbiq olunmaqla hesablanmış və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia ərizəsində göstərildiyi kimi, iddiaçı tərəfindən idxal edilmiş mallar gömrük ərazisinə sözügedən Qərarın imzalandığı xx.xx.2022-ci il tarixdən əvvəl gətirildiyi üçün, başqa sözlə gömrük sərhədini xx.xx.2022-ci il tarixdən əvvəl keçdiyi üçün idxalı X5ndən azad edilə bilməzdi. Həmçinin, Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Eyni zamanda bildirilmişdir ki, gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. İddiaçı həmin Qaydaların 1 nömrəli əlavəsi olan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət etməmişdir. Beləliklə, iddiaçının idxal etdiyi və **********2236 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirildiyindən və buna uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənildiyindən hər-hansı bir artıq ödənilmiş məbləğin mövcud olmadığı müəyyən olunmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6053/2023 saylı, 25 may 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən ƏDV qismində tutulmuş 13390,11 AZN məbləğin geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6053/2023 saylı, 25 may 2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında istinad olunan Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsinə münasibətdə qeyd edirlər ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi müddəası fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasına aid olan hal deyildir. Qeyd olunan müddəa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı ilə də təsbit edilmişdir. Belə ki, həmin qərarda Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirməklə, Qərarın nəticə hissəsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyi, həmin hüquq və azadlıqların olduğu kimi qaldığı, bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməyəcəyini müəyyənləşdirmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 266.1-ci maddəsinə görə gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 267.1-ci maddəsində göstərilir ki, Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: mallar qüsurlu olduqda; gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Həmçinin, Gömrük Məcəlləsinin 266.1-ci maddəsində göstərilmiş müvafiq icra hakimiyyəti olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndində də göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: mallar qüsurlu olduqda; gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Məhkəmə qərarında bu hallardan hansının baş verdiyini əsaslandırmamışdır. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 6.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. Həmin “Qaydalar”ın 6.7-ci bəndinə əsasən gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. Həmin “Qaydalar”ın 7.2-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir. Məhkəmə qərarında isə iddiaçıdan xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən ƏDV qismində tutulmuş 13.390,11 AZN məbləğin geri qaytarılması öhdəliyi cavabdeh Bakı Baş Gömrük İdarəsinə həvalə edilməklə Gömrük Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı və 2001ci il 23 fevral tarixli 48 saylı Qərarlarının tələbləri (maddi hüquq normaları) məhkəmə tərəfindən pozulmuşdur. Məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: -**********2236 sorğu nömrəli xx.xx.2022-ci il tarixli Gömrük bəyannaməsinə əsasən İddiaçı tərəfindən rulonlarda və ya vərəqələr şəklində qəzet kağızları idxal edilmişdir. -cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli 1000-120/1xx-xx/020835 nömrəli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, onun "xxxx" MMC-nin adından daxil olmuş xx.xx.2022-ci il tarixli eyni məzmunlu müraciəti Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000-120/1xx-xx/009137 saylı məktubu ilə cavablandırılmışdır. Təkrarən qeyd edilir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VlQD nömrəli Qanununa əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı X5ndən azad edilir. Həmçinin, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Müvafiq siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə təsdiq olunmuşdur və nəzərdə tutulan azadolma həmin tarixdən sonra idxal edilən mallara şamil olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “164.1.7. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı;”. Qanun xx.xx.2022-ci il tarixdən qüvvəsini almışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasının 164.1-ci maddəsinə əsasən malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.7. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən media məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı; “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VİQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə “İdxalı və satışı X5ndən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı” təsdiq edilmişdir. İşin hallarından görünür ki, iddiaçı tərəfindən **********2236 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə ölkə ərazisinə siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyasının 164.1.7-ci maddəsində nəzərdə tutulmuş mallar idxal edilmişdir. Malların gömrük rəsmiləşdirilməsi xx.xx.2022-ci il tarixdə aparılaraq mallar həmin tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş, X5 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsi tətbiq olunmaqla hesablanmış və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Cavabdehin iddiaçıdan idxal gömrük rüsumunun tutulması ilə bağlı əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən idxal edilmiş mallar gömrük ərazisinə sözügedən Qərarın imzalandığı xx.xx.2022-ci il tarixdən əvvəl gətirildiyindən tərəflərindən qanuni və əsaslı olaraq ƏDV məbləği tutulmuşdur. İddiaçının idxal etdiyi mallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda idxalı X5ndən azad edilmiş mallar siyahısında öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, idxal zamanı ƏDV-dən azad olunan mallarla bağlı Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi xx.xx.2022-ci il tarixdən qüvvədə olduğundan hazırki mübahisədə Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinin və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinin və 87.2-ci maddəsinin tələbləri tətbiq edilməklə iddiaçının tələbi təmin edilməli və ondan qanunsuz olaraq tutulmuş ƏDV məbləği geri qaytarılmalıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinin və 87.2-ci maddəsinin tələblərinin səhv olaraq tətbiq edilməsindən ibarətdir. Apelyasiya şikayətinin həmin dəlilinə, ümumiyyətlə apelyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, idxal zamanı ƏDV-dən azad olunan mallarla bağlı Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi xx.xx.2022-ci il tarixdən qüvvədə olduğundan hazırki mübahisədə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinin və 87.2-ci maddəsinin tələblərinin tətbiq edilməklə iddiaçının tələbi təmin edilməli olması və ondan qanunsuz olaraq tutulmuş ƏDV məbləğinin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6053/2023 saylı, 25 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar