Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3594/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6051/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AR DMX-nin İQ-66/4 saylı xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, cavabdeh AR DMXnin üzərinə iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2023-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1978-ci il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olduğunu, milliyətcə pəncablı, dini etiqadına görə xristian (katolik) olduğunu, Qucranvalada şəhərində yalnız 3 sinif ibtidai təhsil aldığını, 10 yaşı olanda atasının vəfat etməsi səbəbindən təhsili davam etdirə bilmədiyini,kondisioner təmiri işini öyrəndiyini və 1998-2023-cü illərdə Lahor şəhərində “Common traders” adlı kondisioner quraşdırma və təmiri şirkətində həm usta, həm də rəhbər kimi fəaliyyət göstərdiyini bildirmişdir.Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı 2008-ci ildə Shumaila Qamarla evləndiyini, bu evlilikdən 2 övladının olduğunu, valideyinlərinin vəfat etdiklərini, 2 qardaş və 2 bacısının Pakistanda yaşadıqlarını, xx.xx.2009-cu il təvəllüdlü oğlu Sailasın əlil olduğunu, hərəhət məhdudiyyəti olduğundan əlil arabasında gəzdiyini qeyd etmişdir.İddiaçı arvadı və 2 uşağının onunla birlikdə xx.xx.2023- cü il tarixdə ölkələrini tərk edib, əvvəlcə İran İslam Respublikasına, sonra xx.xx.2023-cü il tarixdə oradan Azərbaycan Respublikasına gəldiklərini bildirmişlər. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildirmişdir ki,təxminən 2-3 il əvvəl qayınları və arvadının digər ailə üzvlərinin dinlərini dəyişərək xristianlıqdan islama keçdiklərini, 2023-cü ilin iyun ayından onun arvadını da İslam dininə dəvət etdiklərinibundan imtina etdikdə onları təhdid etdiklərini, həmin ilin avqust ayında qızı Angelinanı məktəbdən götürərək evlərinə apardıqlarını, sonra axşamı geri qaytardıqlarını, növbəti dəfə isə qaytarmayacaqları ilə hədələdiklərini, 1 ay sonra evin binasına naməlum şəxslər tərəfindən atəş açıldığını bildirmişdir. Bu hadisədən sonra iddiaçını özü və ailə üzvlərinin həyatı üçün təhlükə olduğunuzənn edərək ölkəsini tərk etmək qərarına gəldiyini, ailə üzvləri ilə birlikdə xx.xx.2023-cü il tarixdə Lahordan Kvetta şəhərinə köçdüklərini, oradan İrana getdiklərini söyləmişdir. İddiaçı İranda olarkən xristian olduqları üçün İranın onlar üçün münasib bir ölkə olmadığı qənaətinə gəldiyini, bu səbəbdən də oranı tərk edərək xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6051/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” barədə iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlərr. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6051/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - iddiaçıya aid KF8675611 nömrəli pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.1978ci il təvəllüdlü olmaqla Pakistan İslam Respublikasının vətəndaşıdır. - qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizəanket) görünür ki, Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə xristian (katolik) olduğunu, 2008- ci ildə Shumaila Qamarla evləndiyini, evlilikdən 2 övladının olduğunu, valideynlərinin vəfat etdiklərini, 2 qardaş və 2 bacısının Pakistanda yaşadıqlarını, təxminən 2-3 il əvvəl qayınları və arvadının digər ailə üzvlərinin dinlərini dəyişərək xristianlıqdan islama keçdiklərini, 2023- cü ilin iyun ayından onun arvadını da İslam dininə dəvət etdiklərini, bundan imtina etdikdə onları təhdid etdiklərini, həmin ilin avqust ayında qızı Angelinanı məktəbdən götürərək evlərinə apardıqlarını, sonra axşamı geri qaytardıqlarını, növbəti dəfə isə qaytarmayacaqları ilə hədələdiklərini, 1 ay sonra evin binasına naməlum şəxslər tərəfindən atəş açıldığını bildirmişdir. - Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli, İQ-66/4 nömrəli qərarından görünür ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999- cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respubli- kası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “”Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o və arvadı vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, siyasi əqidəsinə görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Hazırkı iş üzrə iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir . Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki: iddiaçı müsahibə zamanı verdiyi izahatında qohumlarının dinlərini dəyişərək xristianlıqdan islama keçdiklərini, 2023-cü ilin iyun ayından onun arvadını da İslam dininə dəvət etdiklərini, bundan imtina etdikdə onları təhdid etdiklərini bildirsə də hökumət orqanları və digər şəxslər tərəfindən dini zəmində təhdid və təqiblərə məruz qaldıqları sübut olunmamışdır. İddiaçı arvadınin qohumları tərəfindən edilən təhdidlərdən sonra ölkənin hüquq mühafizə orqanlarına müraciət etməyini təsdiq edən sənəd, eləcə də evlərinə silahlı hücum edilməsi ilə bağlı polisə şikayət etməklərini təsdiq edən sənədi əlavə etməmişdir. Həmçinin iddiaçı xristian dininə mənsub olduğu halda iddia edildiyi kimi qohumları tərəfindən dini təqibdən sonra rəsmi islam dini ölkəsi olan İrana yerləşmiş, xristian olduqları üçün sonradan İranın onlar üçün münasib bir ölkə olmadığı qənaətinə gəlmiş və həmin ölkəni tərk edərək Azərbaycan Respublikasına gəlmişlər. Göründüyü kimi iddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. İddiaçının və ailə üzvlərinin öz ölkələrində yaşadıqları dövrdə dini etiqadına görə təqibə məruz qaldığı iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı da bu barədə məhkəməyə hər hansı ciddi və mötəbər sübut təqdim etməmişdir Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi qanunvericilik “qaçqın” statusunun verilməsi üçün şəxsin vətəndaşı olduğu, yaxud vətəndaşlığı olmayıb adətən yaşadığı ölkənin himayəsindən istifadə edə bilməməsini onun irqi, milli, dini, sosial və ya siyasi səbəblərə görə ölkəsində təqiblərin qurbanı olması və ya olacağı ehtimalını tam əsaslandırması və bu müdaxilənin ehtiyat tədbiri kimi onun üçün zəruri olmasını sübut etməsi halı ilə şərtləndirir. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan, təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Hazırkı mübahisədə isə istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan şərtlərin mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçıya münasibətdə əsaslı qərar qəbul etmişdir. İddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. İddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatlıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmamış və iddiaçı vətəndaşı olduğu ölkədə təhlükəsizliyinin təmin edilməməsi, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmiş, onun dəlilləri isə mülahizələrə söykənmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda, o cümlədən 2-1(102)- 3182/2019 saylı, 10 dekabr 2019-cu il tarixli, 2-1(102)-2143/2020 saylı, 25 noyabr 2020-ci il tarixli, 2-1(102)-366/2021 saylı, 24 fevral 2021-ci il tarixli və 2-1(102)-535/2021 saylı, 31 mart 2021-ci il tarixli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6051/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6051/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3594/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3594/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver