Məhkəmə qərarları › İş №2-1(103)-3597/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3597/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3597/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X2 və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X8 cəlb olunmaqla) «sərəncamın ləğv edilməsi» barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(112)-788/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi RİH başçısının 5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamı ilə hazırkı İddiaçı müraciəti nəzərə alınaraq, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 oktyabr 2007-ci il tarixli 18/03-8/5974 saylı məktubu və razılaşdırılmış eskiz layihəsi əsas götürülməklə Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində iddiaçı tərəfindən yeni layihə əsasında bərpa edilmiş pavilyonun (qeyri-yaşayış sahəsinin) onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. 30 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri Nəsimi RİH başçısının imzası ilə həmin obyektin istismarına dair 09 saylı icazə sənədi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17 may 2016-cı il tarixli RX seriyalı ******* nömrəli reyestrdən çıxarışla Nəsimi rayonu, ünvan 1 ünvanlı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən ünvandakı qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla, müasir üslubda, şəhərin və yerləşdiyi ünvanda parkın təbii görünüşünə, şəhərsalma və memarlıq dizaynına uyğun olaraq yerləşir, ictimai iaşə obyekti kimi yüksək keyfiyyətlə xidmət göstərməklə hazırda da fəaliyyətdədir və iddiaçı tərəfindən istifadə olunur. 2022-ci ilin yanvar ayında sözügedən qeyri-yaşayış sahəsinə dair notariat əməliyyatı aparmaq istədikdə məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində əmlakın üzərində Bakı İnzibati Məhkəməsinin bildirişinə əsasən məhdudiyyət qoyulmuşdur. İddiaçı X4 iddiası üzrə işə məhkəmə tərəfindən baxılaraq 28 dekabr 2021-ci il tarixli 2-1(112)-9048/2021 saylı qərar çıxarılmışdır. İddiaçının müraciəri əsasında 28 dekabr 2021-ci il tarixli qərarın surəti, K.Əliyevanın iddia ərizəsi, ona qoşulmuş sənədlərin sırasından Bakı şəhəri Nəsimi RİH başçısının 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamının, 52 saylı MKİS-in nəzarətçisinin və İcra Hakimiyyətinin RT Şöbəsinin müdirinin imzası ilə təsdiq edilmiş sxemin, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26 may 2016-cı il tarixli məktubunun surəti ona təqdim olunmuşdur. Məhkəmədən alınan sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi RİH başçısının 33 nömrəli 26 fevral 2016-cı il tarixli sərəncamı qeyri-yaşayış sahəsinin vətəndaş X3 adına sənədləşdirilməsi barədədir. Sərəncamın məzmununda göstərilmişdir ki, “X6 Bakı şəhəri Nəsimi RİH-ə müraciət edərək, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində 644-cü məhəllədə yerləşən, (guya) uzun müddət istifadəsində olan qeyri-yaşayış sahəsinin adına sənədləşdirilməsini xahiş etmişdir. 52 saylı MKİS-in tərtib etdiyi akta və sxemə əsasən qeyd olunan bir mərtəbəli ümumi sahəsi 164,85 kv.m olan qeyri-yaşayış sahəsinin uzun müddət vətəndaş X6 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Vətəndaşın müraciətini və təqdim olunmuş sənədləri nəzərə alaraq, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində 644-cü məhəllədə yerləşən bir mərtəbəli, ümumi sahəsi 164,85 kv.m olan qeyri-yaşayış sahəsi vətəndaş X4 adına sənədləşdirilsin”. Məlum olur ki, vətəndaş X1 RİH başçısının yuxarıda göstərilən 33 nömrəli 26 fevral 2016-cı il tarixli sərəncamına istinad edərək, guya həmin qeyri-yaşayış sahəsinin uzun müddət onun istifadəsində olduğunu, sözügedən sərəncamla onun adına qeyri-yaşayış sahəsinin sənədləşdirildiyini, 2016-cı ilin mayın 20-dən sonra İddiaçı adlı şəxsin obyektə gələrək, həmin qeyri-yaşayış sahəsinə dair DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı 17 may 2016-cı il tarixli reyestrdən çıxarışı təqdim edərək sahənin tam mülkiyyət hüququ ilə ona məxsus olduğunu, qeyri-yaşayış sahəsini 3 günə boşaldılmasını tələb etmiş, əks təqdirdə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. O da qeyri-yaşayış sahəsini boşaltmış və Bakı şəhəri Nəsmi RİH-ə şikayət ərizəsi ilə müraciət etmişdir. RİH-dən ona İddiaçı adına olan 17 may 2016-cı il tarixli reyestrdən çıxarışın qanunsuz olması bildirilmişdir və həmin çıxarışın ləğvi ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Nəsimi RİH-in tövsiyəsinə uyğun olaraq vətəndaş X6 qeyri-yaşayış sahəsinin onun (iddiaçının) mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğvinə dair Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 28 dekabr 2021-ci il tarixli qərarı ilə X3 iddiası təmin edilmişdir. İddiaçı (İddiaçı) hesab edir ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair vətəndaş X3 adına sənədləşdirilmə aparılmasına dair Nəsimi RİH başçısının 33 nömrəli 26 fevral 2016cı il tarixli sərəncamı qanunsuz olmaqla, onun mülkiyyət hüquqularına birbaşa qəsddir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan hazırkı iddia ilə ləğvi tələb olunan inzibati aktı qəbul etməklə, Azərbaycan Respublikası Konstitusiyasının, «İnzibati icraat haqqında» Qanunun, Şəhərsalma və Tikinti Məcəlləsinin, «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin və digər normativ-hüquqi aktların tələblərini pozmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, qanunsuz inzibati aktı qəbul edərkən cavabdeh inzibati orqan, həmin sərəncamın qəbulu üçün hər hansı faktiki və hüquqi əsasları göstərməmişdir. Çünki, belə bir sərəncamın qəbul edilməsi üçün Nəsimi RİH başçısının hər hansı faktiki və hüquqi əsasları mövcud olmamışdır. Sərəncamla, guya vətəndaş Könül Əliyevanın adına “sənədləşdirilməsi” qərara alınan qeyri-yaşayış sahəsinin Nəsimi RİH başçısının 5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamı ilə onun (iddiaçının) adına rəsmiləşdirilməsi, onun adına 30 sentyabr 2014-cü il tarixli istismara icazə sənədinin verilməsi və daşınmaz əmlak kimi mülkiyyət hüququ ilə ona məxsus olması işin mübahisəsiz halıdır ki, bu hallardan Nəsimi RİH-in başçısının birbaşa məlumatı olmuşdur. Nəsimi RİH başçısı iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair rəsmiləşdirmənin aparılmasını tənzimləyən 5 oktyabr 2007-ci il tarixli sərəncamın ləğvinə dair özünün 11 yanvar 2016-cı il tarixli sərəncamından sonra əmlakın xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmasına dair 17 may 2016-cı il tarixdə verilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışın ləğvi (etibarsızlığı) tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Uzun sürən məhkəmə çəkişmələrindən sonra, nəhayət Ali Məhkəmənin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli 2(102)-3520/2021 saylı qərarı ilə Nəsimi RİH-in sözügedən iddiası üzrə mülki işin icraatına (işin məhkəmədə baxılmalı olmaması əsası ilə) xitam verilmişdir. Nəsimi RİH başçısının 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2007-ci ildə göstərilən ünvanda həmin qeyri-yaşayış sahəsinin iddiaçının adına rəsmiləşdirilməsini qanunsuz hesab etməsi, sonralar məhkəmə işlərində guya, bu ərazinin park sahəsi olduğuna, park sahəsinin dövlət torpağı olduğuna və dövlət (həm də park) torpağında şəxsin hər hansı tikinti aparması üçün Əmlak Məsələləri Dövlət Komitəsindən razılıq alınmalı olduğuna istinad etməsinə rəğmən, sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətində olmaqla iddiaçı tərəfindən qanuni əsaslarla istismar edildiyini bildiyi halda, Könül Əliyevanın adına sənədləşdirilməsinə dair sərəncam verməsi özbaşınalıq və qanunsuzluqdur, onun hər hansı bir qanuni əsası ola bilməzdi. Göstərilənlərə və Azərbaycan Respubliaksının Konstitusiyasının 13, 25, 26, 29, 60, 68-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanununun 11, 14, 15, 17, 21, 58, 67-ci maddələrinə, İPM-in 2.2.1, 14.1, 32, 45 – 47-ci maddələrinə əsaslanaraq, Nəsimi RİH başçısının 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi RİH-in “icraatın dayandırılması barədə” vəsatəti təmin edilmiş, hazırkı iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)- 1556/2022 saylı iş üzrə yekun qərar qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, cavabdehin vəsatətinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 03 avqust tarixli, 2- 1(103)-2513/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2022-ci il 12 may tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(102)-2017/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 03 avqust tarixli, 2-1(103)-2513/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1200/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-6432/2022 saylı qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(112)-788/2023 saylı qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(112)-788/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlərin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, Nəsimi RİH başçısı tərəfindən K.R.Əliyevanın adına rəsmiləşdirilməsinə dair xx.xx.2016-cı il tarixli 33 №-li sərəncam verilmiş qeyri-yaşayış sahəsi 2007-ci ildən qanuni istifadəsində və sahibliyində, xx.xx.2016-cı il tarixdən isə, həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqla xüsusi mülkiyyətindədir. Hazırki vaxtadək də, Nəsimi RİH tərəfindən 2021-ci ilin payızından isə K.R.Əliyevanın iddialarına baxmayaraq, həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatı qüvvədədir. Tərəfindən Nəsimi RİH başçısı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 33 №-li sərəncam ona görə mübahisələndirilir (hazırki iddia qaldırılmışdır) ki, həmin sərəncamla mülkiyyətində olan əmlakın K.R.Əliyevanın adına rəsmiləşdirilməsinə qərar verilmişdir. K.Əliyeva məhz Nəsimi RİH-nin 33 №-li xx.xx.2016-cı il tarixli sərəncamına istinad edərək mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğvinə dair iddia qaldırmışdır (P.Hüseynovun xx.xx.2021-ci il tarixli qərarı). Bu baxımdan, K.Əliyeva mülkiyyət hüququnun ləğvinə dair iddiasına “subyektiv hüququ” əsasında - məhz Nəsimi RİH başçısının sərəncamı durur. Buna görə də ona münasibətdə qanunsuz və əlverişsiz hesab etdiyi, mülkiyyətində olan əmlaka dair özgəsinin adına rəsmiləşdirmə aparılmasını tənzimləyən inzibati aktın ləğvinə dair iddia qaldırmaq onun hüququdur. Məhkəmə bütün bunları və hüququ bildiyi halda, iddia tələbinin rədd edilməsi məqsədi olduğu, lakin iddia tələbinin rəddinə hər hansı əsaslandırma tapmadığından bilərəkdən, qəsdən, qərəzli şəkildə iddianın mümkün sayılmamasına dair qərardad qəbul etmişdir. Məhkəmənin qənaətinə görə - mülkiyyət hüququna birmənalı şəkildə müdaxilə edən, qanunsuz hesab etdiyi, ləğvini məhkəmə qaydasında mübahisələndirdiyi inzibati akta qarşı məhkəmə müdafiəsi hüququ yox imiş). Məhkəmənin öz qulluq mövqeyindən (səlahiyyətindən) istifadə edərək inzibati orqanın mülkiyyət hüququna qanunsuz müdaxiləsinə qarşı məhkəmə müdafiəsi hüququndan məhrum edilməsi Konstitusiya prinsiplərinə (13, 29, 60, 68, 71-ci maddələr) ziddir. Məhkəmə açıq-aşkar bilir ki, K.R.Əliyevanın mülkiyyət hüququnun qeydiyyatını mübahisləndirməsinə (hazırda Bakı Apellyasiya Məhkəməsində dayandırlımış icraat) “subyektiv hüququ” məhz Nəsimi RİH-in qanunsuz saydığı xx.xx.2016-cı il tarixli sərəncamından qaynaqlanır. Daşınmaz əmlaka mülkiyyət hüququ isə hələ də mövcuddur və reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası ona hüquq verir ki, hüququna müdaxilə edən sərəncamı mübahisələndirsin. Bu halda onun subyektiv hüququnun olmadığı qənaətinə gəlinməsi mülkiyyət hüququnun müdafiəsinə dövlət tərəfindən təminat verilməsinə dair Konstitusiya normalarının və mülki qanunvericiliyin normalarının məhkəmə tərəfindən kobud şəkildə pozulması, heçə sayılması deməkdir. Bundan başqa, məhkəmə “subyektiv hüququnun olmaması” qənaətinə gələrkən, K.Əliyevanın adına rəsmiləşdirilməsi barədə xx.xx.2016-cı il tarixli 33 № sərəncam verilmiş daşınmaz əmlaka (qeyri-yaşayış sahəsinə) mülkiyyət hüququnun prezumpsiyası olduğuna dair hazırki iş üzrə Ali Məhkəmənin İK-nın xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyini də nəzərə almamışdır. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırki iş üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququnun Nəsimi RİH-in qəbul etdiyi inzibati aktdan daha yüksək hüquqi qüvvəyə malik olduğuna dair hüquqi mövqeyi birmənalı ifadə olunmuşdur. Həmin qərarın 26-30-cu bəndlərində: “26. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi özü qeyd edir ki, iddiaçının mübahisə predmetinə çevrilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları vardır. 27. Qeyd edilməlidir ki, bu fakt işin 8-ci səhifəsində olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin İddiaçı sözügedən qeyri-yaşayış sahəsinə dair verdiyi 17 may 2016-cı il tarixli, seriya RX, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla təsdiq olunur. Eyni zamanda, adıçəkilən çıxarışın hazırda qüvvədə olması Ali Məhkəmənin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(102)-3520/2021 nömrəli qərarı ilə də müəyyən olunur. Yəni, həmin məsələ işin təkzibolunmaz halını təşkil edir. 28. Bununla yanaşı, qeyd edilməlidir ki, hazırki iş üzrə mübahisə predmeti olan Nəsimi RİH başçısının 33 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamı sözügedən qeyri-yaşayış sahəsinin vətəndaş X3 adına sənədləşdirilməsi barədədir. Yəni, K.R.Əliyevanın mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış yoxdur. 29. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ həmin əmlaka aid digər hər hansı bir inzibati aktdan daha yüksək hüquqi qüvvəyə malik olduğundan (Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri) hazırki iş üzrə icraat deyil, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1556/2022 nömrəli iş üzrə icraatın dayandırılması məsələsi müzakirə edilməli, hazırki iş üzrə icraat təzələnərək davam etdirilməlidir. 30. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilmiş hər iki işin birləşdirilərək bir icraatda baxılmaqla həll edilməsi, qanuna daha uyğun olmaqla, həm də ədalətli və obyektiv olacaqdır... ” Beləliklə, hazırki iş üzrə iddia tələbinin dayandırılmasına dair məsələyə baxarkən Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıdakı mövqeyi, iddianın mümkünlüyü məsələsinə qiymət verilməsi zamanı da nəzərə alınmalıdır. Ali Məhkəmənin qanuni qüvvəsində olan həmin qərarında hazırki iş üzrə iddiaçının mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş olduğuna dair hüquqi qiymətləndirmə aparıldığı halda, birinci instansiya məhkəməsinin, guya, iddiaçının “subyektiv hüququ olmadığına” dair qənaəti, əslində, məhkəmənin mövqeyi deyil, iş üzrə qərardad çıxaran hakimin subyektiv düşüncələrinin məhsuludur. Belə ki, iş materialında olan və məhkəmənin də tədqiq etdiyi qanuni qüvvəsində olan məhkəmə qərarları (Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3520/2021 saylı və Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırki iş üzrə xx.xx.2022-ci il tarixli qərarları) ilə hazırki mübahisənin predmetinə çevrilmiş daşınmaz əmlaka (qeyri-yaşayış sahəsi) xüsusi mülkiyyət hüququnun mövcudluğu, prezumpsiyası olduğu və mülkiyyət hüququnun inzibati aktdan daha yüksək hüquqi qüvvəyə malik olduğuna dair aydın, birmənalı və təkzibedilməz hüquqi mövqeyi olduğu halda, birinci instansiya məhkəməsinin onun mülkiyyət hüququnu “formal” hesab etməsi hüquqazidd qənaət olmaqla, qanuna hörmətsizliyin göstəricisi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası adından qəbul edilən məhkəmə qərarında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ləğv edilməmiş, Ali Məhkəmənin qanuni qüvvəsində olan qərarları ilə mötəbərliyi və yüksək hüquqi qüvvəsi qiymətləndirilmiş mülkiyyət hüququnun “formal” hesab edilməsi “əsası” ilə nəticəyə gəlinməsi məhkəmənin deyil, işə baxan hakimin subyektiv, formal yanaşmasının nəticəsidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 və vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(112)-788/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamı ilə Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 oktyabr 2007-ci il tarixli razılıq məktubu və razılaşdılmış layihə əsas götürülməklə Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkında layihə üzrə İddiaçı tərəfindən bərpa edilmiş pavilyonun onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bundan sonra, Nəsimi RİH-in 24 sentyabr 2012-ci il tarixlki sərəncamı ilə RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamının 2-ci bəndinə dəyişiklik edilərək, obyektin X10 adına rəsmiləşdirilməsi qərara alınmışdır. 20 sentyabr 2014-cü il tarixdə Nəsimi RİH başçısının imzası ilə obyektin istismarına dair 09 nömrəli icazə sənədi verilmişdir. Nəsimi RİH-in 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli və 24 sentyabr 2012-ci il tarixli sərəncamları etibarsız sayılmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 17 may 2016-cı il tarixdə İddiaçı həmin obyektə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə reyestrdən çıxarış verilmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Nəsimi RİH-in 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamının etibarsız sayılması hissəsində ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-182/2017 saylı iş üzrə 31 yanvar 2017-ci il tarixli qərarı ilə iddia təmin olunmamışdır. Həmin məhkəmə qərarından apellyasiya şikayəti verilsə də, şikayət Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-893/2017 saylı iş üzrə 20 aprel 2017-ci il tarixli qərarı ilə təmin edilməmiş və 31 yanvar 2017-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1558/2017 saylı iş üzrə 22 avqust 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Nəsimi RİH-in 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni “5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamının etibarsız sayılması” hissəsində ləğv olunması tələbini irəli sürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3451/2018 saylı iş üzrə 26 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə qərarından apellyasiya şikayəti verilmis, lakin şikayət Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-475/2019 saylı iş üzrə 19 fevral 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş və 26 oktyabr 2018-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1553/2020 saylı iş üzrə 21 oktyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məlum olmuşdur ki, Nəsimi RİH-in 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamı ilə müvafiq obyektin X4 adına rəsmiləşdirilməsi qərara alınmışdır. X8 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərini mübahisələndirmiş və daşınmaz əmlakın dövlət reyestrində obyektə dair İddiaçı adına aparılmış qeydiyyatın ləğvini tələb etmişdir. İddiaçı Nəsulla oğlu həmin iş üzrə icraata üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9048/2021 saylı iş üzrə 28 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. İş hazırda İddiaçı apellyasiya şikayətinə baxılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icratındadır (2-1(103)-1556/2022 saylı iş). Bundan sonra, İddiaçı cavabdeh Nəsimi RİH-ə qarşı RİH-in 26 fevral 2016-cı il tarixli (müvafiq obyektin X4 adına rəsmiləşdirilməsi barədə) sərəncamının ləğv edilməsi barədə hazırkı tələblə çıxış edərək Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını əsaslandırarkən qeyd etmişdir ki, hazırkı işin hallarına görə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkındakı tikiliyə (qeyri-yaşayış sahəsinə) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində cavabdeh Bakı şəhəri Nəsimi RİH-in tikilinin rəsmiləşdirilməsi barədə 5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamı və həmin tikiliyə dair “istismara icazə” sənədi əsasında qeydiyyata alınsa da, sözügedən sərəncam cavabdehin özü tərəfindən ayrıca inzibati aktla etibarsız sayılmışdır, “istismara icazə” sənədinin isə hansı tarixdə, hansı icraat üzrə verilməsi (şəxsin ərizəsi, qeydiyyat kitabında qeyd aparılması) müəyyən edilmir. Nəzərə alınmalıdır ki, istismara icazə sənədinin cavabdeh Nəsimi RİH tərəfindən təsdiqlənməsi iş materiallarına əlavə edilmiş qurumun 20 iyul 2016-cı il tarixli arayışı və ona əlavə olunmuş sənədlərlə təkzib olunur. İddiaçı hazırkı iddianı qaldırarkən subyektiv hüququnu müvafiq əmlaka dair adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və mülkiyyət hüququnun mövcud olması ilə əsaslandırsa da, məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır və qeyd edr ki, «İnzibati icraat haqqında» Qanunun tələblərinə görə etibarsız sayılmış inzibati aktın hüquqi nəticələri onun qəbul edildiyi andan aradan qalxmış olur. Yəni, Nəsimi RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamı qurumun özünün 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə etibarsız sayıldığından, onun hüquqi nəticəsi kimi həmin sərəncam əsas götürülməklə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mövcudluğu da formal xarakter daşıyır. Nəsimi RİH-nin 11 yanvar 2016-cı il tarixli 01 nömrəli (5 oktyarbr 2007-ci il tarixli sərəncamın etibarsız sayılması barədə) sərəncamı hazırkı İddiaçı tərəfindən məhkəmə qaydasında iki dəfə - “sərəncamın qismən etibarsız sayılması” və “sərəncamın qismən ləğv edilməsi” tələbləri irəli sürülsə də, müvafiq məhkəmə aktları ilə iddialar əsassız qiymətləndirilmiş və rədd edilmişdir. Müvafiq obyektə dair İddiaçı adına aparılmış qeydiyyat mübafiq icraat üzrə maraqlı şəxs kimi çıxış edən hazırkı üçüncü şəxs X8 tərəfindən ayrıca iddia ilə mübahisələndirilsə də, həmin işin icraatı hazırkı işə baxılıb qərar qəbul edilənədək dayandırılmışdır. Bununla da belə nəticə yaranır ki, iddiaçının müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənəd (5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncam) mövcud olmadığından, xüsusilə də qeydiyyatın aparıldığı 17 may 2016-cı il tarixdən əvvəlki dövrdə etibarsız sayıldığından, qəbul edildiyi andan əhəmiyyətsiz qiymətləndirilmiş həmin sərəncam əsasında ararılan qeydiyyatın da hüquqi nəticəsi istisna olunur. Belə olan halda birinci instansiya məhkəməsinin qənaətinə görə, İddiaçı 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamı mübahisələndirmək üzrə subyektiv hüququ olmadığından, məhkəmə icraatında hazırkı cavabdeh Bakı şəhəri Nəsimi RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifələrin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayıla bilməz. İddiaçı tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsinin iddianı mümkün hesab edib baxacağı təqdirdə, iddianı rədd etməsi üçün əsasların olmadığını və təmin etməli olduğundan və bunu arzulamadığından lap əvvəldən mümkün hesab etməməsidir. Apelyasiya şikayətinin qeyd olunan dəlilinə, ümumilikdə apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Nəsimi RİH-nin 05 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki İddiaçı tərəfindən yeni layihə əsasında bərpa edilmiş pavilyonun onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. (i/v 34). Daha sonra, Nəsimi RİH-nin 24 sentyabr 2012-ci il tarixli sərəncamı ilə həmin pavilyon X10 adına rəsmiləşdirilməsi qərara alınmışdır (i/v 37). Bundan sonra, Nəsimi RİH-nin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə Nəsimi RİH-nin 05 oktyabr 2007-ci il tarixli sərəncamı və Nəsimi RİH-nin 24 sentyabr 2012-ci il tarixli sərəncamı etibarsız hesab edilmişdir (i/v40). 17 may 2016-cı il tarixdə isə İddiaçı həmin əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışdır (i/v 8). Qeyd olunanlardan da göründüyü kimi iddiaçı çıxarış alarkən artıq həmin çıxarışın verilməsinə əsas olan sərəncamlar 11 yanvar 2016-cı il tarixli sərəncamla etibarsız hesab edilmişdir. İddiaçı isə Nəsimi RİH-ə qarşı hazırkı – RİH-in 26 fevral 2016-cı il tarixli (müvafiq obyektin X4 adına rəsmiləşdirilməsi barədə) sərəncamının ləğv edilməsini tələb edir ki, bu sərəncamla onun hər hansısa hüququna toxunulmur. Bu səbəbdən də birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə və hüquqi mövqe tam qanuni və əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3.-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 02 avqust 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2-1(112)-788/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar