Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3598/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Fondu Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə X2rşı iş üzrə (Açar sözlər: qərarın ləğvi və əvvəlki məbləğin bərpası) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Fondu Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə X2rşı “qərarın ləğvi və əvvəlki məbləğin bərpası” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(112)-9796/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X6 Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati orqan tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması haqqında 3-17-1/3-3- 21336/2024 nömrəli xx.xx.2024cü tarixli qərarının ləğv edilməsi və müdaxilədən əvvəlki pensiyanın bərpa edilməsini, aparılmış əvəzləşdirmələrin, tutulmaların geri qaytarılması, keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-21336/2024 nömrəli xx.xx.2024-cü tarixli qərarının ləğv edilməsi, əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi, əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi və aparılmış əvəzləşdirmələrin, tutulmaların geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-cı ildə Fövqəladə Hallar Nazirliyindən pensiyaya çıxmışdır. Xüsusi rütbəli pensiyaçıdır. 2024-cü ildə cavabdeh "İnzibati icraat haqqında" Qanunun tələblərinə zidd olaraq etimad hüququnu pozaraq pensiyanın ümumi məbləğini azaltmışdır. Buna səbəb kimi ona pensiya təyin edilərkən pensiya qurumu tərəfindən qanunun barəsində səhv tətbiq edilməsi göstərilmişdir. Cavabdeh qurumum 2015-ci ildə hansısa məsul vəzifəli şəxslərinin səhvi ucbatından iddiaçının pensiya təminatı hüququ pozulur. Halbuki Əmək pensiyaları haqqında Qanunun tələblərinə əsasən ona xx.xx.2015-ci il tarixində pensiya təyin edilib. İnzibati orqanın 2024-cü ildə yol verdiyi hərəkət isə Əmək pensiyaları haqqında Qanunun 2015-ci ildə qüvvədə olan tələblərinə ziddir. Bununla bağlı şikayətçidir. Müdaxilədən əvvəlki pensiyanın bərpası məqsədilə məhkəməyə müraciət edir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(112)-9796/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X6 Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-3- 21336/2024 nömrəli xx.xx.2024-cü tarixli qərarı ləğv edilmiş, İddiaçı əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi, aparılmış əvəzləşdirmələrin və əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması və onun yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X6 Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİD şöbəsinin 15/3566 – 006046 nömrəli uçot vərəqindən görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixindən ömürlük pensiya təyin edilmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X6 Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-21336/2024 saylı qərarına əsasən hesablama tarixinə qədər iddiaçının pensiya məbləği 1487,43 manat və yenidən hesablama nəticəsində (37.3 və artım faizinin dəqiqləşdirilməsi) 1589,63 manat məbləğində, təminat xərcliyi cəmi: 1377,40 manat müəyyən olunmuşdur.
12. Məhkəmənin sorğusuna əsasən cavabdehin 12 may 2025-ci il tarixli 3-17-1/2- 109113/2025 saylı məktubu ilə iddiaçının pensiya işinə dair sənədlərin və əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərarın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
14. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
15. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin— 65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.15. Bu Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməz. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Əvvəlki redaksiyasında deyilirdi 20.14.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. Hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin - 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla əmək pensiyası hesablanır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır; 3-cü hissəsinə əsasən, bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür... 4-cü hissəsinə əsasən, bu Qaydaların 6-cı və 7-ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1- ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür; 5-ci hissəsinə əsasən, məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.
19. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, hərbi qulluqçuya pensiya təyin edilməsi üçün onun hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi sonuncu xidmət keçdiyi orqan tərəfindən pensiya təyin edilən orqana göndərilməlidir.
20. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş xr80/15-565 nömrəli məlumat vərəqəsinə əsasən iddiaçının xidmət müddəti 25 il 07 ay 24 gün (təqvimi xidmət illəri 21 il 00 ay 06 gün, güzəştli xidmət illəri 02 il 08 ay 06 gün, ali təhsil 01 il 11 ay 12 gün) təşkil edir. Həmin məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq xx.xx.2015-ci il tarixindən iddiaçıya 25 il 07 ay 24 gün ümumi iş stajına uyğun təminat xərcliyinin (911.14 manat) 80 faiz miqdarında – 724.60 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.
21. Daha sonra cavabdeh tərəfindən Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya dair təqdim olunmuş yeni məlumat vərəqinə əsaslandığı iddia edilərək əmək pensiyası Qanunun 20.14.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyinin 65 faizi miqdarında müəyyən edilmiş, 01 iyul 2017-ci il tarixindən sonrakı müvafiq artımlar (iddiaçıya münasibətdə 01 mart 2018-ci il, 01 mart 2019- cu il, 01 may 2019-cu il və 01 sentyabr 2019-cu il tarixindən) isə 01 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 61,17 faiz miqdarında hesablanmaqla həmin tarixdən əvvəlki təminat xərcliyinin 65 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə olunmaqla 877,21 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmələr nəzərə alınmaqla 01 yanvar 2024-cü il tarixindən 1230,73 manat) müəyyən edilmişdir. Bununla əlaqədar əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-21336/2024 saylı qərar qəbul edilərək artıq ödənilmiş pul vəsaiti müəyyən edilmişdir.
22. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdehin iddia etdiyi iddiaçının sonuncu xidmət keçdiyi orqanın onun xidmət illərini düzgün hesablamaması, verilmiş məlumat vərəqəsində xidmət illərinin çox göstərilməsi kimi hallar hazırkı vəziyyətdə cavabdehin xeyrinə dəyişmir və pensiya təyin edən zaman inzibati orqanın hərəkətlərinin qanunsuz sayılmasına əsas verir. Belə ki, iddiaçı barəsində vaxtilə verilmiş məlumat vərəqəsi əsasında ona yaşa görə əmək pensiyası təyin edilmiş, 9 il sonra yenidən inzibati icraat aparılaraq əmək pensiyasının yenidən hesablanması nəticəsində artıq ödənilmiş məbləğ müəyyən edilmişdir. Cavabdeh yeni məlumat vərəqinə istinad etsə də, məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən təqdim edilən iddiaçının pensiya işinə dair sənədlərdə yeni məlumat vərəqinin mövcudluğu sübut olunmur.
23. Hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının pensiyanın yenidən hesablanması barədə cavabdehə 2024-ci ildə müraciət etdiyini və sonuncu məlumat vərəqəsinin 2015-ci ildə təqdim olunduğu nəzərə alaraq qeyd edir ki, iddiaçının xidmət illərinə dair dövlət orqanının yeni məlumat vərəqi təqdim edilmədiyindən və və əsaslandığı hallara dair heç bir sübut əlavə etmədən cavabdeh yenidən hesablanma aparmaqla haqlı olmamışdır. Məhkəmənin hazırkı iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarına uyğundur.
24. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
25. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır.
26. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur.
27. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
28. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır.
29. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
30. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.
31. İddiaçının pensiya işindən müəyyən edilir ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2015-ci ildə yaşa görə əmək pensiyası təyin etmiş, bundan sonra iddiaçının müraciəti əsasında inzibati orqan inzibati icraat aparmaqla iddiaçını icraata cəlb edərək iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə 29 noyabr 2024-cü il tarixdə qərar qəbul etmiş, pensiya məbləğini xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün 877,21 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 1106,77 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün 1230,73 manat, xx.xx.2024-cü il tarixdən isə müddətsiz olaraq 1589,63 manat müəyyən etmişdir.
32. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır.
33. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixində əmək pensiyası təyin olunarkən xidmət illəri 21 il 6 gün olduğu halda, 25 il 7 ay 24 gün il nəzərə alındığından əmək pensiyasının yanlış olaraq artıq hesablandığı müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının pensiyası 2024-cü ilin noyabr ayında yenidən hesablanaraq (2024-cü il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla) 1589,63 manat məbləğində müəyyən edilmiş, eyni zamanda 15 iyul 2024-cü il tarixindən hesablanaraq iddiaçıya ödənilməli olan 471,44 manat pul vəsaiti müəyyən olunmuşdur. Nəticədə iddiaçıya son üç il üzrə artıq ödənilmiş 7840,00 manat pul vəsaiti müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının pensiyasından müvafiq məbləğ tutularaq büdcəyə bərpa edilmiş və qalıq 7209,60 manat vəsaitin hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığın təqdim edilməsi xahiş edilmişdir.
34. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmiş, yeni məlumat vərəqindəki məlumatlara əsaslanmışdır (iş materialları ilə yeni məlumat vərəqinin olmadığı müəyyən olundu). Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır.
36. Məhkəmə qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər.
37. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
38. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.
39. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya son üç il üzrə artıq ödənilmiş 7840,00 manat pul vəsaitindən ona ödənilməli olan 471,44 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilmiş, qalan 7368,56 manat vəsaitin 158,96 manat hissəsi 2024-cü ilin dekabr ayında əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. İddiaçının müraciətinə əsasən pensiyasından tutulma 01 yanvar 2025-ci il tarixindən dayandırılıb. Qalıq 7209,60 manat vəsaitin hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir.
40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
41. İddiaçının əmək pensiyasından tutulma ilə bağlı faktiki xarakterli hərəkətlərə münasibətdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
42. Məhkəmə qeyd edir ki, əmək pensiyaçısının razılığı olmadığı təqdirdə əmək pensiyasından inzibati orqanın qərarı və ya faktiki xarakterli hərəkəti əsasında tutmanın həyata keçirilməsinə dair norma qanunvericilikdə nəzərdə tutulmamışdır, əksinə müvafiq razılıq olmadıqda tutma məhkəmə qaydasında həyata keçirilməlidir.
43. İddiaçının əmək pensiyasından tutulma (artıq ödənilmiş pul vəsaiti) 7840 manat təşkil edib və həmin məbləğ 471,44 manat olmaqla çıxılmış, 158,96 manat hissəsi pensiyasından tutularaq büdcəyə bərpa olmaqla bir ay ərzində iddiaçıdan tutulub.
44. Əmək pensiyasından tutulma ilə bağlı iddiaçının razılıq ərizəsi və pensiyadan tutma aparılmasına dair qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, tutulmanın həyata keçirilməsi maddi hüquq normasının prosessual aspektinə uyğun olmamışdır, həmin aparılmış tutulma qanunsuz hesab edilməli və tutulmuş vəsait iddiaçıya geri qaytarılmalıdır.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
46. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
47. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-1(112)-9796/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev