Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3599/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1685/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyini üçün müraciət etdiyi vaxtdan əvvəlki 3 illik dövr üçün pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. 1975- 1979-cu illərdə Sumqayıt politexnik texnikumunda sənaye müəssisələri və qurğularının elektrik avadanlığı ixtisasını bitirib texnik-elektrik ixtisası üzrə təhsil almışdır. xx.xx.1981xx.xx.1991-ci il tarixlərində X5da (ПО «Тульский комбайновый завод») müxtəlif vəzifələrdə (elektrik montyoru, metalın termik emalı üzrə elektrik montyoru, baş usta, istehsalat üzrə sex rəisi, qaynaq korpusunun rəisi) işləmişdir. Həmin zavod keçmiş SSRİ ərazisində kənd təsərrüfatı maşınqayırması sahəsində ən nəhəng müəssisələrdən biri olmuşdur. Həmin zavod haqqında məlumatı açıq mənbələrdən əldə etmək olar. xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixlərində "xxxx" MMC-də Səngəçal terminalında elektrik montyoru və Səngəçal elektik yarımstansiyasının elektrik montyoru vəzifələrində işləmişdir. xx.xx.2014-cü ildən bugünə kimi N saylı hərbi hissədə istehsalat sexinin radioquraşdırma təmiri şöbəsində baş istehsalat ustası olaraq işləmişdir. Güzəştli şərtlərlə pensiya təyini üçün xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Güzəştli şərtlərlə pensiya təyinindən imtina iddiaçının güzəştli iş stajının olmaması ilə əlaqədar olmuşdur. Lakin cavabdeh qurum onun əvvəlki dövrlərdə işlədiyi sahələri nəzərə almadan, yalnız son iş yerindəki arayışına, özü də düzgün hüquqi qiymət verilmədən (arayışda iş yeri tərəfindən işlədiyi sahənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olduğu müəyyən edilib) güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtina etmişdir. Bildirilir ki, onun işlədiyi vəzifələr (peşələr) əmək şəraitinə uyğun olaraq güzəştli şərtlərlə pensiya təyininə imkan verir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, 57 yaşının qanunvericiliyə edilmiş dəyişiklik xx.xx.2017-ci il tarixinə qədər tamam olduğundan iddiaçının ümumi və güzəştli stajının tamam olduğu vaxt xx.xx.2006-cı il tarixə qədər deyil, ondan sonrakı dövr də nəzərə alınmalı, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və pensiya təyini üçün müraciət etdiyi xx.xx.2022ci il vaxtdan əvvəlki 3 illik dövr üçün pensiya fərqi iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Filial **********7 saylı, xx.xx.2022-ci il tarixli məktubla müraciətin icrasından imtina edib. İmtina onunla əsaslandırılıb ki, iddiaçı güzəştli iş stajına sahib deyildir. 1) İddiaçı güzəştli iş stajına malik olduğunu iddia edir. Lakin iş materiallarında bu halı təsdiq edən iş yerindən müvafiq arayışları təqdim edə bilmir. 2) "xxxx" MMC-nin 13 avqust 2021-ci il tarixli arayışında ümumiyyətlə iddiaçının çalışdığı peşənin güzəştli olub-olmamasına dair bir qeydə yer verilməyib. 3) Hərbi hissənin verdiyi 924 saylı, 10 iyun 2021-ci il tarixli arayış əsaslı deyildir. Belə ki, həmin arayışda NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiqlənmiş məlum Siyahının 11.6-cı bölməsinin (“Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” adlanır) (b) bəndinə istinad edilmişdir. Həmin bəndə görə qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) peşəsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. Arayışda qeyd edilir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən etibarən 2 nömrəli istehsalat sexinin radio quraşdırma təmiri şöbəsində “baş istehsalat ustası” peşəsində çalışır. Göründüyü kimi, iddiaçının çalışdığı peşənin iddia etdiyi peşəyə uyğunluğu müəyyən edilmir. 4) “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” bu sənədlərin dairəsini müəyyənləşdirir. Şəxs müvafiq müraciətinə/ərizəsinə Qaydalarda nəzərdə tutulmuş sənədləri əlavə etməlidir: şəxsiyyətini təsdiq edən sənədin surəti; ümumi iş stajını təsdiq edən sənədlər; ƏPQ-nin 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin olunması tələbinə dair iddiasının rədd olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1685/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı xx.xx.2017-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda imtina məktubunun, birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2-1(112)-1685/2023 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan: X5 (Тульский комбайновый завод) təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışa əsasən iddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1991-ci il tarixinə qədər elektrik montyoru, metalın termik emalı üzrə elektrik montyoru, baş usta, istehsalat üzrə sex rəisinin müavini, qaynaq korpusunun rəisi vəzifələrində işləmişdir. "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı "xxxx" MMC-nin Səngəçal terminalına elektrik montyoru vəzifəsinə işə qəbul edilmiş (xx.xx.2003-cü il tarixli 133 №-li əmrə əsasən), xx.xx.2007-ci il tarixində Səngəçal elektrik yarımstansiyanın elektrik montyoru vəzifəsinə keçirilmiş (19.11.200-ci il tarixli 278/k №-li əmrə əsasən) və xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (Əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad edilmişdir (xx.xx.2008-ci il tarixli 413/k №-li əmrə əsasən). Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC bildirmişdir ki, İddiaçı "xxxx" MMC-də işlədiyi müddətdə terminalda neft və neft məhsullarının doldurulubboşaldılması estakadalarının fəaliyyətini təmin edən nasosxanaların və elektrik yarımstansiyasının elektrik avadanlıqlarına xidmət üzrə işləri yerinə yetirmişdir. Eyni zamanda, iddiaçının əmək kitabçasında "xxxx" MMC tərəfindən aparılmış qeydə əsasən xx.xx.2003-cü il tarixli 133 №-li əmrə əsasən Səngəçal terminalının elektrik montyoru vəzifəsinə təyin edilməsinə dair düzəliş edilmişdir. Müdafiə Nazirliyi Hərbi Hissəsinin təqdim etdiyi 10 iyun 2021-ci il tarixli arayışda bildirilir ki, xx.xx.1960-ci il təvəllüdlü İddiaçı həqiqətən N nömrəli hərbi hissədə xx.xx.2014cü il tarixindən hal-hazıradək 2 nömrəli istehsalat sexinin radioquraşdırma təmiri şöbəsində “baş istehsalat ustası” vəzifəsində işləyir. Həmçinin bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərə görə pensiya hüququ verən 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 11-ci bölməsinin 6-cı hissəsinə əsasən “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri ilə məşğul olan ustalar (böyük ustalar)” hissəsi uyğun olaraq İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu verir. İddiaçı 1975-1979-cu illərdə Sumqayıt Politexnik Texnikumunu sənaye müəssisələri və qurğularının elektrik avadanlığı ixtisası üzrə tam kursu bitirmiş və ona texnik-elektrik ixtisası verilmişdir. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1960-ci il təvəllüdlüdür. İddiaçının mübahisələndirilməyən ümumi stajı 40 ildən çoxdur. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla hesab etmişdir ki, iddia təmin edilməli, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki dövr üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2017-ci il tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (Qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2.1-ci maddəsinə əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-ci maddəsi əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.16-cı maddəsinə əsasən, 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Şəxsin 57 yaşı qanunvericiliyə xx.xx.2017-ci il tarixinə qədər edilmiş dəyişikliyə qədər tamam olduqda onun ümumi və güzəştli stajının tamam olduğu vaxt xx.xx.2006-cı il tarixə qədər deyil, ondan sonrakı dövr də nəzərə alınmalıdır (57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixədək). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Açıq informasiya mənbələrindən əldə olunan məlumata əsasən “Tula kombayn zavodu” ən böyük kənd təsərrüfatı maşınqayırma müəssisələrindən biridir. Şirkət 1937-ci ildə yaradılıb. Rusiyanın mərkəzində Tula şəhərində yerləşir. 1946-cı ildən kənd təsərrüfatı maşınlarının istehsalı üzrə ixtisaslaşıb. Müəssisə sosial əhəmiyyətli kimi təsnif edilir. Müəssisənin ümumi sahəsi 83 hektar, istehsal sahəsi 184 min kvadratmetr, avadanlıqların sayı 3 min ədəddən artıqdır. Qurum 29 iyun 2011-ci ildə ləğv edilib. 2009-cu ilin dekabrında iflas proseduruna başlanılıb. İstehsal dayandırılıb. "Prostor" brendi ilə taxıl və yem yığımı texnikasının istehsalı. Zavod həm öz istehsalı olan maşınlar, həm də yerli istehsalçıların ("Niva", "Don") kombayn və taxılyığan maşınları üçün geniş çeşiddə ehtiyat hissələri istehsal edir. (Mənbə: AgroBase https://www.agrobase.ru/organizations/manufacturer/pdmanufacturer_8cc67ac4-7d02- 470c-b124-f8c9120b3299 X3 (Тульский комбайновый завод) təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışa əsasən: 1) iddiaçının xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinə qədər işlədiyi metalın termik emalı üzrə elektrik montyoru vəzifəsi 2 nömrəli siyahıya əsasən XİV bölməsində (Metal emalı) isti iş sahələrində məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (21504000 Termiki emal - kod 2150400a—19861) vəzifəsinə uyğun gəlir. Həmin vəzifə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının 11.3-cü bəndinə (Termiki emal - isti iş sahələrində məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları) bəndinə uyğun gəlir; Həmin hissədə də iddiaçının işlədiyi sahənin iş sahələrinə aid olmasına dair (“сг-сектор горячий”) qeyd vardır. Arayışda iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixə qədər elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru işlədiyi qeyd edilsə də, əmək kitabçasında və arayışda işlədiyi sexin isti iş sahələrində məşğul olan elektrik avadanlığı ilə bağlı olduğuna (“сг-сектор горячий”) dair qeyd vardır. Odur ki, həmin vəzifə də eyni koda (2150400a— 19861) uyğundur. xx.xx.1988-xx.xx.1988-ci illərdə həmin sexdə (isti iş sahələrində) işlədiyi böyük usta vəzifəsi 2 nömrəli siyahıya əsasən XİV bölməsində (Metal emalı) 2150400b—23187 kodu üzrə ustalar, böyük ustalar vəzifəsinə uyğun gəlir. xx.xx.1988-ci il tarixindən-xx.xx.1991-ci il tarixinə qədər işlədiyi sex rəisinin müavini (qaynaq korpusunun rəhbəri) vəzifəsi 2 nömrəli siyahıya əsasən XİV bölməsində (Metal emalı) sex rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri (2150400b—24125) vəzifəsinə uyğun gəlir. "xxxx" MMC-nin təqdim etdiyi arayışlara əsasən bildirilir ki, xx.xx.2003-cü il tarixindən xx.xx.2008-ci il tarixində olan müddətlərdə gördüyü işin məzmunu terminalda neft və neft məhsullarının doldurulub-boşaldılması estakadalarının fəaliyyətini təmin edən nasosxanaların və elektrik yarımstansiyasının elektrik avadanlıqlarına xidmət üzrə işləri yerinə yetirdiyi qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən məhkəməyə iddiaçının işlədiyi peşənin iş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraiti zərərli və ağır peşələrə uyğun gəlmədiyi qeyd olunmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin attestasiyanın nəticələri tələb olunsa da, həmin nəticələr məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçının "xxxx" MMC-də işlədiyi elektrik montyoru peşəsi üzrə fəaliyyəti terminalda neft və neft məhsullarının doldurulub-boşaldılması estakadalarının fəaliyyətini təmin edən nasosxanaların və elektrik yarımstansiyasının elektrik avadanlıqlarına xidmət üzrə işlərin yerinə yetirilməsi olduğundan iddiaçının yerinə yetirdiyi iş 2 nömrəli siyahıya əsasən 21303000 - 3. Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı; 21303010 - 1) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri; elektroavadanlığın təmiri və xidməti üzrə elektromontyorları (2130301a—19861) vəzifəsinə uyğundur. Həmin vəzifə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının 10.5.1-ci bəndinə uyğun gəlir. Müdafiə Nazirliyi Hərbi Hissəsinin təqdim etdiyi arayışa əsasən iddiaçının N nömrəli hərbi hissədə xx.xx.2014-cü ildən hazırkı dövrə qədər olan müddətdə işlədiyi istehsalat sexinin radioquraşdırma təmiri şöbəsində “baş istehsalat ustası” vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərə görə pensiya hüququ verən 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 11.6-cı bəndinin (11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) “b” hissəsinə (mütəxəssislər) əsasən “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri ilə məşğul olan ustalar (böyük ustalar)” peşəsinə uyğun gəlir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda tərtib edildiyindən qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozması barədə düzgün nəticəyə gəlmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1685/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3599/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3599/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver