Məhkəmə qərarları › İş №2-1(103)-36/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-36/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-36/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncamın ləğv edilməsinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1120/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qərarından (hakim Rüstəm Kərimli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncamının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə Cümşüdova Könül Kamil qızı iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş, iddiaçının ərizəsinə əsasən cavabdeh Bakı şəhəri Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi əsl cavabdeh Xətai Rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi barədə ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1120/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qərarıiləiddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai rayonu, R.Məmmədov küçəsi, 156-170 saylıyaşayış binasının yanında İddiaçı-yə məxsus RİQ-6-danistilik məntəqələrinə gedən, konkret olaraq Xətai rayonunun bir hissəsini istilik enerjisi ilə təchiz edən diametri 630 mm olan magistral istilik kəmərlərinin üzərində quraşdırılmış konpensatorun üzərində tikinti olduğu müəyyən edilmişdir ki, bu da magistral istilik xətlərinin istismarını mümkünsüz edərək Xətai rayonunun bir hissəsini istilik enerjisi ilə təchiz edən istilik xətlərinin istismarı məcburiyyət qarşısında dayandırılacaqdır. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspertə tədqiqat obyektinə baxış keçirilərkən istilik xətlərinin yerləşmə koordinatları, tikilinin kompensatorun üzərində tikildiyi göstərilsə də, Mərkəzin nümayəndəsi tərəfindən tərtib edilmiş rəydə tədqiqatın nəticəsi olaraq tikilinin istilik kəmərinin kompensatorunun üzərində yerləşmədiyi göstərilmişdir. Payız-qış mövsümünə hazırlıqla bağlı qeyd edilən ünvanda istilik xətlərində təmir bərpa işlərinin aparılması nəzərdə tutulsa da qeyri-qanuni tikinti səbəbindən işin icrası mümkün olmamışdır. 1-ci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdrıma aparmamış, mahiyyət etibarilə əsassız və qanuna zidd qərar çıxarmaqla iddiaçının hüquqlarını pozmuşdur. Halbuki 1-ci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırsa idi, iddia tələbinin təmin edilməsinə dair kifayət qədər əsasların olduğunu müəyyənləşdirə bilərdi. Həmçinin 1-ci instansiya məhkəməsi tərəfindən AR Mülki Məcəlləsinin 180.1, 180.3, 240.1, 240.3-cü maddələrinin tələbləri nəzərə alınmayaraq maddi hüquq normaları pozulmaqla qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1 (103)-37/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1120/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 98 nömrəli sərəncamın etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs Cümşüdova Könül Kamil qızı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-460/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-37/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı üçün qanunla nəzərdə tutulmuş tədbirlərin görüldüyünü nəzərə alaraq işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı-nin nümayəndəsi X6 əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1120/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İddiaçı tərəfindən mübahisələndirilən Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 98 saylı sərəncamından çıxarışdan görünür ki, R.Məmmədov küçəsində, çizgidə göstərilən ərazidə tikilmiş mövcud 50.0 kv.m ölçüdə məntəqə (156-170 saylı yaşayış binasının yaxınlığında yerləşən) vətəndaş Cümşüdova Könül Kazım qızının adına sənədləşdirilmişdir. İş materiallarına obyektin fotoşəkilləri və Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihəsi əlavə edilmişdir. İddiaçı qeyd edilən sərəncamla 3-cü şəxsin adına sənədləşdirilmiş qeyri-yaşayış sahəsinin 630 mm-lik istilik kəmərinin üzərində inşa edildiyini iddia edərək sərəncamın ləğv edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddianın növü mübahisələndirmə haqqında iddia növünə uyğundur. İddiaçının dəlillərinin araşdırılması üçün işə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5479 nömrəli, xx.xx.2017-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən tikilinin diametri 630 mm olan magistral istilik kəmərindən 5.2 m məsafədə inşa edildiyi nəzərə alınaraq, həmin tikilinin X7 və Qaydalarının İİ.36.73* 8.14 bəndinin və 5-ci cədvəlinin tələblərinə əsasən minumum məsafədə 5.0 m-dən az olmayan məsafədə yerləşdiyi, istilik borusunun mühafizə zonasına düşmədiyi müəyyən olunur. Birinci instansiya məhkəməsi qeyd edilən rəyə əsaslanaraq iddianın əsassız olması barədə nəticəyə gəlmiş və iddianı rədd etmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Dövlət Agentliyi tərəfindən xx xxx 2018-ci il tarixli, xx/xx-01936 nömrəli məktubla məhkəməyə ünvanlanmış mütəxəssis rəyində «Azkommunlayihə» İnstitutunun mühəndisi Madər Nəbiyev məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq bildirmişdir ki, sözügedən Sərəncamda nəzərdə tutulmuş tikili diametri 630 mm olan magistral istilik kəmərinin üzərinə düşmür, lakin xəttin mühafizə zolağına düşür. Eyni zamanda həmin tikili X7 və Qaydalarına uyğun inşa edilməmişdir. İşə apellyasiya qaydasında ilk dəfə baxılarkən iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hazırki iş üzrə məhkəməyə təqdim edilmiş 5222 nömrəli xx.xx.2018-ci il tarixli rəyində FHN X1 Dövlət Agentliyinin mütəxəssis rəyi əsas götürülərək müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 98 nömrəli Sərəncamında nəzərdə tutulmuş tikili həmin ərazidən keçən 630 mm-lik magistral istilik kəmərinin üzərinə deyil, istilik kəmərinin mühafizə zonasına düşür. Rəydə istilik kəmərinin obyektin qarşı tərəfindən 1.5 m məsafədə keçdiyi və həmin tikilinin inşaat norma və qaydalarına uyğun inşa edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul edilmiş qərarında qeyd edilmişdir ki, iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilsə də, ekspert əlavə ekspertiza aparmamış, bunu istilik kəmərinin üstünün qazılmaqla açılmasının mümkün olmaması ilə əlaqələndirmiş, işə apellyasiya qaydasında baxan məhkəmə isə istilik kəmərinin üstünün qazılmaqla açılmasının mümkün olmamasının səbəblərini araşdırmamışdır. Eyni zamanda qərarda məhkəmə tərəfindən qoyulmuş sualların hansı metodla və ya hansı sənədlərə əsasən cavablandırıldığının aydınlaşdırılması üçün iş üzrə rəy vermiş ekspertin və FHN X1 Dövlət Agentliyinin mütəxəssis rəyi vermiş əməkdaşının məhkəmə iclasına dəvət olunaraq dindirilməsi barədə göstəriş verilmişdir. Göstərişlə əlaqədar işə yenidən apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Xəyyam İsgəndərov xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasına dəvət olunmuş və bildirmişdir ki, birinci dəfə rəy verərkən iddiaçı ona quyu göstərmiş və bildirmişdir ki, həmin quyudan baxdıqda keçən istilik xətti görünür. Buna uyğun ölçmə işləri aparmış və müəyyən etmişdir ki, tikinti xəttin mühafizə zonasına düşmür. İkinci dəfə rəy verərkən iddiaçı borunun aşağı hissədə bir qədər döndüyünü bildirdiyindən FHN X1 Dövlət Agentliyinin mütəxəssis rəyinə əsasən rəy verilmişdir. İkinci dəfə rəy verilən zaman qazıntı işlərinin aparılaraq xəttin üstünün açılması barədə vəsatət verilsə də qazıntı aparılmamışdır. İddiaçı bildirmişdir ki, asfaltı qazıb açmaq mümkün deyil. Qeyd edilən məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Nəsirov iş üzrə təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edilməsi barədə vəsatət vermişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilmiş, xx.xx.2019-cu il tarixli qərardadla iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, mübahisələndirilən sərəncamla 3-cü şəxs K.Cümşüdovanın adına sənədləşdirilmiş tikilinin həmin ərazidən keçdiyi iddia edilən magistral istilik kəmərinin üzərinə və ya mühafizə zolağına düşüb-düşməməsinin müəyyən edilməsi barədə sual qoyulmuş, ekspertiza tədqiqatının həyata keçirilməsi üçün Ali Məhkəmənin göstərişinə müvafiq olaraq qazıntı işləri aparılaraq istilik kəmərinin üstünün açılması iddiaçıya həvalə edilmiş, lakin iddiaçı tərəfindən istilik kəmərinin üstünün qazılaraq açılması təmin edilmədiyi üçün ekspert X.İsgəndərov ekspertiza aparmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Dövlət Agentliyinin adından iş üzrə mütəxəssis rəyini vermiş X4 xx.xx.2020-ci il tarixli məhkəmə iclasına dəvət edilmiş və verdiyi rəylə bağlı bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin qarşısındakı quyulara baxış keçirərək yerin altı ilə keçən istilik kəmərini görmüş və müəyyən etmişdir ki, obyekt kəmərin mühafizə zonasında yerləşir. İstilik kəməri baxış keçirdiyi hər iki quyudan aydın göründüyü üçün üzərinin qazılmasına ehtiyac olmamışdır. Məhkəmə ekspert X.İsgəndərovun və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Dövlət Agentliyinin mütəxəssisi M.Nəbiyevin izahatlarına əsasən müəyyən etmişdir ki, iş üzrə verilmiş ekspert rəyləri və mütəxəssis rəyi Xətai rayonu, R .Məmmədov küçəsində yerləşən 3-cü şəxs Cümşüdova Könül Kazım qızına məxsus qeyri-yaşayış sahəsinin qarşısından keçən istilik kəmərinin üzəri qazılaraq açılmadan obyektin qarşısındakı quyulara baxış keçirilməklə tərtib olunmuşdur. Ekspert ölçmə işlərini yalnız bir quyuya baxış keçirməklə apardığı üçün xəttin yerin altı ilə haradan keçdiyini düzgün müəyyən edə bilməmiş və nəticədə obyektin istilik kəmərinin mühafizə zonasında yerləşmədiyinə dair düzgün olmayan xx.xx.2017-ci il tarixli rəy vermişdir. İkinci dəfə 5222 nömrəli xx.xx.2018-ci il tarixli rəy verilərkən ekspert iddiaçının nümayəndəsinin iştirakı ilə istilik kəmərinin yerini daha dəqiq müəyyən edərək, o cümlədən X1 Dövlət Agentliyinin mütəxəssis rəyini nəzərə alaraq istilik kəmərinin obyektin qarşı tərəfindən 1.5 m məsafədə keçdiyi və kəmərin mühafizə zonasında yerləşdiyi barədə nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X.İsgəndərovun daha dəqiq tədqiqat aparmaqla verdiyi 5222 nömrəli xx.xx.2018-ci il tarixli rəy eyni ekspertin 5479 nömrəli, xx.xx.2017-ci il tarixli rəyindən daha mötəbər və əsaslı hesab edilməli, həmin rəy və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Dövlət Agentliyin mütəxəssis rəyi əsas götürülməklə 3-cü şəxs Cümşüdova Könül Kazım qızına məxsus Xətai rayonu, R .Məmmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin magistral istilik kəmərinin mühafizə zonasında inşa edildiyi, bu səbəbdən iddiaçının Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncamını mübahisələndirməyə subyektiv hüququ olduğu müəyyən edilməlidir Mübahisələndirilən sərəncamın məzmunundan görünür ki, K.Cümşüdova müraciət edərək uzun müddət onun istifadəsində olan mövcud məntəqənin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, qeyd edilən obyekt tikintiyə müvafiq icazə alınmadan Cümşüdova Könül Kazım qızının mülkiyyətində və qanuni istifadəsində olmayan torpaq sahəsində özbaşına tikinti kimi inşa edilmiş, Xətai rayon İcra Hakimiyyətinin mübahisələndirilən xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncamı əsasında tikildikdən sonra 3-cü şəxsin adına sənədləşdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin «16» oktyabr 2017-ci il tarixli 08 №-li qərarı ilə təsdiq edilmiş “İstilik şəbəkələri Layihələndirmə Normaları” qüvvəyə minənədək Azərbaycan Respublikasında Dövlət Tikinti və Arxitektura Komitəsinin xx.xx.2005-ci il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş МСН 4.xx-xx-2004 “Тепловые сети” normativ sənədləri qüvvədə olmuşdur. Həmin Qaydaların 8.14-cü bəndində və 5-ci cədvəlində istilik xətləri ilə tikinti arasında saxlanılmalı olan ən kiçik məsafənin 5 metr olduğu qeyd edilmişdir. Xətai rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncam verilərkən obyektin yerləşdiyi ərazidən istilik, qaz, su kəmərlərinin keçib-keçməməsi ilə bağlı müvafiq araşdırma aparıldığı barədə iş materiallarında sübutlar mövcud deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, yerli icra hakimiyyəti orqanlarının özbaşına zəbt edilmiş və tikinti məqsədləri üçün ayrılmamış torpaq sahələrində müvafiq icazələr alınmadan inşa edilmiş qanunsuz tikintiləri sənədləşdirmək səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə və digər normativ aktlarda nəzərdə tutulmamışdır. Məhz buna görə də, cavabdeh orqan iddiaya yazılı etirazında sərəncamın hansı normativ aktın tələbləri əsasında qəbul edildiyini göstərə bilməmişdir. Zəbt edilmiş torpaq sahəsində yerləşən mövcud özbaşına tikilinin sənədləşdirilməsi barədə sərəncam tikilinin yerləşdiyi torpaq sahəsinin dövlət və ya müvafiq bələdiyyə orqanı tərəfindən geri alınmasını istisna edərək qanuni əsaslarla ayrılmamış torpaq sahəsi üzərində 3-cü şəxs üçün hüquq yaratdığından məhkəmə hesab edir ki, Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncamı qanunsuz inzibati akt hesab edilərək ləğv edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1120/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X3 apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1120/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı X3 iddiası təmin edilərək Xətai rayon İcra Hakimiyyətinin Xətai rayonu, R.Məmmədov küçəsində 50 kv.m sahəsi olan mövcud tikilinin Cümşüdova Könül Kamil qızının adına sənədləşdirilməsi haqqında xx.xx.2015-ci il tarixli 98 nömrəli sərəncamı ləğv edilsin. İş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatlarına görə 300 manat ekspertiza xərci cavabdehə aid edilsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar