Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-36/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X5 və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) qarşı “daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeyddə düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-877/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarından 3-cü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X5 və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən X4 məxsus mənzilə dair qeyddə düzəliş aparılaraq, həmin mənzilin 91,7 kv.m qeydə alınmış sahəsinin 86,2 kv.m kimi (5,5 kv.m tikili çıxılmaqla) göstərilməsi, həmin sahənin daşınmaz əmlakın dövlət reyestrində sanitar qovşaq qismində iddiaçının mülkiyyəti kimi qeydiyyata alınması, yeni reyestrdən çıxarışın verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən X4 məxsus mənzilə dair qeyddə düzəliş aparılaraq, həmin mənzilin 91,7 kv.m qeydə alınmış sahəsinin 86,2 kv.m kimi (5,5 kv.m tikili çıxılmaqla) göstərilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandılrmışdır ki, iddiaçı (İddiaçı) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40,2 kv.m olan mənzilin mülkiyyətçisidir və bu barədə DƏDRX tərəfindən 3 mart 2015-ci il tarixli ******* nömrəli reyestrdən çıxarış verilmişdir. X5 mənzilin üstündə ikinci mərtəbədə yerləşən mənzildə yaşayır. Hər iki mənzilin ümumi həyəti mövcuddur və həyətdə başqa qonşu yoxdur. Həyətdə onun (iddiaçının) ailə üzvləri tərəfindən sanitar qovşaq (hamam) inşa edilmişdir. İddiaçının ailəsi 1960-cı ildən həmin tikilidən hamam kimi istifadə etmişlər, hazırda isə anbar qismində istifadə edirlər. Bu yaxınlarda həmin tikilinin qapısını açarla bağlamaq istəyəndə X5 həmin sahənin onun mülkiyyətində olduğunu, mənzilinin reyestrdən çıxarışında və texniki pasportunda əks olunduğunu bildirmişdir. Halbuki, vaxtilə iddiaçı həmin tikilini özəlləşdirmək istəyərkən “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi onun özbaşına tikili olduğunu bildirməklə məsələnin həll olunmasına icazə verməmişdir. Adıçəkilən İdarəyə həmin tikilinin X2 adına olan texniki pasporta hansı əsasla salınması ilə bağlı məlumat verilməsi ilə bağlı müraciət olunsa da, məsələyə dair heç bir cavab verilməmişdir. Bundan sonra iddiaçı ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən X4 məxsus mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindəkı qeydiyyatda düzəliş olunması, həmin mənzilin 91,7 kv.m göstərilən sahəsinin 86,2 kv.m kimi (5,5 kv.m tikili çıxılmaqla) qeyd olunması, həmin sahənin daşınmaz əmlakın dövlət reyestrində sanitar qovşaq qismində iddiaçının mülkiyyəti kimi qeydiyyata alınması, yeni reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 17 yanvar 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, sözügedən ünvanda yerləşən mənzilə İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı eyni məzmunlu ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə 29 yanvar 2020-ci il tarixdə də müraciət etmişdir. İdarənin 3 mart 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, sözügedən ünvanda yerləşən mənzil arxiv sənədlərinə uyğun olaraq yaşayış sahəsi 20,1 kv.m, ümumi sahəsi 40,2 kv.m kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ərizədə qeyd edilən məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanının mənzil sahəsinin dəqiqləşdirilməsi barədə sənədləri təqdim edildiyi təqdirdə, həmin məsələyə yenidən baxıla bilər. Hesab olunur ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, ünvan 3 ünvanda yerləşən mənzil ilkin olaraq 8 iyul 1998-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır və arxiv qovluğunda həmin mənzilin qeydiyyata alınmasına əsas olan sənədlər içərisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Mənzil istismar idarəsi tərəfindən verilmiş “İçərişəhər”, 8-ci Kiçik Qala döngəsi, 22/18 nömrəli evin planlarında hamam sahəsinə dair məlumat mövcuddir. ünvan 4 ünvanında yerləşən mənzil X2 adına 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiqlənmiş 4ə-1145 reyestr nömrəli, 6 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 10 iyun 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Verilmiş cavab məlumatlarından görünür ki, iddiaçının xəbəri və məlumatı olmadan ailə üzvlərinin sitifadəsində olmuş hamam sahəsi səhvən X6 mənzilinin planına salınmış və ümumi sahəsinə daxil edilmişdir. Bu sahə 1-ci mərtəbədə yerləşir və onun 2-ci mərtəbədə yaşayan qonşunun ümumi sahəsi kimi texniki pasportuna daxil edilməsi açıq aşkar 1-ci mərtəbədə yaşayan sakinlərin mənafeyinə ziddir. 2-ci mərtəbədə yerləşən mənzilin sanitar qovşağı 1-ci mərtəbədə iddiaçının mülkiyyətində olan mənzilə bitişik olsun. Bu sanitar qovşaq iddiaçının ailəsi tərəfindən tikilmiş və uzun illər onların istifadəsində olmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. Ərizəçi İddiaçı ünvan 6 ünvanında yerləşən mənzilə dair verilmiş sənədlərdə uyğunsuzluğun araşdırılması ilə bağlı 29 yanvar 2020-ci il tarixli ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən mənzil arxiv sənədlərinə uyğun olaraq yaşayış sahəsi 20,1 kv.m olmaqla, ümumi sahəsi 40,2 kv.m kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ərizəsində qeyd edilən məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanından mənzil sahəsinin dəqiqləşdirilməsi barədə sənədlərin təqdim edilməsi zəruri hesab olunmuşdur. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və vətəndaşa 3 mart 2020ci il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin iddia ərizəsinə münasibətdə bildirilir ki, qeyd olunan sanitar qovşaq (sahəsi 5,5 kv.m) Mənzil İstismar Sahəsi tərəfindən 6 iyun 1998-ci il tarixdə verilmiş planda vətəndaş X4 məxsus mənzilin tərkib hissəsi kimi göstərildiyindən, onun adına tərtib olunan texniki pasportda əmlakın ümumi sahəsinə daxil edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-877/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Daşınmaz əmlakın dövlət reyestrində ünvan 7 ünvanında yerləşən X4 məxsus mənzilə dair qeyddə düzəliş aparılaraq, həmin mənzilin 91,7 kv.m qeydə alınmış sahəsinin 86,2 kv.m kimi (5,5 kv.m tikili çıxılmaqla) göstərilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. 3-cü şəxs X5 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə qeyd olunmalıdır ki, mübahisə mülki hüquqi xarakterlidir. Belə ki, İddiaçı ona məxsus mənzilin bir hissəsinə dair mülkiyyət hüquqlarını mübahisələndirir. İş materiallarından göründüyü kimi mübahisələndirilən ərazi lap əvvəldən iddiaçının mülkiyyəti olmamışdır. Belə ki, mənzil hələ X6 mülkiyyəti olduğu dövrdə belə həmin ərazi texniki pasportda həmin mənzilin tərkib hissəsi kimi göstərilmişdir. Daha sonra alqı-satqı əsasında həmin mənzil olduğu kimi onun mülkiyyətinə keçmişdir. Hətta həmin ərazinin ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsi olması barədə hüquqmüəyyənedici sənədlər belə müvafiq qurumlarda da mövcuddur. Mübahisələndirilən sanitar qovşaq Mənzil İstismar Sahəsi tərəfindən 6 iyun 1998-ci il tarixdə verilmiş planda ona məxsus mənzilin tərkib hissəsi kimi göstərildiyindən onun adına tərtib olunan texniki pasportda əmlakın ümumi sahəsinə daxil edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən 3-cü şəxsin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-877/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, üçüncü şəxsin mülkiyyət hüquqlarının qeydiyyatı müvafiq alqı-satqı müqaviləsi əsasında aparılmışdır və həmin müqavilədə mənzilin yaşayış sahəsi 57 kv.m qeyd olunsa da, ümumi sahənin hansı ölçüdə satıldığı əks olunmamışdır. Bu hal həmin mənzilin ümumi sahəsinin reyestrdə əks olunmasına imkan verməyən xüsusat kimi qəbul olunmur, lakin üçüncü şəxsin mülkiyyətinə keçən mənzilin ümumi sahəsinin 91,7 kv.m ölçüdə qeydiyyatı üçün əsaslar mövcud olmamışdır. Çünki, mənzil istismar sahəsinin verdiyi plan və ya bu qəbuldən olan digər sənəd (texniki pasportun əslindən başqa) mənzilin sahənin genişləndirilməsi və ya dəqiqləşdirilməsinə əsas verə bilməz. Mənzil sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması barədə (bu, işin hallarına tam uyğun olmasa da) isə, aidiyyəti orqanın qərarı təqdim olunmamışdır. Mübahisəli 5,5 kv.m ölçüdə tikilinin üçüncü şəxsə məxsus mənzildən tam təcrid olunmuş şəkildə və başqa şəxsə (iddiaçıya) məxsus mənzilə bitişik olmaqla ona məxsus mənzildən fərqli olaraq ayrı mərtəbədə yerləşməsi də həmin tikilinin üçüncü şəxsə məxsus mənzilin tərkib hissəsi olmasını istisna edən hal kimi çıxış edir. Bundan başqa nəzərə alınmalıdır ki, üçüncü şəxs X2 ünvan 7 ünvanında yerləşən mənzilə hüquqlarının qeydiyyata alınması ilə bağlı inzibati orqan tərəfindən aparılan inzibati icraata maraqlarına toxunulan şəxs kimi hazırkı İddiaçı da cəlb olunmalı idi, lakin inzibati orqan bu cəlbetməni təmin etməməklə “İnzibati icraat haqqında” AR Qanununun 24, 36-cı maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “İçərişəhər” DTMQ İdarəsinin 21 noyabr 2019-cu il tarixli 04/11/577 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 8 ünvanında keçmiş mülkiyyətçi Rəna Əzizovanın adına 1998-ci ildə mənzilin qeydiyyat alınmasında Mənzil İstismar Sahəsi tərəfindən verilmiş planda hamam sahəsinə dair hüquqların hansı hüquqi əsasla verilməsinə və digər məlumatlara aid 24 sentyabr 2019-cu il tarixli məktuba “İçərişəhər” DTMQ İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 may 2007-ci il tarixli 574 nömrəli Fərmanına əsasən AR Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılmışdır. Həmin tarixə qədər Mənzil İstismar Sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuşdur. Bununla əlaqədar olaraq, Bakı ŞİH-ə müraciət oluna bilər. X10 ilə X5 arasında arasında 6 iyun 2017-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli (notarial qaydada təsdiqlənmiş) “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən satıcı X10 mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən, yaşayış sahəsi 57 kv.m olan mənzili alıcı X4 müvafiq qiymətə satmışdır. DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, X2 ünvan 9 ünvanında yerləşən 91,7 kv.m ümumi sahəsi olan mənzilə mülkiyyət hüququ 10 iyun 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, İddiaçı ünvan 9 ünvanında yerləşən 40,2 kv.m ümumi sahəsi olan 1 saylı mənzilə mülkiyyət hüququ 3 mart 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. DƏDRX 1 saylı ünvan 10 ünvanlanmış 14 avqust 2019-cu il tarixli **********56 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 9 ünvanında yerləşən mənzil ilkin olaraq 8 iyul 1998-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır və arxiv qovluğunda həmin mənzilin qeydiyyata alınmasına əsas olan sənədlər işərisində “İşəri Şəhər” Dövlət tarix və memarlıq qoruğunun Mənzil istismar idarəsi tərəfindən verilmiş “İçərişəhər” 8-ci Kiçik Qala döngəsi, 22/18 nömrəli evin olanlarında hamam sahəsinə dair məlumat mövcuddur. ünvan 9 ünvaında yerləşən mənzil X2 adına 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiqlənmiş 4ə-1145 reyestr nömrəli, 6 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 10 iyun 2017-ci il tarixdə qeydiyyata alınmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının vəkili X3 ünvanlanmış 3 mart 2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 9 ünvanında yerləşən mənzil arxiv sənədlərinə uyğun olaraq yaşayış sahəsi 20,1 kv.m, ümumi sahəsi 40,2 kv.m kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ərizədə qeyd olunan məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanının mənzil istismar sahəsinin mənzil sahəsinin dəqiqləşdirilməsi barədə sənədlərin təqdim edildiyi təqdirdə müraciətə yenidən baxıla bilər. 26 fevral 2021-ci il tarixli “Yerində müayinə protokolu”ndan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala - 8 döngəsi, 22/18 saylı ev 2 mərtəbədən ibarətdir, mübahisəli sahə evin 1-ci mərtəbəsindəki İddiaçı məxsus mənzilə bitişik yerləşir, həmin tikili və sözügedən mənzilin qapıları həyətə açılır. Üçüncü şəxs X4 məxsus mənzil isə, binanın 2ci mərtəbəsindədir və o mənzilə giriş həyətdən pilləkən vasitəsilə mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Kollegiya qeyd edir ki, iddiaçı ünvan 7 ünvanında yerləşən X4 məxsus mənzilə dair qeyddə düzəliş aparılaraq, həmin mənzilin 91,7 kv.m qeydə alınmış sahəsinin 5,5 kv.m tikili çıxılmaqla 86,2 kv.m kimi göstərilməsini, həmin sahənin daşınmaz əmlakın dövlət reyestrində sanitar qovşaq qismində iddiaçının mülkiyyəti kimi qeydiyyata alınması, yeni reyestrdən çıxarışın verilməsi xahiş etsə də, həmin tikilinin ona məxsus əmlakın tərkib hissəsi olması barədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərdən hər hansı birini təqdim edə bilməmişdir. Odur ki, 5,5 kv.m tikilinin 3-cü şəxsə məxsus əmlakın tərkib hissəsi kimi göstərilməsi ilə iddiaçının hansı hüquqlarının pozulması müəyyən edilmir. İddiaçıya məxsus sənədlərdə 5,5 kv.m tikili ona məxsus mənzilin tərkib hissəsi kimi göstərilməmişdir. Bununla yanaşı, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə, dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz şəxs reyestrin məzmununun qeyridəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Eyni zamanda, qeyd edilməlidir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş hər hansı bir əsasa istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Hazırkı iş üzrə Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının bildirdiyi faktiki hallar isə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmədiyindən iddia əsaslı sayıla bilməz. Göründüyü kimi cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 3-cü şəxs X2 apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-877/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 3-cü şəxs X2 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-877/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-36/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-36/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver