Məhkəmə qərarları › İş №2-1(103)-3602/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3602/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3602/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1081/2021 sayl, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 02 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1081/2021 sayl, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçının xx.xx.2022-ci il tarixdə verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin məlum qərarı poçt vasitəsilə 08 oktyabr 2021-ci il tarixdə iddiaçının iş materiallarındakı ünvanına göndərilmiş və qərar xx.xx.2021-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısında imza edilməklə qəbul edilmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qərardan xəbərsiz olduğunu, ona çatdırılmadığını bildirərək qərarın ona verilməsini xahiş etmişdir və elə həmin ərizənin üzərində imza etməklə qərarı 20 sentyabr 2022-ci il tarixdə almasını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı hazırki iş üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə baxılması üçün məhkəmə baxışı təyin edilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyasının iclasında İddiaçı iş materiallarındakı poçt xəbərnaməsində olan imzanın ona məxsus olmasını, oğlunun birinin 2021-ci il tarixdə rəhmətə getdiyini, digər oğlunun və özünün xəstə olduğunu, bununla bağlı müəyyən müddət xəstəxanada müalicələr aldığını bildirərək vaxtında qərarı mübahisələndirə bilmədiyini qeyd etdi və şikayət vermək üçün müddətin bərpası ilə bağlı müraciət etmək hüququndan istifadə etmək üçün ona ona kömək edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edilərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair müvafiq ərizənin və müddətin üzrlü səbəbdən ötürülməsi barədə sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Apellyasiya baxışı zamanı iddiaçı müddətin bərpasına dair ərizə və xəstəliyi ilə bağlı sənədləri təqdim edərək apellyasiya şikayətinin vaxtında verə bilməməsini məhz səhhətində yaranmış problemlə bağlı müayinə və müalicələrdə olması ilə izah etmiş, ona görə də müddətin bərpa edilərək apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlərin tarixindən görünür ki, iddiaçının müayinədə olduğu vaxt (2021-ci ilin fevral ayi ərzində) mübahisələndirilən qərarın (xx.xx.2021-ci il) tarixindən əvvəlki dövrü əhatə edir. Bununla da müəyyən olunur ki, iddiaçı qərarı ilk dəfə xx.xx.2021-ci il tarixdə əldə etmiş, daha sonra xx.xx.2022-ci il tarixdə faktiki olaraq təkrar əldə etdikdən sonra apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə poçt orqanına vermiş, şikayət vermək üçün prosessual müddətin ötürülməsi səbəbi kimi müalicələrdə olduğunu bildirsə də, həmin dövr məhkəmə qərarından əvvəlki dövrə aid olduğundan müddətin ötürülməsi üzrlü hesab edilməsi üçün əsaslar mövcud deyil. Kollegiya hesab edir ki, iddiaçı qərarı əldə etdikdən sonra apellyasiya şikayəti vemək üçün prosessual müddət daxilində hüquqlarından səmərəli istifadə etməmişdir, təqdim etdiyi sənədlər isə onun tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxılıb onun bərpa edilməsi üçün əsas vermir, çünki iddiaçının qərarı aldıqdan sonra sonra şikayət vermək üçün kifayət qədər vaxtı olmuşdur, lakin ilk dəfə qərarı aldıqdan bir ildən sonra qərarı əldə etmək üçün faktiki olaraq təkrar məhkəməyə müraciət etmişdir Belə olan halda “prosessual müddətin bərpası” barədə iddiaçının ərizəsi təmin olunmamalı, apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1081/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar