Məhkəmə qərarları › İş №2-1(103)-3603/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3603/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3603/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10, X17, X11) “reyestrdən qeydin və çıxarışın ləğv edilməsi” barədə QƏRARİ X2 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, iddiaçının nümayəndəsi (üçüncü şəxs) X5, üçüncü şəxs X4, onun nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10, X17, X11) “reyestrdən qeydin və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5501/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 5 saylı Mənzil Kommunal İstimar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Səbail rayonu, Rəsul Rza küçəsi, 4 saylı evin 37 saylı mənzilində X17, İddiaçı, X9, X20 yaşayırlar.

2. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 5 saylı Mənzil Kommunal İstimar Sahəsinin 55 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Səbail rayonu, Rəsul Rza küçəsi, 4 saylı evin 37 saylı mənzilində xx.xx.2021-ci il tarixdə X22, X17, İddiaçı yaşamışlar.

3. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə çıxarışın verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir.

4. XDS-nin xx.xx.1990-cı li tarixli, 039281 saylı orderinə əsasən X19 3 nəfər ( İddiaçıS, Babayeva A.B, Babayeva A.B) ailə tərkibi ilə birlikdə ünvan 1 evin 37 saylı ünvanında yaşayış sahəsi verilmişdir.

5. ünvan 2əfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş ərizəyə əsasən X17 ünvan 3 ünvan Bakı şəhəri, Səbail rayonu Rəsul Rza küçəsi, ev 4, mənzil 37 ünvanında yerləşən mənzili X18 adına sənədləşdirilməsinə etiraz etməmişdir.

6. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu Rəsul Rza küçəsi, ev 4, mənzil 37 ünvanına xüsusi mülkiyyət hüququ (tam) X18 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

7. Məhkəmənin sorğusuna əsasən Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsinin arayışından görünür ki, X17 (xx.xx.1986-cı il təvəllüdlü) Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 4, mənzil 37 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Əlavə olaraq bildiririk ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaka dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən məhkəmə qaydasında həll edilə bilər.

9. Məhkəmənin icraatında olmuş 2-1(112)-11253/2023 saylı inzibati iş üzrə cavabdeh tərəfindən iddaya yazılı etirazda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 4 saylı evin 37 saylı mənzilinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşımaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmçinin bildiririk ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 4 saylı evin 37 saylı mənzil üzərində mülkiyyət hüquqları xx.xx.1990-cı il tarixli, 039281 nömrəli order əsasında Babayev BayramƏli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, ********** saylı reyestr qeydinin və onun əsasında verilmiş çıxarışın ləğv olunması vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmənin qərardadı ilə iş üzrə X17, X10 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

12. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X22 ilə xx.xx.1987-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahdan iki övladı doğulub. X17 və X10. Həyat yoldaşı xx.xx.2022-ci il tarixdə vəfat edib. Həyat yoldaşının ölümündən əvvəl onların orderlə birgə nikah dövründə aldıqları, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 4, mənzil 37-də yerləşən mənzilə onun icazəsi olmadan gedib xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. O, bundan hazırda qızları natariusa gedib vərəsəlik şəhadətnaməsi almaq istədikdə bilmişdir ki, onların birgə nikah dövründə aldıqları order sənədi ilə olan mənzilə çıxarış alınıb. O, nikahda ola-ola onun icazəsi olmadan çıxarış alınmışdır. O, buna etiraz edir. Ona gərə də çıxarışın ləğv olunmasını istəyir. Həyat yoldaşının hüquqi varisləri kimi, qızları mənzilin çıxarışı olduğu üçün mənzildən pay istəyirlər. O, isə buna qəti etiraz edir. Ona görə ki, iddiaçı hazırda sağ-salamatdır və evi də bölmək fikiri yoxdur.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5501/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** saylı reyestr qeydinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5501/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs X11 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

15. X13 xx.xx.1985-ci ildə Bakı şəhərində X14 və X18 nigahından doğulmuşdur. Atası anasından ayrıldıqdan sonra İddiaçı ilə ailə qurmuş, həmin nigahdan daha 2 qızı - X17, X10 doğulmuşlar və order əsasında atasına verilmiş, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsindəki 4 saylı evin 37 saylı mənzilində yaşamışlar. X10 nigaha daxil olması ilə bağlı qeydiyyatdan çıxaraq başqa ünvanda yaşamağa başlamış, İddiaçı isə 2020-ci ildən ünvan 6 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Vaxtlə order əsasında aldığı, Rəsul Rza küçəsindəki 4 saylı evin 37 saylı mənzil 2021-ci ilin fevral ayında mərhum atası tərəfindən özəlləşdirilərkən orada yalnız o, və bacısı X17 yaşamış, sonuncu mənzilin atası tərəfindən özəlləşdirilməsinə razılığına dair ərizə vermişdir. Reyestr Xidməti tərəfindən ********** saylı reyestr qeydi aparılmaqla xx.xx.2021-ci il tarixdə X19 mülkiyyət hüquqlarına dair çıxarış verilmişdir. Həmin mənzil xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X15 miras qalmışdır. Miras açılarkən mərhum atasının qanun üzrə vərəsələri, ikinci nigahından qızları X17, X10, həyat yoldaşı İddiaçı və o, vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına müraciət etmişlər. X17, X10, anaları İddiaçı onu mərhum atasının varisi kimi tanımaq istəmədikləri üçün müvafiq iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmişdir. Onu atasından qalan miras payından məhrum etmək məqsədilə iddiaçi İddiaçı bacısı X5 təkidi altında mənzilin özəlləşdirilməsinə razılığının olmadığını bildirmiş, faktiki olaraq özəlləşmə vaxtı və hazırda da Şəmkir rayonunda qeydiyyatda olmaqla orada daimi yaşamasını gizlədərək özəlləşdirilmənin nəticələrinin ləğv edilməsini tələb etmişdir.

16. İddiaçı Bakı şəhərində yaşadığını bildirsə də, ərizəsinə baxılarkən məhkəmə proseslərinə gəlməmiş və onun adından işin nəticələrində bilavasitə maraqlı olan, işdə 3cü şəxs kimi cəlb edilmiş X1 təsdiq edən sənəd (etibarnamə) olmadan faktiki təmsilçilik etmişdir. İşdə olan X5 təqdim etdiyi, xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən verilmiş etibarnamədən görünür ki, həmin etibarnamə üzrə sonuncu ona yalnız mülki işlər üzrə məhkəmədə təmsil etməyi etibar etmişdir. Beləliklə, səlahiyyətləri qanunla nəzərdə tutulan qaydada təsdiq olunmayan şəxs faktiki olaraq məhkəmə tərəfindən iddiaçının nümayəndəsi kimi qəbul edilmiş və o, mənzil özəlləşdirilərkən (2021-ci ilin fevral ayında) iddiaçının yaşayış yeri barədə mənzil istismar sahəsinə sorğu verilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin sorğusuna Səbail rayon kommunal təsərrüfat idarəsinin Mənzil istismar sahəsinin əməkdaşları tərəfindən İddiaçı digər ailə üzvüləri ilə birlikdə guya həmin vaxtı mübahisə predmeti olan mənzildə yaşaması bildirilmişdir. Halbuki, iddiaçının mübahisə predmeti olan mənzildə "yaşadığı" bildirilsə də, elə həmin mənzil istismar sahəsi tərəfindən göstərilən "təmizlik xidmətinə görə" pul vəsaiti yalnız bir şəxsə görəmərhum atası Bayram Babayevə görə hesablanmışdır. Bu barədə elə həmin MİS-nin verdiyi xx.xx.2024-cü il tarixli arayışda bildirilmişdir. İşə əlavə edilmiş cavabdeh qurum tərəfindən özəlləşdirməyə dair məhkəməyə təqdim edilmiş dosyedən də görünür ki, mənzilin özəlləşdirilməsi barədə qərar cavabdeh qurum tərəfindən qanunla nəzərdə tutulan rəsmi sənədlər tam halda təqdim edildikdən sonra qəbul edilmişdir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

18. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək bildirmişlər ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki hallarını tam hərtərfli araşdırmamış, bununla da maddi və prosessual normaların tələblərini pozularaq nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək iddia tələbinə uyğun izahat vermiş, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra—hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra—dövlət reyestri) aparılır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar ...8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: Maddə 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X7 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; Maddə 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; Maddə 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi

Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)inzibati məhkəmə icraat qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

26. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarı

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Səbail rayonu Rəsul Rza küçəsi, ev 4, mənzil 37 üzərində mərhum əri X18 adına aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsindən ibarətdir.

31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, həmin hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir”.

32. İşin hallarına görə ********** qeydiyyat nömrəli çıxarışa görə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 4, mənzil 37 ünvanındakı mənzil xx.xx.2021-ci il tarixdə özəlləşdirilərək xüsusi mülkiyyət hüququ ilə iddiaçının mərhum əri X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilin özəlləşdirilməsinə əsas isə xx.xx.1990-cı li tarixli, 039281 saylı order olmuşdur. Həmin orderə əsasən iddiaçının mərhum əri X19 3 nəfər (İddiaçıS, Babayeva A.B, Babayeva A.B) ailə tərkibi ilə birlikdə ünvan 1 evin 37 saylı ünvanında yaşayış sahəsi verilmişdir. 5 saylı MİS-in 55 saylı xx.xx.2024-cü il tarixli arayışından da göründüyü kimi xx.xx.2021-ci il tarixdə (özəlləşdimə dövründə) mənzildə mərhum X22 ailə üzvləri olan İddiaçı və qızı (üçüncü şəxs) X17 ilə birgə yaşamışlar. ünvan 2əfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş ərizəyə əsasən X17 mənzilin X18 adına sənədləşdirilməsinə etiraz etməmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

34. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz.

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılır. Yəni normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən etmişdir. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır.

36. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, cavabdeh inzbati orqan iddiaçının mərhum ərinin hüquqlarının qeydiyyatını həyata keçirərkən bununla bağlı müvafiq icraatı həyata keçirməmişdir. Belə ki, iş materialları ilə də müəyyən olunur ki, özəlləşdirmə aparılarkən həmin dövrdə mənzildə yaşamış, mərhumla nikahda olan arvadının, yəni iddiaçının razılığı alınmamışdır.

37. Məhkəmə kollegiyası “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə istinadən qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir.

38. Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi ona deməyə əsas verir ki, əgər kirayə müqaviləsinin bağlanılması barədə sərəncamda və ya kirayə müqaviləsinin özündə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri (razılıq ərizələri əsasında) mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququna malikdirlər. Başqa sözlə, əgər kirayəçinin və kirayə müqaviləsində qeyd olunan digər şəxslərin razılıqları olarsa, bu zaman kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvü mənzil üzərində mülkiyyət hüquqlarını tələb edə bilər.

39. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, ünvan 7 ünvan: Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 4, mənzil 37) X18 adına order verilsə də, orderdə adı qeyd edilən və kirayəçi ilə birlikdə faktiki yaşayan İddiaçı mübahisə predmetini təşkil edən əmlakın X18 mülkiyyətinə keçməsində razılığı olmadığı iş materialları ilə təsdiq edildiyindən, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir.

40. İddiaçı mənzilə dair çıxarış alınan zaman (xx.xx.2021-ci il tarixdə) mənzildə faktiki olaraq yaşamış, bu halı təsdiq edən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 5 saylı Mənzil Kommunal İstimar Sahəsinin 55 saylı xx.xx.2024-cü il tarixli arayışı mövcud olmuşdur.

41. Belə olan təqdirdə məhkəmə haqlı olaraq hesab etmişdir ki, orderdə qeyd olunan və faktiki yaşayan ailə üzvünün (İddiaçı) razılığı olmadan mənzilin X18 adına özəlləşdirilməsi və çıxarışın verilməsi qanunsuz olmaqla, iddiaçının gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

42. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

43. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

44. Beləliklə də, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən mübahisəli mənzilə dair özəlləşdirmə proseduru və mülkiyyət hüququnun qeydiyyatı həyata keçirilərkən müvafiq qanunvericliyin tələbləri pozulmuşdur.

45. Bu səbəbdən də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilməli, xx.xx.2021-ci il tarixdə verilmiş, ********** saylı reyestr qeydinin və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir.

46. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

Üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5501/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar