Məhkəmə qərarları › İş №2-1(103)-3604/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3604/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3604/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “razılaşma aktının bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7311/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yataqxananın 315 saylı otaq üçün ödəniləcək birdəfəlik maddi yardım məbləği olan 30.000 manat pul məbləği, bir aylıq kirayə haqqı olan 500 manat olmaqla və "xxxx" MMC ilə gələcəkdə koorperativ binada mənzil tikintisi haqqında müqavilə bağlaması üçün tələb olunan İddiaçı ilə Xətai Rayon İcra Hakimiyyəti arasında müvafiq razılaşma aktını bağlamaq öhdəliyinin Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında Xətai Rayon İcra Hakimiyyəti ilə X1 arasında müvafiq razılaşma aktı bağlanmışdır. Bu razılaşmaya əsasən, sonuncuya 30.000 manat birdəfəlik maddi yardım və alacağı təzminatın məbləğinin bankda şəxsi hesabına köçürüldükdən sonra 3 gün müddətində yaşadığı mənzilin boşaldılaraq sökülməsi üçün onun tərəfindən şərait yaradılacaq. Beləliklə, X1 həmin məbləği "xxxx" MMC-yə təqdim etməklə sonuncu X1 ilə yeni müqavilə bağlayaraq yeni mənzillə təmin olunur. Bu hal da xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı sərəncamda öz əksini tapmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-7148/2019 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş və İddiaçı ünvan 2 ünvanında yerləşən yataqxananın 315 saylı otağına köçürülmüşdür. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 4242/2022 saylı qətnaməsinə əsasən, 315 saylı otaq barədə bağlanılan müqavilə etibarsız sayıldığından, ünvan 4 ünvanında yerləşən yataqxananın 315 saylı həmin mənzilə İddiaçı Əkbərovnaya münasibətdə sahiblik və istifadə hüququ tanınmışdır. Belə olan halda, tərəflər arasında müvafiq razılaşma aktı bağlanmalıdır ki, gələcəkdə razılaşmaya əsasən, İddiaçı Əkbərovnaya müvafiq ödəniş olunsun ki, həmin ödəniş əsasında "xxxx" MMC tərəfindən İddiaçı Əkbərovna mənzillə təmin olunsun. Göründüyü kimi, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4242/2022 saylı qətnaməsi əsasında Xətai Rayon İcra Hakimiyyəti, "xxxx" MMC və X1 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli koorperativ binada mənzil tikintisi haqqında 171 nömrəli müqavilə 315 saylı otağa münasibətdə etibarsız hesab edildiyi üçün AR Mülki Məcəlləsinin 337.5-ci maddəsi tətbiq edilməlidir. İddiaçının müraciətinə Xətai Rayon İcra Hakimiyyətindən xx.xx.2023-cü il tarixdə daxil olmuş 5-11/2-712-152/23 saylı məktub əsasında imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7311/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “razılaşma aktının bağlanması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “İş materiallarından görünür ki, iddiaçının hazırkı “razılaşma aktının bağlanması” tələbi zahirən fərqli görünsə də, mahiyyət etibarilə həmin cavabdehə qarşı daha əvvəl qaldırılmış “mənzillə təmin olunma” tələbidir, hansı ki üç instansiya məhkəmə tərəfindən baxılmış və hüquqi qiymət verilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (112)-5469/2021 saylı qərarı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X1) qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-902/2022 saylı qərarı ilə, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (112)- 5469/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1463/2022 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-902/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iddianın predmetini təşkil edən iddiaçıya mənzilin verilməsi barədə iddiaçının daha əvvəl iddiası olmuş və həmin tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehin üzərinə “razılaşma müqaviləsinin” bağlaması öhdəliyinin qoyulmasını xahiş edir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(011)- 4242/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, "xxxx" MMC və X1 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında 171 nömrəli müqavilə 315 saylı mənzilə münasibətdə etibarsız hesab edilmiş , iddia tələbi qalan hissədə təmin edilməmişdir. Belə olan halda hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qətnamə ilə 171 nömrəli müqavilə 315 saylı otağa münasibətdə etibarsız sayıldığından birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmalı və müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7311/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7311/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “razılaşma aktının bağlanması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar