Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3605/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, X3 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3157/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********214300 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv olunmasına və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X4 vergi ödəyicisi İddiaçı (**********) barəsində aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə **********214300 nömrəli qərarı qəbul etmişdir. Həmin qərara əsasən, vergi ödəyicisi İddiaçı (VÖEN**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi nəzərdə tutulmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilmişdir. Sözügedən qərarda araşdırma prosesində X6 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi əsas gətirilmiş və qeyd edilmişdir ki, xx.xx.2022xx.xx.2022-ci il tarixləri ərzində təqdim olunmuş 16205448,38 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. Lakin iş üzrə gəlinən nəticə həqiqəti əks etdirməməklə yanaşı şirkətin fəaliyyətini qanunsuz olaraq dayandırır. Bu isə dövriyyənin aktiv işləməsinə mane olur. İddiaçı tərəf hesab edir ki, vergi orqanının vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********214300 № li xx.xx.2023-cü il tarixli qərar əsassız olduğundan ləğv olunmalı və İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarında “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatlann Meyarları” qeyd olunmuşdur ki, qeyd olunan risk meyarları şirkətin fəaliyyətində mövcud deyildir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Qanunun bu normasında nəzərdə tutulan riskli əməliyyat, o cümlədən digər risk meyarı olmadığı halda müəssisənin barəsində riskili vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. İddiaçı tərəf sonradan məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “AR İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri tərəfindən qəbul edilmiş **********214300 №-li, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3157/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qanunda qeyd olunduğu kimi, nəzərdə tutulmuş müddət axımının başlanması üçün mübahisələndirilmiş inzibati akt təqdim olunmalı idi. Bununla belə məhkəmə prosessual pozuntuya yol vermiş və inzibati aktın hüquqi mahiyyət kəsb etməsi üçün lazım olan formal qaydaların tələblərinə önəm verməmişdir. Yəni məhkəmə təsdiqlənmədən hüquqi mahiyyət kəsb etməyən qərar barədə müddətin başlanılmasının mümkün olmadığını hesaba qatmamışdır. Əksinə imzalanmamış qərarın təqdim edildiyi vaxtı əsas götürərək 30 günlük müddət axımını hesablamış, bununla da bizim hüquqlarımızın pozulmasına şərait yaratmışdır. Lakin qanunvericilikdə vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilən qərarlar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərarlar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, qeyd edilmiş qərarlar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Bu o hüquqi nəticəyə gətirib çıxarır ki, faktiki olaraq iddia müddətinin başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi hadisə baş verməmişdir.. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş “vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli, **********214300 nömrəli qərar “Asan imza” vasitəsilə imzalanmış və cavabdeh vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 15:22-də iddiaçının elektron poçt ünvanına göndərilmiş, sonuncu xx.xx.2023-cü il tarixdə artıq qərarın mövcudluğu barədə məlumatlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.3cü maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır. 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2- 1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın mövcudluğu iddiaçıya ən geci xx.xx.2023-cü il tarixdən məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət edilmədiyindən iddia mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Qanunun 1.1.5-ci maddəsinə əsasən imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza gücləndirilmiş elektron imzadır. Həmin Qanunun 1.1.10-cu maddəsinə əsasən elektron imzanın həqiqiliyi dedikdə, elektron imzanı yoxlama məlumatları vasitəsilə yoxlanılan elektron imzanın sahibinə məxsus olmasının, imzanın əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünün, dəyişdirilmədiyinin və təhrif edilmədiyinin təsdiqi nəzərdə tutulur. Həmin Qanunun 1.1.9-cu maddəsinə əsasən elektron imza yoxlama məlumatları isə elektron imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilən kod və ya kriptoqrafik açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrarolunmaz verilənlərdir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir. Həmin Qanunun 27.2 -ci maddəsinə əsasən Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə **********214300 nömrəli qərarı qəbul etmişdir.İddiaçı hazırda göstərilən qərarın ləğv edilməsini xahiş edir. Cavabdeh mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarın gücləndirilmiş elektron imza ilə imzalanmış formada vergi ödəyicisinin electron kabinetinə göndəridiyini və iddiaçı tərəfindən qərarın xx.xx.2023-cü il tarixində oxunduğunu, bu səbəbdən iddiaçının hazırkı iddianı qaldırması üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürdüyünü qeyd edir. İddiaçı isə mübahisələndirilən qərarın elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından iddiaçıya çatdırılmamış hesab edilməli olmasını bildirir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Belə ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərarlar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərarlar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərarlar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını bu Qanun müəyyən edir (maddə 1.1). Eyni zamanda inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inzibati akt hesab olunur (maddə 2.0.2). Həmçinin inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir (maddə 21.1) Həmin Qanunun 28-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsinin olması izibati icraatın başlanılması üçün əsas hesab olunur (maddə 28.1.2). Eyni zamanda Qanunun 36-cı maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər inzibati icraatda iştirakçı hesab olunur (maddə 36.1.2.) Həmin Qanunun 46-cı maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar (maddə 46.1.). Lakin cavabdeh mübahisələndirilən inzibati aktı qəbul edərkən yuxarıda qeyd olunan tələbləri yerinə yetirməsi və inzibati icraat zamanı iddiaçının iştirakını təmin etməsini barədə sübut təqdim etməmişdir. Bundan başqa “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Lakin iş materiallarında olan və mübahisələndirilən qərar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Beləliklə, hazırkı iş üzrə elektron kabinetə yerləşdirilən qərar gücləndirilmiş elektron imza ilə təsdiq edilmədən göndərildiyindən, qərar iddiaçıya çatdırılmamış və qanunvericiliklə nəzərədə tutulmuş prosessual müddət ötürülməmişdir.. Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı yuxarıda göstərilən hallar yenidən araşdırılmaqla iddia tələbinə mahiyyəti üzrə qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3157/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3157/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““AR İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri tərəfindən qəbul edilmiş **********214300 №-li, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-3605/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3605/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver