Məhkəmə qərarları › İş №2-1(103)-3606/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3606/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3606/2025 27.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2569/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-2569/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona məlum olmayan tarixdə həyat yoldaşı olmuş Aydın Süleymanov onun inzibati məhkəmədə qaldırdığı iddia üzrə olan qərarı almışdır. Lakin həmin qərardan məlumatı olmamışdır. Belə ki, keçmiş həyat yoldaşı ilə münasibətləri mart ayının sonundan etibarən pisləşməyə başlamış və evi tərk etmişdir. O, təxminən 2-3 gün əvvəl məhkəmə qətnaməsi ilə maraqlandıqda bilmişdir ki, yoldaşı həmin qərarı almışdır. Bundan sonra həmin qərarı əldə etmiş və ona görə də onun qərardan məlumatı xx.xx.2025-ci il tarixdə olmuşdur. Həmin tarixdə məlumatlı olduqdan sonra o, hazırkı şikayəti vermişdir. O, ahıl yaşda olmaqla yeriməkdə çətinlik çəkir və gəzmək məhdudiyyəti azdır. Hazırda yoldaşı ilə münasibətləri pisləşmiş və tək yaşayır. Bütün bunlar onun məhkəmə qərarını vaxtında əldə etməsinə maneə olmuş və qərardan şikayət vermə müddətini ötürməsinə səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı prosessual müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, ərizəni və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2569/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qərarı İddiaçı tərəfindən xx.xx.2025-ci ildə rəsmi qaydada alınmış, apellyasiya şikayəti isə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) iddiaçı tərəfindən buraxılmışdır (01 ay 25 gün). Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya məktub göndərilərək qərardan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı buraxılmış prosesual müddətin bərpa olunması barədə ərizəni məhkəməyə təqdim etsə də, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Buna görə də buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrsüz səbəbdən ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, iddiaçının qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2569/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar