Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-361/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: « çıxarışın verilməsi ») Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A, 11 saylı mənzili 1986-cı ildə 071124 nömrəli orderə əsasən Ermənistan Respublikasının vətəndaşı ilə mənzildəyişmə nəticəsində iddiaçının istifadəsindədir.
2. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, həmin mənzil Yasamal Rayon MKTB-nin balansına olmaqla dövlət mənzil fonduna aiddir, xidməti mənzildir.
3. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin 27 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A, 11 saylı mənzili 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xidməti ərazisində yerləşir.Binanın 11 saylı mənzili dövlət mülkiyyətidir.Mənzil 1986-cı ildə 071124 nömrəli orderə əsasən Ermənistan Respublikasının vətəndaşı ilə dəyişdirilmişdir.Hal-hazırda mənzil İddiaçı adınadır və həmin ünvanda həyat yoldaşı –X4, oğlu-X5, qızı-X6, nəvəsi- X3 qeydiyyatda olmaqla yaşayırlar.
4. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin 71 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 245A saylı bina Yasamal Rayon MKTB-nin balansında, 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xidməti ərazisində olmaqla dövlət mülkiyyətinə aiddir.Binanın 50 mənzilindən İddiaçı məxsus olan 11-ci mənzilindən başqa 49-u özəlləşdirilmişdir.
5. Apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla 3-21-3-30/2-3712/2024 saylı məktuba qoşma olaraq Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A saylı binanın mənzillərinə xüsusi mülkiyyət hüququ ilə adına çıxarış verilmiş 42 nəfərlə bağlı sənədləri məhkəməyə təqdim etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A, 11 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh məktubunda orderin aşkar edilmədiyini əsas gətirərək, müraciətinin təmin edilməsindən imtina etmişdir.
7. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A, 11 saylı mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1986-cı ildə ailəsi ilə birlikdə İrəvan şəhərindən Bakı şəhərinə köçmüş, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A, 11 saylı mənzili mənzildəyişmə nəticəsində əldə etmişdir. Buna dair 071124 saylı, xx.xx.1986-cı il tarixli order verilmişdir. Artıq 30 ildən çoxdur ki, həmin mənzildə yaşayır. Cavabdehə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A, 11 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh məktubunda orderin aşkar edilmədiyini əsas gətirərək, müraciətinin təmin edilməsindən imtina etmişdir.
9. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən müraciətə əlavə olunmuş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin A-313-112 saylı, xx.xx.2022-ci il tarixli məktubunda Bakı Şəhər Mənzildəyişmə İdarəsinin 1986-cı ilə dair sənədləri arasında xx.xx.1986-cı il tarixli, 071124 saylı orderin aşkar edilmədiyi bildirilmişdir. Bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bununla bağlı iddiaçıya **********93 saylı, xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanlanmışdır.
10. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xüsusi təyinatlı mənzil fonduna aid edilmiş mənzilin xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılması müvafiq prosedur qaydada həyata keçirilməlidir. Hazırki halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla balans saxlayıcı yerli icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul edilməli və həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilməlidir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən istinad etmişdir ki Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, həmin mənzil Yasamal Rayon MKTB-nin balansına olmaqla dövlət mənzil fonduna aiddir, xidməti mənzildir.Bundan sonra iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə şikayətlə müraciət edərək mənzilin xidməti mənzil olub-olmamasının araşdırılmasını tələb etmişdir.Araşdırma zamanı Mənzil Kommunal İstismar sahəsinin kobud səhvə yol verdiyi aşkarlanmış, ona mübahisəli mənzilin dövlət mülkiyyəti olmaqla xidməti mənzil olmadığını təsdiq edən yeni arayış verilmişdir.Həmin arayışı apellyasiya şikayətinə əlavə etməklə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Proses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
18. Həmçinin, məhkəmə Kollegiyası İPM-in 62-3-cü maddəsinə əsasən 3-cü şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
20. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ...
21. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnunu:
2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir.
4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
27. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A, 11 saylı mənzili 1986-cı ildə 071124 nömrəli orderə əsasən Ermənistan Respublikasının vətəndaşı ilə mənzildəyişmə nəticəsində iddiaçının istifadəsindədir. İddiaçı hazırda həmin mənzili özəlləşdirmək istəyir.
28. Cavabdeh isə Bakı Şəhər Mənzildəyişmə İdarəsinin 1986-cı ilə dair sənədləri arasında xx.xx.1986-cı il tarixli, 071124 saylı orderin aşkar edilmədiyini bildirilmiş və bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bununla bağlı iddiaçıya **********93 saylı, xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanlanmışdır.
29. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolundan (i/v-23) görünür ki, sədrlik edən orderin əslinə baxış keçirərək əslini iddiaçıya geri qaytarmışdır.Məhkəmə Kollegiyası cavabdehin imtinasını əsaslı saymır və qeyd edir ki, Bakı Şəhər Mənzildəyişmə İdarəsinin 1986-cı ilə dair sənədləri arasında xx.xx.1986-cı il tarixli, 071124 saylı orderin aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına daxil deyildir.Belə ki, həmin sənədlərin arxivə təhvil verilməsində, qorunub saxlanılmasında iddiaçı cavabdehlik daşımır.
30. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, xüsusi təyinatlı mənzil fonduna aid edilmiş mənzilin xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılması müvafiq prosedur qaydada həyata keçirilməlidir. Hazırki halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla balans saxlayıcı yerli icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul edilməli və həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilməlidir.
31. İddiaçı isə apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə şikayətlə müraciət edərək mənzilin xidməti mənzil olub-olmamasının araşdırılmasını tələb etmişdir.Araşdırma zamanı Mənzil Kommunal İstismar sahəsinin kobud səhvə yol verdiyi aşkarlanmış, ona mübahisəli mənzilin dövlət mülkiyyəti olmaqla xidməti mənzil olmadığını təsdiq edən yeni arayış verilmişdir.Həmin arayışı apellyasiya şikayətinə əlavə etməklə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından (Bu qərarın 20-21-ci bəndləri) çıxış edərək hesab edir ki, iddia tələbi əsaslıdır, birinci instansiya məhkəməsi işin hallarını ətraflı araşdırmamış, bunla da iş üzrə düzgün nəticəyə gəlməmişdir.
33. Belə ki, işin yuxarıda sadalanan hallarından göründüyü kimi, mübahisəli mənzil -Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A, 11 saylı mənzili 40 saylı mənzil Kommunal İstismar sahəsinin xidməti ərazisində yerləşir, dövlət mülkiyyətidir. Həmin mənzil xüsusi təyinatlı mənzil fonduna aid deyildir. Mənzil 1986-cı ildə 071124 nömrəli orderə əsasən Ermənistan Respublikasının vətəndaşı ilə dəyişdirilmişdir.Hal-hazırda mənzil İddiaçı adınadır və həmin ünvanda həyat yoldaşı –X4, oğlu-X5, qızı-X6, nəvəsi- X3 qeydiyyatda olmaqla yaşayırlar.Həmçinin, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin 71 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən, binanın 50 mənzilindən İddiaçı məxsus olan 11-ci mənzilindən başqa 49-u özəlləşdirilmişdir. Bundan başqa apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla 3-21-3-30/2-3712/2024 saylı məktuba qoşma olaraq Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A saylı binanın mənzillərinə xüsusi mülkiyyət hüququ ilə adına çıxarış verilmiş 42 nəfərlə bağlı sənədləri məhkəməyə təqdim etmişdir.
34. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən İPM-nin 12.1.-ci maddəsinin (həmin maddəyə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.) və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1. və 12.2.–ci maddələrinin (Həmin maddələrə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir.İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) tələbləri pozulmuşdur.
35. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, odur ki, təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunaraq iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 245A, 11 saylı mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.