Məhkəmə qərarları › İş №2-1(103)-361/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-361/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-361/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsi) «torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7554/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Qala bələdiyyəsinin 22 dekabr 2005-ci il tarixli 35 saylı sərəncamına əsasən, Əzizbəyov rayonu (Xəzər rayonu) Qala qəsəbəsi ərazisində yerləşən 0,12 ha ölçüdə olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m. 34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin 15 avqust 2000-ci il tarixli, 595 saylı məktubuna əsasən, Əzizbəyov rayonu Qala Bələdiyyəsinin 22 dekabr 2005-ci il tarixli, 35 saylı sərəncamı ilə, ona, Qala qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün 1200 kv.m ölçüdə torpaq sahəsi ayrılmış, həmin tarixdə bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi bağlanmış, 10560000 AZM məbləğində pul bələdiyyənin hesabına ödəniş həyata keçirilmiş, bundan sonra torpaq sahəsi mənim istifadəmə verilmiş, tərəfindən daş hasara alınmış və hal-hazırda onun faktiki istifadəsindədir. Qala Bələdiyyəsi ilə aralarında torpağın mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi bağlanmaqla yanaşı, ona ayrılan torpaq sahəsinin sxemi və baş plandan çıxarış da təsdiq edilmişdir. Əlavə olaraq, torpaq sahəsinin qonşuluğunda yerləşən bütün torpaq sahələri özəlləşmişdir. 0,12 ha ölçüdə olan həmin torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydə alınması üçün cavabdehə ərizə ilə müraciət edərək, bütün zəruri sənədləri təqdim etməklə sözügedən torpaq sahəsinə mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi xahiş etmiş, lakin Lakin, cavabdeh tərəfindən ona xx.xx.2024-cü il tarixli, 3-2/-3-30/2-/0152-8/2024 **********08 nömrəli məktubla imtina edərək bunu onunla əsaslnadırılmışdır ki, sözügedən torpaq sahəsinə ləğv edilən AR DTXK tərəfindən torpaqların alqı-satqısına dair təsdiq edilmiş akt təqdim edilməmişdir. Cavabdeh təşkilatın gətirdiyi arqumenti ilə bağlı qeyd edir ki, torpaq sahəsinin ayrılması ilə bağlı Qala Bələdiyyəsi tərəfindən 22 dekabr 2005-ci ildə torpaq sahəsinin ayrılması haqqında qərar vermiş, lakin alqı-satqı müqaviləsinin bütün ünsürlərini özündə birləşdirən (yəni, torpaq sahəsinin ona təhvil verilməsi, torpaq sahəsinin dəyərinin bələdiyənin hesabına köçürülməsi, ayrılan torpaq sahəsinin sxemi və baş plandan çıxarışın təsdiq edilməsi) hərəkətlərin müqavilənin tərəfləri arasında yerinə yetirilməsi həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi kimi qəbul edilməsi yolveriləndir…” Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7554/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Əzizbəyov rayonu (Xəzər rayonu) Qala qəsəbəsi ərazisində yerləşən 0,12 ha ölçüdə olan torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestindən çıxarışın, torpaq səhəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddia olunan torpaq sahəsi vahid elektron kadastr məlumatlarına əsasən dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır. Belə ki, “Dövlət torpaq kadastrı, torpaların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 9-cu abzasına əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənmiş “Torpaqların alqı-satqısına dair akt” təqdim edilməmişdir. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Bundan əlavə, Bakı şəhəri Qala Bələdiyyəsinin 35 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin dövlət mülkiyyətində olubolmaması, həmçinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır...” Apellyasiya mərhələsində məhkəmənin 2-1(103)-3559/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Qala bələdiyyəsi üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Eyni zamanda, xx.xx.2024-cü il tarixli digər bir qərardadı ilə iddiaçıya ayrılmış torpaq sayhəsinin bələdiyyəyə təhvil verilmiş torpaq sahələrinin hüdüdları çərçivəsində yerləşib-yerləşmədiyinin müəyyən edilməsi üçün AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və sonuncu tərəfindən tərtib olunmuş 17 fevral 2025-ci il tarixli 10/9610 saylı ekspert rəyi xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiysası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Qala bələdiyyəsinin nümayəndəsi iddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyyəyə aid torpaq sahələrinin hüduduları çərçivəsində yerləşdiyini və yaşayış məntəqələri torpaqlarına aid olduğunu bildirərək, iddia tələbini əsaslı hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının cavabdehə qarşı iddia tələbindən göründüyü kimi, Qala bələdiyyəsinin 22 dekabr 2005-ci il tarixli, 35 saylı sərəncamına əsasən – Əzizbəyov rayonu (Xəzər rayonu) Qala qəsəbəsi ərazisində yerləşən 0,12 ha ölçüdə olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə belə hesab edir ki, iddiaçı tələbində haqlıdır. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin: 6-cı hissəsinə əsasən “bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər; 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər...” Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. X3 (Azərbaycan Respublikasının bələdiyyələrinin siyahısının) 1-ci hissəsinin 1-5-ci bəndlərinə əsasən Binəqədi bələdiyəi Binəqədi, Biləcəri, Xocahəsən, M.Ə.Rəsulzadə qəsəbələrinin aid olduğu müvafiq bələdiyyələrin əraziləri çıxılmaqla Binəqədi rayonu ərazisini əhatə edir. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun 1-ci hissəsinin 2-ci abzasına əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, keçmiş Əzizbəyov (indiki Xəzər) rayonu Qala bələdiyyəsinin 35 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı ilə İddiaçı - Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış, həmin sahənin plan-cizgisi tərtib olunmuş və 22 dekabr 2005-ci il tarixdə tərəflər arasında “bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında” alqı-satqı müqaviləsi bağlanmış və torpağın dəyəri iddiaçı tərəfindən ödənilərək ona bu barədə 22 dekabr 2005ci il tarixli 177666 nömrəli mədaxil orderinin qəbzi verilmişdir (Həmin sənədlərin notarial qaydada təsdiq olunmuş, eyni zamandaa hazırkı mərhələdə Dövlət Arxivinin Bakı Filialında saxlanılan nüsxələrinin surətləri də işə əlavə edilmişdir). Göründüyü kimi, Qala bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin iddiaçının adına qeydə alınması üçün qanunvericiliyin müəyyən etdiyi şərtlər ödənilir. Lakin cavabdeh apelyasiya şikayətində mübahisələndirilir ki, həmin torpaq sahəsi vahid elektron kadastr məlumatlarına əsasən dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır. Təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olubolmadığını müəyyən etmək mümkün deyil. Cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, işin qeyd olunan hallarından göründüyü kimi, cavabdehin həmin dəlillərinə aydınlıq gətirilməsi üçün apellyasiya mərhələsində Qala bələdiyyəsi üçüncü şəxs kimi işə cəlb olunmuş, eyni zamanda, iş üzrə məhkəmə Məhkəmə Ekspertizası Mərkəzəinə mühəndislik ekspertizası təyin olunmuşdur. İşə cəlb olunmuş Qala bələdiyyəsinin hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi məhkəməyə verdiyi izahatında təsdiq etmişdir ki, mübahisəli torpaq sahəsi Qala bəldiyyəsinə ayrılmış torpaq sahələrinin hüduduları çərçivəsində yerləşir. Eyni zamanda, Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə olunmuş 17 fevral 2025-ci il tarixli 10/9610 saylı rəyindən də görünür ki, ekspert tədqiqatı ilə: “ - iddiaçının faktiki istifadəsində olan 1200 kv.m torpaq sahəsinin, Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı şəhəri İcra Hakimiyyəti başçısının 908 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə Qala bələdiyyəsinə təhvil verilən torpaq sahəsinin hüduduları çərçivəsində yerləşdiyi; -elektron kadastr baza məlumatlarına əsasən (kadastrportalı.az) torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi olduğu; -həmin sahənin naturada cizgiyə uyğun olaraq 30m x 40m ölçülərində 1200 kv.m sahəsyə malik olduğu - müəyyən edilmişdir.” Məhkəmə kollegiyası ekspert tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış zamanı müayinə edilməklə hərtərəfli tədqiqat aparıldığını nəzərə alaraq gəldiyi nəticələri və Qala bələdiyyəsinin izahatında göstərilənləri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirir. Beləliklə də cavabdehin apellyasiya şikayətinin vahid elektron kadastr məlumatlarına əsasən torpağın dövlət mülkiyyəti olduğunu və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədiyini və yerləşmə cizgisində istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Cavabdehin apellyasiya şikayətində torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair akt”ın təqdim edilmədiyini mübahisələndirməsinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun 24-cü müddəalarına əsasən iddiaçının təqdim etdiyi süübutlardan asılı olmayraq, öz təşəbbüsü ilə bütün sübutları toplayıb hərtərəfli araşdırma aparmaq onun xidməti vəzifəsidir (İşin hallarından da göründüyü kimi, Dövlət Arxivinin Bakı Filialından alınmış Qala bələdiyyəsinin mübahisələndirilən sərəncamının, onunla bağlanmış torpağın alqı-satqı aktının və torpaq sahəsinin plan-cizgisi məhkəməyə təqdim olunmuşdur). Bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirildiyini mübahisələndirilməsi ilə əlaqədar isə məhkəmə kollegiyası onu qeyd edir ki, ən azından, bələdiyyə sədri tərəfindən imzalanmış həmin sərəncam bu günə kimi geri çağırılmamış, ləğv olunmamış, öz qüvvəsini saxlamaqda davam edir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci madddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Məcəllənin 64.2-ci maddəsi isə nəzərdə tutur ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qeydiyyat orqanı tərəfindən mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu üçün əsaslar mövcuddur. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməklə, cavabdeh iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması mahiyyət etibarı ilə düzgün nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin dövlət mülkiyyətində olub-olmamasını, həmçinin, iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7554/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7554/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar