Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3611/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə Yadulla qızının iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus ИТ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1974-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982 – xx.xx.1988, xx.xx.1988 - xx.xx.1992, xx.xx.1992xx.xx.1993, xx.xx.1993 – xx.xx.2005.
3. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 2344 nömrəli, 21 iyul 1976-cı il tarixli attestata əsasən İddiaçı xx.xx.1974xx.xx.1976-cı illərdə peşə təhsili almışdır.
4. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 11 dekabr 2023- cü il tarixli, 3-48-2F/2-A-08849/2023 nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, həqiqətən Bakı Baş Tikinti İdarəsi 10 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında vət. İddiaçı xx.xx.1976-cı il tarixli, 136/s saylı əmrlə xx.xx.1976-ci il tarixdən Texniki Peşə məktəbindən buraxıldıqdan sonra 4 cü dərəcəli “маляр” vəzifəsinə işə qəbul olunması, xx.xx.1977-ci il tarixli, 53/s sayli əmrlə xx.xx.1977- ci il tarixdən hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunması, yenidən xx.xx.1980-cı il tarixli, 9/k saylı əmrlə xx.xx.1980-cı il tarixdən 4-cü dərəcəli"маляр" kimi işə qəbul olunması, xx.xx.1982-ci il tarixdən 48/k saylı əmrlə xx.xx.1982-ci il tarixdən iş yerinin BBTİ Təmir Tikinti idarəsinə dəyişdirilərək işdən azad olunması və 1981-ci il, 1982-ci ilin yanvaravqust aylarına dair hesabat cədvəllərində əmək haqqı hesablanması, BBTİ Təmir Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında xx.xx.1982-ci il tarixli 71/k saylı əmrlə xx.xx.1982-ci il tarixdən 4-cü dərəcəli "маляр" kimi işə qəbul olunması, xx.xx.1988- ci il tarixli, 67/s saylı əmrlə xx.xx.1988-ci il tarixdən işdən azad olunması (iş yerinin 3 saylı Tikinti İdarəsinə dəyişdirilərək) və 1982-ci ilin sentyabrdekabr aylarına dair, 1983, 1984, 1985-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. BBTİ 3 saylı Tikinti İdarəsinin 1988-1992-cu illərə dair arxiv sənədləri və BBTİ Təmir Tikinti idarəsinin 1985-ci ildən sonrakı dövr üçün arxiv sənədlərinin əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunur.
5. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 28 sentyabr 2023-cü il tarixli, 3-48-4/2-A-20xx/xx-2023 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan "Azərtəmir" kiçik müəssisəsinin arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
6. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 28 sentyabr 2023-cü il tarixli, 3-48-4/2-A-20xx/xx-2023 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan Qafqaz Müsəlmanları İdarəsi Xüsusi Təmir Tikinti İdarəsinin (sonrakı adı "Şərq" Təmir-Tikinti müəssisəsi) arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
7. НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1977- xx.xx.1979-cu illərdə Azərbaycan SSR ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli, 3-21- 2-1/2-7878/2024 nömrəli məktubla bildirilmişdir ki, dövlət reyestrində Bakı Baş Tikinti İdarəsi Təmir Tikinti İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
9. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli, 3-34/2-841/01-3/2024 nömrəli məktubla bildirilmişdir ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfinden təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız "ada" görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə onu maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur.
10. SOCAR “Neftqaztikinti” tresti tərəfindən 06 may 2025-ci il tarixli, 14-2-14/2-873/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd edilən peşəyə oxşar rəngsaz peşəsi "Neftqaztikinti" trestində mövcud peşələr siyahısında vardır. Məlumat üçün qeyd etmək istəyirlər ki, "Neftqaztikinti” trestinin əsas fəaliyyəti SOCARin müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsindən ibarətdir və Trestin istehsalatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın (Siyahı) 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aiddir. Rəngsaz peşəsi Siyahının qeyd olunan bölməsinin “a) fəhlələr” alt bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmamışdır. İstehsalat sahələrindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr Siyahının "35. Ümumi peşələr” bölməsində nəzərdə tutulmuşdur. Həmin bölmədə "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmişdır. ГОСТ 12.1.007-76* "Zərərli maddələr. Təsnifat və ümumi təhlükəsizlik tələbləri" dövlətlərarası standartına əsasən insan orqanizminə təsirinə görə zərərli maddələr 4 təhlükəlilik sinfinə bölünürlər. 1-ci sinif — daha çox təhlükəli maddələr, 2-ci sinif - yüksək təhlükəli maddələr, 3-cü sinif - zəif təhlükəli maddələr, 4-cü sinif - az təhlükəli maddələr. "Neftqaztikinti" trestində rəngsaz peşəsi üzrə tətbiq edilən zərərli maddənin (aseton) təhlükəliliyi 4-cü sinif (az təhlükəli maddələr) olduğu üçün həmin peşə Siyahının "35. Ümumi peşələr" bölməsində nəzərdə tutulmuş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsi ilə uyğunluq təşkil etmir.
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 60 yaşının tamam olduğu, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası hüququnun yarandığı həmin vaxtdan ödənilməyən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. 1977-ci ildən 1979-cu ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. 1974-cü ildən 1976-cı ilə qədər texnikomda təhsili almışdır. Bakı Baş Tikinti İdarəsinin 10 saylı Tikinti İdarəsində 4-cü dərəcəli malyar yəni rəngsaz vəzifəsinə işə daxil olmudur. 1973-cü il tarixdən 1992-ci il tarixə qədər həmin müəssisədə 4-cü dərəcə rəngsaz kimi çalışmışdır. Bu dövrdən sonra olan vaxtlarda işləmiş olduğu müəssisələrdə də, zərərli peşələr üzrə işləmişdir. O, ilk öncə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən zərərli iş şəraitində işlədiyi dövrün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısında nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları iş yerinin arayışda dəqiq göstərilməlidir. Verilmiş olan imtinanı əsassız hesab edir, çünki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının “Ümumi peşələr” bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazların güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ göstərilmişdir. Bu o deməkdir ki, o, rəngsaz kimi 4-cü sinifdən yuxarıdır. O ki, qaldı iş yerindən güzəştli arayışın verilməməsinə hazırda həmin idarələrin fəaliyyəti çoxdan dayandırıldığından və onların hüquqi varisliyi də, hər hansı hüquqi şəxsə keçmədiyindən ona məxsus olan sənədlərdən hər hansı birinin dövlət arxivinə verilməməsinin səbəbkarı o deyildir. İşləməsi ilə bağlı bütün qeydlər əmək kitabçasında qeyd edilmişdir. 2017-ci ilə qədər onun 25 il ümumi iş stajı, 12 il 6 aydan çox isə güzəştli iş stajı vardır.
13. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə müəssisənin fəaliyyət istiqaməti və s.) iş yeri tərəfindən təqdim edilən arayışda dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Yəni, rəngsaz vəzifəsi o halda güzəştli staj hesab olunur ki, müvafiq vəzifəni icra edərkən tətbiq olunan zərərli maddələr Qərarda göstərilmiş sinifdən aşağı olmasın. İddiaçı əmək kitabçasında müxtəlif dövrlərdə rəngsaz vəzifəsində işlədiyi qeyd edilsə də, iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən, arayış təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
15. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, Rəngaz peşələrinin ardıcıllığı həmin qurum 1 dərəcəni rəngsaz peşəsin daha yüksək 5-ci dərəcə rəngsaz peşəsin daha aşağı qiymətləndirmişdir. Halbuki,artım siyahısı (Nazirlər Kabinetinin müvafiq Qərarında) isə 4-cü dərəcə rəngsaz peşəsini çox birinci dərəcəni isə daha az verir. İddiaçı əmək kitabçasında o işlədiyi dövrlər ərzində bu dərəcələr artan siyahı ilə getmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslanıdırılmışdır ki, 01 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajının olması müəyyən edilə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən işlədiyini iddia etdiyi müəssisədən güzəştli arayış təqdim edilməmişdir. Digər tərəfdən SOCAR “Neftqaztikinti" trestinə sorğu göndərilmiş, lakin, qeyd edilən müəssisədən daxil olmuş cavab məktubunda bildirilmişdir ki, Təsnifat və ümumi təhlükəsizlik tələbləri” dövlətlərarası standartına əsasən insan orqanizminə təsirinə görə zərərli maddələr 4 təhlükəlilik sinfinə bölünürlər. 1-ci sinif — daha çox təhlükəli maddələr, 2-ci sinif - yüksək təhlükəli maddələr, 3-cü sinif - zəif təhlükəli maddələr, 4-cü sinif - az təhlükəli maddələr. "Neftqaztikinti" trestində rəngsaz peşəsi üzrə tətbiq edilən zərərli maddənin (aseton) təhlükəliliyi 4-cü sinif (az təhlükəli maddələr) olduğu üçün həmin peşə Siyahının "35. Ümumi peşələr" bölməsində nəzərdə tutulmuş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsi ilə uyğunluq təşkil etmir. Ona görə də məhkəmə haqlı olaraq iddiaçının iddiasını təmin etməmişdir.
b) Proses iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 47. Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən) 25.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-21-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 26.Belə ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 27.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığı üçün ona 60 yaşdan pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
28. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus ИТ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrləri və işlədiyi peşələri nəzərə alaraq iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının olmamasına istinad etmiş və bu səbəbdən iddianı təmin etməmişdir.
29. SOCAR “Neftqaztikinti” trestinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 06 may 2025-ci il tarixli məktubundan görünür ki, Təsnifat və ümumi təhlükəsizlik tələbləri" dövlətlərarası standartına əsasən insan orqanizminə təsirinə görə zərərli maddələr 4 təhlükəlilik sinfinə bölünürlər. 1-ci sinif — daha çox təhlükəli maddələr, 2-ci sinif - yüksək təhlükəli maddələr, 3-cü sinif - zəif təhlükəli maddələr, 4-cü sinif - az təhlükəli maddələr. "Neftqaztikinti" trestində rəngsaz peşəsi üzrə tətbiq edilən zərərli maddənin (aseton) təhlükəliliyi 4-cü sinif (az təhlükəli maddələr) olduğu üçün həmin peşə Siyahının "35. Ümumi peşələr" bölməsində nəzərdə tutulmuş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsi ilə uyğunluq təşkil etmir.
30. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi rəngsaz peşənin hansı sahəni əhatə etməsini, yəni SOCAR “Neftqaztikinti” trestinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 06 may 2025-ci il tarixli məktubuna əlavə edilmiş siyahı üzrə sahənin müəyyən etməsi mümkün olmadığından iddiaçının işlədiyi sahənin təhlükəliliyini müəyyən etmək mümkün olmadı.
31. Bundan başqa o da nəzərə alınmalıdır ki, iddiaçının əmək kitabçasında qeyd edilən dərəcələr onun işlədiyi sahənin təhlükəliliyini deyil, onun işlədiyi peşə üzrə toplanılan ixtisas təcrübəsini müəyyən edir.
32. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı ilə qədər tələb edilən güzəştli stajı öz təsdiqini tapmadığından ona 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi mümkün deyil.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.