Məhkəmə qərarları › İş №2-1(103)-3615/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3615/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3615/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyət xərclərinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2068/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci və 2019-cu illər ərzində ezamiyyətdə olduğu günlər üçün ödənilməli olan, lakin ödənilməmiş 1172 manat ezamiyyə xərcləri ödənişinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda cavabdehin üzərinə 2018-ci və 2019-cu illər ərzində ezamiyyətdə olduğu günlər üçün ona ödənilməli olan, lakin ödənilməmiş 1512 manat ezamiyyə xərcləri ödənişinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ehtiyatda olan baş leytenant kimi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. X6 Məntəqəsində hərbi xidmətdə olduğu vaxt müəyyən vaxtlarda xidməti ezamiyyətlərə göndərilmiş, lakin həmin ezamiyyətlərin əvəzi ödənilməmişdir. Belə ki, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə 2 (iki) gün, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixlərdə 4 (dörd) gün, xx.xx.2019-cu il tarixdə 1 (bir) gün, xx.xx.2019-ci il, xx.xx.2019-ci il, xx.xx.2019-ci il tarixlərdə 3 (üç) gün, xx.xx.2019-ci il, xx.xx.2019-ci il, xx.xx.2019-ci il tarixlərdə 3 (üç) gün, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə 2 (iki) gün müddətində xidməti zərurətlə əlaqədar Bakı Beynəlxalq Aeroportunda yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində, bundan əlavə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə 2 (iki) gün Bakı şəhəri, Z.Əliyeva küçəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatında ezamiyyətdə olmuşdur. Beləliklə, xidmət dövründə ümumilikdə, ezamiyyətdə olduğu günlərin sayı 17 (on yeddi) gün təşkil etmişdir. Yuxarıda qeyd olunan tarixlərdə ezamiyyətdə olduğunu təsdiq edən ezamiyyət vərəqələri və “Biləsuvar” X4 X3 “X7”ndan çıxarışların surətləri iddia ərizəsinə əlavə edilir. “Biləsuvar” X4 X3 “X7”ndan çıxarışları isə Bakı İnzibati Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatında olan e-2-1(112)-308/2022 nömrəli işdə Dövlət Sərhəd Xidməti özü sübut kimi təqdim etmişdir. Qeyd olunan tarixlərdə ezamiyyətdə olduğu halda həmin ezamiyyət günləri üçün ona xx.xx.2019-cu il tarixdə cəmi 18 manat ezamiyyət ödənişi ödənilmişdir. Ezamiyyət günləri üçün həmin 18 manatdan başqa heç bir məbləğin ödənilmədiyini Dövlət Sərhəd Xidməti tərəfindən verilən “Xidmət dövrü ərzində ödənilmiş vəsaitlər barədə” Arayış təsdiq edir. Beləliklə xidmət dövrümdə ərzində ezamiyyətdə olduğum 17 günün hər günü üçün 70 manat olmaqla ümumilikdə 1190 manat ezamiyyət ödənişi ödənilməli olduğu halda cəmi 18 manat ödənilmişdir. Həmin 18 manat çıxıldıqdan sonra iddiaçıya ödənilməmiş 1172 manat qalır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2068/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim S.Salahova) iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə 1 ezamiyyət gününün əvəzi olaraq ona nəqliyyat və gündəlik xərclər üçün 18 manat ödənilmişdir. 1 günə görə mehmanxana xərci üçün ödəniş isə ödənilməmişdir. xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə 3 günlük ezamiyyət günü iş materiallarında olan ezamiyyət vərəqələri və “X6i məntəqəsinin sərhəd mühafizə” kitabındakı qeydlərlə təsdiq edilsə də, məhkəmə həmin tarixlərdə olan ezamiyyət günlərinin sayını Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0164 nömrəli və xx.xx.2019-cu il tarixli 0165 nömrəli nizami hissə üzrə əmrindən çıxarışlara istinadən 2 gün olduğu ilə razılaşmışdır. 2 gün üçün ona 36 (18 X 2 gün) manat nəqliyyat və gündəlik xərclər üçün ödəniş, 1 gün üçün 36 manat mehmanxana xərci ödənişi ödənilmişdir. 1 günə görə nəqliyyat və gündəlik xərclər üçün ödəniş, 2 günə görə mehmanxana xərci üçün ödəniş ona ödənilməmişdir. xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə 3 günlük ezamiyyə ödənişi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaş. xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə 2 günlük ezamiyyət günü iş materiallarında olan ezamiyyət vərəqələri və “X6i məntəqəsinin sərhəd mühafizə” kitabındakı qeydlərlə təsdiq edilsə də, məhkəmə həmin tarixlərdə olan ezamiyyət günlərinin sayını Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0215 nömrəli nizami hissə üzrə əmrindən çıxarışlara istinadən 1 gün olduğu ilə razılaşmışdır. 1 gün üçün ona 18 manat nəqliyyat və gündəlik xərclər üçün ödəniş ödənilmişdir. 1 günə görə nəqliyyat və gündəlik xərclər üçün ödəniş, 2 günə görə mehmanxana xərci üçün ödəniş ona ödənilməmişdir. xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə 2 günlük ezamiyyət günü iş materiallarında olan ezamiyyət vərəqələri və “X6i məntəqəsinin sərhəd mühafizə” kitabındakı qeydlərlə təsdiq edilsə də, məhkəmə həmin tarixlərdə olan ezamiyyət günlərinin sayını Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0221 nömrəli nizami hissə üzrə əmrindən çıxarışlara istinadən 1 gün olduğu ilə razılaşmışdır. 1 gün üçün ona 18 manat nəqliyyat və gündəlik xərclər üçün ödəniş ödənilmişdir. 1 günə görə nəqliyyat və gündəlik xərclər üçün ödəniş, 2 günə görə mehmanxana xərci üçün ödəniş ona ödənilməmişdir. xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə 2 günlük ezamiyyət günü üçün məhkəmə onun ezamiyyət vərəqəsi təqdim edə bilməməyini və DSX-nın müvafiq sorğuya onun həmin tarixlərdə ezamiyyətdə olmağı barədə onlarda heç bir məlumatın olmaması cavabını mötəbər sübut kimi qiymətləndirərək onun həmin tarixlərdə ezamiyyətdə olmağını sübut edə bilməməyi qənaətinə gəlmişdir. Lakin Məhkəmə “X6i məntəqəsinin sərhəd mühafizə” kitabında xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə ezamiyyətdə olmağı barədə qeydlər olmasına baxmayaraq hansı səbəblə onun ezamiyyətə göndərilməməyini, yaxud ezamiyyətdə olmamışsa hansı sutkalıq naryadda olduğunu araşdırmamışdır. Məhkəmə bu tarixlər üçün məhkəməyə təqdim edilmiş yeganə dəlil olan “X6i məntəqəsinin sərhəd mühafizə” kitabından çıxarışı qiymətləndirməmişdir. Halbuki o, həmin tarixlərdə ezamiyyətdə olmamışdısa harda olduğunu sübut etmək cavabdehin vəzifəsi idi. Məhkəmə cavabdehdən bu məsələnin sübut edilməsini tələb etmədiyi üçün İnzibati Prosessual Məcəlləsinin14.1-ci maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə 4 günlük ezamiyyət günü üçün məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan 470 nömrəli ambulator vərəqədən görünür ki, o, xx.xx.2018-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında müayinədə olmuşdur. Lakin məhkəmə onun hər hansı bir xəstəliklə əlaqədar deyil Sərhəd Nəzarəti rəhbərlliyi tərəfindən göndərilmiş telefonoqrama əsasında hərbi həkim komissiyasına getdiyini nəzərə almamış, həmçinin xx.xx.2018-ci il tarixdə hərbi hospitalda olmuşsa yerdə qalan 3 gün müddətində ezamiyyətdə olubolmamağı barədə heç bir araşdırma aparmamışdır. Həmçinin onun xidmət etdiyi buraxılış məntəqəsi Biləsuvar rayonunda yerləşirdi. Hərbi qulluqçulara hərbi qornizonu tərk etmək qadağandır. Məhkəmə onun xx.xx.2018-ci il tarixdə Bakı qornizonuna hansı sənəd əsasında gəlməyini də araşdırmamışdır. Qeyd edir ki, məhkəmə ezamiyyət günlərinin sayını Sərhəd Nəzarəti rəisinin onun ezamiyyətdə sayılmağı barədə verdiyi əmrlər əsasında hesablamış, ezamiyyət vərəqələrində xidməti dislokasiya yerindən hansı tarixdə yola düşüb, hansı tarixdə həmin dislokasiya yerinə çatmağını nəzərə almamışdır. Bununla da Məhkəmə “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”-nin 6.26-cı bəndinin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”-nın 7-ci bəndinin tələbini pozmuşdur. “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”-nin 6.26-cı bəndinə əsasən xidməti ezamiyyət müddəti ezamiyyətdə olma günlərinin sayı əsasında, istirahət və bayram günləri də daxil olmaqla hesablanır. Ezamiyyətə yola düşmə günü qatarın, avtobusun, təyyarənin və ya başqa nəqliyyat vasitəsinin ezam edilmiş hərbi qulluqçunun xidmət etdiyi hissənin daimi dislokasiya məntəqəsindən yola düşdüyü gün, qayıtma günü isə - göstərilən nəqliyyat vasitəsinin daimi xidmət məntəqəsinə çatdığı gün hesab edilir. Nəqliyyat saat 24-ə qədər yola düşərsə, həmin gün yola düşmə günür... saat 0-dan, sonra yola düşərsə - sonrakı gün yola düşmə günü hesab edilir. Əgər qatarın yola düşdüyü stansiya, liman və ya aeroport yaşayış məntəqəsindən kənardadırsa, stansiyaya, limana, aeroporta qədər getmək üçün lazım olan vaxt nəzərə alınır. Eyni şəkildə, ezam edilmiş hərbi qulluqçunun daimi xidmət məntəqəsinə gəldiyi gün müəyyən edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”-nın 7-ci bəndinə əsasən Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Məhkəmə ona ödənilmiş məbləğlərin doğruluğunu araşdırmamaqla Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” xx.xx.2008-ci il tarixli 14 nömrəli qərarının 1-ci maddəsinin tələbini bozmuşdur. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri təşkil edir. Beləliklə, ona 12 gün ezamiyyət üçün mehmana xərci ödənişi, 9 gün ezamiyyət üçün nəqliyyat və gündəlik xərclər üçün ödəniş ödənilməmiş qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılaraq apellyasiya şikayətinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçılar subyektiv hüquqa malikdir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsassız olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən: - maddə 137. Hərbi qulluqçulara aşağıdakı hallarda ezamiyyətlərə icazə verilir: a) toplanışlar keçmək və kurslarda oxumaq üçün; b) döyüş hazırlığı ilə bağlı toplanış və digər tədbirləri təşkil etmək üçün; v) hərbi yüklərin, qoşunların, döyüş texnikasının əmlakının mühafizəsi və müşayiət edilməsi üçün; q) kuryerlik üçün, yaxud məxfi sənədlər aparan kuryeri müşayiət etmək üçün; d) xəstələrin və ya komandaların, məhbus və məhkumların müşayiət edilməsi üçün; e) konfranslarda, iclaslarda və s. iştirak etmək üçün; ə) ordenlər və medal almaq üçün; - maddə 138. Ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir. Ezamiyyətlərin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin edilir. - maddə 140. Ezamiyyətə göndərilənlərə müəyyən formada ezamiyyət vəsiqəsi verilir. Ezamiyyət məntəqəsinə çatan kimi hərbi qulluqçular sərəncamına ezam olunduqları vəzifəli şəxsin yanına gəlir və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarnizon və qarovul xidmətləri Nizamnaməsində müəyyən edilmiş qaydada uçota dururlar. -maddə 141. Ezamiyyətə göndərilərkən və qayıdarkən ezamiyyət vəsiqəsində göstərilmiş marşrutdan kənara çıxmağa və aralıq məntəqələrdə özbaşına dayanmağa icazə verilmir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə əsasən: - Bənd 6.18. Hərbi hissə komandirlərinin, müəssisə, idarə və təşkilat rəhbərlərinin sərəncamı (əmri) ilə hərbi qulluqçunun daimi xidmət yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi (İllik plana əsasən təşkil olunmuş kurslara hərbi qulluqçuların cəlb edilməsi halları istisna edilməklə) xidməti ezamiyyət sayılır. Hərbi qulluqçuların xidməti ezamiyyətləri aşağıdakı vəzifəli şəxslər tərəfindən təyin edilə bilər: 6.18.1.Azərbaycan Respublikası DSX-nin aparatından - DSX rəisi və onun birinci müavini tərəfindən; 6.18.2.Silahlı birləşmələrin qərərgahından - DSX Rəisi, onun birinci müavini və silahlı birləşmələrin səlahiyyətli şəxsləri tərəfindən; 6.18.3.hərbi hissələrdən- hərbi hissə komandiri tərəfindən. -bənd 6.21. Düzgün tərtib edilməmiş ezamiyyət vəsiqələri əsasında, habelə müvafiq hallarda pul vəsaitləri ilə təmin edilməmiş ezamiyyətlərə gündəlik və mənzil pulları ödəmək qadağandır. -bənd 6.26. Xidməti ezamiyyət müddəti ezamiyyətdə olma günlərinin sayı əsasında, istirahət və bayram günləri də daxil olmaqla hesablanır. Ezamiyyətə yola düşmə günü qatarın, avtobusun, təyyarənin və ya başqa nəqliyyat vasitəsinin ezam edilmiş hərbi qulluqçunun xidmət etdiyi hissənin daimi dislokasiya məntəqəsindən yola düşdüyü gün, qayıtma günü isə - göstərilən nəqliyyat vasitəsinin daimi xidmət məntəqəsinə çatdığı gün hesab edilir. Nəqliyyat saat 24-ə qədər yola düşərsə, həmin gün yola düşmə günür... saat 0-dan, sonra yola düşərsə - sonrakı gün yola düşmə günü hesab edilir. Əgər qatarın yola düşdüyü stansiya, liman və ya aeroport yaşayış məntəqəsindən kənardadırsa, stansiyaya, limana, aeroporta qədər getmək üçün lazım olan vaxt nəzərə alınır. Eyni şəkildə, ezam edilmiş hərbi qulluqçunun daimi xidmət məntəqəsinə gəldiyi gün müəyyən edilir. -bənd 6.27. Gündəlik və mənzil pulları ezamiyyət vəsiqəsində hərbi qulluqçunun xidməti ezamiyyət məntəqəsinə (məntəqələrinə) gəldiyi və buradan getdiyi tarixlər haqqında möhürlə təsdiq edilmiş qeydlər əsasında ödənilir. Qeydlər hərbi hissələrdə hissə komandirinin və ya qərargah rəisinin imzası ilə, başqa nazirliklərin və idarələrin idarə, müəssisə və təşkilatlarında isə - ezamiyyət vəsiqəsinə qeyd etmək öhdəliyi qoyulmuş vəzifəli şəxsin imzası ilə edilir. - Bənd 6.28. Ezamiyyə xərclərinin ödənilmə qaydaları və məbləğləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında" Qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”na əsasən: -bənd 1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. -bənd 2. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi» verilir. -bənd 4. İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla). -bənd 7. 7. Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə, ayrıca qeyd edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati iş materiallarından görünür ki, iddiaçı hazırda ona ezamiyyətdə olduğu, lakin ödənilməyən aşağıdakı günlərə görə ezamiyyə xərclərinin ödənilməsini xahiş edir: 1.16-17 sentyabr 2018-ci il – 2 gün;

2. 24-27 sentyabr 2018-ci il – 4 gün;

3. 03 yanvar 2019-cu il – 1 gün;

4. 12-14 iyun 2019-cu il – 3 gün;

5. 17-20 iyul 2019-cu il – 3 gün;

6. 02-03 avqust 2019-cu il – 2 gün;

7. 08-10 avqust 2019-cu il – 2 gün. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DSX-nin aidiyyəti struktur qurumlarına sorğu göndərilmiş və müəyyən edilmişdir ki, 5 halda İddiaçı ezamiyyətlə bağlı ödənişlər həyata keçirilmişdir. Həmin məktuba əlavə edilmiş: 1) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 03 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, xidməti zərurətlə əlaqədar olaraq, xx.xx.2019-cu il tarixdə “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X3 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətində ezamiyyətdə olmuşdur. Yol və ezamiyyət xərclərinin ödənişi üzrə paylama cədvəlindən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixli 01 nömrəli ezamiyyət vərəqəsinə əsasən 18 manat ezamiyyə xərci ödənilmişdir. 2) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0164 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, xidməti zərurətlə əlaqədar olaraq, xx.xx.2019-cu il tarixdə “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X3 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətinə ezamiyyətə gəlmiş hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0165 nömrəli nizami hissə üzrə əmrinnən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdən “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X3 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətindən ezamiyyətdən getmiş hesab olunmuşdur. İşdə olan cədvəldən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixli 71 nömrəli ezamiyyət vərəqəsinə əsasən 2 günlük ezamiyyə müddəti üçün cəmi 72 manat ezamiyyə xərci ödənilmişdir (cədvəldəki məbləğin ödənilməsi "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ştampı ilə təsdiq edilmişdir). 3) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0199 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, xidməti zərurətlə əlaqədar olaraq, xx.xx.2019-cu il tarixdə “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X3 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətinə ezamiyyətə gəlmiş hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0201 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdən “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X3 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətindən ezamiyyətdən getmiş hesab edilmişdir. İşdə olan cədvəldən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixli 86 nömrəli ezamiyyət vərəqəsinə əsasən 3 günlük ezamiyyə müddəti üçün cəmi 126 manat ezamiyyə xərci ödənilmişdir (cədvəldəki məbləğin ödənilməsi (ümumilikdə 162 manat) "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ştampı ilə təsdiq edilmişdir). 4) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0215 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, Xidməti zərurətlə əlaqədar olaraq, xx.xx.2019-cu il tarixdə "Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X3 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətində ezamiyyətdə olmuş hesab olunmuşdur. İşdə olan cədvəldən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixli 98 nömrəli ezamiyyət vərəqəsinə əsasən 1 günlük ezamiyyə müddəti üçün cəmi 18 manat ezamiyyə xərci ödənilmişdir (cədvəldəki məbləğin ödənilməsi (ümumilikdə 162 manat) "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ştampı ilə təsdiq edilmişdir). 5) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0221 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, xidməti zərurətlə əlaqədar olaraq, xx.xx.2019-cu il tarixdə “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X3 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətində ezamiyyətdə olmuş hesab edilmişdir. İşdə olan cədvəldən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixli 99 nömrəli ezamiyyət vərəqəsinə əsasən 1 günlük ezamiyyə müddəti üçün cəmi 18 manat ezamiyyə xərci ödənilmişdir (cədvəldəki məbləğin ödənilməsi (ümumilikdə 162 manat) "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ştampı ilə təsdiq edilmişdir). Həmçinin işdə olan cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Dövlət Sərhəd Xidmətinə ünvanladığı müraciətə aidiyyəti üzrə baxılmışdır. Müraciəti ilə bağlı xidmət etdiyi hərbi hissəyə sorğu verilmiş və sorğu nəticəsində müəyyən olunmuşdur ki, qeyd etdiyi günlər üzrə ezamiyyə xərci kart hesabına köçürülmüşdür. Bundan əlavə işdə olan iddiaçının Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli e-2-1(112)-5647/2020 saylı iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı bildirmişdir ki “02.2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə ona ödənilməmiş bütün ödənişlərin tam həcmdə ödənilməsi üçün müraciət etmiş, xx.xx.2020-ci il tarixdə ona 234 manat miqdarında ezamiyyət pulu ödənişi ödənilmişdir.” Beləliklə, işin qeyd edilən halları ilə cavabdeh tərəfindən iddiaçıya ezamiyyətdə olduğu yuxarıda qeyd edilən günlər üçün ezamiyyə xərcinin ödənildiyi bildirilmiş, bu hal işdə olan ödəmə cədvəlləri, həmin cədvələ vurulmuş müvafiq bankın ştampı və iddiaçının özünün ərizəsi ilə təsdiq edilmişdir. İş materiallarından görünür ki: iddiaçı 12-14 iyun 2019-cu il tarixlərdə 3 gün ezamiyyətdə olduğunu bildirsə də, işdə olan xx.xx.2019-cu il tarixli 71 nömrəli ezamiyyət vəsiqəsinə əsasən xx.xx.2019 və xx.xx.2019-cu il tarixlər olmaqla, 2 gün; 02-03 avqust 2019-cu il tarixlərdə 2 gün ezamiyyətdə olduğunu bildirsə də, işdə olan xx.xx.2019-cu il tarixli 98 nömrəli ezamiyyət vəsiqəsinə əsasən xx.xx.2019-cu il tarixi olmaqla, 1 gün; 08-10 avqust 2019-cu il tarixlərdə 2 gün ezamiyyətdə olduğunu bildirsə də, işdə olan xx.xx.2019-cu il tarixli 99 nömrəli ezamiyyət vəsiqəsinə əsasən xx.xx.2019-cu il tarixi olmaqla, 1 gün xidməti ezamiyyətdə olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin günlərə görə yenidən ezamiyyə xərclərinin ödənilməsini tələb etməsi əsassız olmuşdur. İddiaçının 16-17 sentyabr 2018-ci il tarixlərində 2 gün və 24-27 sentyabr 2018-ci il tarixlərində 4 gün ezamiyyətdə olmasına gəldikdə, işdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı izahatında qeyd etdiyi tarixdə (xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) xidməti ezamiyyətdə olması ilə bağlı heç bir ezamiyyət vərəqəsi təqdim etməmişdir. İddiaçı xidmətdə olduğu dövrdə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Hərbi Hospitala müraciət etmişdir. Hərbi qulluqçular hospitala həkim müayinəsi və ya digər məsələlərlə bağlı gəldikdə onlara ezamiyyət xərci ödənilmir. Sabiq hərbi qulluqçunun müraciətinə maliyyə bölməsində tam ətraflı baxılmış zəruri sənədlərdən çıxarışlar edilmişdir. Ezamiyyət vərəqələrinə, bank ödəniş tapşırıqlarına baxış zamanı məlum olmuşdur ki, İddiaçı 2019-cu il ərzində 5 (beş) dəfə xidməti ezamiyyətdə olmuşdur və bütün ezamiyyət xərcləri Təşkilat Səfərbərlik bölməsi tərəfindən təqdim edilən ezamiyyə vərəqələri əsasında tam şəkildə ödənilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı digər müraciətində ezamiyyət xərcinin 90 (doxsan) manatdan hesablanması ilə bağlı tələb və istəyinə cavab olaraq bildirilir ki, 2008-ci il tarixli AR NK-nın 014 nömrəli Qərarına əsasən Bakı şəhərinə ezam olunan hərbi qulluqçuların bir günlük ezamiyyət xərci 54 manatdan hesablanırdı. xx.xx.2021-ci il tarixdən AR NK-nın 013 nömrəli xx.xx.2021-ci il tarixli Qərarına əsasən isə Bakı şəhərinə ezam olunan hərbi qulluqçuların bir günlük ezamiyyət xərci 54 manatdan 90 manata qaldırılmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək xidməti ezamiyyətdə olmasının sübut olunmadığını, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək isə Hərbi Hospitalda olduğunu bildirmişdir. Kollegiya cavabdehin bu dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan 470 nömrəli ambulator vərəqədən görünür ki, iddiaçı xx.xx.2018-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında müayinədə olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən də görünür ki, şəxsin ezamiyyətə getməsi hərbi hissə komandirinin əmri ilə rəsmiləşdirilir, şəxsə ezamiyyət vəsiqəsi verilir və gündəlik və mənzil pulları ezamiyyət vəsiqəsində hərbi qulluqçunun xidməti ezamiyyət məntəqəsinə (məntəqələrinə) gəldiyi və buradan getdiyi tarixlər haqqında möhürlə təsdiq edilmiş qeydlər əsasında ödənilir. İşdən görünür ki, iddiaçı 16-17 sentyabr 2018-ci il tarixlərində 2 gün və 24-27 sentyabr 2018-ci il tarixlərində 4 gün ezamiyyətdə olmasını iddia etsə də, bununla bağlı nə əmri, nə də ezamiyyət vəsiqəsini təqdim etməmiş, iddiaçının 24-27 sentyabr 2018-ci il tarixlərində xidməti tapşırığı yerinə yetirmək üçün ezamiyyətdə deyil, ambulator müayinədə olması iş materialları ilə öz təsdiqini tapmışdır İddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərində iddiaçı həmin günlərdə ezamiyyətdə olmasının “Biləsuvar” X4 X3 “X7”ndan çıxarışlarla təsdiq edildiyini bildirsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, nə qədər ki, iddiaçının ezam edilməsi ilə bağlı hərbi hissə komandirinin əmri və ezamiyyət vəsiqəsi mövcud deyil, həmin çıxarışlar özlüyündə iddiaçının ezamiyyətdə olması qənaətinə gəlmək üçün kifayət hesab edilə bilməz. Həmçinin həmin kitabdan çıxarışlarda 24-27 sentyabr 2018-ci il tarixlərdə iddiaçının ezamiyyətdə olduğu göstərilmiş, lakin işdəki sübutlarla iddiaçının həmin tarixlərdə xidməti tapşırığı yerinə yetirmək üçün ezamiyyətdə deyil, ambulator müayinədə olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçının ezamiyyətdə olduğu müddətlər üçün ona ezamiyyə xərclərinin tam ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2068/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar