Məhkəmə qərarları › İş №2-1(103)-3618/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3618/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3618/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1807/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Səfərbərliklə hərbi xidmətə çağırılmış və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində sürücü kimi hərbi xidmət keçmiş və döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. İddiaçı dəfələrlə Müdafiə Nazirliyinə və xidmət keçdiyi N nömrəli hərbi hissənin tabe olduğu N nömrəli hərbi hissəyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq N nömrəli hərbi hissədən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının Azərbaycan Respublikasının Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı ərizəyə N nömrəli hərbi hissədə baxıldığı, Vətən müharibəsində iştirak etməsi, xidmət etdiyi hərbi hissədə araşdırılacağı və müharibədə iştirakı təsdiq olunduğu halda barəsində toplanmış məlumatların baxılması üçün Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üzrə komissiyaya göndəriləcəyi bildirilsə də, həmin vaxtdan 1 ildən çox keçdiyinə baxmayaraq, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. O, xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə AR Nazirlər Kabinetinə göndərilməsinə göstəriş verilməsini xahiş etmiş, lakin müraciəti bu günə qədər cavablandırılmamışdır. İddiaçı müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir. İddiaçı hesab edir ki, ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmuşdur. Etirazda iddianın mahiyyətinə münasibət bildirilməyərək qeyd edilmişdir ki, iddiaçı Komissiyanın rəyini almadan məhkəməyə müraciət etdiyindən, ərizəsi mümkün sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. İPM-in 35.1-ci və 47.2-ci maddələrinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1807/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməsi, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və İddiaçı müraciəti ilə bağlı araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdeh inzibati orqan nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkənə kollegiyası ilk öncə iddianın mümkün sayılmaması ilə bağlı cavabdehin apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə xx.xx.2023-cü il tarixli məktubla cavabdeh inzibati orqana müraciət etmiş, lakin 35 gün ərzində cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia irəli sürmüşdür. Həmçinin, iş materiallarında olan AR Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən N nömrəli hərbi hissənin komandirinə, surəti isə iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda İddiaçı barəsində Müdafiə Nazirliyinə unvanlanmış müraciətə Nazirliyin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası” tərəfindən baxıldığı bildirilərək iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair İddiaçı xidməti barədə zəruri məlumat və arayışların Komissiyaya göndərilməsi xahiş edilmişdir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52.1-ci maddəsinə əsasən, səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.5-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Göründüyü kimi, inzibati icraat haqqında qanunvericilikdə inzibati icraatın aparılması müddətləri göstərilmişdir. İddiaçının ona müharibə veteranı statusu və vəsiqəsi verilməsi tələbi ilə cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi, hazırkı iddianın isə məhkəmənin hazırkı iddia ilə bağlı qərarının isə xx.xx.2024-cü il tarixdə qəbul edildiyi nəzərə alındıqda müəyyən edilir ki, cavabdeh tərəfindən inzibati icraatın aparılmasının son müddəti olan 90 gün ərzində inzibati akt qəbul edilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh inzibati orqanın hərəkətsizliyini imtina kimi qiymətləndirmişdir. İPM-in 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün hesab edərək mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur. İddianın mahiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçının mülki şəxs kimi ezam olunduğu N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğundan və iddiaçının həmin hərbi hissəyə döyüş əməliyyatlarının aparıldığı ərazilərə (Cəbrayıl, Füzuli, Xocavənd rayonları istiqamətində) sürücü kimi döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı ezam edilməsi onun hərbi biletindəki məlumatlar, N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrləri, habelə həmin hərbi hissənin N yanvar 2021-ci il tarixli, 1284 nömrəli arayışı ilə təsdiqləndiyindən cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki; - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsi üzrə səfərbərlik tapşırığına cəlb olunmuşdur. -AO ******* №li hərbi biletin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin heyətinə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmiş, xx.xx.2021-ci il tarixdə AR Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N saylı arayışı əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N yanvar 2021-ci il tarixli, 1284 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. -N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli fəxri fərmandan görünür ki, İddiaçı Vətən müharibəsi zamanı üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirdiyinə və nümunəvi xidmət etdiyinə görə təltif edilmişdir. -N saylı hərbi hissənin komandiri tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş əməliyyatlarında iştirak etmək, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi həyata keçirmək, döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxs barədə” arayış-məlumatdan görünür ki, "xxxx" MMC-nin işçisi İddiaçı xx.xx.2020-ci il tarixdən (308 nömrəli Əmr), xx.xx.2020-ci il tarixədək (əmr nömrə 375) SHXÇDMX-nin Binəqədi rayon idarəsi tərəfindən N nömrəli hərbi hissəyə ezam edilmişdir. Füzuli, Xocavənd, Cəbrayıl istiqamətində N saylı hərbi hissənin heyətində döyüş əməliyyatlarında sürücü kimi fəaliyyət göstərərək maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim etmək üçün verilmiş 16 aprel 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən 10.11 2020-ci il tarixədək aparılan döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən 10.11 2020-ci il tarixədək sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətdən “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayonuna geri qayıtmışdır. -N №li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 308 №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin işçisi vətəndaş İddiaçı xidməti zərurətlə əlaqədar olaraq 25 oktyabr 2020-ci il tarixdən ezamiyyətdən gəlmiş hesab edilmişdir. Əsas: xx.xx.2020-ci il tarixli ezamiyyət vəsiqəsi. -N №li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 375 №li nizami hissə üzrə əmrindən çıxarışın surətindən görünür ki, xidməti zərurətlə əlaqədar ezamiyyətə gəlmiş aşağıda adları çəkilən işçilərin ezamiyyət müddəti başa çatdığı üçün 31 dekabr 2020-ci il tarixdən ezamiyyətdən getmiş hesab edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayonu, 1. İddiaçı, Əsas: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayonu üzrə 568, 570, 567, 571, 572, 569, 573, 592 nömrəli arayışlar. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə tam şəkildə döyüş əməliyyatlarında iştirak etmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, mülki şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:

1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;

2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İş materiallarından görünür ki, iddiaçı mülki sürücü kimi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş, bu hal iş materiallarında olan hərbi hissənin arayışı, əmrlərdən çıxarış, ezamiyyət vərəqələri və hərbi biletində aparılan qeydlə öz təsdiqini tapmışdır. Belə olan halda aydındır ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəmişdir. Apelyator şikayətində ümumi sözlərdən istifadə etməklə şikayəti əsaslandırmağa çalışmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi üçün tutarlı səbəblər bildirməmiş, sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1807/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1807/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar