Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3619/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük rüsumunun və digər gömrük ödənişlərinin istehsalçı ilə sövdələşməyə (qiymətə) uyğun olaraq hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4743/2025 nömrəli, 04 iyun 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə iddiaçı tərəfindən sifariş edilən, lakin gömrükdə saxlanılan və yalnız bank təminatı verildiyi üçün buraxılan mallara görə cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən sifariş edilmiş malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin istehsalçı ilə sövdələşməyə (qiymətə) uyğun olaraq hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 noyabr 2024-cü il tarixdə iddiaçı Türkiyə Cümhuriyyətindən ümumi 75180,80 ABŞ dolları dəyərində antiperspirantlar sifariş etmiş, lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən suni maneələr yaradılaraq qeyd edilən mallar saxlanılmışdır. Dəfələrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edərək malların gömrük dəyərinin ödənilməsinin qanuna uyğun şəkildə aparılmasını bildirsələr də, onlardan artıq gömrük xərcləri tələb olunmuşdur. İş materialına əlavə olunan sənədlərdən görünür ki, eyni adlı mallar bundan qabaq ölkəyə keçirilərkən hər mala görə 40 sent gömrük xərci olmuşdur, lakin indi iddiaçıdan 67 sent qanunsuz olaraq “gömrük xərci” tələb olunur. Əvvəllər eyniadlı malları gömrükdən aşağı gömrük xərci ödəməklə ölkəyə gətirməyinə baxmayaraq, hazırda cavabdeh iddiaçıdan hər mala görə qanunsuz olaraq bir neçə qat artıq pul tələb edir. Bundan sonra təkrar olaraq cavabdehə müraciət edilmiş, lakin nəticəsiz qalmış və gömrük orqanı iddiaçıdan bank təminatı tələb etmişdir. "xxxx" ASC vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə 10600 manat miqdarında bank təminatı verilmiş, ona görə də gömrükdə saxlanılan mallar buraxılmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-4743/2025 nömrəli, 04 iyun 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılaraq icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 13 noyabr 2024-cü il tarixdə iddiaçı Türkiyə Cümhuriyyətindən ümumi 75180,80 ABŞ dolları dəyərində antiperspirantlar sifariş etmiş, lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən suni maneələr yaradılaraq qeyd edilən mallar saxlanılmışdır. Dəfələrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edərək malların gömrük dəyərinin ödənilməsinin qanuna uyğun şəkildə aparılmasını bildirsə də, iddiaçıdan artıq gömrük xərcləri tələb olunmuşdur. İş materialına əlavə olunan sənədlərdən görünür ki, eyni adlı mallar bundan qabaq ölkəyə keçirilərkən hər mala görə 40 sent gömrük xərci olmuşdur, lakin indi 67 sent qanunsuz olaraq “gömrük xərci” tələb olunur. Əvvəllər eyniadlı malları gömrükdən aşağı gömrük xərci ödəməklə ölkəyə gətirməyinə baxmayaraq, hazırda cavabdeh iddiaçıdan hər mala görə qanunsuz olaraq bir neçə qat artıq pul tələb edir. Bundan sonra təkrar olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edilmiş və gömrük orqanı iddiaçıdan bank təminatı tələb etmişdir. "xxxx" ASC vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə 10600 manat miqdarında bank təminatı verilmiş, ona görə də gömrükdə saxlanılan mallar buraxılmışdır. Gömrük orqanı bütün xərclərə dair bildiriş təqdim etmişdir və hazırda qüvvədədir, buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianı mümükün saymamışdır. Eyni dövrdə analoji iş üzrə iddiasının təmin edilməsinə baxmayraq, bu iddiasını məhkəmə mümkün saymamışdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. İşin faktiki hallarından görünür ki, 13 noyabr 2024-cü il tarixdə iddiaçı Türkiyə Respublikasından ümumi dəyəri 75180,80 ABŞ dolları dəyərində antiperspirantlar sifariş etmiş, onları gömrükdən keçirərək ölkə ərazisinə gətirmək istəmişdir. Bununla bağlı iddiaçı gömrük orqanına xx.xx.2024-cü il tarixli **********4433 sorğu nömrəli gömrük bəyannaməsi təqdim etmişdir. Lakin cavabdeh bəyannamədə göstərilmiş malların gömrük dəyərində və gömrük ödənişinlərində uyğunsuzluq olduğunu qeyd edərək iddiaçıya “Gömrük dəyərinə düzəliş edilməsi üçün bildiriş” təqdim etmişdir. İddiaçı malların gömrükdən keçirilməsi üçün "xxxx" ASC-yə müraciət etmiş və bank tərəfindən cavabdehə bank təminatı (qarantiya) verilmişdir. Bundan sonra cavabdeh tərəfindən mallar gömrük sərhəddindən buraxılmışdır. Hazırda iddiaçı həmin malların gömrük dəyərinin sövdələşmə qiymətinə uyğun hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, «Qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş “malların gömrük dəyərinə düzəliş edilməsi haqqında” xx.xx.2024-cü il tarixli bildiriş inzibati aktlar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab vermədiyi üçün inzibati akt hesab edilə bilməz. Belə ki, həmin bildiriş iddiaçı üçün birbaşa hüquqi nəticə yaratmır. Yəni, iddiaçının gömrük borcunun meydana çıxmasına, yaxud iddiaçının üzərinə hər hansı öhdəliyin qoyulmasına səbəb olmur. Həmin bildirişə cavabdehin iddiaçıya qarşı irəli sürdüyü şərt kimi baxılmalıdır ki, onun da məcburetmə qüvvəsi "xxxx" ASC tərəfindən verilmiş qarantiya ilə hüdudlanır. Hətta cavabdeh tərəfindən iddiaçıya verilmiş “malların gömrük dəyərinə düzəliş edilməsi haqqında” xx.xx.2024-cü il tarixli bildirişə inzibati akt kimi yanaşılsa belə həmin “bildiriş” iddiaçı tərəfindən malların gömrük sərhəddindən keçirilməsindən sonra öz əhəmiyyətini itirmiş olur. … Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçını cavabdeh qarşısında öhdəlik daşıdığını müəyyən edən hər hansı səbəb və cavabdehin əlində iddiaçını hər hansı öhdəliyi icra etməyə vadar etmək üçün vasitə mövcud deyildir. Yəni, iddiaçının hər hansı hüquq və maraqları cavabdeh tərəfindən pozulmamışdır və tərəflər arasında mübahisə yoxdur. Cavabdeh tərəfindən iddiaçıya gömrük borcu hesablanması barədə hər hansı inzibati akt qəbul edilərsə, həmin inzibati akt iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilə bilər. Bu səbəbdən hazırkı iddia mümkün sayılmamalıdır». Məhkəmə kollegiyası qeyd edir ki, ayrıca inzibati aktın - qərarın qəbul edilməməsi hələ inzibati orqan tərəfindən inzibati icraatın aparılmaması demək deyil. Cavabdeh əlavə gömrük ödənişləri ilə bağlı borcun yarandığına dair iddiaçıya bildiriş göndərmiş, iddiaçı cavabdeh tərəfindən ona göndərilmiş məktublarla bağlı cavabdehə müraciətlər etmişdir. İddiaçı ilə cavabdeh arasında olan yazışmalar tərəflər arasında mübahisəli məsələyə dair cavabdeh inzibati orqan tərəfindən müvafiq icraatın aparıldığını təsdiq edən hallar kimi qəbul edilməlidir. İnzibati icraat çərçivəsində cavabdehin hərəkətləri, yəni tərəflər arasında yazışmalar (borcun mövcudluğuna dair məktub, bildiriş) inzibati orqanın iradə ifadəsi ilə bağlı olduğundan konkret qərarın qəbul edilməməsi əsası ilə iddianın mümkün sayılmaması əsaslı hesab edilə bilməz. İnzibati orqan apardığı icraat çərçivəsində yekunda mütləq olaraq “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında formal baxımdan ayrıca inzibati akt qəbul etməsə də, müəyyən məbləğdə gömrük borcunun yarandığı və onun ödənilməli olması barədə hər hansı rəsmi məlumatın verilməsi, o cümlədən belə məlumatın bildiriş və ya məktub vasitəsilə çatdırılması şəxs üçün hüquqi nəticə yaratmış olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-710/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarında qeyd olunur: 48. … Gömrük Məcəlləsinin 48-ci maddəsinin tələbinə görə, əlavə gömrük ödənişi müəyyən etməyə dair məsələni gömrük orqanı bu barədə müvafiq qərar (inzibati akt) qəbul etməklə həll etməlidir. Hər hansı səbəbdən gömrük orqanı bu qaydada davranmayaraq, əlavə gömrük ödənişləri öhdəliyi yaradan məsələni formal baxımdan ayrıca inzibati akt qəbul etməklə deyil, rəsmi bildiriş və ya məktub vasitəsilə bildirmiş olduqda belə, həmin sənədlərin məzmunu nəzərə alınmaqla onlar inzibati akt kimi qəbul edilə bilər. Çünki inzibati orqanın məzmun baxımından kifayət qədər aydın və anlaşılan olan, ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilən məktubu və ya digər rəsmi sənədi öz məzmununa görə inzibati akt kimi qiymətləndirilə bilər. 49. Nəzərə almaq lazımdır ki, ümumi xarakterli hüquqi müdafiə marağı və ya ümumi xarakterli hüquqi müdafiə ehtiyacı hüquqi mübahisənin məhkəmə qaydasında həll edilməsinə olan maraqdır. Başqa sözlə, şəxsin inzibati orqanın inzibati aktından və ya hərəkətindən (hərəkətsizliyindən) qorunmasına və ya müdafiə olunmasına ehtiyacın yarandığı təqdirdə ümumi xarakterli hüquqi müdafiə marağı mövcud olur. 50. Hazırkı işin hallarına münasibətdə qeyd olunmalıdır ki, cavabdeh iddiaçıya ünvanlandığı məktub və bildirişdə onun əlavə gömrük ödənişləri ilə bağlı öhdəliyinin yarandığını bildirmiş, həmin öhdəliyin yaranma əsaslarını göstərmiş, eləcə də ödənilməsini tələb etmişdir. Bu halda isə iddiaçının qorunmağa layiq hüquqi marağı yaranmış olur. Çünki formal olaraq ayrıca inzibati akt tərtib edilməmiş olsa belə, cavabdehin buna dair aydın iradəsi və yaranmış borcun alınmasına dair hüquqi nəticələr yaradan hərəkətləri mövcuddur. Bu halda, həlledici olan formal tələbə riayət edilməsi deyil, məzmunla bağlı şərtin ödənilmiş olmasıdır. Məzmun baxımından isə inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair bütün ünsürləri ehtiva edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qərardadda qeyd olunan əsasla iddianı mümkün saymamaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4743/2025 nömrəli, 04 iyun 2025-ci il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-3619/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3619/2025
28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver