Məhkəmə qərarları › İş №2-1(103)-3622/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3622/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3622/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8852/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilərək, mərhum X2nın xx.xx.2021-ci il tarixdə vəfat etdiyi gündən sonra (vaxtı ilə aldığı dövlət qulluqçusu) pensiyanın ona keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uşaqlıqdan epilepsiya xəstəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi HƏEK-nin rəyinə əsasən ona generalizə olunmuş tez-tez olan qıcolma tutmaları ilə kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi diaqnozu qoyulmuşdur. Müxtəlif illərdə xəstəliyi ilə bağlı bir çox şəhərlərdə müvafiq müalicələr almışdır.1971-ci ildən Bakı şəhər Psixonevroloji Dispanserdə qeydiyyatdadır. Hal-hazırda Bakı şəhəri, N.Nərimanov rayonu 4 saylı poliklinikanın psixiatrı Mustafayev Aziyat tərəfindən müalicələri davam etdirilir. 2000-ci ildən isə ömürlük 1-ci qrup əlildir. X2 N.Nərimanov rayon 6 saylı uşaq poliklinkasının Uşaq Pulmonoloji şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yuxarıda qeyd olunan və onda baş verən qıcolmaları anası özünün şəxsi gündəliyində qeyd etmişdir. Moskva şəhərində olduqları zaman müalicələrin gedişatını bir həkim kimi izləmiş və yaxından iştirak etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan SSR DİN Müəssisə 38/RB xx.xx.1988-ci il tarixli aktında olan məzmundan görünür ki, uşaqlıq illərindən xəstə olmağı və 1974-1978-ci illərdə Bakı psixiatrik dispanserdə uçotda olmağı bir daha bunu təsdiq edir. Bundan başqa, Rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş və notariat təsdiq edilmiş xx.xx.1993-cü il tarixli, № 1311/0103 nömrəli arayışın məzmunundan görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 №-li xəstəxanasında stasionar müalicədə olmuşdur. Diaqnoz: Epilepsiya səbəbindən şəxsiyyətin dəyişməsi. 1974-cü ildən Psixonevroloji dispanserdə uçotdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X8» X12 № 422/KEŞ, 31,08.2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsinin 1.2-ci bəndinə göstərilmişdir ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun «Epilepsiya generalizə olunmuş tez-tez olan qıcolma tutmaları ilə kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi ilə» xəstəliyindən əziyyət çəkdiyi müəyyən edildi. Qeyd olunan xəstəliyin anadangəlmə olması istisna edilmir. Uşaqlıqdan qeyd olunan xəstəlikdən əziyyt çəkdiyi və birinci qrup əlil olduğundan ailə başçısını itirməyə görə anasının aldığı pensiyanı öz adına keçirərək ala bilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin nəticəsiz qaldığını qeyd edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə elektron kabinet vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8852/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Bəhlul Cəlalov) Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarında və cavabdeh inzibati orqan iddia ərizəsinə etirazında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, xx.xx.2018-ci il tarixdə qəbul olunmuş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsaslanaraq onun 18 yaşadək sağlamlıq imkanlarının məhdud olması barədə müvafiq qərarın olmadığını qeyd etmişdir. Müvafiq Əsasnamə təsdiq olunarkən artıq 53, qanun qəbul edilərkən 56, “Əlilliyin qiymətləndirilməsi Qaydası” təsdiq olunarkən 58 yaşı olduğunu qeyd edən şikayətçi , bu səbəbdən sözügedən əsasnamədə, qanunda və qaydada tələb olunan - müvafiq qərarın ondan tələb olunmasını absurd hesab etmişdir. Məhkəməyə təqdim etdiyi; - 2 nömrəli Klinik psixiatriya Xəstəxanasının ambulator kitabçadan çıxarışın - 2 nömrəli poliklinika şöbəsinin 14 nömrəli Vəkil Bürosuna xx.xx.2022-ci il tarixli cavab məktubunun - Azərbaycan Respublikası Psixiatriya Xəstəxanasının xx.xx.1993-cü il tarixli arayışının - həkim komissiyasının xx.xx.1988-ci il tarixli aktının onun uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkdiyini və 18 yaşadək X13 Xəstəlikləri Dispanserində qeydiyyatda olduğunu sübuta yetirdiyini, X13 Xəstəlikləri Dispanseri hazırda mövcud olmadığından və arxivi saxlanılmadığından həmin tibb müəssisəsinin özündən yeni arayışlar təqdim edə bilmədiyini, lakin sadaladığı tibb müəssisələrinin sənədlərində bu qeydlərin qaldığını qeyd edən şikayətçi, tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X8” X11 məhkəməyə təqdim etdiyi 422/KEŞ nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, onda olan xəstəliyin anadangəlmə olmasını istisna etmədiyi halda birinci instansiya məhkəməsinin 2(005)-2522/2020 nömrəli iş üzrə məhkəmə qətnaməsi ləğv edildiyindən həmin iş üzrə ekspert rəyini sübut kimi qəbul etməmiş və öz qərarında sözügedən rəyi sübut kimi qəbul etməməsini qanuni əsasını göstərməklə əsaslandırmadığını göstərmişdir. Bundan əlavə, sözügedən xəstəliyin anadangəlmə olmasının təsdiqi üçün məhkəmətibbi ekspertizasının təyin olunması barədə birinci instansiya məhkəməsində verdiyi vəsatətin təmin olunmaması barədə əsaslandırılmış qərardad qəbul edilmədiyini, məhkəmə qərarının əsaslandırma hissəsində cavabdehin imtinasının əsaslılığına dair qeyd olunanlarla razılaşmayaraq, ümumiyyətlə cavabdeh inzibati orqanın müraciətilə bağlı ona imtina məktubu göndərmədiyini, məhkəmə tərəfindən İPM-nin 58-ci maddəsinin tələbləri pozulduğunu qeyd edən şikayətçi birinci instansiya məhkəməsinn qərarının ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları : İddiaçının nümyəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinə yazılı etirazın dəlillərini müdafiə edərək, iddiaçının 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən (əlillik dərəcəsi xx.xx.2004-cü il tarixdən, yəni 41 yaşdan müəyyən edildiyindən) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X11 17 oktyabr 2022-ci il tarixli 9928 nömrəli məktubunda iddiaçının 1978-ci ildən dispanser müşahidəsində olduğu qeyd edilsə də, bu sənəd iddiaçının 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən sənəd kimi qiymətləndirilə bilmədiyindən iddia tələbi və buna müvafiq olaraq apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən mübahisəli məsələ yuxarda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından aydın olur ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İddiaçının atası X3 23 oktyabr 1996-cı il tarixdə vəfat etmiş və 2008-ci ildən X2na ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. - Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli 190033 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2022-ci il tarixli elektron çıxarışdan aydın olur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdə “epilepsiya generalizə olunmuş tez-tez olan qıcolma tutmaları və kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi ilə” diqnoz qoyulmaqla müddətsiz birinci dərəcəli əlilik təyin edilmişdir. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2700/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin hərəkətsizliyinin əsassız hesab edilərək, epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbi qeydinin “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 01 dekabr 2022-ci il tarixli **********1 nömrəli məktubundan aydın olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 01 dekabr 2022-ci il tarixli **********1 nömrəli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, müraciətlə əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyatı üzrə sorğu verilmişdir. Sorğumuza cavab verildikdən sonra sizə sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacaqdır. İddiaçıya sabiq gövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilb-edilməməsi barədə məlumat verilmədiyindən iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışki, əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz. Hazırkı iş üzrə iddiaçının da əlilliyi 18 yaşından sonra müəyyən edildiyindən yuxarıda qeyd olunan normaların məzmunu ona da şamil edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflərin izahatlarından və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı əlilliyi xx.xx.2004-cü il tarixdə-yəni 41 yaşında müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının ailə başçısını itirməyə görə pensiya təyinatı üçün onun sağlamlıq imkanlarının məhdudluğu 18 yaşına çatanadək müəyyən edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsində ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin siyahısı göstərilmişdir. Həmin normaya görə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: ... 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsnə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Qnunun 1.0.2.-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq hesab edilr. Müvafiq qanunun 1.0.17.-ci maddəsinə əsasən əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi deməkdir. Qanunun 3.1.-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir, 3.3.-cü maddəsinə əsasən isə şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 1.1-ci bəndinə sasən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin nizamnamənin 2.1.-ci bəndində Agentliyin fəaliyyət istiqamətləri aşağıdakı kimi qeyd olunmuşdur. 2.1.4. strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.2. müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək; 3.2.5. tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2.-ci bəndinə əsasən- Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən- əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən isə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən isə -şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan müddəalarına istinadən hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıbçıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özüözlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətdəndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə" yaxud “uşaqlıq əlili” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. İş materiallarına əlavə edilmiş və cavabdehin iddia tələbinə dair, həmçinin apellyasiya şikayətinə dair etirazında da istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 195/2021 nömrəli xx.xx.2021-ci il tarixli və 2-1(102)-630/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarlarında da qeyd olunan hüquqi mövqe ifadə olunmuşdur. Həmin qərarlarda kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, 18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslər əgər əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) 18 yaşınadək əldə etdiklərini güman edərək “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə uyğun olaraq ailə başçısının itirməyə görə pensiya təyin edilməsinə nail olmaq istəyirlərsə, bu halda, əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməklə, həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin 18 yaşından əvvəlki tarix kimi göstərilməsini tələb edə bilər. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2700/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından aydın olur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin hərəkətsizliyinin əsassız hesab edilərək, epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbi qeydinin “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia qaldırmiş, lakin iş materiallarında iddiaçının 18 yaşadək sağlamlıq imkanları məhdud olan şəxs olmasına dair qanunda qeyd edilmiş sənədlər-TSEK-in rəyi və ya müvafiq inzibati orqan tərəfindən verilmiş vəsiqənin olmadığı əsas götürülərək iddia tələbi təmin edilməmişdir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8852/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar