Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3623/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8491/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Həyat X1 üzrə polis alayında polis nəfəri vəzifəsində işləmiş, işlədiyi dövrdə alay komandirinin xx.xx.1994-cü il tarixli əmri ilə 10 gün müddətinə 1994-cü ilin aprel ayının 16-dan 25-dək Ağdam döyüş bölgəsində ezam edilmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin ona bu günə qədər “müharibə veteranı adı və müvafiq vəsiqə” verilməmişdir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi ilə bağlı ərizə ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 024-2112-1222 nömrəli iddia tələbinə dair yazılı mülahizədə göstərilmişdir ki, İddiaçı ata adı “Ələkbər” olduğundan, şəxsi işdə və müvafiq əmrdə isə Ağdam rayonuna 10 gün müddətinə ezam olunmuş sabiq əməkdaş İddiaçı ata adı “Əkbər” kimi qeyd edildiyindən, yaranmış uyğunsuzluğa aydınlıq gətirə biləcək əsasverici sənədlərin, qeydiyyat qurumunun müvafiq arayışının və s. təqdim ediləcəyi təqdirdə qaldırılan məsələyə təkrar baxıla biləcəyi barədə müraciət müəllifi vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixli 024-31757Q-3221 nömrəli məktubla müvafiq məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8491/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış, eyni zamanda qərar qəbul edilərkən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuş və səhv nəticəyə gəlinmişdir. Belə ki, DİN-in X9 İdarəsində araşdırma aparılarkən DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə verilmiş sorğuya həmin Baş İdarədən daxil olmuş xx.xx.2020-ci il tarixli 012-7806-1220 nömrəli cavab məktubunda İddiaçı Əkbər oğlunun arxiv şəxsi işindən çıxarılmış xidmətkeçmə siyahısının və barəsində müəyyən olunmuş DİN-in Baş Mühafizə İdarəsinin Bakı su kəmərləri və obyektlərinin mühafizəsi üzrə polis alayının xx.xx.1994-cü il tarixli 62 nömrəli əmrində 10 günlük Ağdam rayonuna ezam olunması, İddiaçı barəsində isə DİN-in arxivində şəxsi işin aşkar olunmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları'nın 3.1-ci bəndinə əsasən uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. Birinci instansiya məhkəməsinin Qərarından göründüyü kimi müvafiq əmrdə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdam rayonuna digər polis əməkdaşları ilə yanaşı ezam olunanlar sırasında ata adı Əkbər olan İddiaçı adı qeyd edilmişdir. İddiaçı ata adı isə Ələkbərdir, həmçinin qərarda onun tərəfindən hər hansı bir təxəllüsdən istifadə edilməsi, ata adının dəyişdirilməsi faktları əks olunmamışdır. Eyni zamanda, İddiaçı ata adı tam dəqiqləşdirilmədiyi üçün iddia təmin edilməməlidir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X5 iddiaçının tələbinə imtina üçün yeganə əsasın inzibati orqanda sənədləşmə işlərində ata adının ”Əkbər” yazılması ilə bağlı olduğunu, inzibati orqan tərəfindən yenidən məsələnin araşdırıldığını bildirdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. - 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. - 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. - 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutlara nəzər yetirir: 5 avqust 1969-cu ildə 26 Bakı komissarları rayonu VVAQ şöbəsi tərəfindən verilmiş АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı, atası kimi X4 qeyd olunmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuşdur. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı 10 iyun 1987-ci il tarixdən 14 iyun 1989-cu il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Xətai rayon daxili işlər şöbəsinin nəzdində mühafizə bölməsinin gözətçi vəzifəsində işləmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Həyat X1 üzrə polis alayının kadr üzrə mülki inspektoru vəzifəsində işləmişdir (Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 04 il, 00 ay 28 gün, imtiyazlı hesablama ilə 06 il, 00 ay, 17 gün təşkil edir). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Həyat X1 üzrə Polis Alayının xx.xx.2013-cü il tarixli, 250/727 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Həyat X1 üzrə Polis Alayında polis nəfəri vəzifəsində işləmiş və Alay komandirinin 16 aprel 1994-cü il tarixli 64 nömrəli əmri ilə Ağdam rayonuna ezam edilməklə 1994-cü ilin aprel ayının 16dan 25-dək döyüş bölgəsində iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, M714 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1969-cu ildə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş İddiaçı məhkumluğu yoxdur. İşin apellyasiya araşdırması zamanı məhkəmə sorğusuna əsasən təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli 038-27864-1222 nömrəli məktubuna əsasən, xx xxxx 1969-cu il təvəllüdlü İddiaçı Əkbər oğlu, həqiqətən 03 noyabr 1993-cü il tarixdən (Azərbaycan Respublikası DİN-in nəzdində Mühafizə İdarəsinin Bakı su kəmərləri və obyektlərinin mühafizəsi üzrə Polis Alayının 03 noyabr 1993-cü il tarixli 221ş/h nömrəli əmri) 22 noyabr 1995-ci il tarixədək (Azərbaycan Respublikası DİN-in nəzdində Mühafizə İdarəsinin Bakı su kəmərləri və obyektlərinin mühafizəsi üzrə Polis Alayının 22 noyabr 1995-ci il tarixli 184ş/h nömrəli əmri) Azərbaycan Respublikası DİN-in nəzdində Mühafizə İdarəsinin Bakı su kəmərləri və obyektlərinin mühafizəsi üzrə Polis Alayının (hazirki dövr üçün X2 Mühafizəsi üzrə Polis Alayı) polis nəfəri vəzifəsində xidmət etmiş və həmin tarixdən öz xahişi ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Həmin müddətə təqvimi xidmət ili 04 il, 00 ay, 28 gün, imtiyazlı isə 06 il, 00 ay, 17 gün təşkil edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”mədə nəzərdə tutulan, iş materiallarında olan arxiv sənədlərindən müəyyən olunur ki, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Bakı su kəmərləri və obyektlərinin (hazırda X3) Mühafizəsi üzrə Polis Alayında polis nəfəri vəzifəsində işləmiş və Alay komandirinin 16 aprel 1994-cü il tarixli 64 nömrəli əmri ilə Ağdam rayonuna ezam edilməklə 1994-cü ilin aprel ayının 16-dan 25-dək döyüş bölgəsində iştirak etmiş şəxslərin siyahısında xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (əmrdə ata adı Əkbər yazılmışdır) adı qeyd olunmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, “İddiaçı ata adı Ələkbərdir, lakin sənədlərdə “Əkbər” qeyd edilibdir. Həmçinin qərarda onun tərəfindən hər hansı bir təxəllüsdən istifadə edilməsi, ata adının dəyişdirilməsi faktları əks olunmamışdır.” Qeyd olunan dəlillə bağlı Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, sözügedən dövrdə Azərbaycan Respublikasının müstəqilliyinin yenicə bərpa edilməsi, dövlət qurumlarının struktur bölmələrində rus dilli məmurların çoxluğu, hərbi hissələrdə sənədləşmə işlərinin əksəriyyətinin rus dilində aparılması mövcud xarakterli texniki səhvlərin baş verməsinə təsir etmişdir. Sənədləşmə işləri müvafiq olaraq hərbi hissə rəhbərliyi tərəfindən həyata keçirildiyindən, belə hallara görə Qarabağ müharibəsində erməni quldurlarına qarşı döyüşlərdə iştirak etmiş şəxslər məsuliyyət daşıya bilməz. İşin araşdırılmış hallarından da aydın olduğu kimi, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində, hərbi biletdə, əmək kitabçasında mövcud digər bütün məlumatlar cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş arxiv sənədlərində olan məlumatlarla tam eynilik təşkil edir. Odur ki, Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə almaqla qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Bakı su kəmərləri və obyektlərinin (hazırda X3) Mühafizəsi üzrə Polis Alayının komandirinin “Polis əməkdaşlarının Ağdam rayonuna ezam olunmaları barədə” xx.xx.1994-cü il tarixli, 62 nömrəli əmrində olan 10 günlük Ağdam rayonuna ezam olunan siravi İddiaçı ata adının səhvən “Əkbər” kimi qeyd olunması iddiaçının hazırki tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8491/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3623/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3623/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver