Məhkəmə qərarları › İş №2-1(103)-3623/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3623/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3623/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyevdən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4478/2023 saylı, 12 iyun 2023-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçının barəsində yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli **********2 №-li qərarın ləğv edilməsi, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməli olan məbləğin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə anadan oluşdur. xx.xx.2022-ci il tarixində 65 yaşı tamam olmuş, həmin tarixdən də ona yaşa görə 180 manat məbləğində sosial müavinət təyin olunmuşdur. 25 il əmək fəaliyyəti təcrübəsinə malikdir. Əmək kitabçasını itirmiş, bu səbəbdən də arxiv arayışı verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilən xx.xx.2021-ci il tarixli **********36 №-li Arxiv arayışından da müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu (keçmiş Şaumyan rayonu) Qarışıq Ticarətinin (QT): xx.xx.1973-cü il tarixli 174 №-li əmri ilə 17 04.1973-cü ildən 2 aylıq istehsalat təcrübəsi müddətinə 220 №-li mağazada kiçik satıcı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1973-cü il tarixli 361 №-li əmri ilə 90 №-li mağazanın kiçik satıcısı praktikantı vəzifəsinə, xx.xx.1973-cü il tarixdən ştat təcrübəsini bitirəndən sonra daimi kiçik satıcı keçirilmişdir. Bakı şəhəri keçmiş Şaumyan (indiki Xətai) rayonu Yeyinti Ticarətinin (YT) (keçmiş QT-nin bazasında) xx.xx.1976-cı il tarixli 274 №-li əmri ilə 40 №-li mağazanın satıcısı, xx.xx.1976-cı il tarixdən Sovet Ordusu sıralarına çağırışla əlaqədar Azərbaycan SSR ƏQM-nin 3-cı maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.1978-ci il tarixli 224 №-li əmri ilə xx.xx.1979-cu il tarixdən həmin mağazada böyük satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1979-cu il tarixli 224 №-li əmri ilə xx.xx.1979cu il tarixdən həmin mağazada böyük satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixli 100 №-li əmri ilə xx.xx.1989-cu il tarixdən həmin mağazada 2-ci dərəcəli satıcı keçirilmişdir. Bakı şəhəri Xətai (keçmiş Şaumyan) rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Tİİ) (keçmiş YT-nin bazasında), xx.xx.1995-ci il tarixli 24 №-li əmri ilə 40 №-li mağazada müvəqqəti olaraq müdir vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixli 61 №-li əmri ilə xx.xx.1997-ci il tarixdən həmin mağazada 1-ci dərəcəli satıcı keçirilmişdir. Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 №-li sərəncamı və xx.xx.1999-cu il tarixli 24 №-li əmrinə əsasən Bakı Şəhəri Xətai rayonu Tİİİ ləğv edilərək, onun arxiv sənədləri DƏK-in İstehsalat və Təsərrüfat” İdarəsinə (İTİ) verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 229 №-li Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazirliyi Yaradılmışdır. DƏN-in xx.xx.1999-cu il tarixli 01 №-li əmri ilə İTİ ləğv edilərək, xx.xx.2000-ci il tarixli 05 №-li əmri ilə onun bazasında Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXMOFƏM) Dövlət Əmlakı Nazirliyinin TXMOFƏM-nin xx.xx.2001-ci il tarixli 351k №-li əmri ilə Bakı şəhərinin Xətai rayonunda yerləşən 40 №-li mağazanın satıcısı, xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən (mülkiyyətçisi dəyişdiyi üçün) işdən azad edilmişdir. 65 yaşı tamam olandan sonra ilk dəfə “DOST” mərkəzinə müraciət edərək, ona ünvanlanan xx.xx.2022-ci il tarixli ********** №-li cavaba əsasən təqdim olunan sığorta arayışına əsasən 23 il 27 gün sığorta stajının olması hesablanmışdır. Əlavə olaraq da iddiaçıya bildirilmişdir ki, əlavə sənəd təqdim edəcəyi halda 25 illik sığorta stajı tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın 4.1.5-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət illəri sığorta stajına hesablandığı üçün xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövrün də sığorta stajına hesablanması üçün “DOST” mərkəzinə təqdim etmişdir. Sənədləri təqdim edən zaman iddiaçıdan xx.xx.2022-ci il tarixində ********** №-li qərar geri istənilmiş, iddiaçı da onda olan digər sənədlərlə birlikdə "DOST” mərkəzinə təqdim etmişdir. İkinci müraciətinə cavab olaraq isə DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 №-li cavabına əsasən iddiaçıya 21 il 6 ay sığorta stajının olması bildirilir. 2022-ci ilin avqust ayında etdiyi müraciətə əsasən ona 23 il 27 gün sığorta stajı hesablanıb. 2 illik hərbi xidmətimi təsdiq edən sənədləri təqdim etdikdən sonra isə iddiaçıya 21 il 6 ay sığorta stajı hesablanmışdır. DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının barəsində sğorta stajının hesablanması ilə bağlı 2 fərqli qərarı var. Birinci müraciətində 23 il 27 gün sğorta stajının olduğu üçün və üzərinə 2 illik hərbi xidmət müddətini də gələndə 25 illik sığorta stajı tam olurdu. Lakin DSMF ikinci qərarda ona 21 il 6 ay sığorta stajı hesablamışdır. Həmçinin, səbəbini bilmədən xx.xx.1978-ci il tarixindən xx.xx.1997-ci il tarixininədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən arxiv arayışında qeyd olunmuş Xətai Rayonu Ticarət və İctimai İaşə idarəsinin (40 saylı mağaza) əmək haqqı cədvəlində xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək adında (Mansurov Mirağa) uyğunsuzluq aşkarlandığını bildirib. İddiaçı bildirir ki, barəsində nədənsə birinci qərar qəbul edilən zaman araşdırma zərurəti yaranmamış, lakin hərbi xidmətilə bağlı iki illik sığorta stajını təsdiq edən sənəd təqdim edəndən sonra yaranmışdır. Barəsində sığorta stajının hesablanması ilə bağlı verilən ikici qərar tamamilə ədalətsizdir. Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilən arxiv arayışında qeyd olunan məlumatlar tamamilə düzgün qeyd olunub. Həmçinin, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli qərarda qeyd olunduğu Mansurov Mirağa adının isə onunla heç bir əlaqəsi yoxdur. İddiaçı bildirir ki, onun yaşa görə əmək pensiyası təyin olunması üçün zəruri olan 25 illik sığorta stajı tam olur. DSMF-nin onun barəsində verdiyi qərarla razı deyildir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiasını əsassızdır və təmin edilməməlidir. Belə ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, filiala təqdim edilmiş arxiv arayışında mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən arxiv arayışında qeyd olunmuş Xətai rayonu Ticarət və İctimai İaşə idarəsinin (40 saylı mağaza) əmək haqqı cədvəllərində xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək İddiaçı adında (Mansurov Mirağa) uyğunsuzluq aşkarlanıb. Eyni zamanda sözügedən müəssisənin xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əməkhaqqı cədvəllərində İddiaçı adına rast gəlinməyib. Bu səbəblə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2022-ci il tarixdə) çatmasına baxmayaraq, tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən hazırkı dövrədək iddiaçıya münasibətdə pensiya kapitalı aşkar edilməmişdir. İddiaçı arxiv arayışına və hərbi biletinə əsasən mübahisəsiz sığorta stajı 21 il 6 ay 25 gün mübahisələndirilən sığorta stajı isə 6 il 2 ay təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə asaslı şübhələr mövcuddur: Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi xx.xx.2022-ci il tarixli **********2 nömrəli monitorinqin nəticəsinə əsasən arxiv arayışında qeyd olunmuş Xətai rayonu Ticarət və İctimai İaşə idarəsinin (40 saylı mağaza) əmək haqqı cədvəllərində xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək İddiaçı adında (Mansurov Mirağa) uyğunsuzluq aşkarlanmışdır. Eyni zamanda, Xətai rayonu Ticarət və İctimai İaşə idarəsinin (40 saylı mağaza) əmək haqqı cədvəllərində xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək İddiaçı adı qeyd olunmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənilməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq, iddiaçının arxiv arayışında mövcud olan sığorta stajına uyğun olaraq ona pensiya təyin edilməsi qanunaziddir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. İddiaçı xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyini iddia etdiyi dövrün əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsini əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4478/2023 saylı, 12 iyun 2023-cü il il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməsi, İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməli olan məbləğin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4478/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmiş, pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (25 il) az olduğu əsas gətirilmişdir. Cavabdeh iddiaçının xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrləri sığorta stajına daxil etməmişdir. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Belə ki, AA seriyalı, ******* №li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -H3 №3329726 hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. -İnzibati icraat materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********36 №-li arxiv arayışından görünür ki, arayış xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ondan ötrü verilmişdir ki, o həqiqətən Bakı şəhəri Xətai rayonu (keçmiş Şaumyan rayonu) Qarışıq Ticarətinin (QT): xx.xx.1973-cü il tarixli 174 №-li əmri ilə 17 04.1973-cü ildən 2 aylıq istehsalat təcrübəsi müddətinə 220 №-li mağazada kiçik satıcı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1973-cü il tarixli 361 №-li əmri ilə 90 №-li mağazanın kiçik satıcısı praktikantı vəzifəsinə, xx.xx.1973cü il tarixdən ştat təcrübəsini bitirəndən sonra daimi kiçik satıcı keçirilmişdir. Bakı şəhəri keçmiş Şaumyan (indiki Xətai) rayonu Yeyinti Ticarətinin (YT) (keçmiş QT-nin bazasında) xx.xx.1976-cı il tarixli 274 №-li əmri ilə 40 №-li mağazanın satıcısı, xx.xx.1976-cı il tarixdən Sovet Ordusu sıralarına çağırışla əlaqədar Azərbaycan SSR ƏQM-nin 3-cı maddəsinin 3cü bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.1978-ci il tarixli 224 №-li əmri ilə xx.xx.1979-cu il tarixdən həmin mağazada böyük satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1979-cu il tarixli 224 №-li əmri ilə xx.xx.1979-cu il tarixdən həmin mağazada böyük Satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixli 100 №-li əmri ilə xx.xx.1989-cu il tarixdən həmin mağazada 2-ci dərəcəli satıcı keçirilmişdir. Bakı şəhəri Xətai (keçmiş Şaumyan) rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Tİİ) (keçmiş YT-nin bazasında), xx.xx.1995-ci il tarixli 24 №-li əmri ilə 40 №-li mağazada müvəqqəti olaraq müdir vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixli 61 №-li əmri ilə xx.xx.1997-ci il tarixdən həmin mağazada 1-ci dərəcəli satıcı keçirilmişdir. Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 №-li sərəncamı və xx.xx.1999-cu il tarixli 24 №-li əmrinə əsasən Bakı Şəhəri Xətai rayonu Tİİİ ləğv edilərək, onun arxiv sənədləri DƏK-in İstehsalat və Təsərrüfat” İdarəsinə (İTİ) verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 229 №-li Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazriliyi Yaradılmışdır. DƏN-in xx.xx.1999-cu ıl tarixli 01 №-li əmri ilə İTİ ləğv edilərək, xx.xx.2000- ci il tarixli 05 №-li əmri ilə onun bazasında Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXMOFƏM) Dövlət Əmlakı Nazirliyinin TXMOFƏM-nin xx.xx.2001-ci il tarixli 351k №-li əmri ilə Bakı şəhərinin Xətai rayonunda yerləşən 40 №-li mağazanın satıcısı, xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən (mülkiyyətçisi dəyişdiyi üçün) işdən azad edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzi tərəfindən verilən xx.xx.2021-ci il tarixli **********37 №li Arxiv arayışından görünür ki, arayış xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuş və Bakı şəhəri Xətai rayonu keçmiş Yeyinti Ticarətinin 40 №li mağazasında müdir və 1-ci dərəcəli satıcı işləmiş İddiaçı ondan ötrü verilmişdir ki, o, 1990-1993-cü illər üzrə 199726,97 rubl, 1994-1998-ci illər üzrə ******* manat əmək haqqı almışdır. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi Ticarət və xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin sənədlərinin arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən İddiaçı barədə axtarışın aparılmasının imkan xaricində olduğu bildirilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” X8 tərəfindən İddiaçı əmək fəaliyyəti ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilməsi ilə bağlı 15 may 2023-cü il tarixli məktubu ilə İddiaçı aid mərkəzi arxivdə mövcud olan kadr əmrləri və əmək haqqı hesablama cədvəlləri məhkəməyə göndərilmişdir. Məktubda eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin hüquqi varisi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 7.3-cü yarımbəndinə əsasən Xidmətin tabeliyində olan X2 və Koordinasiya Mərkəzi X8idir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Ticarət və xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi tərəfindən verilən 30 aprel 2001-ci il tarixli 35K №li əmrdən görünür ki, Xətai rayonunda yerləşən aşağıda adları çəkilən obyektlərin işçiləri xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinə əsasən (mülkiyyətçi dəyişdiyi üçün) işdən azad edilmişdir. İddiaçı adı (vəzifəsi- satıcı) qeyd olunan əmrin 12-ci sırasında qeyd edilmişdir. -Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “İddiaçı xx.xx.2022-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, arxiv arayışının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək 21 il 6 ay 25 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, X3 və araşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən arxiv arayışında qeyd olunan Xətai rayonu Ticarət və İctimai İaşə İdarəsinin arxivində saxlanılan əmək haqqı cədvəllərində xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək vətəndaşın adında uyğunsuzluq olduğundan, xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək vətəndaşın adına rast gəlinmədiyindən qeyd edilən dövrlər sığorta stajına daxil edilməmişdir. Bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 21 il 6 ay 25 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 6.600,25 manat təşkil edir: (21 +(6+25/30gün)/12ay)x306 manat=6600,25. Həmçinin, xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 6.600,25 manat pensiya kapitalının xx.xx.2022ci il tarixinə indeksləşdirilmiş məbləği 17.538,60 manat təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti də iddiaçının tələbinin təmin edilməsindən imtina və iddiaya etiraz dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, iş üzrə yeganə mübahisəli məqam iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçının Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən arxiv arayışında qeyd olunmuş Xətai rayonu Ticarət və İctimai İaşə idarəsinin (40 saylı mağaza) əmək haqqı cədvəllərində xx.xx.1995ci il tarixindən xx.xx.1998-ci il tarixinədək İddiaçı adında uyğunsuzluq aşkarlanması (Mansurov Mirağa) və sözügedən müəssisənin xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əməkhaqqı cədvəllərində İddiaçı adına rast gəlinmədiyi əsası ilə işlədiyi dövrü sığorta stajına hesablamamışdır. Cavabdeh iddiaçının 21 il, 6 ay, 25 gün ümumi sığorta stajının olduğu qənaətinə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur; şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halıdır. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaşdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir İşdən görünür ki, iddiaçının cavabdehin mübahisələndirdiyi xx.xx.1995-xx.xx.1998-ci illərdə Bakı şəhəri Xətai rayonu keçmiş Yeyinti Ticarətinin 40 №li mağazasında işləməsi faktı müəssisənin hüquqi varisi olan Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən təqdim edilmiş arxiv arayışlarına və müvafiq əmrlərə əsasən müəyyən edilmiş, həmin dövrlər üzrə iddiaçıya əmək haqqı ödənilməsi təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi arxiv arayışlarındakı məlumatların həqiqətə uyğun olmamasına dair, o cümlədən iddiaçının işlədiyi 40 nömrəli mağazada Mansurov Mirağa adlı şəxsin işləməsi barədə mötəbər sübut təqdim edilmədiyini nəzərə alaraq əmək haqqı cədvəllərinin bəzilərində iddiaçının adının “Mirağa” kimi qeyd edilməsinin iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması ilə nəticələnməli olmayan texniki səhv kimi qəbul etmiş və qeyd olunan dövr üzrə 3 il, 9 ay 1 gün müddətin iddiaçının ümumi iş stajına daxil edilməli olması qənaətinə gəlmişdir. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı (21 il 6 ay 25 gün) ilə iddiaçının mübahisəli xx.xx.1995-xx.xx.1998-ci illərdəki əmək fəaliyyəti dövrü toplandıqda iddiaçının qanunla tələb olunan 25 ildən artıq sığorta stajı mövcud olur (21 il, 6 ay, 25 gün + 3 il, 9 ay, 25 gün = 25 il, 3 ay, 26 gün). 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan əmək stajının onun sığorta stajına daxil edilməməsi qanunaziddir. Həmin staj da nəzərə alınmaqla iddiaçının sığorta stajı 25 ildən artıqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4478/2023 saylı, 12 iyun 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4478/2023 saylı, 12 iyun 2023-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Emin Mehdiyev Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar