Məhkəmə qərarları › İş №2-1(103)-3623/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3623/2024

25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3623/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilərək, əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 5417/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilərək, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-19720/2023 №li 19 dekabr 2023-cü il tarixli qərarının ləğv olunmasını və ona Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2012-ci il tarixdən xx.xx.2013- cü il tarixədək (1 il), xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək (1 il), xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (1 il), xx.xx.2016-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (5 il) ümumi əsaslarla ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Nəzərə alınmalıdır ki, ilkin göndərişin göndərildiyi vaxtdan xx.xx.2018-ci il tarixədək ona ikinci dərəcəli əlilliyin təyininə əsas verən diaqnoz “Revmatizm qeyri aktiv faza, aktivlik İİ dərəcə, qayıdan revmakardit, mitral qapaq çatışmamazlığı, İİ dərəcəli ravmatik poliartrit, QDÇ İİ dərəcə” olmuş, daha sonra onun diaqnozunda dəyişikliklər olmuş və son olaraq ona əlillik xx.xx.2018-ci il tarixdən “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə beyin travmaların qalıq əlamətləri. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, posttravmatik ensefalopatiya. Digər neqativ pozuntular. Kəskin asteno-nevrotik sindrom. Xroniki posttravmatik baş ağrısı. Yüngül koqnitiv pozuntu, yaddaşın diqqətin pisləşməsi Postkontuzion sindrom. Tor qişanın digər xəstəlikləri” diaqnozu ilə təyin edilmişdir. Təyin olunan həmin diaqnoz onun şəhadətləndirilməsindən sonra qoyulmuşdur. Ona hazırda qoyulan diaqnoz (“Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv və psixotik daxilolmalar ilə kobud davranış pozuntuları ilə. Anamnezində intihar fikirləri”) xx.xx.2018-ci il tarixdə qoyulan diaqnozun ağırlaşmasıdır. Baxmayaraq ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir, cavabdeh əsassız olaraq diaqnozun əlillik təyin etmədiyi mövqedən irəli çıxmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Hazırki iddia tələbinin hüquqi əsasını və diaqnozun əlillik təyin etdiyi aşağıdaki qanunvericilik və normativ hüquqi aktlar təşkil edir. Bəhs edilən qanunvericiliyin və normativ hüquqi aktların tələblərini məcmu şəkildə qiymətləndirərək hesab olunur ki, ona qoyulan “Üzvi mənşəli şəxsiyyə pozuntusu. Baş beyin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv və psixotik daxilolmalar ilə kobud davranış pozuntuları ilə. Anamnezində intihar fikirləri” diaqnoz ona əlilliyin təyininə əsas verir. Belə ki, yuxanda adıçəkilən müddəalardan da göründüyü kimi üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi əlilliyin təyininə əsas verən xəstəlikdir. Bu zaman nəzərə alınmalıdır ki, həmin xəstəlik ona xx.xx.2018-ci il tarixdən təyin olunan “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə beyin travmaların qalıq əlamətləri. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, posttravmatik ensefalopatiya. Digər neqativ pozuntular. Kəskin astenonevrotik sindrom. Xroniki posttravmatik baş ağrısı. Yüngül koqnitiv pozuntu, yaddaşın diqqətin pisləşməsi. Postkontuzion sindrom. Tor qişanın digər xəstəliklərinin” ağırlaşmasıdır. Xüsusi ilə qeyd olunmalıdır ki, iddiaçıda həmin xəstəlik ilə yanaşı həmçinin onun davranışında kobud dəyişikliklərin olduğu, ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul olmadığı, xx.xx.2018-ci il tarixdən etibarən neqativ pozuntuların olması, o cümlədən xəstəliyi ilə əlaqədar tibbi müəssisəsi tərəfindən təmin olunan dərman preparatların qəbul edilməsi, zəruri olduğu hallarda isə stasionar müalicə alması da nəzərə alınmalıdır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli, 1078 nömrəli qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travrnası, Asteno-nevrotik vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, başağrılarından şikayətlənmişdir. Medikamentoz preparatlardan müxtəlif günlərdə "Depakin”. “Fenozepam", “Amitriptilin” və s. qəbul etdiyini söyləmişdir. Psixi statusda zahirən səliqəli geyinmiş, bələdliliyi bütün istiqamətlərdə qorunmuş, ünsiyyətə həvəssiz daxil olmuş, xəstəliyi haqqında şikayət bildirə bilməmiş, əhval ruhiyyəsi normal olmuşdur. Qəbul etdiyi medikamentoz preparatları formal şəkildə sadalamış, qeyd etdiyi özünə qəsd cəhdini özünə sillə vurması kimi açıqlamışdır. X10 xx.xx.2023xx.xx.2023-cü il tarixli 573 nömrəli Çıxarışında diaqnoz ‘'Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı nəticələri. Posttravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya, Baş beyinin xroniki işemiyası. Koqnitiv funksiyaların pozulması kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 1486 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) affektiv pozuntu, depressiv əlamətlərlə. Anamnezində intihar fikirləri ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 6543/23 nömrəli Çıxarışında diaqnoz “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv və psixotik daxilolmalar ilə. Kobud davranış pozuntuları ilə. Anamnezində intihar fikirləri" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini-tapmamışdır. X10 xx.xx.2023- cü il tarixli KT müayinəsinin nəticəsi “Arxa kəllə çuxurunda beyincik yarımkürələrinin atrofiyası və meqa sisterna maqna izlənilir. Müayinə sahəsinə daxil olan sümüklərdə burun sümüyünün postravmatik deformasiyası izlənilir. Kəllə tağında yumşaq toxumada çoxsaylı yad cisimlər (qəlpələr) var. Kəllə tağı sümüklərində diploe axarları genişlənib (hipertenziya). Sağ haymor cibində, etmod hücrələrdə və alın cibində mukozal qalınlaşmalar və sol haymor cibində reterision kista vafi kimi qeyd olunmuşdur. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək patoloji, psixoproduktiv və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-912/2022 nömrəli qərarına əsasan məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxanda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəii əlilliyin müddətsiz müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti aitsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5417/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair 2-1(112)-5417/2024 saylı inzibati iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5417/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5417/2024 saylı qərarı ilə (hakim Nəriman Abıyev) iddia təmin edilmiş; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin Sosial Ekspert Komissiyasının İddiaçı barəsində qəbul edilmiş 3-17-4/3-3- 19720/2023 №li 19 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmiş; İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5417/2024 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə sırf şəxsdə xəstəliyin olması səbəbindən ona müddətsiz ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərarı düzgün əsaslandırmamışdır. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir”. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun dəlilərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki halları tam hərtərəfli araşdırılmamış, bununla da prosessual normaların tələbləri pozulmuş, nəticədə qanunsuz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5417/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən qanuni qərar qəbul edilmiş, ona görə də, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19 iyun 2017-ci il tarixli, 1078 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri, Xətai RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Tərtər rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma-diaqnoz aşağıdakı kimi olmuşdur: “Qapalı kəllə-beyin travması, Asteno nevrotik vəziyyət” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin xx.xx.2017-ci il tarixli 75 nömrəli göndərişi, xx.xx.2017-ci il 40 nömrəli arayışı. Tərtər rayon mərkəzi xəstəxanasının baş həkiminin imzası və gerbli möhürü ilə təsdiq edilmiş xx.xx.2017ci il tarixli 44 nömrəli məktubu, travma jurnalından çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. • İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X3 xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni:Revmatizm qeyri aktiv faza, aktivlik İİ dərəcə, qayıdan revmakardit, mitral qapaq çatışmamazlığı, İİ dərəcəli ravmatik poliartrit, QDÇ İİ dərəcə. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı. X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09-Ürəyin xroniki revmatik xəstəlikləri => İ05-Mitral qapağın revmatik xəstəliyi => Mitral qapağın revmatik mənşəli çatmamazlığı” - 1 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir. • İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X3 xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni:Revmatizm qeyri aktiv faza, aktivlik İİ dərəcə, qayıdan revmakardit, mitral qapaq çatışmamazlığı, İİ dərəcəli ravmatik poliartrit, QDÇ İİ dərəcə. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı. X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=> İ05-İ09-Ürəyin xroniki revmatik xəstəlikləri => İ05-Mitral qapağın revmatik xəstəliyi=> Mitral qapağın digər xəstəlikləri” - 1 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir. • İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X3 xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni:Revmatizm qeyri aktiv faza, aktivlik İİ dərəcə, qayıdan revmakardit, mitral qapaq çatışmamazlığı, İİ dərəcəli ravmatik poliartrit, QDÇ İİ dərəcə. Meyar: 2.2 İkinci dərəcə əlillik => Digər: Revmatizm qeyri aktiv faza. X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02-Kəskin revmatik qızdırma => İ01-Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => İ01-Kəskin revmatik perikardit” - 1 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir. • İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X3 xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni:Revmatizm qeyri aktiv faza, aktivlik İİ dərəcə, qayıdan revmakardit, mitral qapaq çatışmamazlığı, İİ dərəcəli ravmatik poliartrit, QDÇ İİ dərəcə. Meyar: 2.2 İkinci dərəcə əlillik => Digər: Revmatizm qeyri aktiv faza. X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02-Kəskin revmatik qızdırma => İ01-Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => İ01-Kəskin revmatik perikardit” - 5 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir. • İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X3 xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni:Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, posttravmatik ensefalopatiya. Digər neqativ pozuntular. Kəskin asteno-nevrotik sindrom. Xroniki posttravmatik baş ağrısı. Yüngül koqnitiv pozuntu, yaddaşın, diqqətin pisləşməsi. Postkontuzion sindrom. Tor qışanın digər xəstəlikləri. OU-Angiopatiya. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel oma fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərəarası diskin davamlı kökcük ağrıları ilə. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.... X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 – Başın ...” - 5 il müddətlə ikinci dərəcə əlillik təyin edilmişdir. • İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X3 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış “Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv və psixotik daxilolmalar ilə kobud davranış pozuntuları ilə. Anamnezində intihar fikirləri. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir”. • Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-19720/2023 №li 19 dekabr 2023-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən mübahisənin həlli ilə bağlı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinə tapşırılmış və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: “İddiaçı xx.xx.1968-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla: - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19 iyun 2017-ci il tarixli, 1078 nömrəli qərarında əks olunmuş diaqnozdakı xəsarətlər onda müəyyən olunurmu?; - Onda aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunurmu?; - Onda aşkar olunan xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”də müəyyən olunurmu?”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin 14 iyun 2024-cü il tarixli məktubu ilə T 345/2024 saylı ekspert rəyi birinci instansiyası məhkəməsinə təqdim olunmuş və ekspert qarşısında qoyulan suallara aşağıdaki formada cavab verilmişdir: (1,2). Vətəndaş İddiaçı adına Tərtər rayon mərkəzi xəstəxanasının tərtib etdiyi xx.xx.1994-cü il tarixli çıxarış epikrizinə əsasən o, 02.02-xx.xx.1994-cü il tarixlərdə Tərtər rayon mərkəzi xəstəxanasında “Qapalı kəllə-beyin travması, asteno-nevrotik vəziyyət” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. (MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 1078 nömrəi Qərarı) 3. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin iş materiallarında olan Bakı 2 nömrəli X4 tərtib edilmiş xx.xx.2023-cü il tarixli, S00122899PDC saylı Forma 088 göndərişində qeyd edilmiş xəstəliklər müxtəlif səbəblərdən törənirlər, onlardan biri də onun Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1078 nömrəli qərarında əks olunmuş diaqnozdaki “Qapalı kəlləbeyin travması, asteno-nevrotik vəziyyət” xəsarətidir. - Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir, 2 nömrəli X6 isə əlilliyi qiymətləndirmək və təyinat aparmaq hüququ olmayan müalicə müəssisəsidir. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə birinci instansiyası məhkəməsinin aşağıda göstərilən yanaşması ilə razılaşır: “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun, 1.0.10 və 1.0.11-ci bəndlərinə əsasən, psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi; psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması. Həmin Qanunun 15.0 və 15.0.3-cü bəndlərinə görə, dövlət aşağıdakılara təminat verir: ... psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəməpsixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyi müəyyən edilməsinə. Göründüyü kimi, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Bu sahədə hüquqi mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Sözügedən Qanunun 15.0-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müyyən edilməsidir. İş materiallarında olan müayinə nəticələrindən, epikrizlərdən, müşahidə gündəliyindən və digər tibbi sənədlərdən görünür ki, iddiaçı stasionar müalicələr almış, mütəmadi olaraq həkim müşahidə altında olmuş, onunla danışıqlar aparılmış, müalicə olaraq ona sedativ tərkibli preparatlar (Deprazin) təyin olunmuşdur. Göründüyü kimi iddiaçının forma 088 arayışında göstərilən xəstəlikdən əziyyət çəkməsi müvafiq tibb sənədlər ilə təsdiq olunur. İddiaçı psixi pozuntudan əziyyət çəkən şəxs hesab olunduğundan və Bakı 2 nömrəli X4 qeydiyyatda olduğundan, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 15.0.3-cü maddəsinin tələbləri baxımından Bakı 2 nömrəli Klinik Psixiatriya tərəfindən onun həmin xəstəlikdən əziyyət çəkməsini təsdiq edən forma 088 arayışı əlilliyin təyini üçün kifayət qədər obyektiv arqument hesab olunur. Birinci instansiyası məhkəməsi qərarında həmçinin qeyd etmişdir ki, ekspert rəyində konkret olaraq xəstəliyin əllliyin təyininə əsas verib-verməməsi ilə bağlı bir başa fikir bildirilməsə də, Bakı 2 nömrəli X4 tərtib edilmiş xx.xx.2023-cü il tarixli, S00122899PDC saylı Forma 088 göndərişində olan xəstəliyin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1078 nömrəli qərarında əks olunmuş diaqnozdaki “Qapalı kəlləbeyin travması, astenonevrotik vəziyyət” xəstəliyindən törədildiyi göstərilmişdir. Yəni, forma 088 arayışında göstərilən və hal-hazırda iddiaçınn əziyyət çəkdiyi xəstəlik onun əvvəlki diaqnozunun patoloji axımı nəticəsində meydana gəlmiş, yəni əvvəlki xəstəliyin ağırlaşması olmuşdur. Həmçinin məhkəmə ekspert rəyində göstərilən bəzi xüsuslara münasibət bildirərək göstərmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığına əsaslanaraq ekspert rəyində iddiaçının hansı xəstəliklərdən əziyyət çəkməsini dəqiq göstərə bilməmişdir. Göstərilən bu hal əlavə ekspertizanın təyini üçün əsas deyil və ya ekspert rəyinin sübut kimi qiymətləndirilməsinə maneə yaratmır. İş materiallarında olan müayinə nəticələrindən, epikrizlərdən, müşahidə gündəliyindən və digər tibbi sənədlərdən görünür ki, iddiaçı stasionar müalicələr almış, mütəmadi olaraq həkim müşahidə altında olmuş, onunla danışıqlar aparılmış, müalicə olaraq ona sedativ tərkibli preparatlar (Deprazin) təyin olunmuşdur. Göründüyü kimi, iddiaçının forma 088 arayışında göstərilən xəstəlikdən əziyyət çəkməsi müvafiq tibb sənədlər ilə təsdiq olunur. Xüsusi ilə nəzərə alınmalıdır ki, iddiaçı psixi pozuntudan əziyyət çəkən şəxs hesab olunduğundan və Bakı 2 nömrəli X4 qeydiyyatda olduğundan, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 15.0.3-cü maddəsinin tələbləri baxımından Bakı 2 nömrəli Klinik Psixiatriya tərəfindən onun həmin xəstəlikdən əziyyət çəkməsini təsdiq edən forma 088 arayışı əlilliyin təyini üçün kifayət qədər obyektiv arqument hesab olunur. Bundan başqa birinci instansiyası məhkəməsi iddiaçının vəsatəti əsasında əlavə araşdırmanın aparılması məqsədilə ekspert rəyinin tərtibatında iştirak edən ekspert Hafiz Kazımovu məhkəməyə dəvət etmişdir. Ekspert məhkəmə icraatı zamanı vermiş olduğu izahatda Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığına əsaslanaraq iddiaçının hansı xəstəliklərdən əziyyət çəkdiyini dəqiq ifadə edə bilməsə də, iddiaçının tibbi sənədlər əsasında dəfələrlə tibbi müəssisələrdə stasionar müalicə almasını, ona təyin olunmuş diaqnozun instrumental, laborator və anemnestik müayinələr nəticəsində qoyulduğunu, bu səbəbdən də həmin diaqnozun olmasını inkar etmədiyini bildirmişdir. Eyni zamanda ekspert öz ifadəsində iddiaçıda olan xəstəliyin “Qapalı kəllə-beyin travması, astenonevrotik vəziyyət” xəstəlikdən törədildiyini, psixi pozuntudan əziyyət çəkən şəxslərin sahə üzrə tibbi müəssisələri tərəfindən altı aydan bir müayinə və müalicə olunduğunu bildirmişdir. Göründüyü kimi, ekspertiza tədqiqatı nəticəsində təqdim olunmuş yazılı ekspert rəyində bütun xüsuslara ətraflı münasibət bildirilməsə də, məhkəmə iclasında ekspert tərəfindən bir çox məqamlara aydınlıq gətirilmiş, iddiaçının əziyyət çəkdiyi xəstəliyin ona əvvəlki əlillik təyin olunan diaqnozdan törədildiyi müəyyən olunmuşdur. Beləliklə, birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıda olan “Üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə beyin travmaların qalıq əlamətləri. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, posttravmatik ensefalopatiya. Digər neqativ pozuntular. Kəskin asteno-nevrotik sindrom. Xroniki posttravmatik baş ağrısı. Yüngül koqnitiv pozuntu, yaddaşın diqqətin pisləşməsi. Postkontuzion sindrom. Tor qişanın digər xəstəlikləri. OU-Angiopatiya. Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə, bel oma fəqərələrin osteoxondrozu. L4- L5 fəqərəarası diskin davamlı kökcük ağrıları ilə” diaqnozun törəməsi və onun ağırlaşmasından meydana gəlmişdir. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, əvvəlki illərdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi, ümumiyyətlə hazırda olan xəstəliyin əvvəlki xəstəliyin ağıraşması nəticəsində meydana gəldiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2018-ci ildə 5 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2023-cü il tarixdə təkrar əlillik təyinindən imtina etmiş və diaqnozun əlillik təyini üçün əsas olmadığını qeyd etmişdir. Halbuki, 2018-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda qeyd edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh isə, bunun əksinə olaraq, eyni mühüm faktiki halların mövcudluğu halında fərqli qərar qəbul edərək əlilliyin təyin edilməsindən imtina etmiş, əvvəlki mövqeyindən fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, bununla da iddiaçının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarını pozmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə müvafiq olaraq, əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nında aşağıdakılar göstərilmişdir: " ... 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”da qeyd olunur ki: “ ... 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra – Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir”. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsinin əsassız olması barədə birinci instansiyası məhkəməsinin mövqeyi qanuni hesab olunmalıdır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətləri ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Başqa sözlə, məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5417/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5417/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar