Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3623/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Səməd Fəxrəddin oğlu Cəfərov və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə , İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2-1(112)-402/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu Hökməli bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli №35 saylı Qərarı ilə ona mənzil şəraitinin yaxşılaşdırılması üçün, fərdi yaşayış evinin tikintisi üçün ayrılan 0.06 ha torpaq sahəsi üzərində daşınmaz əmlak hüquqlarının qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Abşeron Rayonu Hökməli qəsəbəsində olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli müraciətinə xx.xx.2023-cü il tarixdə cavab məktubu gəlmişdir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, Abşeron Rayonu Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı təqdim edilsə də, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli,534 nömrəli fərmanının həmin dövürdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təstiq edilmiş alqı-satqı aktı təqdim edilməməsi bildirilmişdir. Bundan başqa elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin dövlət mülkiyyətidə olmaqla Azərbaycan Respublikası Dövlət Neft şirkətinin balansına verilmiş ərazidə,sahənin bir hissəsi isə yüksək gərginlik elektrik xəttinin istifadə zonasında yerləşməsi qeyd olunmuşdur. Həmçinin təqdim edilən sənədlər üzrə torpaq sahəsinin Abşeron Rayonu, Höküməli qəsəbəsində yerləşdiyi qeyd edilsə də, göstərilən ərazinin Binəqədi Rayonu, Sulutəpə qəsəbəsində yerləşməsi qeyd olunmuşdur. Bundan əlavə təqdim edilən yerləşmə cizgisində istinadlar və məsafələr qeyd edilmədiyindən torpaq sahəsi mövqeyin müəyyən etmək mümkün olmaması qeyd olunmuşdur. Bu məktubun daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmasından imtina sayılmasa da məhkəmənin bunu imtina kimi qəbul etməsini istərdim. Hesab olunur ki, cavabdeh tərəfindən verilən imtina ləğv olunmalıdır. Milli Arxiv İdarəsinin 19 sentyabr 2022-ci il tarixli arxiv sənədlərin surətindən göründüyü kimi Höküməli Bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli qərarı ilə mənzil şəraitini yaxşılaşdırılması üçün iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmışdır. Höküməli Bələdiyyəsi həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını bildirir. Torpaq sahəsi cavabdehin dediyi kimi Neft Şirkətinin balansına verilmiş olsa belə, bu iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Bundan əlavə təqdim edilən yerləşmə çizgisində istinadlar və məsafələr qeyd edilmədiyindən torpaq sahəsi mövqeyin müəyyən etmək mümkün olmaması qeyd olunmuşdur cavabını nəzərə alsaq, cavabdeh yerləşmə sxemi olmadığı halda torpağın yerləşdiyi ərazini, Neft şirkətinin balansıda olub-olmamasını necə müəyyən edə bilərdi. Cavabdehin torpağın daşınmaz əmlak üzərində qeydiyyata alınmasına dair cavab məktublarından göründüyü kimi daşınmaz əmlaka dair çıxarış vermir və bu əsasla da iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu Hökməli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 35 nömrəli Qərarı təqdim edilsə də, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Sahənin 218 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilən sənədlər üzrə torpaq sahəsinin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşdiyi qeyd edilsə də, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşir. İddiaçı tərəfindən təqdim edilən yerləşmə cizgisində istinadlar və məsafələr qeyd edilmədiyindən torpaq sahəsinin mövqeyini müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə müvafiq olaraq Hökməli bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir Bakı İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2-1(112)-402/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi 2006-cı ildə Abşeron rayonunun ərazisində yerləşirdi və bütün qonşu torpaqlar Abşeron rayonunun Bələdiyyələri tərəfindən verilmişdir. Həmin ərazi başdan-başa vətəndaşlara paylanılmış və bütün ərazi vətəndaşlar tərəfindən məskunlaşdırılmışdır. O yalnız sənəd üzrə ona ayrılan 600 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsini istəyir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı və 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən iddiaçının və 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... - 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin hallarından müəyyən olunur ki, Abşeron Rayonu Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə mənzil şəraitini yaxşılaşdırılması üçün İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad etməklə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtina əsası kimi aşağıda qeyd olunan hallara istinad etmişdir: elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır; yerləşmə cizgisində istinad və məsafələr göstərilməmişdir; torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyəti torpaqlarıdır; Sahənin 218 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir . ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təstiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir; Hazırki tələbində iddiaçı həmin torpaq sahəsinə çıxarış verilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası iş materiallarını diqqətə çatdıraraq qeyd edir ki: - Abşeron Rayon Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 35 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq İslahatı haqqında” və “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 JV2-1İ qərarına müvafiq olaraq vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Hökməli Bələdiyyə torpaqlarından İddiaçı 0,06 ha torpaq sahəsi satılmış və vətəndaşa fərdi yaşayış evi tikməyə icazə verilmişdir. - Kassa mədaxil orderindən görünür ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dəyərini ödəmişdir. - xx.xx.2006-cı il tarixli aktdan görünür ki, Abşeron Rayon Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 35 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi yerində ölçülüb nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verilmişdir. Lakin Məhkəmə kollegiyası hesab edir ki, bu faktlar şəxsin torpaq üzərində mülkiyyət hüququnun qeyd alınması üçün kifayət deyildir. Belə ki, -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən qeyd olunan torpaq sahəsi ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin balansında olan 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, sözügedən torpaq sahəsinə dair təqdim edilmiş xx.xx.2006-cı il tarixli aktda göstərilən cizgidə ərazinin situasiyası, istinadlar və onlardan məsafələr qeyd edilmədiyindən həmin cizgidə göstərilən torpaq sahəsinin hansı inzibati ərazi vahidliyində yerləşdiyini, o cümlədən faktiki istifadə vəziyyətinə uyğunluğunu müəyyənləşdirmək mümkün olmamışdır. Lakin mütəxəssislər tərəfindən sözügedən torpaq sahəsinə yerində baxış keçirilərək, koordinatları dəqiqləşdirilərkən məlum olmuşdur ki, faktiki torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonunun inzibati sərhədləri daxilində yerləşir. - SOCAR tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, WGS 84/UTM zona 39N koordinat sistemində koordinatlarında olan həmin 624 m2 torpaq sahəsi neftqaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X7” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olmaqla, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 667 nömrəli sərəncamı ilə SOCAR-dan geri alınmış ərazilərin hüdudları daxilində yerləşir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubla təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 624.0 kv.m təşkil edir (24.0 kv.m artıqdır). Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Sahə üzərində yer səthi səviyyəsində yaşayış evinin təməli mövcuddur. Sahənin üzərindən yüksək gərginlikli (6-10 kVt-lıq) elektrik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə, sahənin bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin əvvəlki müraciət zamanı təqdim edilən sənədlər üzrə torpaq sahəsinin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşdiyi qeyd edilsə də, göstərilən torpaq sahəsi Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədə qanunvericilik normaları baxımından qiymət verilməlidir. İddiaçı tərəfindən təqdim edilən qərarın hələ mübahisələndirilməməsi, bu qərarın əsas hüquqmüəyyənedici sənəd qismində qəbul edilərək, onun əsasında hüquqların qeydiyyata alınmasına əsas verməməlidir. Belə ki, “X2 edilməsi haqqında” Qanunun 6.2- ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir (maddənin 4-cü və 6-cı hissələri). “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Torpaq məcəlləsi 47-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Hazırkı iş üzrə iş materiallarında olan bələdiyyə qərarı yalnız bələdiyyə sədri tərəfindən imzalanmış, iş materiallarına iclas protokolu, həmçinin torpaq sahəsinin alqısatqı aktı əlavə edilməmişdir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, oxşar mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında da hüquqi mövqe bu cür əsaslandırılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan yerləşmə cizgisində istinad və məsafələr olmadığından sənədin göstərilən sahəyə aid olubolmamasını da müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddia olunan torpaq sahəsi Abşeron Rayon Hökməli Bələdiyyəsinin qərarı ilə ayrılsa da, həmçinin həmin torpaq sahəsinin ilk öncə Abşeron rayonu ərazisində olması ilə bağlı dəlillər irəli sürsə də, məhkəmə araşdırılması zamanı həmin sahənin Bakı şəhərinin dislokasiyasında yerləşməsi müəyyən olunmuşdur. Həmçinin iş materiallarında olan cavabdehin məktublarından və təqdim edilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi sahəsi kimi Abşeron Rayon Hökməli Bələdiyyəsi tərəfindən ayrıldığından, sözügedən hüquq müəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və belə olan halda torpaq sahəsinə hüququn qeydiyyatından imtina olunmasına əsas verir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparılması vəzifələrini daşıyır (Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.19-cu bəndi). Odur ki, məhkəmə qeyd olunan məlumatı mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılan halları ilə iddia olunan torpaq sahəsinə yaxın (bitişik və qonşuluqda olan) ərazilərdə Hökməli bələdiyyəsinin torpaq ayırma sənədləri əsasında dövlət reyestrində qeydiyyata alınmış sahənin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən də buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulması və fərqli rəftara dəlalət edən hallar da müəyyən edilməmişdir Göründüyü kimi, təqdim edilən bələdiyyə qərarının qanunvericilik normalarına əsasən qəbul olunması müəyyən olunmur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2-1(112)-402/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-3623/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3623/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver