Məhkəmə qərarları › İş №2-1(103)-3624/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3624/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3624/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7848/2023 saylı, 25 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərar (inzibati akt) qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3727 saylı qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər baş idarəsinin ərizəsi əsasında iddiaçının direktoru olduğu "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2021-ci il tarixə cəmi 235.708,76 manat məbləğində vergi borcu olduğu üçün iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Keçən müddət ərzində MMC tərəfindən qətnamədə göstərilən vergi borcu ödənilmiş, qalan 1 manat 82 qəpik də iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İddiaçı müalicəsi ilə əlaqədar Belarus Respublikasına xx.xx.2023-cü il tarixdə getmək üçün bilet almış, lakin təsadüfdən ona məlum olmuşdur ki, vergi orqanı bu məhdudiyyəti aradan qaldırmamış, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması hələ də qüvvədədir. İddiaçı qalıq olan 1,82 manat borcu ödəməsi barədə sənədi, şəxsi hesab vərəqəsini və Belarus Respublikasına xx.xx.2023-cü il tarixdə getmək üçün biletinin surətlərini ərizəyə əlavə edərək "xxxx" MMC-nin artıq heç bir vergi borcu qalmadığı üçün müvəqqəti olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasının təxirə salınmadan aradan qaldırılması üçün tədbirlər görülməsinə görə cavabdehə təqdim etsə də, cavabdeh həm şifahi, həm də rəsmi olaraq bildirmişdir ki, "xxxx" MMC şəxsi vərəqəsi üzrə ödənilməmiş borc məbləği olduğundan iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması aradan qaldırıla bilməz. İddiaçı imtina ilə razılaşmır. Hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının yeganə məqsədi vergi ödəyicisi olan həmin hüquqi şəxsin vergi öhdəliyini icra edilməsinin, yəni hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunmasıdır. Yuxarıda qeyd edildiyi kimi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3727 saylı qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına əsas olmuş cəmi 235.708,76 manat məbləğində vergi borcunu xx.xx.2023-cü il tarixdə tam ödənilmiş və bu ödəmələr şəxsi vərəqədə öz əksini tapmışdır. Başqa sözlə, şərait dəyişmişdir, yəni, direktoru olduğu "xxxx" MMC-nin artıq büdcəyə borcu qalmamışdır. Lakin cavabdeh iddiaçının şəxsi vərəqəsi üzrə ödənilməmiş borc məbləğinin qalmasını bildirsə də, bu borcun açıqlamasını şəxsi hesabında təsdiqlənməmiş azalma kimi göstərilən 202.765,54 manat məbləğinin borc kimi qalması ilə əsaslandırır. İddaçı dəfələrlə bildirmişdir ki, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas olmuş məhkəmə qətnaməsində göstərilən məbləğ ödənildiyi halda, şəxsi vərəqədə göstərilən hər hansı digər borca görə bu hüququ vergi orqanı tərəfindən müvəqqəti məhdudlaşdırıla bilməz. Qeyd olunan səlahiyyət məhkəməyə aiddir ki, cavabdeh də təsdiqlənməmiş azalma kimi göstərilən 202.765,54 manat məbləğinin borc olmasına dair məhkəməyə müraciət etməmiş və məhkəmənin bu məbləğlə bağlı iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə qəbul etməmişdir. Həmçinin iddiaçı bildirir ki, cavabdeh tərəfindən də təsdiqlənməmiş azalma kimi göstərilən 202.765,54 manat məbləği borc kimi qəbul edilmir. Vergi orqanı bu məbləği əslində əvəzləşdirib silməli olduğu halda, bunu etməmiş, şəxsi vərəqədə əks etdirmişdir ki, iddiaçının ölkədən getmək hüququndan istifadə etməsi üçün borc sayılmayan təsdiqlənməmiş azalma məbləğini məcburi olaraq ödəsin. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edərək "xxxx" MMC-nin (VÖEN **********) vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e2-2(113)-3727/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" MMC-nin vergi borcunun ödənilməsi üçün İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Cavabdeh Vergi Məcəlləsinin 23.1.15-3, 24.0.1, 70.3, 77.1, 77.3-cü və İnzibati Prosessual Məcəllənin 48.2-ci maddələrinə istinad edərək iddianın rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7848/2023 saylı, 25 iyun 2023-cü il tarixli qərarı (hakim T.Məlikov) ilə iddia tələbi təmin edilərək, İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırılmanın götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lokal Gəlirlər Baş İdarəsi maraqlı şəxs İddiaçı qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin (VÖEN **********) vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3727/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" MMC-nin vergi borcunun ödənilməsi üçün İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə iddianın təmin edilməsinin əsası kimi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə vergi borcunun ödənilməsi, hazırda ödənilməmiş vergi borcu olmadığına və borcun olmasını müəyyən etdiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən tədbir görülməsi ilə əsaslanmışdır. Vergi orqanları tərəfindən uçot və hesabat məlumatlarının yoxlanılması, əlaqəli məlumatların təhlil edilməsi zamanı vergi ödəyicisi tərəfindən əmtəəsiz (və ya riskli) əməliyyatlar aparıldığı müəyyən olunmuşdur. Odur ki, "xxxx" MMC-nin riskli vergi ödəyiciləri qrupunda olduğu müəyyən edildiyi üçün, kameral yoxlanılmalı məbləğin aradan qaldırılması təmin edilməmiş və məhdudiyyətin götürülməsi məqsədəmüvafiq hesab edilməmişdir. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamış və "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi belə bir hal baş verməmişdir. Məhkəmə tərəfindən qanunsuz və əsassız qərarın qəbul edilməsi son nəticədə iddiaçının törətdiyi əməllərə görə məsuliyyətdən yayınmasına şərait yaratmışdır. İddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə qarşı etiraz verərək cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3624/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair inzibati iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilərək cavabdehin əsl cavabdehlə əvəz edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə 235.800,12 manat vergi borcu olduğu üçün iddiaçının Cəmiyyətin icra orqanının rəhbəri kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hazırda iddiaçı göstərilən vergi borcunun ödənildiyini və Cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə borcunun olmadığını bildirərək ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması üçün cavabdeh quruma müraciət etmiş, lakin müraciəti təmin olunmadığından indiki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə "xxxx" MMC-nin ödənilməmiş vergi borcunun olmasını əsas gətirir. Belə ki, iş materiallarında olan: -"xxxx" MMC-nin direktoru E.T.İsmayılov tərəfindən imza və möhürlə təsdiqlənən 01 nömrəli əmrdən görünür ki, xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı 10 dekabr 2019-cu il tarixindən əmək haqqı ştat cədvəli üzrə razılaşdırılmış maaş ilə direktor vəzifəsinə təyin edilmişdir. -Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3727/2021 nömrəli 23 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ümumilikdə 235.800,12 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə təmin edilərək İddiaçı (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. -İddiaçı tərəfindən cavabdeh vergi orqanına ünvanlanmış 21 fevral 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı ərizəsində müvafiq qətnamə üzrə 1,82 manat məbəğində qalıq qalan vergi borcunun onun tərəfindən ödənildiyindən ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. -Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 09 fevral 2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin şəxsi vərəqəsi üzrə ödənilməmiş borc məbləği olduğundan İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması mümkün olmamışdır. Məhkəmənin "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi əlavə edilməklə ödənilməmiş borc barədə məlumatın təqdim edilməsinə dair sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) xx.xx.2023-cü il tarixə şəxsi vərəqə üzrə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 6692,38 manat, penya üzrə 2125,34 manat, icbari tibbi sığorta üzrə 436,26 manat, faiz üzrə 112,82 manat dövlət büdcəsinə ödənilməli olan borcu vardır. xx.xx.2023-cü il tarixə olan məlumatları əks etdirən şəxsi hesab vərəqəsi təqdim edilmişdir. -xx.xx.2023-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən DSMF-in Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə 8513 manat (büdcə səviyyə kodu-121111), işsizlikdən sığorta haqqı üzrə (büdcə səviyyə kodu-121300) 331 manat və icbari tibbi sığorta haqqı üzrə (124110) 553 manat ödəniş edilmişdir. -xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən icbari tibbi sığorta üzrə 41 manat (124110), işsizlikdən sığorta haqqı üzrə 10 manat, sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərə görə 273 manat ödəniş etmişdir. -"xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə olan 235.708,76 manat borcunun ödənilibödənilməməsi barədə məhkəmənin sorğusuna cavabdeh vergi orqanı tərəfindən verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin 14 iyun 2023-cü il tarixə şəxsi vərəqəsi üzrə 202.773,31 manat məbləğ kameral qaydada yoxlanılır. -Vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilib-yetirilməməsi hallarının mövcud olub-olmamasına dair 12 iyun 2023-cü il tarixə olan elektron məlumatdan görünür ki, "xxxx" MMC-nin qeyd olunan tarixə Dövlət büdcəsinə vergilər üzrə, sosial sığorta üzrə, işsizlikdən sığorta (işsizlik) üzrə və icbari tibbi sığorta üzrə borcu yoxdur. "xxxx" MMC-nin 25 iyun 2023-cü il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının qeyd olunan tarixə Dövlət büdcəsinə 1,39 manat artıq ödəməsi mövcuddur. Beləliklə, vergi ödəyicisi olan "xxxx" MMC-nin direktoru İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas onun rəhbəri olduğu müəssisənin xx.xx.2021-ci il tarixə olan vergi borcunun ödənilməməsi ilə bağlıdır. Halbukı, iş materiallarında olan "xxxx" MMC-nin elektron şəxsi hesab vərəqəsindən, vergi orqanı tərəfindən verilmiş sorğuya cavab məktubunda Cəmiyyətin mübahisə dövrünə mövcud olan vergi borcunun iddiaçı tərəfindən ödənilməsini təsdiq edən ödəniş qəbzlərindən müəyyən edilir ki, "xxxx" MMC-nin hazırda ödənilməmiş vergi borcu yoxdur. Qanunvercilikdə fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin qoyulması tədbiri həmin vergi ödəyicisini vergi öhdəliklərini yerinə yetirməyə məcburetmə məqsədi daşıyır. Bu baxımdan hazırkı halda "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənilməmiş borcunun olmaması artıq tətbiq edilmiş məhdudiyyətin saxlanılması zərurətini aradan qaldırmış olur. Cavabdehin gətirdiyi dəlilə, yəni “təsdiqlənməmiş azalma” məsələsinə gəldikdə isə vergi orqanı apardığı müvafiq yoxlamanın nəticəsi olaraq müəssisənin vergi borcunun olmasını müəyyən etdiyi təqdirdə hüquqi şəxsin icra orqanının ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən tədbir görə bilər. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 mart 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.1, 1.3 və 1.5-ci bəndlərinə görə adı çəkilən X6 Xidmətinin strukturuna daxil olan müstəqil qurumdur, o, müstəqil balansa, möhür, ştamp və blanklara malikdir, Baş İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən müstəqil qaydada məhkəmədə tərəf qismində bilavasitə iştirak edir. Həmçinin, Əsasnamənin 3.0.11-ci bəndinə əsasən borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək Baş İdarənin vəzifələrinə aid edilmişdir. Digər tərəfdən yuxarıda da qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixdə vergi orqanın strukturunda aparılmış dəyişikliklərlə bağlı elə həmin tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Naziri tərəfindən qəbul edilmiş F-45 nömrəli əmrlə digər qurum olan- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin də Əsasnaməsi təsdiq olunmuşdur. Həmin Əsasnamənin 3.0.18 və 3.0.19-cu bəndlərinə görə vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergi borclarının, habelə sığorta haqları üzrə borcların ödənilməsinin təmin edilməsi üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı sənədlərin (o cümlədən müraciətin) hüquq strukturlarına göndərilməsi işinə nəzarət etmək; ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqdan sonra həmin şəxslərin ölkədən çıxışına məhdudiyyətin tətbiq edilməsinə və buna səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasına və məhdudlaşdırmanın götürülməsi işinə nəzarət etmək məhz bu İdarənin vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: 10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2-ci maddəsinə əsasən, hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7848/2023 saylı, 25 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar