Məhkəmə qərarları › İş №2-1(103)-3625/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3625/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3625/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X18 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X12 ibarət tərkibdə, X15-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6859/2023 saylı 08 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bağ-tikinti kooperativinin yaradılması və və vətəndaşlara bağ sahələri ayrılması haqqında Bakı şəhər X22 İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 nömrəli qərarının arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli, 2 iyun 1988-ci il tarixli sərəncamına uyğun olaraq və Bakı şəhər X17 6/333 saylı, 14 iyun 1988-ci il tarixli qərarı ilə 69-70 saylı bağ-tikinti kooperativlərinin şəxsi heyətinin tərkibinin müəyyən edilməsi və onlara bağ sahəsi ayrılması müəyyən edilmişdir. Həmin qərarın 2 nömrəli əlavəsindən görünür ki, 70 nömrəli Ləhiş bağ massivinin üzvlərinin siyahısında X5 adı 30-cu sırada göstərilmişdir. Bakı şəhəri İcraiyyə Komitəsinin X9 və İstismarı Birliyinin 23 iyun 1989-cu il tarixli 30 nömrəli orderindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsininin xx.xx.1989-cu il tarixli, 4/151 saylı qərarına uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 70 nömrəli Bağ-tikinti kooperativindən 0.12 ha torpaq sahəsindən ibarət 1695a saylı bağ sahəsi X5 adına ayrılmışdır. 24 oktyabr 1997-ci il tarixdə 5 №li notariat kontorasında təsdiq edilən vəsiyyətnamənin dublikatından görünür ki, Bakı şəhəri, 140-cu keçid 3215-ci məhəllə, ev 63-də yaşayan X13 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən evini nəvəsi İddiaçı vəsiyyət etmişdir. Yasamal rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ №034220 saylı xx.xx.2003cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2002-ci il tarixdə ölmüş, bu barədə xx.xx.2003-cü il tarixdə 97 № ilə ölüm akt qeydi aparılmışdır. Bakı şəhər 17 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X4 qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 1695 a saylı sahədə yerləşən torpaq sahəsinə (miras əmlaka) dair İddiaçının adına çıxarışın verilməsi xahiş edilmişdir. Kürdəxanı bələdiyyəsi tərəfindən verilmiş 2022-ci il üçün yerli (bələdiyyə) vergilər üzrə şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2012-xx.xx.2022-ci illər üzrə əmlak və torpaq vergisi üzrə ödənişlər etmişdir. İddiaçı nənəsindən miras qalmış torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********17 saylı məktubunda göstərilmişdi ki, təqdim edilən X9 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmiş, həmçinin idarənin arxivində mövcud olan xx.xx.2005ci il tarixli aktda torpaq sahəsinin baxımsız olması səbəbindən X6 ayrılmış 1695a saylı torpaq sahəsinin X10 boş bağlar balansına daxil edilməsi məqsədəuyğun hesab olunmuş, bundan başqa İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlandığı müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum nənəsi X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X22 İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İcra Hakimiyyəti) xx.xx.1989-cu il tarixli, 4/151 saylı qərarı ilə Ləhiş bağları massivinin 70 nömrəli bağ-tikinti kooperativinin təqdim etdiyi xx.xx.1989-cu il tarixli, 30 saylı orderi əsasında bağ təsərrüfatı yaratmaq və bağ tikintisi aparmaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi xx.xx.2002-ci il tarixdə vəfat etmiş nənəsi X5 şəxsi mülkiyyətinə verilmişdir. X1 sağ ikən xx.xx.1997-ci il tarixdə Bakı şəhəri, 5 saylı dövlət notariat ofisində 2B-382 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə yazaraq sərəncam vermişdir ki, ölümündən sonra şəxsi mülkiyyətində olan ünvan 4 ünvanında mülkünü nəvəsi İddiaçı vəsiyyət edir. Bununla mərhum iddiaçını özünün şəxsi əmlakının varisinə çevirmişdir. Bunun əsasında iddiaçı daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə Bakı şəhəri, 17 saylı notariat ofisinə müraciət edərək mərhum nənəsindən miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlakı üzərində miras qoyan X5 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmadığından miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın iddiaçıya verilməsinin təmin olunmasından ötrü xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 17 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********17 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən X9 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmiş, həmçinin idarənin arxivində mövcud olan xx.xx.2005ci il tarixli aktda torpaq sahəsinin baxımsız olması səbəbindən X6 ayrılmış 1695a saylı torpaq sahəsinin X10 boş bağlar balansına daxil edilməsi məqsədəuyğun hesab olunmuş, bundan başqa İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlandığı aşkara çıxarılmışdır. Məktubda göstərilənlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən haqqında danışılan 0.12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi xahişi barədə iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İddiaçının qeyd olunan torpaq sahəsinin uzun müddətdir şəxsi istifadəsində olduğunu və qeyd edilən hasarın da babası tərəfindən çəkildiyini bildirmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin xx.xx.2022ci il tarixli, ******* seriya nömrəli tədiyyə bildirişindən və iddiaçının adına verilən şəxsi hesab vərəqəsindən görünür ki, mərhumdan iddiaçıya miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə görə 2012-2022-ci illər üzrə hesablanmış vergi məbləğləri və rüsumlar iddiaçı tərəfindən bələdiyyənin büdcəsinə tam ödənilmişdir. Buna görə də onun xx.xx.2022-ci il tarixədək Kürdəxanı bələdiyyəsinin büdcəsinə vergi borcu yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum nənəsi X6 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən X9 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin, İdarənin arxivində mövcud olan xx.xx.2005-ci il tarixli aktda torpaq sahəsinin baxımsız olması səbəbindən X7 ayrılmış 1695a saylı torpaq sahəsinin X10 boş bağlar balansına daxil olması məqsədəuyğun hesab edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlandığı müəyyən edilmişdir (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********17 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Texniki baxış zamanı torpaq sahəsinin faktiki ölçüsünün 1190.0 kv.metr təşkil etdiyi məlum olmuşdur. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6859/2023 saylı 08 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 70 nömrəli Bağ-tikinti kooperativində yerləşən 1190.0 ha torpaq sahəsindən ibarət 1695a saylı bağ sahəsi üzərində hüququn X1na məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edlərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verməklə, apellyasiya şikayətinə etiraz etmiş və onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum nənəsi X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;https://e-qanun.az/framework/5456 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.https://eqanun.az/framework/5456 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin mərhum nənəsi X6 verilməsi ilə bağlı müvafiq sərəncam və orderi təqdim etmişdir. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla Ş.Ələkbərovaya ayrılmış və istifadəsində olmuş bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. Lakin işdən görünür ki, cavabdeh işin bu hallarını nəzərə almamış və iddiaçıya imtina cavabı vermişdir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “iddiaçı tərəfindən təqdim edilən X9 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməməsi, İdarənin arxivində mövcud olan xx.xx.2005-ci il tarixli aktda torpaq sahəsinin baxımsız olması səbəbindən X7 ayrılmış 1695a saylı torpaq sahəsinin X10 boş bağlar balansına daxil olması və torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanması” ilə bağlıdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən ümumi sahəsi 0,12 ha olan 1695 a saylı torpaq sahəsinə digər şəxs tərəfindən rəsmi müraciət edilməsi barədə məlumat aşkar edilməmişdir. Faktiki ərazinin kimin istifadəsində olması və kim tərəfindən hasarlanması barədə məlumat yoxdur. Bakı şəhər İcra Hakimiyyətinin məhkəmə sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli məktubla BŞİH başçısının xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamı məhkəməyə təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, Bağlar təsərrüfatı idarəsi tərəfindən verilən orderlər və həmin orderlərin ləğv edilməsi barədə məlumat Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Həmin məktubda əlavə edilmiş “Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” 941 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamında aşağıdakılar göstərilmişdir:

1. Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etsinlər.

2. Akt əsasında abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələri geri alınsın və onlardakı orderlər etibarsız sayılsın.

3. Geri alınmış bağ sahələri Bağlar təsərrüfatı İdarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilsin. Sabunçu rayon Nardaran qəsəbəsi üzrə nümayəndəsinin, Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin sədrinin, Sabunçu rayon Maştağa qəsəbə Bələdiyyəsinin, Bakı şəhəri X10 Ləhic ərazisi üzrə nümayəndəsinin, sahə mühəndislərinin iştirakı ilə tərtib edilən xx.xx.2005-ci il tarixli aktdan görünür ki, Ləhic ərazisində 1988-1995-ci illər ərzində ayrı-ayrı BTK-lar tərkibində paylanmış və həmin günə qədər istifadəsiz qalmış bağ sahələrinin müəyyənləşdirilməsi məqsədilə ərazidə reyd keçirilərək sərəncamda nömrələri qeyd olunan bağ sahələrinin verilən ildən həmin günə qədər istifadə olunmadığı, ətrafı çəpərə alınmadığı, tikinti və abadlıq işlərinin aparılmadığı müəyyən edilərək,...70 saylı BTK tərkibində....X7 verilmiş 1695 a saylı bağ sahələrinin...gələcəkdə zibilxanalara çevrilərək antisanitariyanın qarşısını almaq məqsədilə BŞİH başçısının xx.xx.1992-ci il tarixli 941 saylı Sərəncamına əsasən göstərilən bağ sahələrinə verilmiş orderlərin ləğv olunaraq X10 boş bağların balansına daxil olmasını komissiya üzvləri məqsədəuyğun hesab edirlər. Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusu əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 70 nömrəli BağTikinti Kooperativinin arxiv əsaslarında olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu əsasında iddiaçının sözügedən torpaq sahəsinin onun adına sənədləşdirilməsi ilə bağlı müraciəti əsasında hazırlanmış daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 30 iyun 2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, göstərilən torpaq sahəsi mişar daşı ilə hasarlanaraq sərhədlənmişdir, tikili yoxdur. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.metr, faktiki 1190.0 kv.metrdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin imtinasına münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli 1695a saylı bağ sahəsinə dair X9 və İstsmarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin cavabdeh qurumun arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz. Digər tərəfdən, iş materiallarından da görünür ki, Ş.Ələkbərovaya 1695 a saylı bağ sahəsinin ayrılmasına dair orderin verilməsi üçün əsas olmuş qərar mövcuddur. İddia olunan “1695a saylı bağ sahəsinin digər şəxs tərəfindən hasarlanması və bağ sahəsinin iddiaçının istifadəsində olmaması” ilə bağlı cavabdeh tərəfindən hər hansı mötəbər dəlil təqdim edilməmiş, ümumiyyətlə bu qənaətin səbəbləri əsaslandırılmamışdır. Belə ki, cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin sorğusuna verdiyi cavab məktubunda 1695a saylı bağ sahəsinin kim tərəfindən hasarlanması və bağın kimi istifadəsində olması barədə məlumatın olmadığını bildirmişdir. Əksinə, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasındakı izahatlarında adıçəkilən bağ sahəsinin babası tərəfindən hasaralandığını qeyd etmiş və həmin sahənin torpaq vergisi ödənişlərinin aparılması ilə bağlı sənədləri təqdim etmişdir. Bununla yanaşı, cavabdehin istinad olunan məktubunda 1695a saylı bağ sahəsinə digər fiziki şəxs tərəfindən rəsmi müraciət edilməsi barədə məlumatın olmadığı bildirilmişdir. Göstərilən hallar, mübahisəli bağ sahəsinin nəticə etibarı ilə iddiaçı tərəfin qanuni istifadəsində olmasını deməyə zəmin yaradır. Cavabdehin İdarənin arxivində olan xx.xx.2005-ci il tarixli akt əsasında “torpaq sahəsinin baxımsız olması səbəbindən Ş.Ələkbərovanın adına ayrılmış sözügedən torpaq sahəsinin X10 boş bağlar balansına daxil edilməsi” ilə bağlı olan dəlilinə münasibətdə qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13 iyun 1992-ci il tarixli 941 nömrəli sərəncamında sözügedən bağ sahəsinin Ş.Ələkbərovanın adına ayrılmasına dair müvafiq orderin etibarsız hesab edilməsinə aid hər hansı məlumat aşkar edilməmişdir. İstinad olunan sərəncam ümumi xarakter daşıyır və iddiaçıya 1695a saylı bağ sahəsinin ayrılması barədə orderin və ya həmin orderin verilməsi üçün əsas olmuş qərarın ləğv edilməsi barədə birbaşa göstəriş yoxdur. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, 1996-ci il tarixdə qəbul edilmiş və qüvvədə olan «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göstərilən normanın hazırkı işə tətbiq edilməsi onu deməyə əsas verir ki, 1695 a saylı bağ sahəsi Ş.Ələkbərovanın qanuni əsaslarla istifadəsində olması işin halları ilə müəyyən edildiyindən həmin bağ sahəsi «Torpaq islahatı haqqında» Qanun qüvvəyə mindiyi gündən artıq əvəzsiz olaraq onun xüsusi mülkiyyətinə keçmişdi. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İş üzrə birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən onu da qeyd etmişdi ki, xx.xx.2005-ci il tarixli akt tərtib edildiyi vaxt “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmadığından, həmin dövrdə torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamı məsələləri Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun şəkildə tənzimlənməli idi. Hansı ki, həmin normanın tələbindən göründüyü kimi, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin istifadə edilməməsinə görə hüquqlara xitam verilməsinə yol verilmir. Belə olan halda cavabdehin istinad etdiyi xx.xx.2005-ci il tarixli akt iddiaçının nənəsinə ayrılmış torpaq səhəsi üzərində hüquqlarına təsir edə bilən nəticəyə səbəb olan sənəd kimi dəyərləndirilə bilməz. Torpaq sahəsinin faktiki ölçüsünün sənəddən fərqli olaraq 1190.0 kv.m təşkil etməsinə münasibətdə bildirilir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən göründüyü kimi, iddiaçı tələbinin həcmini azaldaraq 1190.0 kv.metr torpaq sahəsi üzərində hüquqlara iddia edir. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin qeyd olunan torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə onun vəsiyyət üzrə vərəsəsi olan iddiaçıya arayış verməkdən imtina etməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrində, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququ (gözlənilən) pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. İşin hallarından görünür ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 15.1-ci və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci və 19.2-ci maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən tədim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və (ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinin iddiaçının mərhum nənəsinə məxsusluğuna dair arayışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin onun mərhum nənəsinə məxsus olması ilə bağlı müvafiq arayışın verilməsinə dair tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6859/2023 saylı 08 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6859/2023 saylı 08 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar