Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3625/2025 03.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2839/2025 nömrəli 17 mart 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsində 1973-1975-ci illərdə, Azərbaycan Milli Aerokosmik Agentliyinin aparatında 1992-2007-ci illərdə, Mərkəzi Seçki Komissiyasının Katibliyində 2015-2023-cü illərdəki stajının cəmi 25 il dövlət qulluğu stajı sayılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-2839/2025 nömrəli 17 mart 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Hazırda iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, iddiaçı məhkəmə qərarının surətini elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə rəsmi olaraq qəbul etmişdir, apellyasiya şikayətini isə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) iddiaçı tərəfindən buraxılmışdır (02 ay 17 gün). İddiaçı apellyasiya şikayətində məhkəmənin qərarını xx.xx.2025-ci ildə aldığını, elektron kabinetdən istifadə edə bilmədiyini, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddətini ötürmədiyini bildirsə də, iddiaçının məhkəmə qərarının surətini elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə rəsmi olaraq qəbul etdiyi, apellyasiya şikayətini isə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi iş materialları ilə öz təsdiqini tapır. Elektron kabinetdən istifadə edə bilməməsi elektron kabinet sahibinin məsuliyyətinə aid məsələdir və bu, müddətin buraxılmamış sayılması üçün əsas hesab edilə bilməz. Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya məktub göndərilərək qərardan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilsə də, iddiaçı tərəfindən ərizə və müddətin üzrlü səbəblərdən buraxılması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də iddiaçının qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2839/2025 nömrəli 17 mart 2025-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3625/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3625/2025
03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver